Davosda Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin görüşü olmuşdur.
Azərbaycan Prezidenti İlham ƏLİYEV Ukrayna Prezidentinə müraciətlə dedi:
- Hörmətli Viktor Fyodoroviç, Sizi yenidən görməyimə, böyük uğurla inkişaf edən dialoqumuzu davam etdirmək imkanına görə çox şadam. Mən Ukraynaya səfərimi məmnunluqla xatırlayıram. Bizim diskussiyalarımız münasibətlərimizin gələcək inkişafına çox mühüm təsir göstərir.
Bizim münasibətlərimiz çox fəal və dinamik inkişaf edir, “strateji tərəfdaşlıq”, “dostluq münasibətləri” kimi terminlərlə səciyyələndirilir. Əminəm ki, siyasi dialoqun genişlənməsi, iqtisadi sahədə, xüsusən energetika sahəsində fəal qarşılıqlı əlaqələr xalqlarımızı daha da yaxınlaşdıracaq, təkcə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı üçün deyil, həm də Qara dəniz və Xəzər dənizi regionunda əməkdaşlığın hərtərəfli yüksəlişi üçün əlverişli şərait yaradacaqdır. Sizi bir daha ürəkdən salamlamaq istəyirəm. Ümid edirəm ki, Ukraynanın və Azərbaycanın rifahı naminə fəal işimiz davam edəcəkdir.
Ukrayna Prezidenti Viktor YANUKOVİÇ Azərbaycan dövlətinin başçısına müraciətlə dedi:
- Sağ olun, hörmətli İlham Heydər oğlu. Sizinlə növbəti dəfə görüşməyimə çox şadam. Bizim yüksək səviyyədə görüşlərin intensivliyi hökumətlərimizə, Sizinlə ikitərəfli münasibətlərdə müəyyən etdiyimiz proqramların icraçılarına da sirayət edir. Əlbəttə, yüksək səviyyədə siyasi dialoq təsdiq edir ki, ölkələrimiz arasında strateji münasibətlər xalqlarımızın dostluğunun təməlidir. Bu, müxtəlif böhranlar dövründə xüsusilə əhəmiyyətlidir. Ukrayna xalqı heç vaxt unutmayacaq ki, bizim üçün çətin bir dövrdə Sizin atanız Heydər Əliyev tarixi qərar qəbul etdi və Sizin ölkəniz Ukraynanı yanacaq-sürtkü materialları, neftayırma zavodlarımıza neft nəql edilməsi ilə dəstəklədi. Bu, həmin dövrdə Ukraynaya çatışmayan bir udum hava kimi zəruri idi və Prezident Heydər Əliyevin göstərişi ilə Azərbaycan bunu etdi.
Siz bu xoşməramlı ənənələri davam etdirirsiniz. Biz çox şadıq ki, bütün 2010-cu il ərzində ölkələrimiz arasında əmtəə dövriyyəsinin fəal artımı qeydə alınmış, yeni fəaliyyət növləri yaranmış, yanacaq-sürtkü materialları, neft ticarəti xeyli fəallaşmışdır və bu gün nazirlərimiz bizim strateji müqaviləni daha mənalı edən növbəti saziş hazırlamışlar. Bilirəm ki, bu fəallıq çox cəhətdən Sizin şəxsi iştirakınızla əlaqədardır. Bunu demək mənə çox xoşdur ki, əlbəttə, 2011-ci ilin əvvəlindən danışsaq, biz növbəti addım atırıq və ticarət münasibətlərinin, ticari-iqtisadi əlaqələrin genişləndirilməsi üçün birgə fəal səylərimizi davam etdirməliyik. Buna görə də məmnuniyyətlə qeyd etmək istəyirəm ki, biz birinci addımı birlikdə hazırlamışıq. Mən bu il Sizinlə razılaşdığımız kimi, həm Sizin üçün, həm də mənim üçün münasib vaxtda Azərbaycana səfər etməyi planlaşdırıram ki, dost siyasi, strateji dialoqu artıq Azərbaycan ərazisində davam etdirə bilək. Bu gün burada – bir sıra ölkələrin liderləri, hökumət rəhbərləri, siyasətçilər, işgüzar dairələrin nümayəndələrinin toplaşdığı Davosda təklif edirəm ki, nazirlərimiz bizim iştirakımızla ölkələrimiz arasında çox mühüm olan bu sənədləri imzalasınlar.
X X X
Görüşdən sonra Prezident İlham Əliyevin və Prezident Viktor Yanukoviçin iştirakı ilə Azərbaycan və Ukrayna arasında iki sənəd imzalanmışdır.
Ukrayna ərazisindən neftin nəqli sahəsində əməkdaşlığın inkişafına dair tədbirlər barədə Sazişi və Ukrayna ərazisinə sıxılmış təbii qazın çatdırılmasının təşkili üzrə əməkdaşlıq haqqında Memorandumu Ukraynanın energetika və kömür sənayesi naziri Yuri Boyko və Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev imzaladılar.