14 may 2015, 13:10

Ağsaqqallar Şurasının VII hesabat-seçki konfransının iştirakçılarından, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Sumqayıt şəhər Ağsaqqallar Şurası öz VII hesabat-seçki konfransını yüksək əhval-ruhiyyə, işgüzar və mütəşəkkillik şəraitində keçirir. Doğma Azərbaycanımızın qazandığı uğurlar, ölkənin regionlarında həyata keçirilən sosial-iqtisadi proqramlar, əhalinin rifah halının durmadan yaxşılaşması naminə görülən tədbirlər, yeni-yeni iş yerlərinin açılması biz ağsaqqalları ürəkdən sevindirir, çiçəklənən müstəqil dövlətimizdə yaşayıb-yaratmaq həvəsimizi daha da artırır.

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin siyasi kursunun Sizin tərəfinizdən uğurla davam etdirilməsini böyük məmnunluq və qürur hissi ilə qeyd edirik. Biz - yaşlı nəslin nümayəndələri, regionun ən böyük sənaye şəhəri olan Sumqayıtı qurub-yaradanlar Xəzər sahilində salınmış, Gənclik şəhəri kimi keçmiş ittifaqda tanınan Sumqayıtın iqtisadi, sosial, mədəni inkişafının təmin olunmasında əzmkarlıqla çalışdığımızı xoş xatirələrlə heç vaxt unutmarıq.

Ölkənin müxtəlif regionlarından Sumqayıta gəlmiş insanlar vahid əqidə ətrafında qurub-yaratmaq həvəsi ilə çalışmış, doğma şəhərimizin inkişafı naminə əlimizdən gələni əsirgəməmişik.

Dövlətimiz tərəfindən şəhər əməkçilərinə, ziyalılara, elm adamlarına, səhiyyə, mədəniyyət işçilərinə, idman sahəsində çalışanlara daim diqqət və qayğı göstərilmiş, əməkləri yüksək orden və medallarla, fəxri mükafat və adlarla qiymətləndirilmişdir.

Biz ağsaqqal və ağbirçəklər, ulu öndər Heydər Əliyevin böyük müdrikliklə söylədiyi “Ağsaqqal milli, mənəvi dəyərlərimizin qızıl fondudur” kəlamını yaşlı nəslə verilən ən yüksək qiymət kimi dəyərləndiririk.

Cənab Prezident, ölkəmizin hər bir guşəsi kimi Sumqayıt şəhəri də bu gün məhz Sizin diqqət və qayğınız sayəsində dinamik inkişaf edir, gözəlləşir, regionun ən böyük sənaye mərkəzinə çevrilir.

Son dörd ildə şəhərimizə 8 dəfə səfər etməyiniz, müasir sənaye, sosial-mədəni və idman obyektlərinin açılışında iştirakınız, şəhər ictimaiyyəti ilə səmimi görüşləriniz, verdiyiniz dəyərli tövsiyə və tapşırıqlarınız şəhərimizə və onun sakinlərinə olan dərin məhəbbətin əyani ifadəsidir.

Biz bu inkişafa öz töhfəmizi verməklə üzərimizə daha böyük məsuliyyətin düşdüyünü dərk edirik. Eyni zamanda, Azərbaycanın gələcəyi naminə davamlı inkişafın təmin olunması istiqamətində gənc nəslin əməksevər, milli vətənpərvərlik ruhda tərbiyə edilməsində topladığımız həyat təcrübəsini gənclərlə daim bölüşürük. Şəhərin ictimai-siyasi həyatında yaxından iştirak edir, milli mənəvi ənənələrimizin yaşadılması və gələcək nəslə ötürülməsi, zəngin dövlətçilik tariximizin öyrənilməsi, faşizm üzərində Böyük Qələbənin əldə edilməsində əməyi olan insanların keçdiyi həyat yolunun ictimaiyyətə çatdırılması fəaliyyətimizin əsas istiqamətlərindəndir.

Cənab Prezident, Sizin rəhbərliyiniz ilə idmanın kütləviliyinə nail olunması, idmançılarımızın dünya çempionatları və Olimpiya yarışlarında, beynəlxalq turnirlərdə qazandıqları qələbələr sayəsində “Bakı-2015” birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bizi qəlbən sevindirir, ölkəmizin artan beynəlxalq nüfuza malik olmasını təsdiqləyir.

Dağlıq Qarabağ münaqişəsinin həllinə göstərdiyiniz səyləri, yeritdiyiniz siyasəti dəstəkləyir, lazım gələrsə Sizin, Ali Baş Komandanımızın əmri ilə silaha sarılıb torpaqlarımızı işğaldan azad etməyə hazır olduğumuzu bildiririk.

Möhtərəm cənab Prezident,

Biz ölkəmizin strateji məqsədləri yolunda, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, qazanılan iqtisadi-siyasi uğurların davamlı inkişafının təmin edilməsində Sizə çətin və şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq. Əmin edirik ki, hesabat konfransının təmsil etdiyi Sumqayıt ağsaqqalları həyata keçirdiyiniz işlərdə Sizin etibarlı köməkçiləriniz olacaqlar.

Müraciət Sumqayıt şəhər Ağsaqqallar Şurasının 2015-ci il 30 aprel tarixli VII hesabat-seçki konfransında qəbul edilmişdir.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.