İlham Əliyev Fransanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

05 oktyabr 2015, 13:15
İlham Əliyev Fransanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Prezident İlham Əliyev Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönyeni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Ölkəmizdən və xalqımızdan xoş təəssüratla ayrıldığını deyən səfir Paskal Mönye gələcək fəaliyyəti dövründə də əlaqələrimizin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi. Səfir Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi sayəsində Fransa ilə Azərbaycan arasında əlaqələrin daha da gücləndirildiyini vurğuladı.

Paskal Mönyenin Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin inkişafına verdiyi töhfəni qeyd edən dövlətimizin başçısı onun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə əməkdaşlığımızın yüksək səviyyəyə qalxdığını dedi. İkitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və eləcə də Heydər Əliyev Fondunun bu istiqamətdəki fəaliyyətinin önəmini vurğulayan Prezident İlham Əliyev əlaqələrimizin geniş sahələri əhatə etməsindən və əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən enerji, texnologiya, biznes, mədəniyyət və digər sahələrdə strateji tərəfdaşlıq xarakteri daşımasından məmnunluğunu ifadə etdi.

Dövlətimizin başçısı səfirə gələcək fəaliyyətində uğurlar arzuladı.