Prezident İlham Əliyev Gəncədə əsaslı yenidənqurma işləri aparılmış “Xan bağı” mədəniyyət və istirahət parkı ilə tanışlıqdan sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
Prezident İlham ƏLİYEV gəncəlilərə müraciətlə dedi:
- Mən sizi ürəkdən salamlayıram. Yenidən görüşürük, bu görüşümüzün də çox gözəl səbəbi var. Gəncənin tarixi yeri olan “Xan bağı”nın yenidən qurulmasını bir yerdə qeyd edirik. Burada yaradılan gözəllik, abadlıq məni və əminəm ki, bütün gəncəliləri ürəkdən sevindirir. “Xan bağı” nəinki Gəncə üçün, bütün Azərbaycan üçün çox əziz və doğma bir yerdir. Sadəcə olaraq, gəzinti üçün, istirahət üçün bağ deyil, bizim milli tarixi sərvətimizdir. Yüzilliklər, onilliklər ərzində bizim əcdadlarımız bu gözəlliyi yaratmış və qorumuşlar. Bizim də borcumuz ondan ibarətdir ki, bütün tarixi sərvətlərimizi qoruyaq və bərpa edək. Burada abadlıq-quruculuq işləri ən yüksək səviyyədə görülübdür. Dünyanın ən yüksək səviyyəsi bax, burada da özünü göstərir.
Bilirsiniz ki, son illər Bakıda parklar abadlaşır, gözəlləşir, yeni parklar salınır. Digər bölgələrdə də. Bu gün Tovuz rayonunda olarkən orada yeni salınmış parkda oldum, o da çox gözəldir. “Xan bağı”nın isə öz xüsusiyyəti var, öz tarixi, öz gözəlliyi var. Mən çox şadam ki, qısa müddət ərzində burada yenidənqurma, abadlıq işləri aparılmışdır və elə bil ki, park yenidən canlanmışdır. Bu, çox əlamətdar hadisədir və onu göstərir ki, ölkəmizdə bütün işlər lazımi səviyyədə aparılır. Həm sənaye müəssisələri yaradılır, həm sosial obyektlər tikilir, həm də parklar salınır, abadlıq işləri aparılır. Belə də olmalıdır, çünki ölkəmiz inkişaf edir, müasirləşir, gözəlləşir. Belə olan halda ictimai yerlər, parklar, xiyabanlar ən yüksək səviyyədə olmalıdır.
Gəncənin tarixi çox zəngindir, çox böyükdür. Mən çox şadam ki, Gəncənin qədim tarixi qorunur. Bununla bərabər, şəhər müasirləşir, abadlaşır, gözəlləşir, yeni binalar tikilir və belə gözəl parklar yenidən qurulur. Gəncənin inkişafı üçün böyük işlər görülmüşdür, bundan sonra da Gəncə həmişə diqqət mərkəzində olacaqdır. Burada həm sənaye müəssisələrinin yaradılması, həm də sosial infrastrukturun yeniləşməsi məsələləri öz həllini tapmaqdadır. Gəncədə böyük sənaye müəssisələrinin yaradılması prosesi davam edir. Yaxın vaxtlarda böyük metallurgiya kompleksi istismara veriləcəkdir. Alüminium zavodu, poladəritmə zavodu tikilir. Məhz bu zavodlar üçün nəzərdə tutulmuş böyük yardımçı stansiya da tikilmişdir, bu gün onun açılışını da edəcəyəm.
Gəncənin inkişafı üçün bundan sonra da bütün lazımi tədbirlər görüləcəkdir. Gəncə Azərbaycanın qədim şəhəridir, Azərbaycanın tarixində onun xüsusi yeri var. Prezident kimi mən də çalışıram ki, Gəncənin inkişafı üçün bütün lazımi tədbirlər görülsün.
Bizim bütün bölgələrimizdə işlər yaxşı gedir, regionlar canlanır, inkişaf edir. Regionlarda sosial infrastruktur yaradılır, müəssisələr, iş yerləri açılır, yollar çəkilir. Artıq Bakı-Gəncə-Gürcüstan sərhədi magistral avtomobil yolu, demək olar, tam hazırdır. Onun qısa bir hissəsi artıq tikilməkdədir, o da yəqin ki, bir neçə aydan sonra istifadəyə veriləcəkdir. Beləliklə, biz hamımız Bakıdan sərhədə qədər rahat yoldan istifadə edəcəyik. Bildiyiniz kimi, keçən illərdə Gəncə aeroportu yenidən quruldu, xəstəxana tikildi, idman kompleksi, mehmanxanalar, yaşayış binaları - yəni müasir şəhərə xas olan bütün elementlər burada var. Belə olan halda, gələcəkdə biz sadəcə olaraq bax bu yolla, seçilmiş yolla getməliyik ki, ölkəmizin inkişafı daimi olsun. Bunu etmək üçün bütün imkanlarımız, iqtisadi resurslarımız var, düşünülmüş siyasətimiz var və bizim bütün planlarımız, proqramlarımız xalq tərəfindən dəstəklənir. Çünki bunlar quruculuq işləridir, bu işlər ölkəmizin uzunmüddətli inkişafı üçün bu gün zəmin yaradır. Bu gün yaradılan müəssisələr gələcəkdə Azərbaycanın inkişaf etdirilməsində öz rolunu oynayacaqdır. Hazırda daha çox qeyri-neft sektoruna, sənaye müəssisələrinin yaradılmasına diqqət göstərilir. Burada, əlbəttə, özəl sektorun çox böyük rolu var. Azərbaycan dövləti özəl sahibkarlığın inkişafı üçün lazımi tədbirləri görür. Digər tərəfdən, dövlət xətti ilə həyata keçirilən infrastruktur layihələri bax bu imkanları yaradır: elektrik enerjisi, qaz təchizatı, su xətlərinin çəkilməsi - bütün bu işlər ölkənin hər yerində görülür. Bu, elə bir vəziyyət yaradır ki, investisiyaların cəlb olunması üçün Azərbaycan öz cazibədarlığını saxlayır. Biz indi daha çox qeyri-neft sektoruna investisiyalar cəlb edirik ki, iş yerləri yaradılsın, Azərbaycanda işsizlik tamamilə aradan qaldırılsın.
Son illərdə bütün qəbul edilmiş proqramlar icra olundu, işsizliyin aradan qaldırılması üçün böyük və təsirli addımlar atıldı, yoxsulluğun səviyyəsinin aşağı salınması üçün çox ciddi işlər görüldü və təbii ki, insanların maddi rifahı yüksəldi. Ancaq biz elə etməliyik ki, Azərbaycanda yoxsulluq kimi sosial bəla ümumiyyətlə aradan qaldırılsın, işsizlik tamamilə aradan qaldırılsın. Azərbaycanda istehsal olunan məhsullar xarici bazarlara ixrac edilsin, biz artıq buna başlamışıq və daha da böyük həcmdə etməliyik. Daxili tələbatımızı özümüz təmin etməliyik və elə güclü sənaye potensialı yaratmalıyıq ki, Azərbaycan neft amilindən asılı olmayaraq, bundan sonra onilliklər ərzində inkişaf etsin və xalqımız yaxşı yaşasın.
İqtisadi inkişafla bərabər, - nəzərə alaq ki, bunsuz bütün bu işləri görmək mümkün olmayacaq, - əlbəttə ki, sosial məsələlərin həllinə həmişə çox böyük diqqət göstərməliyik. Gəncənin timsalında biz bunu görürük, burada bu məsələlər uğurla öz həllini tapır. Mən hər dəfə Gəncədə olarkən, yenilikləri görərkən sevinirəm, əminəm ki, siz də sevinirsiniz. Gəncənin tarixi abidəsi olan “Xan bağı”nın yenidən qurulması və belə gözəl səviyyəyə çatdırılması, əlbəttə ki, məni çox sevindirir.
Bu gün mən Gəncədə “İmamzadə” tarixi-memarlıq kompleksində bərpa işləri ilə də tanış olacağam. Bilirsiniz ki, “İmamzadə” kompleksinin yenidən qurulması, bərpası üçün mənim tərəfimdən xüsusi tapşırıqlar verilmiş, vəsait ayrılmışdı. İndi orada işlər gedir, mən bununla da tanış olacağam. Biz milli dəyərlərimizə, dini, milli ənənələrimizə sadiqik. Bu, Azərbaycan xalqının bir xalq kimi qorunmasına imkan verdi. Baxmayaraq ki, biz müxtəlif dövrlərdə başqa ölkələrin, başqa imperiyaların tərkibində yaşamışıq, ancaq öz milli ənənələrimizi, dini ənənələrimizi qorumuşuq və bu gün də qoruyuruq. Azərbaycanda bütün tarixi, dini abidələr bərpa olunur, yenidən qurulur, tikilir və onların içində “İmamzadə” dini kompleksinin xüsusi yeri vardır.
Bir sözlə, bizim işlərimiz bütün sahələri əhatə edir və elə etməliyik ki, hər bir sahədə ancaq və ancaq inkişaf olsun, irəliyə atılan addımlar olsun. Sizi isə mən bir daha ürəkdən salamlayıram. “Xan bağı”nın yenidən qurulması münasibətilə sizi bir daha təbrik edirəm.
X X X
Gəncə Dövlət Universitetinin rektoru Elman MƏMMƏDOV görüş iştirakçıları adından minnətdarlıq edərək dedi: Möhtərəm cənab Prezident, Sizi Nizami yurdunda böyük ehtiramla salamlayırıq, qədim Gəncəyə xoş gəlmisiniz! Qürur duyuruq ki, bu, son illərdə Gəncəyə 11-ci səfərinizdir. Bu, bizim üçün böyük şərəfdir və Sizin Gəncəyə, gəncəlilərə olan dərin hörmətinizi, qayğınızı nümayiş etdirir. Sizin hər gəlişiniz Gəncəyə, şəhərimizə böyük yeniliklər gətirir, tarixi hadisəyə çevrilir.
Möhtərəm cənab Prezident, Sizin diqqətiniz və qayğınız sayəsində Gəncə sürətlə inkişaf edir, öz tarixini qorumaqla yanaşı müasirləşir. Şəhərin əhalisi gündən–günə artır, iqtisadiyyatı güclənir. Gəncəmizdə böyük quruculuq və abadlıq işləri görülür. Müasir hava limanı, diaqnostika mərkəzi, beşulduzlu mehmanxana, gözəl yollar, meydanlar, parklar, bağlar - bütün bunlara görə Sizə minnətdarıq.
Möhtərəm Prezident, gəncəlilərin ən gözəl, ən sevdiyi istirahət yerlərindən biri olan bu gözəl “Xan bağı” Sizin göstərişinizlə 200 il ərzində ilk dəfə olaraq yenidən qurulubdur. Əsrlərin yadigarı olan “İmamzadə” kompleksi ilk dəfədir əsaslı təmir olunur, əslində, cənab Prezident, yenidən tikilir.
Cənab Prezident, bu gün Gəncə həqiqi mənada öz ən xoş günlərini yaşayır. Bu, Sizin gördüyünüz böyük işlərin nəticəsidir. Buna görə də qədirbilən gəncəlilər Sizi qurucu İlham adlandırırlar. Möhtərəm cənab Prezident, biz xoşbəxtik ki, sözün əsl mənasında müstəqil bir dövlətdə yaşayırıq. Dövlətimiz bəzi ölkələr kimi kənardan idarə olunmur. Azərbaycan dövləti xalqın və Siz Prezidentin iradəsi ilə idarə edilir. Bu, Heydər Əliyev siyasətinin nəticəsidir, Sizin yüksək peşəkarlığınızın, cəsarətinizin və möhkəm iradənizin nəticəsidir. Cənab Prezident, biz Sizinlə fəxr edirik, Sizinlə qürur duyuruq. Sizə böyük uğurlar, möhkəm cansağlığı arzu edirik. Bir daha gəncəlilər adından deyirəm: “Xoş gəlmisiniz!”.
X X X
Prezident İlham ƏLİYEV: Bizim “Xan bağı” kimi böyük sərvətimiz var. Bu, doğrudan da çox nadir və tarixi bir yerdir. Tarix və gözəllik burada cəmləşir. Azərbaycan xalqının istedadı burada özünü göstərir. Çox əhəmiyyətlidir ki, iki yüz il bundan əvvəl belə bir park salınıb, ağaclar əkilib, qorunub, onlara qulluq ediblər. Çətin dövrlər də, yaxşı dövrlər də olmuşdur. Amma “Xan bağı” həm öz adını, həm də gözəlliyini saxladı. Bizim də borcumuz idi ki, indiki bu işləri görək. Mən Eldar Əzizova deyirəm ki, yəqin, bundan sonra ən azı 50 il burada təmir işlərinə ehtiyac olmayacaqdır. Ondan sonra yəqin ki, edəcəklər.
Yeni parklar da salınmalı, yeni istirahət yerləri də yaradılmalıdır. Yenə deyirəm, burada təkcə gəzinti üçün şərait yaradılmayıb, gözəl yay teatrı da bərpa olunub, müxtəlif tədbirlər keçiriləcək, yəni “Xan bağı” yaşayacaqdır. Əminəm ki, gəncəlilərin ürəyincə olacaqdır.
X X X
Görüşdən sonra xatirə şəkli çəkdirildi.