Riqada Latviya Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilmişdir.
Dövlət başçıları ziyafətdə çıxış etdilər.
Latviya Prezidenti Valdis Zatlersin çıxışı
- Cənab Prezident!
Xanım Əliyeva!
Zati-aliləri, xanımlar və cənablar!
Mən və xanımım Azərbaycan Respublikasının Prezidentini və xanım Mehriban Əliyevanı Riqada qəbul etməkdən çox məmnunuq.
Mən 2009-cu ilin avqust ayında Sizin gözəl ölkənizə səfərimi məmnuniyyətlə xatırlayıram. Əminəm ki, bu səfər də Azərbaycan və Latviya müstəqilliyini bərpa etdikdən sonra 20 il ərzində ölkələrimiz arasında qurulmuş qarşılıqlı anlaşmanın davamlı təsdiqinə xidmət edəcəkdir.
Cənab Prezident və xanım Əliyeva, 1918-ci ildən başlanmış müstəqilliyin ilk mərhələsi Latviya və Azərbaycanın inkişafı üçün həlledici olmuşdur. Təəssüf ki, o dövr Azərbaycan üçün 2 ildən az müddət davam etmişdir. Lakin bu müddət parlamentarizm və demokratiya toxumlarının ölkənizdə səpilməsi üçün kifayət etmişdir. Azərbaycan islam dünyasında ilk parlamentli respublika olmuşdur və Sizin ölkəniz qadınlara hətta Böyük Britaniya və ABŞ-dan da əvvəl seçib-seçilmək hüququnu vermişdir. Bunlar bu gün Azərbaycanı demokratik dəyərlərə doğru aparan tarixi əhəmiyyətə malik hadisələrdir.
Latviya və Azərbaycan coğrafi cəhətdən strateji mövqeyə malikdirlər. Biz Qərblə Şərqin, Avropa ilə Asiyanın kəsişməsində yerləşirik. Bu yerləşmə heç də hər zaman bizim insanlar üçün rifah və əmin-amanlıq gətirmir. Lakin bu, xalqlarımızın ruh yüksəkliyini möhkəmləndirmiş və mədəniyyətimizi əsaslı şəkildə zənginləşdirmişdir.
Cənab Prezident və xanım Əliyeva, ötən 20 il ərzində Latviya Avropa İttifaqının və Şimali Atlantika Müqavilə Təşkilatının tam üzvü olmaq kimi strateji məqsədinə çatmaq üçün böyük işlər görmüşdür. Mən həqiqətən də fəxrlə bildirmək istəyirəm ki, bizim üzvlük statusumuz, habelə, Azərbaycanın bu təşkilatlarla sadiq tərəfdaşlığı ölkələrimiz və regionlarımız arasında əməkdaşlığa daha geniş imkanlar açmışdır.
Qısa müddət ərzində Latviya ümumi Avropa məkanına qoşulmada böyük işlər görmüşdür. Biz hətta deyə bilərik ki, islahatlar sahəsindəki təcrübəmiz, nailiyyətlərimiz və uğursuzluqlarımız bu cəhətdən Latviyanın ən dəyərli ixracat məhsullarından biri olmuşdur. Biz Azərbaycanda islahatlar istiqamətində göstərilən səylərə dəstək olaraq öz təcrübəmizlə bölüşməyə hazırıq.
Cənab Prezident, xanım Əliyeva, nümayəndə heyətlərimizin son bir neçə gün ərzində keçirdiyi konstruktiv müzakirələri alqışlayıram. Çünki bu müzakirələr ölkələrimizin qarşılıqlı maraqlarını nümayiş etdirmişdir.
Ölkələrimiz arasında mövcud olan təkmilləşdirilmiş hüquqi və müqavilə bazası, hər ikimizin imzaladığı Bəyannamə ölkələrimiz üçün gələcək əməkdaşlığın sahələrini açıq şəkildə nümayiş etdirir. Mən Latviya və Azərbaycan xalqlarının rifahının yüksəldilməsinə kömək edəcək iqtisadi əlaqələri xüsusi olaraq vurğulamaq istəyirəm.
Ümidvar olduğumu bildirmək istəyirəm ki, ölkələrimiz arasında daim artan ticarət dövriyyəsi ilə nəticələnən mövcud iqtisadi tərəfdaşlıq, eləcə də iki ölkənin biznes dairələrindən ibarət nümayəndə heyətləri üçün bu gün keçirilmiş biznes forum sayəsində Latviya ilə Azərbaycan arasında əməkdaşlıq əhəmiyyətli dərəcədə artacaqdır.
Cənab Prezident, xanım Əliyeva, icazənizlə öz adımdan və xanımımın adından bu badəni Latviya və Azərbaycan arasında dostluq və uğurlu əməkdaşlığın, xalqlarımızın gələcəyi və rifahı şərəfinə qaldırıram. Sizin sağlığınıza, cənab Prezident! Sizin sağlığınıza, xanım Əliyeva! Yaşasın Latviya! Yaşasın Azərbaycan!
X X X
Azərbaycan Respublikasının dövlət himni səsləndi.
Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı
- Hörmətli cənab Prezident!
Hörmətli xanım Zatlere!
İlk öncə, nümayəndə heyətimiz adından Azərbaycan dilində söylədiyiniz sözlərə görə Sizə dərin minnətdarlığımızı bildirmək istərdim. Eyni zamanda, çox mürəkkəb Azərbaycan sözlərini belə ustalıqla tələffüz etməyiniz bizdə iftixar hissi yaratdı. Sizə söz vermək istəyirəm ki, növbəti görüşümüz zamanı, həmçinin mən də bir sıra sözləri latış dilində söyləyəcəyəm.
Hörmətli cənab Prezident!
Hörmətli xanım Zatlere! Xanımlar və cənablar!
İlk növbədə mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə, cənab Prezident, Sizə minnətdarlığımı bildirirəm. Zəngin tarixi və mədəniyyəti, füsunkar təbiəti ilə seçilən dost ölkənizi ikinci dəfə ziyarət etməyimdən çox məmnunam.
Son altı ildə Azərbaycan Respublikasının və Latviya Respublikasının prezidentləri yeddinci dəfədir ki, görüşürlər. Bu, ölkələrimiz və xalqlarımız arasında mövcud olan sıx münasibətlərin əyani göstəricisidir.
Sizin 2009-cu ildə Azərbaycana etdiyiniz səfər ölkələrimiz arasındakı əlaqələrin yeni müstəviyə keçməsində mühüm rol oynamışdır. Azərbaycan ilə Latviya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Lakin iqtisadi əlaqələrimizin bügünkü göstəriciləri ölkələrimizin potensialına cavab vermir. İki ölkə arasında ticarət dövriyyəsi və sərmayə qoyuluşunun həcmi arzu olunan səviyyədə deyildir. Biz Latviya ilə əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıyıq.
Cənab Prezident, ümid edirəm ki, bu gün Sizinlə qarşılıqlı maraq doğuran məsələlər ətrafında apardığımız fikir mübadiləsi, əldə olunmuş razılaşmalar, imzalanmış sənədlər, Birgə Bəyannamə və keçirilən biznes forum ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına yeni təkan verəcəkdir.
Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Latviya Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığına xüsusi önəm verən ölkələrdəndir.
“Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində qarşılıqlı fəaliyyətimiz faydalıdır və Azərbaycanı Avropa ailəsinə daha da yaxınlaşdıracaqdır.
Azərbaycan ilə Latviya arasında əlaqələrin tarixi kökləri vardır. Ötən əsrlərdə Latviyanın bir çox nümayəndələri - diplomat Antons Balodis, rəssam Yanis Yaunsudrabinş, yazıçılar Ernest Birzniyek-Upits, Pavlis Rozitis, Sudrabu Edjus, Yanis Vanyuskis və Avqust Arays Berts uzun illər Azərbaycanda yaşayıb yaratmışlar.
İnanıram ki, burada yaşayan, Latviya vətəndaşları olan soydaşlarımız ölkənizin həyatında fəal iştirak edir, onun inkişafına, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına dəyərli töhfə verir və bundan sonra da bu missiyanı davam etdirəcəklər.
Ötən illər ərzində Azərbaycanda çox uğurlu siyasi və iqtisadi islahatlar həyata keçirilmişdir. Bunun nəticəsi olaraq son 7 ildə ölkədə ümumi daxili məhsul təxminən 3 dəfə, maaşlar və pensiyalar orta hesabla 5-6 dəfə artmış, yoxsulluğun səviyyəsi 4-5 dəfə azalmış, ölkəmizə 82 milyard dollar həcmində sərmayə qoyulmuş, 900 mindən çox yeni iş yeri açılmışdır.
Azərbaycan zəngin təbii resurslara malikdir. Neft ehtiyatları ilə yanaşı, Azərbaycanın beynəlxalq səviyyədə təsdiq olunmuş qaz ehtiyatları 2,2 trilyon kubmetrdən artıqdır. Enerji sahəsində əməkdaşlıq Avropa İttifaqı ilə münasibətlərimizin əsas istiqamətlərindən biridir. Hazırda Azərbaycanın enerji ehtiyatlarını müxtəlif istiqamətlərə nəql edən neft və qaz boru kəmərləri çəkilmişdir. Ölkəmiz enerji resurslarının ixracının şaxələndirilməsinə mühüm əhəmiyyət verir və Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün öz töhfəsini verməyə hazırdır.
Bütün bunlarla bərabər, Azərbaycanın ən ağrılı problemi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi, Dağlıq Qarabağ və ətrafdakı yeddi rayon işğal olunmuşdur. Bu ərazilərdə etnik təmizləmə siyasəti aparılmış, bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
Münaqişə ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi, o cümlədən BMT-nin Baş Məclisi, ATƏT, Avropa Şurası, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatların qərarları yerinə yetirilməlidir. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Hörmətli cənab Prezident, Latviyaya səfər etməyimdən məmnun olduğumu bir daha ifadə edir, Sizə cansağlığı, ölkənizə və xalqınıza daim inkişaf və uğurlar arzulayır, bu badəni Sizin və xanımınızın şərəfinə, Latviya ilə Azərbaycan arasında səmimi dostluq və faydalı əməkdaşlıq əlaqələrinin inkişafı şərəfinə qaldırıram.