Prezident İlham Əliyev Davosda “SK Group” şirkətlər qrupunun sədri Çey Tae-von ilə görüşmüşdür.
Görüşdə “SK Group” şirkətlər qrupunun sədri Çey Tae-von rəhbərlik etdiyi qurumun hazırkı fəaliyyəti, perspektivləri barədə dövlətimizin başçısına məlumat verdi. Çey Tae-von rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan qurumun Bakıda nəqliyyatın intellektual idarəetmə sistemi ilə bağlı fəaliyyət göstərdiyini məmnunluqla vurğuladı.
Prezident İlham Əliyev Koreya Respublikasına səfərini məmnunluqla xatırlayaraq səfər çərçivəsində nəqliyyatın intellektual idarəetmə sistemi ilə bağlı aparılan danışıqların nəticəsi kimi artıq bu layihənin yaxın vaxtlarda Azərbaycanda tətbiq ediləcəyinə ümidvar olduğunu bildirdi.
Dövlətimizin başçısı Koreya Respublikasının və Azərbaycan Respublikasının şirkətləri arasında fəal əməkdaşlığın həyata keçirildiyini vurğuladı, bu əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğunu dedi.
Qeyd edək ki, “SK Group” şirkətlər qrupu 1953-cü ildə yaradılmışdır. Bu şirkət özündə 92 fəaliyyət sahəsini birləşdirir və sənaye, kimya, rabitə, informasiya texnologiyaları, tikinti və digər sektorlarda iri layihələr həyata keçirir. Şirkətin müxtəlif ölkələrdə 113 ofisi fəaliyyət göstərir. Həmin ofislərdə 300 mindən çox insan çalışır. Təkcə 2009-cu ildə şirkətin 80 milyard dollara yaxın ümumi gəlirləri olmuşdur.