İlham Əliyevin və Çexiya Prezidenti Miloş Zemanın birgə mətbuat konfransı olub

15 sentyabr 2015, 17:52
İlham Əliyevin və Çexiya Prezidenti Miloş Zemanın birgə mətbuat konfransı olub

Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Çex Respublikasının Prezidenti Miloş Zemanın birgə mətbuat konfransı olub.

Dövlət başçıları əvvəlcə bəyanatlarla çıxış ediblər.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Prezident. 

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Cənab Prezident, Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Biz Sizin səfərinizə böyük əhəmiyyət veririk. Əminəm ki, səfər çox uğurlu keçəcək və səfərin nəticələri ölkələrimizi bir-birinə daha da yaxın edəcəkdir.

Əlaqələrimiz uğurla inkişaf edir. Siyasi, iqtisadi, mədəniyyət sahəsində çox gözəl nəticələr vardır. Biz siyasi sahədə uğurlu əməkdaşlıq edirik. Beynəlxalq müstəvidə də, beynəlxalq təşkilatlar çərçivəsində də birgə fəaliyyət göstəririk, əməkdaşlıq edirik. Bu gün biz Sizinlə əlaqələrimizin müxtəlif aspektlərini geniş və səmimi şəkildə müzakirə etdik. Bir daha görürük ki, ikitərəfli əməkdaşlığın dərinləşməsi üçün heç bir maneə yoxdur, əksinə bizim aramızda tərəfdaşlıq və dostluq əlaqələri yaranıbdır.

Bu gün imzalanan strateji tərəfdaşlıq haqqında Bəyannamə bu sözlərimin əyani sübutudur. Bu, çox ciddi siyasi sənəddir, ikitərəfli əlaqələrimizin səviyyəsinin mahiyyətini əks etdirir və doğrudan da əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə qaldırıbdır.

Mən Sizə məlumat verdim ki, bizim Avropa İttifaqına üzv ölkələrlə buna bənzər 7 müqavilə, anlaşma, bəyannamə vardır. Artıq Avropa İttifaqına üzv ölkələrin 8-i ilə Azərbaycanın strateji tərəfdaşlığı haqqında sənədlər imzalanıbdır.

Bu Bəyannamədə əlaqələrimizin müxtəlif aspektləri öz əksini tapır. Eyni zamanda, bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti və münaqişənin həlli yolları da göstərilir. Bu mövqeyə, bu dəstəyə görə Sizə minnətdaram. Bəyannamədə göstərilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun Aktı, ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı əsasında öz həllini tapmalıdır. Bu, yeganə mümkün həll variantıdır. Bütün münaqişələr beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır.

Uzun illərdir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisi - Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 bölgə erməni işğalı altındadır. Bu bölgələrdə xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Bu siyasət nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşmüşdür. Torpaqlarımızın 20 faizi işğal altındadır və Ermənistan bu işğalçı siyasətini davam etdirir, beynəlxalq vasitəçilərin çağırışlarına məhəl qoymur. Bu məsələ ilə məşğul olan Minsk qrupunun həmsədrləri - Rusiya, Fransa və Amerika Birləşmiş Ştatları ən yüksək səviyyədə bəyan etmişlər ki, bu münaqişə ilə bağlı status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi təbii ki, işğala son qoyulması deməkdir. Biz bunu istəyirik, beynəlxalq birlik də bunu istəyir və əminəm ki, biz istədiyimizə nail olacağıq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və beləliklə beynəlxalq hüquq və ədalət zəfər çalacaqdır.

Bəyannamədə digər sahələr də öz əksini tapır. Bizim iqtisadi sahədə çox uğurlu əməkdaşlığımız var. Deyə bilərəm ki, bu gün biz həm heyətlər səviyyəsində, eyni zamanda, ikitərəfli formatda daha çox iqtisadi əməkdaşlığı müzakirə etmişik. Burada gözəl potensial var. Ölkələrimiz arasında ticarət dövriyyəsi artır. Eyni zamanda, Çex banklarının Azərbaycanda müvafiq layihələrinin icrasına böyük miqdarda vəsait ayrılır. Buna görə də minnətdarıq.

Çünki bu vəsait imkan verir ki, Azərbaycanda müxtəlif infrastruktur layihələri icra edilsin, ilk növbədə nəqliyyat sektorunda. Bu barədə də biz geniş fikir mübadiləsi apardıq və əlbəttə ki, biz əldə edilmiş nəticələri yüksək qiymətləndiririk. Eyni zamanda, biz gələcəyə baxmalıyıq. Əminəm ki, sabah keçiriləcək Çexiya-Azərbaycan biznes forumu ikitərəfli iqtisadi əməkdaşlığın dərinləşməsi üçün mühüm hadisə olacaqdır.

Qarşılıqlı investisiyaların qoyuluşu məsələləri əhəmiyyət kəsb edir. Həm Çex Respublikası, həm Azərbaycan xarici sərmayə üçün çox məqbul ölkələrdir. Xarici sərmayələr yüksək səviyyədə qorunur. Çalışmalıyıq ki, bizim iş adamlarımız da bir-birini daha da yaxından tanısınlar və əməkdaşlıq dərinləşsin. Bu yaxınlarda hökumətlərarası komissiyanın iclası da keçirilmişdir. Bu da çox önəmli formatdır. Beləliklə, əminəm ki, gələcək illərdə iqtisadi sahədə daha da uğurlu nəticələr olacaqdır. Bu gün artıq deyə bilərəm ki, ticarət dövriyyəsinin səviyyəsi müəyyən dərəcədə bizi qane edə bilər.

Energetika sektorunda əməkdaşlıq da əlbəttə ki, danışıqlar mövzusudur. Azərbaycan Çexiyaya xam neft ixrac edir. Çexiyanın enerji balansında Azərbaycan nefti müəyyən bir hissəni – təxminən 30 faizi təşkil edir. Bu da çox önəmli hadisədir. Azərbaycan hazırda “Cənub” qaz dəhlizinin icrası ilə məşğuldur. Bu, nəhəng enerji layihəsidir. Bu layihənin ümumi dəyəri 45 milyard dollara bərabərdir. Burada “Şahdəniz-2” qaz yatağının ikinci fazasının işlənməsi məsələsi öz həllini tapacaq. Eyni zamanda, 3 yeni qaz kəməri çəkiləcəkdir. Cənubi Qafqaz qaz kəməri - Azərbaycanı Gürcüstanla birləşdirən, TANAP - Türkiyə ərazisindən keçən və TAP - Türkiyə sərhədindən İtaliya sərhədlərinə qədər uzanan üçüncü qaz layihəsidir. “Şahdəniz-2” qaz yatağının işlənməsi ilə bərabər bu dörd nəhəng layihə “Cənub” qaz dəhlizini formalaşdırır və burada Azərbaycan öz liderlik funksiyalarını uğurla yerinə yetirir. Azərbaycan bütün bu layihələrdə investor kimi iştirak edir. Bəzi layihələrdə əsas investor kimi iştirak edir. Baxmayaraq ki, dünyada neftin qiyməti son aylar kəskin şəkildə aşağı düşüb, bu layihənin icrasında heç bir yubanma yoxdur, bütün işlər vaxtında görülür. Azərbaycan tam əmindir ki, beynəlxalq əməkdaşlıq nəticəsində bu layihə öz həllini tapacaq və beləliklə, Avropaya Azərbaycandan yeni qaz kəmərinin tikintisi təmin ediləcəkdir.

Digər sahələrdə də əməkdaşlıq üçün yaxşı perspektivlər var. Mən xüsusilə humanitar sahəni qeyd etmək istəyirəm. Azərbaycanda Çexiya mədəniyyətinə, tarixinə çox böyük maraq var. Əminəm ki, cənab Prezident, Siz və Sizinlə bərabər Azərbaycana gəlmiş nümayəndə heyətinin üzvləri bu sahə ilə də tanış olacaqsınız.

Bir daha Sizi səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Əminəm ki, səfəriniz çox uğurlu olacaqdır.

Çexiya Prezidenti Miloş Zemanın bəyanatı

-Hörmətli cənab Prezident.

Xanımlar və cənablar.

İcazə verin, cənab Prezident Əliyevin sözlərinə davam olaraq təkrar edim ki, Azərbaycan ixracımız baxımından bizim üçün mühüm ölkədir. Biz neftimizin təxminən 30 faizini Azərbaycandan idxal edirik. Bununla belə, Azərbaycan digər səbəblərə görə də bizim üçün yaxın ölkədir. Əhalimizin sayı demək olar ki, eynidir. İqtisadi artım tempi kifayət qədər məqbuldur. İşsizliyin səviyyəsi isə aşağıdır. Lakin bir məsələni də qeyd etmək istərdim. Prezident Əliyev təvazökarlıq baxımından onu demədi. Azərbaycan öz öhdəliklərini yerinə yetirən ölkədir. Sizi əmin edə bilərəm ki, Azərbaycanda olan əla maliyyə durumu heç də bütün ölkələrdə yoxdur. Mənə bildirildi ki, Azərbaycan ərazisində apardığımız fəaliyyətin sığortalanmasına gəldikdə, heç bir işin pozulması və ya sığorta halı olmamışdır. Cənab Prezident, mən bunu yüksək dəyərləndirirəm. Bütün bunlar hamıya aydın olan, lakin adı çəkilməyən ölkələrlə müqayisədə Azərbaycana olan etimadı daha da artırır.

Biz, həmçinin bir sıra iqtisadi və ticari məsələləri müzakirə etdik. Qeyd etmək istərdim ki, Çex iş adamları Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin birinci mərhələsinə uğurla sərmayə qoymuşlar. Artıq tikintinin ikinci mərhələsi başlayır. Ümidvaram ki, bu sahədə də əməkdaşlığımız uğurlu olacaq. İnfrastruktur baxımından bu layihə kifayət qədər genişmiqyaslıdır. Azərbaycanın ikinci şəhəri Gəncənin icra hakimiyyətinin başçısı şəhər nəqliyyatı, o cümlədən aşağı gərginlik tramvayları ilə bağlı Çex Respublikasına müraciət etmişdir. Çünki heç kəsin xətrinə dəyməmək üçün bildirim ki, adı çəkilməyən ölkənin verdiyi ilk təklif qəbuledilməz idi. Çexiyanın təklifi daha münasib oldu. Əlbəttə ki, işlədiyimiz ənənəvi sahələr, xüsusən də müdafiə sənayesi, eləcə də Azərbaycanın polis qüvvələri üçün istər radar, istərsə də digər silah növləri baxımından əməkdaşlığa hazırıq.

İmzalanmış sənəddə göstərildiyi kimi, biz kənd təsərrüfatı sahəsində əməkdaşlığa açığıq. Bildiyimiz qədər, bu sahədə Azərbaycan öz məhsullarının bir hissəsini ixrac edir və bu baxımdan özünü təmin edən ölkədir. Bundan əlavə, onlarla digər nümunə gətirə bilərəm. Lakin, fikrimcə, onlar haqqında biz sabah biznes forumda söhbət aça biləcəyik. Hamınızı həmin tədbirdə görməyi arzulayıram. Sabah bu haqda daha dolğun danışacaq şəxsləri qabaqlamaq istəməzdim.

Yekun olaraq, bildirmək istərdim ki, mən cənab Prezidenti Çex Respublikasına səfərə dəvət etdim. Qeyd edim ki, Prezidentin rəhbərliyi altında Çex Respublikasına da bir sıra Azərbaycan sərmayələri qoyulsa, çox şad olaram. Ölkəmizdə mehmanxanalar və kurortlar, investisiya baxımından digər münasib məkanlar var. Tam əmin ola bilərsiniz ki, Çexiyada qoyulmuş maliyyə sərmayələri özünü doğruldacaq. Çex Respublikası bu baxımdan Mərkəzi Avropada kifayət qədər təhlükəsiz yerdir. Təbii ki, digər tədbirlər çərçivəsində də görüşəcəyik. Lakin Praqada gələcək görüşümüzü səmimiyyətlə arzulayıram. İnanıram ki, bu görüş baş tutacaq və həmin görüşdə atılmış yeni iqtisadi addımları qeyd edə biləcəyik.

                                                                                    X X X

Sonra jurnalistlərin sualları cavablandırıldı.

Çex televiziyasından Miroslav Karas: Azərbaycan Parlamenti müvafiq parlamentar qurumla əməkdaşlığını dayandırır və ölkənin Şərq Tərəfdaşlığı proqramındakı iştirakına yenidən baxmağı planlaşdırır. Cənab Prezident Əliyev, Azərbaycan deputatlarının mövqeyi ilə bağlı nə deyə bilərsiniz?

Prezident İlham ƏLİYEV: Azərbaycan parlamentinin dünənki qərarının səbəblərini yəqin ki, siz bilirsiniz. Bir neçə gün bundan əvvəl Avropa Parlamenti Azərbaycan ilə bağlı qətnamə qəbul etmişdir. Deyə bilərəm ki, bu qətnamə tamamilə əsassızdır, yalan, böhtan, qərəzli münasibət üzərində qurulmuş bir siyasi təxribatdır. Biz bilirik ki, bunun arxasında hansı qüvvələr dayanır. Bu qüvvələr bundan əvvəl dəfələrlə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürmüşlər, bizi şantaj etmişlər. Onların yeganə məqsədi ondan ibarətdir ki, inkişafda olan, müasir, müstəqil siyasət aparan, tolerant, multikulturalizmin məkanı olan Azərbaycanı ləkələsinlər, gözdən salsınlar və Avropada Azərbaycan haqqında yanlış, tamamilə həqiqətə zidd bir rəy yaratsınlar. Burada əlbəttə ki, biz erməni lobbisinin rolunu da görürük və hesab edirəm ki, Avropanın müvafiq hüquq mühafizə orqanları Avropa Parlamentinin bəzi üzvləri ilə erməni lobbiçiləri arasındakı gizli əlaqələri də araşdırsalar pis olmaz.

Onu da qeyd etmək istəyirəm ki, bizə qarşı bu çirkin əməllərdə fəal iştirak edən deputatların bəziləri Azərbaycanın ayrılmaz hissəsi olan və işğal edilmiş Dağlıq Qarabağa bu vaxta qədər dəfələrlə qanunsuz səfərlər etmişlər və beləliklə, Azərbaycan qanunlarını kobudcasına pozmuşlar. Eyni zamanda, bir daha demək istəyirəm, əfsuslar olsun ki, bu gün Avropa məkanında, xüsusilə Avropa Parlamentində anti-Azərbaycan qruplaşması yaranıbdır. Bu qruplaşma əlindən gələni etməyə çalışır ki, Azərbaycanı gözdən salsın və imicini ləkələsin. Bizim üçün, bir Prezident kimi mənim üçün Avropa Parlamenti tərəfindən qəbul edilmiş bu qətnamə kağız parçasından başqa bir şey deyil. Mən buna əhəmiyyət vermirəm. Əlbəttə ki, bunu pisləyirəm, ancaq bu qətnamə bizim iradəmizə, tutduğumuz mövqeyə heç bir təsir etməyəcək. Azərbaycanı özünə tabe etmək istəyən xarici dairələrə də sözüm ondan ibarətdir ki, sizin bütün səyləriniz əbəsdir. Azərbaycanın müstəqil, milli maraqlar üzərində formalaşmış siyasətinə heç bir kənar qüvvə şantaj, böhtan yolu ilə təsir edə bilməz.

O ki qaldı Azərbaycan parlamentinin reaksiyasına, hesab edirəm ki, bu reaksiya gözlənilən idi. Çünki Azərbaycan parlamenti müstəqil qurum kimi öz rəyini ifadə etdi, deputatların çoxu öz çıxışlarında fikirlərini söylədilər və onların sözündə həqiqətdən başqa heç bir şey yoxdur.

Birincisi, kimisə ittiham etməzdən əvvəl sən bir güzgüyə bax. Bu gün Yaxın Şərqdən bütün dünyanın gözü qarşısında Avropaya pənah aparan qaçqınların taleyi göz qabağındadır. O insanlar xarici müdaxilənin qurbanlarıdır. O insanların ölkələri dağıdılıb, yerlə-yeksan edilib. Kim bunu edib? Xarici qüvvələr o ölkələri dağıdıb. Ölkələrin ərazi bütövlüyünü pozub. Yüz minlərlə insanı məhv edib. Milyonlarla insan öz yaxınlarını itirib. Bu faciəvi şəraitə dözməyən insanlar artıq Avropaya gəlməyə başlayıblar. Görün, onları Avropada nələr gözləyir - islamofobiya, irqçilik, ksenofobiya! Budurmu Avropa dəyərləri?! Avropa Parlamenti bu məsələlərlə məşğul olsa daha yaxşı olar.

Bu gün Avropa dəyərlərinin sarsıdılması prosesi gedir. Avropa həmişə bizim bölgədən mütərəqqi, müasir, tolerant bir məkan kimi görünürdü. Ancaq bu gün bunu əfsuslar olsun ki, çox nadir hallarda görürük. Aqressiv, başqa ölkələrin işinə müdaxilə edən, tolerantlığı demək olar ki, itirən dairələr bu gün, əfsuslar olsun, Avropa Parlamentində və bəzi digər qurumlarda hökmranlıq edir.

Ona görə, bir daha demək istəyirəm ki, Azərbaycan parlamentinin qərarı tam əsaslıdır. Bildiyiniz kimi, Avronest Avropa Parlamenti ilə “Şərq Tərəfdaşlığı” ölkələri arasında parlament assambleyası qurumu kimi nəzərdə tutulmuşdu. Əgər hansısa bir ölkə ilə bağlı suallar olarsa, bu suallara Avronest çərçivəsində baxıla bilərdi. Amma Avronest faktiki olaraq amorf bir qüvvəyə çevrilib və heç bir fəaliyyət göstərmir. Belə olan halda, təbii ki, Azərbaycan parlamenti Avronestdəki fəaliyyətini dayandırır. Bu, Azərbaycan parlamentinin suveren hüququdur və eyni zamanda, siz yəqin onu da bilirsiniz ki, Avropa Parlamenti ilə Azərbaycan parlamenti arasındakı əməkdaşlıq fəaliyyəti də artıq dayandırılıbdır. Bax, budur bizə qarşı aparılan çirkin kampaniyanın nəticələri. Azərbaycan bizə qarşı atılan hər bir addıma adekvat cavab verib və bundan sonra da verəcəkdir.

                                                                                      X X X

İlham Əhmədov (Azərbaycan Televiziyası): Sualım Çexiya Prezidentinədir. Cənab Prezident, Siz öz müsahibənizdə qeyd etmişdiniz ki, Çexiya Azərbaycan iqtisadiyyatına investisiya qoymaqda maraqlıdır. Dünyada gedən maliyyə-iqtisadi böhranı şəraitində ölkələrimizin iqtisadi inkişaf baxımından davamlılığının təmin edildiyini nəzərə alsaq, bu sahədə əməkdaşlıq üçün yaxşı perspektivlər var. Sizin fikrinizcə, Çexiya Azərbaycanda hansı konkret sahələrə investisiya qoya bilər? Çox sağ olun.

Prezident Miloş Zeman: Fikrimcə, giriş nitqimdə bu haqda artıq danışdım. Söhbət dəmir yolu xətlərinin çəkilməsi, vaqon və lokomotivlərin təchizatı, enerji sahəsində əməkdaşlıqdan gedir. Bu cür işbirliyi nəinki Azərbaycan, o cümlədən Gürcüstan ərazisində aparıla bilər. Onlarla müxtəlif layihənin olduğu kənd təsərrüfatı sahəsində əməkdaşlıq qurula bilər.

Nəqliyyat sahəsinə gəldikdə, aşağı gərginlik tramvayları ilə bağlı layihəni artıq qeyd etdim. Əlbəttə, artıq dediyim kimi, silah, yükdaşıyan nəqliyyat sahəsində də əməkdaşlığa hazırıq. İstərdim ki, Azərbaycanda Çex avtomobilləri təşviq olunsun. İstəsəniz, burada 30-a yaxın digər layihə siyahısını təqdim edə bilərəm. Lakin istərdim ki, bu haqda biznes forumda danışaq.

gallery-photo