İlham Əliyev Naftalanda “Chinar Hotel & SPA Naftalan” kompleksinin açılışında iştirak etmişdir

10 fevral 2011, 16:00
İlham Əliyev Naftalanda “Chinar Hotel & SPA Naftalan” kompleksinin açılışında iştirak etmişdir

Prezidenti İlham Əliyev Naftalanda “Chinar Hotel & SPA Naftalan” kompleksinin yenidənqurmadan sonra açılışında iştirak etmişdir.

Dövlət başçısı açılışı bildirən lenti kəsdikdən sonra komplekslə tanış oldu.

Naftalanda kurort zonasının inkişaf etdirilməsi məqsədi ilə şəhərin inzibati ərazisinin genişləndirilməsi barədə Prezident İlham Əliyevin Sərəncamı burada turizmin inkişafına da təkan verəcəkdir.

“Chinar Hotel & SPA Naftalan” kompleksinin istifadəyə verilməsi son illərdə Azərbaycanda yeni səhiyyə ocaqlarının, sanatoriyaların, mehmanxanaların inşasının, kurort zonalarının inkişaf etdirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunun göstəricisidir. 18,8 hektar ərazidə yerləşən 312 yerlik “Chinar Hotel & SPA Naftalan” kompleksinin əsaslı təmirinə 2007-ci ilin mayında başlanılmış, 2010-cu ilin noyabrında sona çatdırılmışdır.

Dövlət başçısı kompleksin foyesinin divarlarında çəkilmiş və Naftalan neftinin tarixinə həsr olunmuş kompozisiyalara baxdı.

200 nəfərin işlə təmin ediləcəyi kompleksin urologiya, dietalogiya, ginekologiya, kardiologiya, qulaq-burun-boğaz, stomatologiya, terapiya və dermatologiya şöbələrinin olduğu poliklinikası İtaliya, Almaniya, Çexiya, Türkiyə, Yaponiya və Cənubi Koreyada istehsal edilmiş müasir tibbi avadanlıqla təchiz olunmuşdur. Burada ən müasir tibbi avadanlığı olan biokimyəvi, hematoloji, mikrobioloji, immunoloji, seroloji laboratoriyalar fəaliyyət göstərir. Poliklinikada hərəkət orqanları, qulaq-burun-boğaz, uşaq, uroloji, dəri, ginekoloji, periferik damar, periferik sinir və mərkəzi sinir sistemi xəstəliklərinin müalicəsi aparılacaqdır.

Dövlət başçısı SPA terapiya, fizioterapiya və reabilitasiya, fitnes mərkəzləri ilə tanış oldu. Naftalan Terapiya Mərkəzi ilə tanışlıq zamanı məlumat verildi ki, burada 24 vanna otağı var və əsas müalicə vasitəsi Naftalan neftidir. Təkcə Azərbaycanda mövcud olan Naftalan nefti bir çox xəstəliklərin dərmanıdır. Bu baxımdan Naftalan terapiyası tibbin bir çox sahələrində əvəzsiz müalicə metodu kimi qəbul edilmişdir.

Birnəfərlik, ikinəfərlik və ailəvi otaqlardan ibarət (cəmi 170 otaq) yataq korpusunda bütün zəruri şərait yaradılmışdır. Burada qadın gözəllik mərkəzi, internet klub, hədiyyələr dükanı var, elektrikli arabaların və velosipedlərin kirayəsi xidmətləri təşkil olunmuşdur. Ərazi yaşıllaşdırılmış, uşaqlar üçün əyləncə guşəsi yaradılmışdır.

Dövlət başçısı müasir standartlara cavab verən su prosedurları korpusunda türk hamamına, sauna və hovuza baxdı.

Sonra Prezident İlham Əliyev Naftalan şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Dövlət başçısı İlham ƏLİYEV naftalanlıları təbrik edərək dedi:

- Mən sizi salamlayıram və “Çinar” hotelinin istifadəyə verilməsi münasibətilə ürəkdən təbrik edirəm. Çox böyük hadisədir, deyə bilərəm ki, tarixi bir hadisədir. Siz yaxşı bilirsiniz ki, sovet dövründə bax, bu binada sanatoriya yerləşirdi və Sovet İttifaqının müxtəlif yerlərindən buraya qonaqlar gəlirdi. Sonrakı dövrdə bu bina yararsız vəziyyətə düşmüşdü, demək olar ki, fəaliyyət göstərmirdi. Ancaq, bax, görülən işlər, ölkəmizdə aparılan islahatlar nəticəsində, Azərbaycanda hökm sürən sabitlik, iqtisadi inkişaf nəticəsində investorlar bu binaya vəsait qoyublar və gözəl, ən yüksək standartlara cavab verən mehmanxana, müalicə kompleksi və istirahət mərkəzi yaradılmışdır.

Mən bir də demək istəyirəm ki, “Çinar”ın bərpası böyük məna daşıyır. Çünki “Çinar”ın bərpasından Naftalan şəhərinin yeni inkişaf dövrü başlayır. Mən keçən dəfə burada olarkən, vəziyyətlə tanış olarkən, sözün düzü, bir az məyus oldum. Çünki gördüm ki, buradakı vəziyyət o qədər də ürəkaçan deyil. Ona görə də müvafiq tədbirlər görüldü, göstərişlər verildi. Qısa müddət ərzində həm şəhərin abadlaşması üçün tədbirlər görülür, həm də Naftalanın əsas inkişaf sahəsi olan sanatoriya-kurort komplekslərinin yaradılması və bərpası işində konkret addımlar atılır. “Çinar” mehmanxanası dünyanın ən yüksək standartlarına cavab verir. Həm mehmanxana kimi, həm müalicə mərkəzi, həm də istirahət mərkəzi kimi burada bütün şərait var. Ən önəmlisi də odur ki, burada insanlar Naftalan kimi nadir müalicəvi neftdən istifadə edəcəklər və özü də belə gözəl səviyyədə. Heç vaxt, heç bir dövrdə bu səviyyə olmamışdır. Hazırda bu, reallıqdır və bu reallığı yaradan Azərbaycan dövlətidir, Azərbaycanda aparılan işlərdir və investorların Azərbaycanın gələcəyinə olan inamıdır. Çünki buraya qoyulan vəsaitin geri qayıtması prosesi çox vaxt aparacaqdır. Yəni buraya qoyulan vəsait bir ilə, iki ilə, üç ilə qayıtmayacaqdır. Deməli, investorlarda tam əminlik var ki, indi Azərbaycanda hökm sürən ab-hava, sabitlik, inkişaf davam edəcəkdir.

Bu il Azərbaycanda turizm ili elan olunub və təkcə Bakı şəhərində beşulduzlu 5 mehmanxana istifadəyə veriləcəkdir. Bu mehmanxanaların hamısı dünya brendləri səviyyəsindədir və onların istifadəyə verilməsi Bakının turizm imkanlarını bir neçə dəfə artıracaqdır.

Mən çox şadam ki, Bakı ilə bərabər, bölgələrdə də belə gözəl şərait yaradılır. Naftalanda “Çinar” mehmanxana və müalicə kompleksi açılır, “Qaşaltı” mehmanxanası açılır, yəni bir gündə şəhərdə iki gözəl mehmanxana və müalicə mərkəzi açılır.

Digər bölgələrdə də buna oxşar proseslər gedir. “Şahdağ” kurort mərkəzi yaradılır və bu il birinci mehmanxananın açılışı olacaqdır. Yəni bu proses Azərbaycanda artıq sürətlə gedir. Bütün başqa sahələrlə yanaşı, turizmin inkişafı çox böyük məna daşıyır, ölkəmizin gələcək inkişafını müəyyən edəcəkdir.

Biz elə etməliyik ki, Azərbaycanda yaradılan bütün turizm infrastrukturu bax, bu cür olsun: gözəl səviyyə, gözəl xidmət, yüksək keyfiyyət. Naftalan şəhəri üçün belə gözəl obyektlərin yaradılması böyük əhəmiyyət daşıyır. Çünki bu, yeni iş yerlərinin yaradılması deməkdir. Buraya gələcək qonaqların sayı artacaq, nəinki MDB məkanından, mən tam əminəm ki, uzaq xaricdən də buraya gələcəklər. Mən dünyanın müxtəlif yerlərində olmuşam, mehmanxanalarda qalmışam, tam əminliklə deyə bilərəm ki, burada olan şərait ən yüksək səviyyədədir.
Mən çox şadam ki, Azərbaycanda nəinki paytaxtda, paytaxtdan uzaqda yerləşən bölgələrdə də belə gözəl şərait yaradılır.

Naftalan nefti isə, - siz bunu yaxşı bilirsiniz, - nadir müalicəvi keyfiyyətə malikdir. Əsrlər boyu burada yaşayan insanlar bu imkandan, bu neftdən istifadə etmişlər. Sovet dövründə Naftalan Sovet İttifaqı miqyasında çox tanınmış bir şəhər idi. Sonra müəyyən səbəblər üzündən öz şöhrətini itirmişdi. Bugünkü gün Naftalanın yenidən canlanması üçün, özünə layiq yeri tutması üçün həlledici gündür, tarixi gündür və bax, bu iki gözəl mehmanxananın tikilməsi Naftalanın bundan sonrakı inkişafı üçün əsas şərtdir.

Bununla bərabər, mən göstəriş vermişəm və indi şəhərlə tanış olacağam - nəinki mehmanxanalar, bütün şəhər abadlaşmalıdır. Şəhərdəki bütün binalar təmir olunmalıdır, parklar, yeni xiyabanlar salınmalıdır və Naftalan nəinki Azərbaycanda, bütün bölgədə nadir bir gözəllik məkanına çevrilməlidir. Mən əminəm ki, bir neçə ildən sonra bu bölgədə Naftalan kimi gözəl, yaraşıqlı, rahat şəhər olmayacaqdır. Yəni mən bunu istəyirəm, baxmayaraq ki, Azərbaycanın çox gözəl bölgələri var, o bölgələrdə də yeni mehmanxanalar tikilir, yeni infrastruktur layihələri həyata keçirilir. Ancaq Naftalanın öz xüsusi yeri var və buraya gələcək qonaqların sayı artacaqdır. Təkcə Naftalan neftinə görə deyil, həm də burada olan turizm imkanlarına görə.
Bir də demək istəyirəm ki, bax, bu gözəl kompleksin yaradılması Azərbaycanda aparılan işlərin nəticəsidir. İnvestisiya qoyuluşu, iqtisadi inkişaf, sənaye imkanlarının genişləndirilməsi, ölkənin inkişafının güclənməsi bizə imkan verir ki, belə gözəl əsərlər yaradılsın və Azərbaycan xalqına xidmət etsin.

Mən bütün naftalanlıları bu gözəl hadisə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Əminəm ki, bu gözəl mehmanxana kompleksi uğurla fəaliyyət göstərəcək və bundan sonrakı dövrdə investorlar başqa sahələrə də vəsait qoyacaqlar. Bir daha sizi təbrik edirəm.

X X X

Naftalan Sanatoriya-Kurort Birliyinin baş həkimi Hətəm QOCAYEV şəhər ictimaiyyəti adından çıxış edərək dedi:

- Cənab Prezident, icazə verin, Sizi şəhər ictimaiyyəti adından salamlayım, şəhərimizə “Xoş gəlmisiniz!” deyim.

Naftalanda ilk kurort 1935-ci ildə fəaliyyətə başlasa da, uzun müddət Naftalan kurortu elə bir inkişaf mərhələsi keçməmişdi. Naftalan kurortunun inkişaf mərhələsi əsasən 1970-80-ci illərdə ulu öndərimizin respublikaya rəhbərlik etdiyi dövrdə başlamışdır. O vaxt Naftalanda yeni infrastruktur layihələri həyata keçirilmiş, sanatoriyalar açılmış, sosial obyektlər tikilmiş və Naftalana müalicəyə gələn xəstələrin sayı 70 min nəfəri keçmişdi.

Ancaq bilirsiniz ki, sonrakı dövrlərdə məlum hadisələrlə əlaqədar vəziyyət dəyişmişdir. Nəhayət, Naftalanın ikinci inkişaf dövrü Sizin 2008-ci ilin mart ayında şəhərimizə gəlişinizdən sonra başladı.

Cənab Prezident, o vaxt Siz bizimlə görüşəndə belə bir fikir vurğuladınız ki, Naftalan dünyanın şöhrətli kurort şəhərinə çevriləcəkdir. Artıq bu, reallıqdır. Bu reallığı biz görürük. Yaxın gələcəkdə, həqiqətən, bu reallıq daha böyük olacaqdır. Naftalan şəhərində bir ildə elə işlər görülüb ki, bunu deməklə, saymaqla qurtarmaq olmaz. Şəhərin kanalizasiya sistemi, işıq, su, qaz sistemi tamamilə yenilənib, mərkəzləşmiş istilik sistemi yaradılıbdır, Naftalanda illərlə yığılıb qalmış problemlər bir ildə həll olunubdur.

Cənab Prezident, Naftalanda doqquzmərtəbəli binaların liftləri 20-30 il idi ki, işləmirdi. Hazırda gözəl və müasir liftlər quraşdırılıbdır. Şəhərin hər yerində abadlıq işləri görülür. Bütün bunlar Sizin göstərişləriniz sayəsində mümkün olmuşdur. Cənab Prezident, buna görə də Sizə “Çox sağ olun!” deyirik.

Biz sevinirik ki, indi belə gözəl sanatoriyalarımız var. Bu sanatoriyaları dünyanın ən mötəbər sanatoriyaları ilə müqayisə etmək olar, bəzi parametrlərinə görə onlardan da yüksəkdir. Ona görə də inanırıq ki, gələcəkdə bizim digər sanatoriyalarımız da belə təmir olunacaq, yenidən bərpa ediləcək və buraya çoxlu sayda insanlar gələcəkdir. Bu isə Naftalan şəhərinin özünə böyük iqtisadi gəlir gətirəcəkdir.

Cənab Prezident, hazırda şəhərimizə dünyanın çox ölkələrindən – Almaniyadan, Polşadan, Macarıstandan, İrandan, Türkiyədən insanlar müalicəyə gəlirlər. Onlar bizim ölkəyə gələndə, bu inkişafı görəndə, Naftalan şəhərində - ölkənin balaca bir bölgəsində belə bir inkişafı görəndə, inanın, elə ağızdolusu danışırlar ki, biz heyran qalırıq və şübhəsiz, çox sevinirik. Cənab Prezident, bu sevinci bizə Siz bəxş etmisiniz. Ona görə də Sizə bir daha “Çox sağ olun!” deyirik.

Biz inanırıq ki, gələcəkdə Naftalan daha da gözəlləşəcək, bundan da yaxşı olacaqdır. Bu, bizim də üzərimizə böyük məsuliyyət qoyur. Çünki Sizin etimadınızı doğrultmalıyıq, elə işləməliyik, işlərimizi elə qurmalıyıq ki, buraya gələn insanlar razılıqla getsinlər. Naftalan şəhərinə, sakinlərinə göstərdiyiniz bu diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Cənab Prezident, Sizə uzun ömür, cansağlığı arzulayıram. Allah Sizi qorusun.

X X X

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Sözlərinizə görə çox minnətdaram. Mən ilk dəfə Naftalana üç il bundan əvvəl gəlmişəm, ondan əvvəl olmamışam. Sovet dövründə də olmamışam. Bir də demək istəyirəm ki, əlbəttə, Naftalan haqqında çox eşitmişdim və burada mənim iki şey diqqətimi çəkdi. Birincisi, buranın gözəl təbiəti və şəhərin planlı şəkildə qurulması. Yəni buranın xiyabanları, yolları, küçələri, ağacları, parkları mənə çox böyük təsir göstərdi. Mən burada şəhərin elə bil ki, keçmiş gözəlliyini gördüm. 

İkinci təəssürat isə o qədər də müsbət deyildi. Yəni şəhərin vəziyyəti. Uçmuş binalar, dağılmış yollar, əyilmiş işıq dirəkləri. Vəziyyət çox ağır idi, siz bunu yaxşı bilirsiniz. Bax, bu iki təəssürat məndə, necə deyərlər, belə bir fikir yaratdı ki, axı necə ola bilər ki, belə gözəl təbiəti, belə iqlimi olan şəhər bu vəziyyətdədir. Nə üçün? Axı, belə olmamalıdır.

Tədbirlər görülməyə başladı və o vaxt mən sizə demişdim ki, Naftalan dünya səviyyəli kurort mərkəzinə çevriləcəkdir. Bax, üç il keçdi, bəlkə də bir qədər az, artıq biz bunun əlamətlərini görürük. Təkcə bu mehmanxananın tikilməsində yox. Halbuki, özlüyündə bu, böyük bir nəticədir. Mən sizi inandırıram, dünya miqyasında həm müalicə, həm istirahət, həm şərait səviyyəsinə görə buna bənzər kompleks yoxdur. Ancaq əgər biz təkcə bunu yaratsaydıq, binalar, infrastruktur bərbad vəziyyətdə qalsaydı, bu, ən əvvəl ədalətsizlik olardı. Çünki buradakı insanlar da yaxşı yaşamalıdırlar. Digər tərəfdən, ola bilməz ki, bir gözəl bina, yaxud da obyekt tikilsin, ətrafı isə bərbad olsun. Ona görə biz bu məsələyə kompleks şəkildə yanaşdıq. Mən bir də demək istəyirəm ki, Naftalanın bütün binaları təmir olunmalıdır və olunur. Köhnə binalar bərpa edilir, infrastruktur yaradılır - qaz, su, elektrik xətləri. İndi magistral yoldan Naftalana gözəl yol çəkilir. Bir müddət bundan əvvəl biz Gəncə aeroportunu yenidən bərpa etdik. İndi xarici qonaqlar təyyarə ilə Gəncəyə gələ bilirlər, Gəncədən başqa şəhərlərə, başqa ölkələrin şəhərlərinə də uçuşlar var. Bakıya da gələ bilərlər. Bakıdan buraya gəlmək üçün gözəl, rahat magistral yol da çəkilibdir. Naftalanın qonaqları bu bölgədə yerləşən digər şəhərlərə də gedə bilərlər.

Artıq Naftalanda dünya səviyyəli iki mehmanxana var. Mən əminəm ki, bundan sonra da mehmanxanalar tikiləcəkdir. Siz qeyd etdiniz ki, ildə 70 min adam gəlirdi. İndi bilmirəm, 70 minə biz çata bilərik, yoxsa yox, amma tam əminliklə deyə bilərəm ki, gələn ildən buraya bir neçə min adam gələcəkdir. Əlbəttə ki, bu imkanların gərək reklam tərəfi də həll olunsun. Buranı işlədənlər bunu yaxşı bilirlər ki, gərək dünyada da bilsinlər ki, Naftalan kimi bir yer var və burada nəinki müalicə almaq olar, həm də sadəcə, gözəl vaxt da keçirmək mümkündür.

Bugünkü Azərbaycan bax, bu reallıqları əldə edibdir. Bugünkü Azərbaycan dinamik inkişaf edən müasir ölkədir və müasir ölkədə hər şey yüksək səviyyədə olmalıdır. Bizdə tətbiq olunan standartlar dünyanın ən yüksək standartlarından geri qalmamalıdır. Bütün sahələrdə - istər turizm, istər xidmət, istər infrastruktur baxımından, istərsə də digər məsələlər baxımından.

Bir də demək istəyirəm ki, bugünkü gün Naftalanın yeni tarixinin başlanğıcıdır. Əminəm ki, bir neçə ildən sonra biz istədiyimizə nail olacağıq və Naftalan dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir.

Sizi bir daha təbrik edirəm.

X X X

Görüşdən sonra xatirə şəkilləri çəkdirildi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15