İlham Əliyev Kürdəmirdə Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun açılışında iştirak edib

17 sentyabr 2015, 15:30
İlham Əliyev Kürdəmirdə Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun açılışında iştirak edib

Prezident İlham Əliyev Kürdəmirdə Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycanın dövlət siyasətinin sosial yönümlülüyü görülən hər bir işdə, icra olunan hər bir layihədə özünü büruzə verir. Uzun illər boyu təmir olunmadığına görə yararsız vəziyyətə düşmüş kənd yollarının abadlaşdırılması bunun əyani sübutudur. Hər bir yaşayış məntəqəsinin abadlığının əsas şərti onun yolunun rahat olmasıdır. İndi ölkənin demək olar ki, əksər regionlarında kənd yollarının təmiri və yenidən qurulması prosesi davam edir. Bu proses Kürdəmir rayonundan da yan keçməyib. İndiyədək rayonun bir çox yaşayış məntəqələrini birləşdirən yollar müasir vəziyyətə gətirilib. Növbəti yenidənqurma işləri Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunda həyata keçirilib.

Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov məlumat verdi ki, 12 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun tikintisinə dövlətimizin başçısının 2012-ci il 7 mart tarixli Sərəncamına əsasən başlanılıb və bu məqsədlə Prezidentin ehtiyat fondundan 3 milyon manat, yol tikinti işlərinin tam başa çatdırılması üçün əlavə 4 milyon manat vəsait ayrılıb. İlkin mərhələdə yolun tikintisi keyfiyyətsiz aparıldığına görə sonradan “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən texnoloji ardıcıllığa riayət olunmaqla davam etdirilib. Avtomobil yolunun ümumi uzunluğu 28 kilometr, eni 8-10 metrdir. Yolda lazım olan bütün infrastruktur quraşdırılıb.

Sonra Prezident İlham Əliyev burada sakinlərlə görüşdü.

Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Yenidən Kürdəmir rayonunda olmağımdan çox məmnunam. Birinci dəfə deyil ki, Kürdəmirə gəlmişəm. Əvvəlki səfərlərdə də bərabər olmuşuq, müxtəlif tədbirlərdə iştirak etmişik. Bir neçə gözəl hadisə baş vermişdi – Kürdəmir Olimpiya İdman Kompleksinin açılışında, Mərkəzi Rayon Xəstəxanasının təmirdən sonra istifadəyə verilməsində, digər obyektlərin açılışlarında iştirak etmişəm. Bu gün isə kənd yolunun açılışıni qeyd edirik. Artıq bir müddətdir ki, əhali bu yoldan istifadə edir. Amma bu gün bu yolun rəsmi açılışı günüdür. Çox gözəl layihədir və şadam ki, nəhayət, bu kənd yolu tikilibdir. Vəsait Prezident tərəfindən 3 il bundan əvvəl ayrılmışdır. Ancaq əfsuslar olsun ki, əvvəlki rəhbərlik bu işə o qədər də böyük məsuliyyətlə yanaşmamışdır və yol keyfiyyətsiz tikilmişdir. Mənə məlumat çatdırılandan sonra göstəriş verildi və yeni rəhbərlik bu işlərlə çox ciddi məşğul oldu, bütün nöqsanlar aradan götürüldü. O nöqsanları buraxan şəxslər özləri də bərpa işlərində iştirak etmişlər və nəticədə bu yol artıq bütün yüksək standartlara cavab verir.

Kənd yollarının tikintisi Azərbaycanda, ümumiyyətlə, geniş vüsət almışdır. Bir çox hallarda yollar keyfiyyətli tikilir, amma keyfiyyətsiz yollar da hələ ki, var. Ona görə, bu məsələyə daim diqqət göstəriləcəkdir. Büdcədən, Prezidentin ehtiyat fondundan vəsait ayrılır, amma yerlərdə insanlar gərək buna məsuliyyətlə yanaşsınlar.

Kənd yollarının tikintisi indi yerli icra orqanları tərəfindən həyata keçirilir. Burada əlbəttə ki, ictimai nəzarət də güclü olmalıdır. Mənə icra başçısı məlumat verir ki, o, bura təyin olunandan sonra insanlar bu yolla bağlı çoxsaylı şikayətlər etmişlər. Yəni, ictimai nəzarət budur. Əgər insanlar bu məsələni qaldırmasaydılar, mən heç bilməyəcəkdim. Amma bu gün bu yol lazimi səviyyədə tikilib, istifadəyə verilir və hər yerdə də belə olmalıdır.

Bu gün məni eşidən bütün icra orqanlarının nümayəndələri bilməlidirlər ki, hər bir sahədə ciddi nəzarət var və ən güclü nəzarət ictimai nəzarətdir. Siz, burada yaşayan insanlar görəndə ki, hər hansı bir ədalətsizlik var, keyfiyyətsiz yollar salınır, yaxud da başqa xoşagəlməz hallar baş verir, əlbəttə, siqnal verməlisiniz, ilk növbədə, yerli icra orqanlarına, əgər nəticə olmasa, mərkəzi icra orqanlarına. Beləliklə, Azərbaycanda ictimai nəzarət daha da güclü olmalıdır. Mən dəfələrlə bu barədə demişəm, bir daha demək istəyirəm ki, bizim gördüyümüz bütün işlər xalqın maraqlarına xidmət edir. Bu yolların çəkilişi, infrastruktur layihələrinin icrası da bu məqsədi güdür - hər şey insanlar üçün, Azərbaycan xalqı üçün. İstəyirəm ki, hər bir yerdə, hər bir rayonda yaxşı yollar, yaxşı tibbi xidmət, gözəl məktəblər olsun ki, insanlar bundan istifadə edib rahat yaşasınlar.

İnfrastruktur layihələrinə gəldikdə, Kürdəmir rayonunda içməli su layihəsi artıq başa çatıb və şəhərə fasiləsiz keyfiyyətli içməli su verilir. Bu, böyük hadisədir. Çünki uzun illər içməli su problemi çox ciddi problem kimi qalmışdı. Bu məsələ öz həllini tapdı. Gözəl, təmiz mənbədən su xətləri çəkilib və şəhərdə indi heç bir problem yoxdur.

Kanalizasiya ilə bağlı işlər də davam etdirilir və yəqin ki, bu layihə 2016-2017-ci illərdə başa çatacaq. Beləliklə, bu ciddi problem də aradan qalxacaqdır.

İçməli su insanın sağlamlığı üçün əsasdır. İndi bütün bölgələrdə içməli su, kanalizasiya layihələri icra edilir. Bu, çox ciddi məsələdir və bu, sırf sosial xarakter daşıyır. Çünki bu layihələrə qoyulan vəsait dövlətə heç vaxt qayıtmayacaq. Çünki bizdə su tarifləri çox aşağı səviyyədədir və görülən bütün bu işlər ancaq insanların sağlamlığı, rahat yaşamaları üçün nəzərdə tutulur.

Digər infrastruktur layihələri icra edilir. Kürdəmir rayonunda qazlaşdırma yaxşı gedir. Söz verilib ki, ilin sonuna qədər qazlaşdırma təxminən 90 faizə çatacaq. İndi bir çox kəndlərdə işlər görülüb, davam edir. Bu da mənim göstərişimlə icra edilən layihələrdir. Azərbaycanın hər bir yerində qaz xətləri çəkilir. Elektrik enerjisi, qaz, içməli su, kənd yolları – bunlar əsas infrastruktur layihələridir. Magistral yollar da çəkilir.

Bu gün Bakıdan gəlirəm. Bakı-Kürdəmir yolu artıq genişlənir. Vaxtilə Hacıqabuldan Kürdəmirə qədər ikizolaqlı yol çəkmişik. Bir neçə il bundan əvvəl onun açılışında iştirak etmişəm. Sonra göstəriş verdim ki, bunu dördzolaqlı edək. Çünki ikizolaqlı yol bir az təhlükəlidir, xüsusilə gecə vaxtlarında. Dördzolaqlı olanda təhlükəsizlik tam təmin edilir, insanlar rahat gedə bilərlər. İndi yolun böyük hissəsinin tikintisi artıq başa çatıb. Bakıdan Gürcüstan sərhədinə qədər bizim bütün bu İpək yolumuz dördzolaqlı olacaqdır.

Bu gün İmişli-Kürdəmir-Ağsu yolunun açılışını da qeyd edəcəyik. Magistral yollar, bizi başqa ölkələrlə birləşdirən yollar, şəhərlərarası və kənd yolları - bunlar üç əsas yol layihəsidir.

Beləliklə, nəzərdə tutduğumuz bütün proqramlar icra olunacaq. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı icra edilir. Bildiyiniz kimi, bu il “Kənd təsərrüfatı ili” elan edilibdir. Kənd təsərrüfatında çox yaxşı nəticələr var. Tarixdə ilk dəfə olaraq, biz taxılçılıqda hektardan 30-31 sentner məhsul əldə edə bilmişik. Yəni, kənd təsərrüfatı ilə məşğul olanlar yaxşı bilirlər ki, heç vaxt belə nəticələr olmamışdır. Nəyə görə? Müasir texnologiyalar tətbiq olunur, gübrələr verilir. İndi subsidiyaların verilməsində şəffaflıq təmin edilir, texnika alınır, lizinq yolu ilə verilir. Əlbəttə ki, biz ən mütərəqqi təcrübəni öyrənməliyik.

Eyni zamanda, iri fermer təsərrüfatları da yaradılır. İri fermer təsərrüfatlarında isə məhsuldarlıq daha da yüksəkdir - hektardan 50-60 sentner. Görün, Azərbaycanda nə vaxt belə nəticələr olub? Hektardan 50-60 sentner ən inkişaf etmiş ölkələrdə olan göstəricidir. Bizim indi 20-yə yaxın iri fermer təsərrüfatımız var. Burada minlərlə insan işləyir. Müasir səviyyə yaradılıbdır və beləliklə, mövcud torpaqlar hesabına biz öz ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edə bilərik.

Əlavə tədbirlər görüləcək. Suvarılan torpaqların əraziləri genişlənir. Bilirsiniz ki, böyük su anbarları, kanallar tikilir. Kürdəmir rayonunda da kənd təsərrüfatının inkişafı üçün əlavə tədbirlər görüləcək. Mən bilirəm ki, buna ehtiyac var. Kanallar tikilməlidir. Bu işlər də bizim planlarımızdadır. Çünki bu gün dünyada ərzaq təhlükəsizliyi ön plana çıxır və getdikcə bu problem daha da kəskinləşəcək. Çünki dünyada əhali artır, amma torpaq sahələri arta bilmir.

Ona görə, hər bir ölkə məşğul olmalıdır. Biz xaricdən niyə ərzaq məhsulları almalıyıq?! Biz özümüz istehsal etməliyik, özümüz xaricə satmalıyıq. İndi bəzi məhsullar üzrə buna nail olmuşuq, amma hələ ki, idxaldan asılılığımız var. Fermerlər, kəndlilər üçün şərait yaradılır ki, onlar həm dolansınlar, pul qazansınlar, həm də bizim əhalimizi keyfiyyətli yerli məhsullarla təmin etsinlər. Əgər infrastruktur layihələri olmasa bunu etmək mümkün deyil. Yol olmasa indi biznes necə inkişaf edə bilər?! Qaz, elektrik, su, suvarma olmasa kənd təsərrüfatı necə inkişaf edə bilər?! Ona görə bu məsələlərə kompleks şəkildə yanaşanda nəticələr də əldə olunur.

Hələ 2004-cü ildə birinci regional inkişaf proqramı qəbul olunanda bu məqsədlər qarşıya qoyulub. İndi üçüncü proqram icra edilir, 2018-ci ildə başa çatacaq. Düzdür, indi müəyyən mənada bizim gəlirlərimiz azalır. Özünüz yaxşı bilirsiniz ki, neftin qiyməti düşüb, bu da təbiidir. Ancaq buna baxmayaraq, ölkə iqtisadiyyatının inkişafı, sosial məsələlərin həlli ilə bağlı bütün layihələr icra edilir və gələn ilin büdcəsində də kənd təsərrüfatının inkişafına, sosial məsələlərin həllinə kifayət qədər vəsait ayrılacaq. Bizim maliyyə vəziyyətimiz sabitdir. Öz gücümüzə güvənirik, arxalanırıq. Xarici borcumuz da çox aşağı səviyyədədir. Biz bütün xarici borcumuzu bir gündə ödəyə bilərik. Ona görə ödəmirik ki, buna ehtiyac yoxdur. Hələ ki, kreditlərdən istifadə edirik, amma kreditlərsiz də yaşaya bilərik. İndi ikinci belə ölkə tapılarmı ki, bir gündə xarici borcunu ödəyə bilsin? Çətin.

Bəzi ölkələrin xarici borcu ümumi daxili məhsuldan çoxdur. Yəni, onlar borc içində yaşayırlar və borcun üstünə borc gəlir. Nəticə etibarilə xalq əziyyət çəkəcək. Nə vaxtsa, necə deyərlər, bu piramida çökəcək. Amma əgər mən əmr versəm biz bütün xarici borcumuzu bir gündə ödəyə bilərik. Budur bizim reallıqlarımız. Bizdə güclü iqtisadiyyat, güclü siyasi iradə, xalq-iqtidar birliyi və bu yol kimi konkret işlər, nəticələr var. Uşaq bağçasının açılışında olmuşam, kənd məktəbinin açılışında iştirak edəcəyəm. Diyarşünaslıq Muzeyi təmir olunubdur. Gözəl Bayraq Meydanı tikilibdir. Yəni, bir il ərzində yeni rəhbərlik bu işlərlə məşğul olur. Əlbəttə, siz də iştirak edirsiniz, öz dəstəyinizi verirsiniz ki, ölkəmiz daha da güclü olsun, heç kimdən asılı olmasın və Azərbaycanın taleyi əbədi olaraq Azərbaycan xalqının əlində olsun. Sizi bir daha təbrik edirəm.

Xəlsə kənd sakini Hacıoğlan HACIYEV dövlətimizin başçısına kürdəmirlilərin ürək sözlərini çatdıraraq dedi:

- Cənab Prezident, mən bir kənd ağsaqqalı kimi gördüm ki, Siz yolun tarixçəsini bizdən gözəl bilirsiniz. Amma deməyi özümə borc bilirəm, çünki bu, lazımdır. Bu yolun aqibətini Siz bizdən gözəl bilirsiniz. Yol çox pis vəziyyətdə idi, çox əziyyət çəkirdik. Təyin etdiyiniz icra başçısına biz iradları bildirdik. O, Sizə məlumat verən kimi çox gözəl nəticəsi oldu. Dədə-babalarımızın görmədiyi bu gözəl yolu Allah Sizin sayənizdə bizə qismət etdi. Allah Sizi, övladlarınızı qorusun! Çəkdiyiniz yollar qədər Allah Sizə uzun ömür qismət etsin.

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

Müəllimə Elmira ŞIXƏLİYEVA dedi:

- Cənab Prezident, Kürdəmirdə nəinki belə yollar çəkilib, çox işlər görülüb. Son zamanlar Kürdəmir regionun ən gözəl, ən abad şəhərinə çevrilib. Biz buna görə Sizə çox minnətdarıq. Kürdəmirdə hazırda belə şəhərdaxili yollar da salınıb. Özünüz gördünüz - Bayraq Meydanı, uşaq bağçası, məktəblər, səhiyyə ocaqları, saymaqla qurtarmaz. Yeni Azərbaycan Partiyasının çox gözəl binası tikilib. Bunların hamısına görə Sizə çox böyük təşəkkürümüzü bildiririk.

Mən demək istəyirəm ki, bu gün Azərbaycan nəinki regionun, hətta Avropanın ən gözəl ölkəsidir. Birinci Avropa Oyunlarında biz bir möcüzə gördük. Həqiqətən bütün xalqımızın əli göydə idi ki, Allah-Təala işimizi avand etsin. Allah Mehriban xanıma da cansağlığı versin. Çox böyük iş gördü. Xahiş edirəm, bizim təşəkkürümüzü ona çatdırın. Biz Mehriban xanımın xətrini həddindən çox istəyirik. Allah Sizi, ailənizi, övladlarınızı qorusun.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Birinci Avropa Oyunları doğrudan da ən yüksək səviyyədə keçirilib. İstəyirəm onu da biləsiniz ki, məşəlin ölkə üzrə səyahəti də, əlbəttə, tarixi bir hadisə idi. Çünki mən o vaxt göstəriş verdim ki, məşəl hər bir rayona gətirilməlidir. Birinci variantda 10 və ya 12 rayon nəzərdə tutulurdu. Yəni, bizim xarici tərəfdaşlarımız belə təklif etmişdilər. Dedim ki, yox, hər bir şəhərdə olmalıdır. Hər bir rayonda məşəl bayramı keçirilməlidir. Bildiyimə görə bu bayram Kürdəmirdə də çox möhtəşəm keçib. Minlərlə insan meydanlara, küçələrə axışıb.

Elmira ŞIXƏLİYEVA: Görünməmiş hadisə idi.

Prezident İlham ƏLİYEV: Biz nəyə qadir olduğumuzu bütün dünyaya göstərdik. İyirmi dörd il ərzində görün haradan-haraya gəlmişik. Bütün Avropa bizə heyran oldu.

Vaxtilə deyirdilər ki, biz Avropa standartlarına çatmalıyıq. İndi bu gün biz deyirik ki, hər bir sahədə Azərbaycan standartları var - ictimai həyatda, multikulturalizm məsələlərində, insanlar arasında əlaqələrdə, iqtisadi inkişafda, sabitlikdə. İndi hər şey göz qabağındadır, internet dövründə yaşayırıq. Hər gün televizorda görürük ki, harada nələr baş verir. Azərbaycanda sabitlik var, insanlar sülh, əmin-amanlıq şəraitində rahat yaşayırlar. Biz inkişafla məşğul oluruq. Biz bir çox ölkələr üçün gözəl nümunəyik.

Carlı kənd sakini Gülməmməd EYVAZOV həmyerlilərinin minnətdarlıq hisslərini ifadə edərək dedi:

- Cənab Prezident, dünyanın hər yerində müharibələr gedir, aclıq, böhran, rəzalət, səfalət, haqqa nahaq demək, qaçqınlar. Bu qədər proseslərin içərisində bizi də özlərinə cəlb etmək istəyirlər. Bizdəki sabitliyi, inkişafı görmək istəmirlər. Onlar haqqa nahaq deyirlər. Ona görə ki, cənab Prezident, onların güzgüləri əyridir. Əyri güzgü düz, inkişaf edən, sabit Azərbaycanı görmək istəmir. Çünki o güzgünün özü əyridir. Allah Sizi qorusun. Sizə minnətdarıq.

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

Sonda xatirə şəkli çəkdirildi.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 15 noyabr 2024
13:50
Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...

15 noyabr 2024, 13:50