02 iyul 2015, 15:40

Azər Əliyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Qonaq kimi gəldiyim Bakıda Sizi və ailənizi salamlayıram. İlk öncə onu vurğulayıram ki, dövlətini sevən, onun uğurlarını alqışlayan, adı çəkilərkən daim fəxarət hissi keçirən bir azərbaycanlı kimi qürur duyuram ki, ölkəmizin sükanı Sizin əlinizdədir. Bütün bu uğurlar ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı kimi Sizin gördüyünüz quruculuq işlər, keçirdiyiniz beynəlxalq görüşlər və yürütdüyünüz uzaqgörən siyasətlə sıx bağlıdır.

Mən Almaniyada olarkən hər gün müxtəlif telekanallarda göstərilən reklam çarxlarında doğma Azərbaycanımızda keçirilən birinci Avropa Oyunlarına dair materialları görəndə fərəh hissi duyurdum. Bu xoş səs-səda doğuran tədbir barədə məlumatlar müxtəlif hakim dairələr, sakinlər arasında da sürətlə yayılırdı. Bütün dünyanın diqqəti Azərbaycana yönəlmişdi.

Hörmətli cənab Prezident, Sizin atdığınız hər bir uğurlu addım, siyasi islahat dünyanın müxtəlif yerlərində böyük rezonans doğurur, yüksək qiymətləndirilir və alqışlanır. Təbii ki, mən gənc həkim kimi bütün bunlara sevinir, dövlətimlə, Prezidentimlə, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə fəxr edirəm. Gündən-günə çiçəklənən doğma Azərbaycanımız naminə atdığınız hər bir addımı alqışlayır, gələcəkdə uğurlarımızın daha çox olmasını arzulayıram.

Dərin hörmət və ehtiramla,

Əliyev Azər Rəfael oğlu, həkim.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.