Gerb

22 yanvar 2011, 14:00
W1siziisijiwmtuvmdyvmtuvmtbwem1yb2xxbl8znjkylmpwzyjdlfsiccisinrodw1iiiwinju0edmynymixv0?sha=ea56911e054444f6

Prezident Sarayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ilə Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin arasında görüş keçirilmişdir.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə ötən ilin yanvarında Bakıda keçirilmiş Humanitar Forumdan sonrakı müddətdə iki ölkənin müvafiq qurumları arasındakı əlaqələr müzakirə edilmiş, həmin Forumun Bakı Beynəlxalq Humanitar Forumu kimi bu ildən etibarən mütəmadi surətdə təşkil olunması və keçirilməsi ilə bağlı dövlətlərimizin başçılarının təşəbbüsünə uyğun olaraq bəzi təşkilati məsələlər və onların həyata keçirilməsinin detalları haqqında fikir mübadiləsi aparılmışdır.

Müzakirələr zamanı Rusiya və Azərbaycan ilə yanaşı, xarici ölkələrdən dəvət olunacaq nüfuzlu elm, təhsil, mədəniyyət, incəsənət, ictimai-siyasi və digər nümayəndələrin iştirakı ilə keçiriləcək Foruma hazırlıq məsələləri ilə əlaqədar işçi qrupun tərkibi müəyyənləşdirilmiş, tədbirin əhəmiyyətini və mahiyyətini nəzərə alaraq onun beynəlxalq təşkilatlarda qeydiyyatının vacibliyi vurğulanmışdır.

Hər iki ölkənin Foruma böyük önəm verməsinin qeyd olunduğu görüşdə Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsində yaxşı təcrübəyə malik olduğu diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, gələcəkdə Beynəlxalq Forumun paytaxt Bakı ilə yanaşı, Azərbaycanın regionlarında da keçirilməsi mümkündür. 

Administrasiya rəhbərlərinin görüşündə Azərbaycan və Rusiya arasındakı ikitərəfli münasibətlərin digər aktual məsələləri də müzakirə olunmuşdur. 


Böyük ölçüdə