İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

16 may 2015, 09:40

Azərbaycan Respublikasında tibb təhsilinin təkmilləşdirilməsi və dünyanın nüfuzlu ali tibb məktəbləri ilə əlaqələrin genişləndirilməsi, eləcə də Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyasının tibb təhsili müəssisələrində oxumaq istəyi respublikada tanınmış bir universitetin filialının yaradılması zərurətini meydana çıxarmışdır.

İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti rəhbərliyinin Bakı şəhərində universitetin filialının yaradılması ilə bağlı təklifini nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılması və onun maddi-texniki bazasının təşkili ilə bağlı məsələləri həll etsin;
1.2. 2015/2016-cı tədris ilindən başlayaraq İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının fəaliyyətini təmin etmək məqsədi ilə dövlət sifarişi əsasında tələbə qəbulu planı üzrə yerlərin ayrılması ilə bağlı zəruri tədbirləri həyata keçirsin;
1.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 may 2015-ci il.

SƏNƏDLƏR Sərəncamlar 29 may 2025
17:17
Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanın çoxəsrlik və zəngin mədəniyyətinin nümayişində, milli-mənəvi irsinin və tarixi-mədəni ənənələrinin təbliğində kinematoqrafiya əsərləri və digər audiovizual əsərlər mühüm rol oynayır. Azərbaycan kinematoqrafiyasının...

29 may 2025, 17:17