Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovdan

27 may 2015, 17:10

Hörmətli İlham Heydər oğlu,

Milli bayramınız – Respublika Günü münasibətilə Sizi və dost Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Azərbaycan son illər iqtisadi və sosial sahələrdə böyük uğurlar qazanıb, beynəlxalq arenada mövqelərini möhkəmləndirib.

Dağıstanlılar Azərbaycanın regionda və dünyada iqtisadi, ictimai-siyasi və mədəni inkişafın bir çox istiqamətlərində inamla aparıcı mövqelərə çıxmasına səmimi qəlbdən sevinirlər.

Dağıstan ilə Azərbaycanı möhkəm dostluq və mehriban qonşuluq telləri bağlayır. Azərbaycan Respublikası Dağıstan Respublikasının ənənəvi böyük xarici ticarət tərəfdaşıdır. Biz Azərbaycan rəhbərliyinin tərəfdaşlıq münasibətlərini uğurla inkişaf etdirməyə, qarşılıqlı faydalı layihələr həyata keçirməyə səmimi çalışmasını yüksək qiymətləndiririk və buna Dağıstana xüsusi münasibətin əlaməti kimi baxırıq.

Rusiya Federasiya ilə Azərbaycan Respublikası arasında qarşılıqlı anlaşmanın və əməkdaşlığın yüksək səviyyəsini nəzərə alaraq əminlik hissi ilə bildirirəm ki, biz Dağıstan-Azərbaycan dostluğunun və əməkdaşlığının möhkəmlənməsi naminə səylərimizi bundan sonra da artıracağıq.

Hörmətli İlham Heydər oğlu, Sizə və bütün Azərbaycan xalqına quruculuq fəaliyyətində uğurlar, sülh və firavanlıq arzu edirəm.

Hörmətlə,

Ramazan Abdulatipov

Rusiya Federasiyası Dağıstan

Respublikasının başçısı