İlham Əliyev Göyçay Rayon Mərkəzi Xəstəxanasının binasında əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub

06 oktyabr 2015, 22:25
İlham Əliyev Göyçay Rayon Mərkəzi Xəstəxanasının binasında əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub

Prezident İlham Əliyev Göyçay Rayon Mərkəzi Xəstəxanasının binasında əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına məlumat verdi ki, dördmərtəbəli, 170 yerlik xəstəxana və ikimərtəbəli konsultativ poliklinika əsaslı şəkildə yenidən qurulub. Ümumi sahəsi 12 min kvadratmetrə yaxın olan xəstəxana binası əsas, yoluxucu xəstəliklər və digər korpuslardan ibarətdir. Xəstəxananın müalicə korpusunda qəbul, şüa-diaqnostika, rentgen, kompyuter-tomoqrafiya, ginekologiya, urologiya, travmatologiya, terapiya, anesteziologiya-reanimasiya şöbələri, cərrahi əməliyyat bloku və laboratoriya var.

Rayon Mərkəzi Xəstəxanası ən müasir tibbi avadanlıq və ləvazimatlarla təmin olunub. Mərkəzi xəstəxanada və poliklinikada 102 həkim və 223 tibb işçisi əhaliyə xidmət göstərir. Xəstəxananın laboratoriyası da analizlərin dəqiq aparılması üçün zəruri avadanlıqla təchiz edilib. Bu tibb müəssisəsi müasir kompyuter-tomoqrafiya, qrafik və skopik rentgen, rəqəmsal flüoroqrafiya aparatları ilə təchiz olunub. Buradakı ultrasəs müayinə, süni nəfəs və narkoz, fizioterapiya və tibbi bərpa, otolarinqologiya, stomatologiya və oftalmologiya aparatları dünyanın aparıcı ölkələrində istifadə edilən tibbi avadanlıqdır. Xəstəxananın müasir reanimasiya və kardioloji avadanlığı, həmçinin əməliyyatxana üçün səyyar rentgen aparatı vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərməyə imkan verir.

Bütün bunlar göstərir ki, müasir Azərbaycanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə yenidən qurulan səhiyyə müəssisələri regionlarda ilk dəfə açıq ürək əməliyyatı və qaraciyərin köçürülməsi kimi mühüm nailiyyətlərə imza atıb. Ötən illər ərzində regionlarda yüzlərlə tibb ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası və ya yenidən qurulması səhiyyə sisteminin köklü şəkildə inkişafından xəbər verir. Yeni tikilən tibb ocaqları, ölkəyə gətirilən müasir tibbi avadanlıq ilk növbədə bir məqsədə - Azərbaycan əhalisinin sağlamlığını qorumaq kimi mühüm missiyanın yerinə yetirilməsinə xidmət edir.

Xəstəxana ilə tanışlıqdan sonra dövlətimizin başçısı tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Prezident İlham ƏLİYEV dedi:

- Xoş gördük. Bu gözəl xəstəxana ilə tanış olarkən ürəkdən sevinirəm. Çünki Göyçayda belə gözəl tibb mərkəzi yaradılıb, ən müasir avadanlıqla təchiz edilib, yüksək şərait var. Bu, ilk növbədə ölkəmizin qüdrətini göstərir. Çünki bu gün Azərbaycanın hər yerində gözəl tibb mərkəzləri yaradılır və bu mərkəzlər dünyanın ən yüksək standartlarına cavab verir. Dünyanın ən qabaqcıl tibb mərkəzlərində hansı avadanlıq varsa, burada da var. Belə də olmalıdır.

On il bundan əvvəl birinci regional inkişaf proqramı icra olunanda demişdim ki, hər bir şəhərdə ən müasir standartlara cavab verən xəstəxana, ya diaqnostika mərkəzi, tibb ocağı olmalıdır. İndi nəinki Bakıda, hər bir rayonda belə gözəl tibb mərkəzləri var.

Bu gün Ucarda rayon xəstəxanasının açılışında iştirak etdim, indi isə Göyçayda. Demək olar, elə bir şəhər yoxdur ki, orada müasir tibb ocağı olmasın. Mənə verilən məlumata görə, burada yüzlərlə tibb işçisi çalışır. Bu da iş yerləri deməkdir. Əminəm ki, xəstələrə gözəl xidmət göstəriləcək. Müalicə almaq üçün Bakıya getməyə ehtiyac qalmır. Əminəm ki, siz həkimlər xəstələrə yaxşı baxacaqsınız və onlar burada şəfa tapacaqlar.

Xüsusilə doğum şöbəsi məni çox sevindirir. Çünki son vaxtlar bu sahəyə çox böyük diqqət göstərilir. Aparılan islahatlar nəticəsində Azərbaycanda uşaq ölümü kəskin şəkildə aşağı düşüb, ana ölümü də həmçinin. Ona görə müasir doğum evlərinin, doğum şöbələrinin yaradılması bu sahədə işimizi daha da qabağa aparacaq. Çünki hələ sovet dövründə Azərbaycanda uşaq ölümünün səviyyəsi digər respublikalarla müqayisədə yüksək idi. Biz isə son illər ərzində bu statistikanı kəskin şəkildə aşağı salmışıq. Növbəti illərdə biz inkişaf etmiş ölkələrin səviyyəsinə qalxmalıyıq. Çünki buna nail olmaq üçün bütün imkanlar var. İlk növbədə, səhiyyənin maddi-texniki bazası yaradılıb. Demək olar ki, sıfırdan yaradılıb, Bakıda və bütün bölgələrdə.

İndi həkimlər öz peşəkarlıqlarını artırırlar, təkmilləşmə prosesi gedir, müasir avadanlıq var. Azərbaycanda səhiyyə sahəsində əldə edilmiş nəticələrin əsaslı səbəbləri var. Bu da maddi-texniki bazanın möhkəmləndirilməsi və səhiyyənin keyfiyyətcə yeni pilləyə qalxmasıdır.

İnsan sağlamlığı sosial məsələlər arasında ən birinci yerdədir və bu gün Azərbaycanda bu sahədə gözəl nəticələr var. Ancaq insan sağlamlığı üçün təkcə tibbi xidmət kifayət etməz. Digər şərtlər də olmalıdır. O şərtlər də artıq var.

Bu gün biz Göyçayda içməli su layihəsinin açılışını qeyd etdik. Təmiz içməli su artıq bir müddətdir ki, əhaliyə verilir. Bütün şəhər şəbəkəyə qoşulmuşdur. Uzun illər ciddi problem kimi qalan içməli su problemi artıq aradan götürülüb. Digər bölgələrdə olduğu kimi, bu gün biz Ucar şəhərində də içməli su layihəsinin açılışını qeyd etdik.

Bildiyiniz kimi, son aylar ərzində görülmüş tədbirlər nəticəsində dərman preparatları bazarında da müsbətə doğru çox ciddi dönüş yaranmışdır. İnsanlar artıq bunu gündəlik həyatlarında hiss etməyə başlamışlar. Bəzi dərmanların qiymətləri bir neçə dəfə aşağı düşmüşdür. Eyni zamanda, keyfiyyətə də böyük diqqət göstərilir. Bu məsələ tədricən öz həllini tapır. Əminəm ki, ilin sonuna qədər əksər dərman preparatlarının qiymətləri aşağı düşəcək. Çünki dövlət bu sahəni öz nəzarətinə götürüb.

Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və açıq bazar hər şeyi tənzimləyir, o cümlədən qiymətləri. Ancaq biz gördük ki, Azərbaycanda dərman preparatlarının qiyməti qonşu ölkələrlə müqayisədə yüksəkdir. Başladıq bu məsələni araşdırmağa, gördük ki, burada çox böyük boşluqlar var, həm qaydalarda, həm tənzimləmə mexanizmlərində. Ona görə indi dövlət bu missiyanı öz üzərinə götürüb. Bütün dərmanların qiyməti hər bir satış məntəqəsində eyni olacaq. Keyfiyyət də yüksək səviyyədə olacaq. Bu, çox ciddi sosial təşəbbüsdür. Eyni zamanda, insanların sağlamlığına, xüsusilə yaşlı nəslin sağlamlığına bunun bilavasitə böyük təsiri var.

Beləliklə, Azərbaycanda sosial siyasət elə səviyyəyə qalxıb ki, digər ölkələrdə də öyrənilə bilər. Çünki həm bazar iqtisadiyyatı, həm də sosial məsələlər paralel şəkildə həll olunur. Sosial sahə nə deməkdir? İnsanları narahat edən, onları maraqlandıran, problemlərini həll edən bir sahədir. Baxmayaraq ki, 2015-ci il iqtisadi cəhətdən ağır il olmuşdur, - il artıq başa çatır, - heç bir sosial proqramda yubanma olmamışdır. Əksinə, hətta iqtisadiyyat üçün ağır olan 2015-ci ildə belə gözəl xəstəxanalar açılır.

Bu yaxınlarda mən Ağsu rayonunda səfərdə idim. Gördüm ki, vaxtilə orada mənim təşəbbüsümlə başlanmış xəstəxana binasının tikintisi yarımçıq qalıb. Maraqlandım, dedilər, vəsait problemdir, yəni, yoxdur. Bakıya qayıdan kimi dərhal Prezidentin ehtiyat fondundan Səhiyyə Nazirliyinə 10 milyon manat vəsait ayrıldı ki, orada o işlər başa çatsın. Yəni, güclü iradə olan yerdə hər şey etmək mümkündür. Xəstəxanalar, məktəblər, uşaq bağçaları, digər sosial obyektlər, təbii ki, infrastruktur layihələri, içməli su, qazlaşdırma - budur insanların normal həyatı üçün lazım olan əsas amillər.

İndi mənə verilən məlumata görə, Göyçayda ilin sonuna qədər qazlaşdırma 96 faizə çatacaq. Heç Azərbaycan üzrə qazlaşdırma 96 faizə çatmayıb. Hazırda təxminən 60 faiz səviyyəsindədir, 96 faizə çatacaq.

Kənd yolları tikilir. Bu gün Ucar-Göyçay avtomobil yolunun açılışını qeyd etdik. Siz də yəqin ki, tez-tez o yoldan istifadə edirsiniz, indi o fərqi görürsünüz. Bütün bunlar böyük vəsait tələb edən layihələrdir. İnfrastruktur sektoruna qoyulan vəsaitin büdcəyə qayıtma ehtimalı çox azdır, demək olar ki, sıfıra bərabərdir. Biz bunu nə üçün edirik? İlk növbədə insanlar üçün. Digər tərəfdən, ölkəmizin inkişafı üçün. Ona görə regional inkişaf proqramı əgər 2004-cü ildə qəbul olunmasaydı, bəlkə də bu işlərin böyük əksəriyyəti heç görülməzdi. Çünki biz bütün işləri planlı şəkildə aparırıq. Birinci regional inkişaf proqramında əsas məsələlər öz əksini tapmışdı. Bu proqram artıqlaması ilə icra edildi. İkinci proqram 2009-cu ildə qəbul edildi, icra olundu. Üçüncü proqram artıq icradadır, 2018-ci ildə başa çatacaq. O vaxta qədər bütün infrastruktur məsələləri, sosial məsələlər artıq başa çatacaq. Yəni, normal inkişaf üçün əsas şərtlər artıq təmin edilir.

Əlbəttə, biz gələcəyə baxırıq. 2016-cı il də iqtisadiyyat üçün asan il olmayacaq. Biz bunu bilirik və bilməliyik. Ancaq mən gələn il də ölkəmizin uğurlu inkişafı üçün heç bir problem görmürəm. Bütün sosial proqramlar icra ediləcək, iqtisadi inkişaf təmin olunacaq. Azərbaycana xarici və daxili investisiyaların qoyuluşu təmin ediləcək. Ölkəmizdə təhlükəsizlik, sabitlik tam şəkildə qorunacaq.

Bu gün dünyada gedən prosesləri biz hamımız izləyirik. Görürük ki, bizim bölgədə hansı faciəli, dəhşətli hadisələr baş verir. Azərbaycanda sabitlik, inkişaf, rifah, təhlükəsizlik təmin edilir. Hər şey müqayisədə müəyyən olunur. Yaxşı vaxtlarda adama elə gələ bilərdi ki, elə hər yerdə yaxşıdır. Ancaq bu gün baxın, bizim region, Orta Şərq, Avropa böhran içindədir. İndi bəzi ölkələrdə həm iqtisadi, həm siyasi, həm hərbi, həm də mənəvi böhran yaşanır. O ölkələr bəyan etdikləri dəyərlərə sadiq qala bilmirlər. Ancaq bizim bəyan etdiyimiz dəyərlər göz qabağındadır. Milli mənəvi dəyərlər, azərbaycançılıq, milli, dini dözümlülük, tolerantlıq, sosial-iqtisadi inkişaf və öz gücümüzə güvənməyimiz bizim inkişafımızı şərtləndirən əsas amillərdir.

Göyçay rayonunda gedən abadlıq-quruculuq işləri məni çox sevindirir. Mən sonuncu dəfə beş il bundan əvvəl Göyçayda olmuşam. Buna baxmayaraq, buradakı işlər daim diqqət mərkəzində olubdur. Ancaq burada gördüklərim məni çox sevindirir. Şəhər daha da gözəlləşir, abadlaşır. Göyçay çox gözəl şəhərdir. Tarixən də belə olub. Əsası da möhkəm qoyulub. Burada şəhərsalma prinsipləri qorunub. Demək istəyirəm ki, Göyçayda olan şəhərsalma mexanizmləri, prinsipləri heç də hər şəhərdə yoxdur. Şəhər çox gözəldir, yaşıllıq boldur. İndi aparılan təmir-bərpa işləri, parkların salınması, ictimai yerlərin yaradılması şəhəri daha da gözəlləşdirir.

Göyçay bu gün Azərbaycanın ən gözəl şəhərlərindən biridir. Bu, məni çox sevindirir. Mən sizi bu münasibətlə ürəkdən təbrik edirəm. Sizə deyə bilərəm ki, biz rayonun və şəhərin inkişafı üçün böyük işlər görəcəyik. Sizi mərkəzi xəstəxananın açılışı münasibətilə bir daha təbrik edirəm.

x x x

SAKİN: Möhtərəm cənab Prezident, görülən bütün işlər Sizin diqqət və qayğınızın nəticəsidir. Buna görə Sizə dərin minnətdarlığımızı bildiririk, “Çox sağ olun” deyirik. Daim var olun, Allah daim Sizi qorusun, Azərbaycan xalqına Sizi çox görməsin.

Prezident İlham ƏLİYEV: Sağ olun.

SAKİN: Hörmətli cənab Prezident, Sizi bu çinarlı, gözəl Göyçayımızda görməkdən qürur duyuruq. Vaxt tapıb Göyçaya gəldiyinizə görə Sizə minnətdarıq.

Bu gün Siz bir çox obyektlərin açılışında olmuşunuz. Xüsusən də bu səhiyyə ocağının açılışına görə Sizə çox minnətdarlıq edirik. Bu, Sizin qayğınızın nəticəsidir. Biz də çalışacağıq ki, bu etimadı doğruldaq, əhaliyə gözəl tibbi xidmət göstərək.

Prezident İlham ƏLİYEV: Çox yaxşı, çox sağ olun.

x x x

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10