Azərbaycan-Latviya Biznes Forumu keçirilmişdir

17 yanvar 2011, 20:00
Azərbaycan-Latviya Biznes Forumu keçirilmişdir

Riqada Azərbaycan-Latviya Biznes Forumu keçirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Valdis Zatlers Biznes Forumda iştirak etmişlər.

Forum iştirakçıları Azərbaycanın və Latviyanın dövlət başçılarını hərarətlə qarşıladılar.

Biznes Forumda hər iki ölkədən 200 iş adamı iştirak etmişdir. Forumun əsas məqsədi sahibkarlar arasında iqtisadiyyatın müxtəlif sahələrində səmərəli əməkdaşlığın qurulması və mövcud iqtisadi potensialdan yararlanaraq, ticarət dövriyyəsini hər iki ölkəni qane edən səviyyəyə çatdırmaqdır.

Prezidentlər Biznes Forumda çıxış etdilər.

Latviya Prezidenti Valdis Zatlersin çıxışı

- Cənab Prezident, zati-aliləri!

Nazirlər, Azərbaycanın və Latviyanın işgüzar dairələri, xanımlar və cənablar!

Riqa şəhərinə xoş gəlmisiniz! Latviya-Azərbaycan biznes forumunda çıxış etmək imkanından məmnunam. Mən iki ölkənin işgüzar dairələri arasında bu cür görüşlərin və biznes forumların təşkil edilməsinin ənənəyə çevrilməsini alqışlayıram.

Mən bu tədbirin təşkilatçılarına – Latviyanın İnvestisiya və İnkişaf Agentliyi və Azərbaycanın AZPROMO şirkətinə öz minnətdarlığımı bildirmək istəyirəm. Onlar bu görüşün keçirilməsi üçün böyük işlər görmüşlər.

Baxmayaraq ki, coğrafi baxımdan Latviya və Azərbaycan arasında məsafə kifayət qədər böyükdür, bu, ölkələrimizin əməkdaşlığına mane olmayıb. Mən çox şadam ki, ötən biznes forumlar zamanı işgüzar dairələrimiz biznez əlaqələri qura bilib və bu, tərəfdaşlıq sazışlərinin əldə olunması ilə nəticələnib. Bu onu da göstərir ki, onlar həqiqətən birgə çalışmaqda maraqlıdırlar.

Xanımlar və cənablar, iqtisadi əlaqələr üçün ilkin şərt uğurlu siyasi əməkdaşlıqdır, o cümlədən yüksək səviyyəli siyasi səfərlər və iqtisadi əlaqələr üçün zəruri qanunvericilik bazasının olmasıdır.

Cənab Prezident, Sizin Latviyaya səfəriniz ölkələrimiz arasında uğurlu əməkdaşlığı, o cümlədən Azərbaycan və Latviya arasındakı ikitərəfli əlaqələrdə mövcud olan sabitliyin və qarşılıqlı anlaşmanın olmasını təsdiq edir. Mən şadam ki, Latviya-Azərbaycan Hökumətlərarası Komissiyası ikitərəfli əlaqələrin yüksəldilməsi və əlaqələndirilməsində, həmçinin hökumət səviyyəsində biznes prioritetlərinin dəstəklənməsində səmərəli bir alətə çevrilə bilib.

Tərəfdaşlığımızın ikitərəfli olmasını bu gün Prezident Əliyevin və mənim imzaladığımız Bəyannamə nümayiş etdirir. Bu, onu da göstərir ki, biz tərəfdaşlığımızın qanunvericilik bazasını elə bir səviyyədə genişləndirmək istəyirik ki, ikitərəfli əlaqələrimizin yüksəldilməsini daha da sürətləndirək. Hər iki tərəf malların və xidmətlərin bazarlara çıxışına şərait yaratmaqla, biznes mühitinin yaxşılaşdırılmasına dəstək verməklə və mütəmadi olaraq biznes forumların keçirilməsi yolu ilə iqtisadi artıma yardımçı olmağa razılıq verdi.

Bu Bəyannamədə, biz eyni zamanda, ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün sərmayələrin vacibliyini qeyd etdik. Vədimiz odur ki, biz əlaqələri, beynəlxalq və regional təhlükəsizlik baxımından təcrübə mübadiləsini mütəmadi davam etdirəcəyik.

İqtisadi əməkdaşlıq Latviya və Azərbaycan arasındakı ikitərəfli əlaqələrdə ən mühüm amillərdən biridir. Biz ötən bir neçə il ərzində, bu əlaqələrdə müsbət inkişaf dinamikasının şahidi olduq. Misal üçün, 2009-cu ilin eyni dövrü ilə müqayisədə, 2010-cu ilin ilk üç rübündə Azərbaycan və Latviya arasında olan ticarət dövriyyəsi 10 faiz artmışdır. Son 5 il ərzində isə ölkələrimiz arasında ticarət dövriyyəsi 81 faizədək artmışdır. Bu, böyük nailiyyətdir. Lakin, eyni zamanda, o da aydın görünür ki, bu sahənin daha da inkişaf etdirilməsi üçün böyük potensial vardır. Mən ölkələrimiz arasında səmimi dostluğu, həmçinin iqtisadi, sosial və mədəniyyət sahələrində uğurlu əməkdaşlığı yüksək qiymətləndirirəm.

Latviya, son 20 il ərzində Avropa İttifaqına və NATO-ya daxil olmaq üçün böyük işlər görüb. Mən həqiqətən fəxr edirəm ki, bizim üzv ölkə olmağımız, həmin təşkilatlar ilə Azərbaycan arasında olan etibarlı tərəfdaşlıq ölkələrimiz və regionlarımızın əməkdaşlığı üçün daha da geniş imkanlar açır.

Deyə bilərəm ki, islahatların aparılmasında bizim təcrübəmiz, bu sahədə olan nailiyyət və uğursuzluqlarımız Latviyanın ən dəyərli ixracat məhsullarından biri olmuşdur. Biz Azərbaycanın islahat səylərində bilik və təcrübəmizi təklif etməyə də hazırıq.

İqtisadi əməkdaşlıq baxımından Latviya və Azərbaycan arasında elə xüsusi sahələr var ki, onlar çox vədedicidir. Bunların arasında Latviyanın yüksək səviyyədə inkişaf etmiş kimya, əczaçılıq və informasiya texnologiyaları, həmçinin ərzaq sənayesi və maliyyə sektorları vardır. Eyni zamanda, tikinti, metal emalı, enerji, elektronika, nəqliyyat və logistika, o cümlədən təhsil sahələrində böyük biznes əlaqələrinin qurulması üçün geniş imkanlar mövcuddur.

İcazə verin, iki misal çəkim. İnformasiya texnologiyalarına gəldikdə, biz dilçilik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlığımızı genişləndirmək imkanlarını görürük. Beləliklə, informasiya-kommunikasiya texnologiyaları və həll variantlarına gəldikdə, milli dildən istifadəni təşviq etmiş oluruq. Biz uğurla başlamış bu sahədəki əməkdaşlıqdan məmnunuq və dilçilik texnologiyalarının inkişaf etdirilməsində Latviyanın İnformasiya Texnologiyaları Mərkəzi ilə onun “Language Shore” təşəbbüsü əsasında işin aparılması üçün böyük potensialı görürük.

Ölkələrimizin iş adamları arasında əməkdaşlıq üçün olduqca perspektivli digər istiqamət bank və sığorta sektorunun kompyuterləşdirilməsidir. Latviya bu baxımdan təqdim oluna biləcək həll variantlarını inkişaf etdirib.

Ərzaq ixracı sahəsində məhsulların çatdırılması və paylanmasında ən münasib yolların araşdırılması baxımından daha fəal əməkdaşlıq etmək üçün, həmçinin böyük potensial mövcuddur. Ümid edirəm ki, Latviyada istehsal olunan çox ləziz ərzaq malları haqqında Siz daha dolğun məlumatı əldə edəcəksiniz.

Xanımlar və cənablar, Latviya hökuməti ölkəmiz ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün bütün zəruri dəstəyi göstərməyə hazırdır. Bu gün bizimlə olan iş adamlarından ibarət geniş nümayəndə heyəti öz aralarında əlaqələrin qurulması və inkişaf etdirilməsində maraqlı olduğunu təsdiq edir.

Biznes forum iştirakçılarına müraciət edərək bildirmək istərdim ki, Latviya Azərbaycanın iş adamlarının Latviyada sərmayə yatırmalarında maraqlıdır və təqdim etdiyimiz imkanlardan istifadə edilməlidir. Məsələn, təhlükəsiz biznes mühiti, coğrafi mövqeyimiz, keyfiyyətli işçi qüvvəsi, innovasiya baxımından yüksək səviyyəli potensial və Avropa İttifaqının ümumi bazarının bir hissəsi olmağımız faktını qeyd etmək olar.

Baltik dənizi regionu yüksək texnologiyalar, innovasiyalar və elm baxımından Avropa İttifaqında ən inkişaf etmiş regionlardan biridir. Riqa iqtisadiyyatı və inkişafı əks etdirən əsas şəhərlər sırasındadır. Latviya və Riqanın coğrafi üstünlükləri, eləcə də Baltik dəniz regionunda artan iqtisadi potensialımız cəlbedici sərmayə mühitinin olmasını nümayiş etdirir.

Sürətli tənəzzüldən sonra Latviyanın iqtisadiyyatı son il ərzində iqtisadi inkişaf və biznes mühiti baxımından bir sıra göstəricilərini yaxşılaşdırmışdır. İcazə verin qeyd edim ki, ən yüksək artım ixrac sektorunda müşahidə olunur. Bu sahədəki göstəricilər bir neçə rüb ərzində yüksələn xətlə artmışdır. Bu, onu göstərir ki, şirkətlərimiz və sənayemiz məhsuldarlıqda gözəçarpan artımı təmin etmək məqsədi ilə yenidən strukturlaşma işləri aparmışlar.

Dünya Bankının “Doing Business” hesabatındakı reytinqdə Latviya biznes inkişafı baxımından ən uğurlu ölkələr sırasında olaraq 24-cü yeri tutur. Son il ərzində biz üç pillə qalxmışıq. Latviya bütün Avropa İttifaqında ən aşağı korporativ vergiləri təmin edən ölkələr sırasında olmasından qürur hissi duyur. Korporativ gəlir vergisinin səviyyəsi 10 faizdən aşağıdır. Bütün bunlar onu göstərir ki, Latviyada xarici sərmayələr və istehsalatın inkişafı üçün münbit şərait vardır.

Xanımlar və cənablar, bugünkü biznes forumu alqışlayır və bu tədbiri ölkələrimizin iş adamları arasında qarşılıqlı əlaqələrin dərinləşməsi üçün fürsət kimi görürəm. Eyni zamanda, ümidvar olduğumu qeyd etmək istəyirəm ki, Latviyanın Sərmayə və İnkişaf Agentliyi ilə Azərbaycanda İnvestisiyaların və İxracın Təşviqi Fondu arasında səmərəli əməkdaşlıq davam və inkişaf edəcəkdir.

Latviya iş adamları nailiyyətlərini əldə etdiyi təqdirdə bundan çox məmnun olar və əminik ki, biz biznes və sərmayə üçün daha münbit şəraiti inkişaf etdirəcəyik. Xanımlar və cənablar, sizə uğurlar arzulayıram. Ümid edirəm ki, siz ölkəmdə, Latviyada biznesin inkişaf etdirilməsi üçün yeni imkanlar tapacaqsınız.

X X X

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

- Hörmətli cənab Prezident!

Hörmətli xanımlar və cənablar!

Mən ilk növbədə, biznes forumun bütün iştirakçılarını səmimi qəlbdən salamlayıram!

Hesab edirəm ki, bugünkü tədbir çox əhəmiyyətlidir. Artıq Latviya-Azərbaycan biznes forumlarının keçirilməsi gözəl ənənəyə çevrilibdir. Birinci dəfə deyil ki, ölkələrimizin iş adamları bir araya gəlirlər. Görünür, qarşılıqlı maraq o qədər böyükdür ki, biznes forumların mütəmadi qaydada keçirilməsi artıq reallığa çevrilibdir.

Həqiqətən qarşılıqlı maraq böyükdür. Baxmayaraq ki, Latviya ilə Azərbaycan arasında iqtisadi əlaqələr hazırda bizi qane etmir və bu gün biz cənab Prezidentlə bu barədə fikir mübadiləsi apardıq. Hesab edirəm ki, potensial daha da güclüdür. Ancaq bugünkü siyasi əlaqələr və iki ölkə arasında inkişafda olan əməkdaşlıq meyilləri biznes sahəsində inkişafa da gözəl şərait yaradır.

Biz çalışmalıyıq ki, aramızdakı əlaqələr çoxşaxəli olsun, bütün sahələri əhatə etsin, o cümlədən iqtisadi sahədə daha da böyük işlərin görülməsi üçün yaxşı imkanlar vardır.

Bu gün Latviya ilə Azərbaycan arasında çox önəmli sənədlər imzalanmışdır. Onların arasında Birgə Bəyannaməni xüsusilə qeyd etmək istəyirəm. Bəyannamədə əks olunan məsələlər münasibətlərimizin perspektivlərini müəyyən edir və niyyətimizi ifadə edir. Bu gün, bütövlükdə mənim Latviyaya ikinci səfərim zamanı çox faydalı danışıqlar, geniş fikir mübadiləsi aparılmışdır. Əminəm ki, bu səfər iki ölkə arasındakı münasibətlərə güclü təkan verəcəkdir.

Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkədir. Son illər ərzində iqtisadiyyatımız dünyada ən yüksək templərlə inkişaf etmişdir. Son 7 ildə Azərbaycanda ümumi daxili məhsul təxminən 3 dəfə artmışdır, yoxsulluq 4-5 dəfə azalmışdır, ölkəmizdə 900 mindən artıq yeni iş yeri açılmışdır, ölkə iqtisadiyyatına çox güclü təkan verilmişdir, Azərbaycana investisiyalar cəlb olunur. Təkcə keçən il ölkəmizə 15,5 milyard dollar sərmayə qoyulmuşdur. Onun böyük hissəsi artıq daxili sərmayələrdir. Azərbaycan şirkətləri və Azərbaycan dövləti tərəfindən 9 milyarddan çox vəsait qoyulmuşdur.

Ölkəmizdə çox əlverişli investisiya mühiti vardır. Adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə Azərbaycan MDB məkanında birinci yerdədir. Dünya İqtisadi Forumunun hesablamalarına görə, rəqabət qabiliyyətliliyinə görə yenə də Azərbaycan MDB məkanında birinci yerdədir. Yəni biz çalışırıq ki, iqtisadi islahatlarımız ölkəmizin hərtərəfli inkişafına xidmət etsin.

Bu gün biz iqtisadiyyatımızın şaxələndirilməsini təmin etmək üçün çox böyük səylər qoyuruq və bu səylər özünü göstərir. Energetika, neft-qaz sənayesi iqtisadiyyatımızın əsas sektorudur. Baxmayaraq ki, 2009-cu ildə dünyada neftin qiyməti demək olar ki, 4-5 dəfə aşağı düşmüşdür, Azərbaycan iqtisadiyyatı 9,3 faiz artmışdır. Bu artımın əsas səbəbi əvvəlki illərdə aparılan islahatlardır və qeyri-neft sektoruna, infrastruktur layihələrinə qoyulmuş vəsaitdir. Keçən il Azərbaycanda yenə də iqtisadi inkişaf müşahidə olunmuşdur, iqtisadiyyatımız 5 faiz artmışdır. Əminəm ki, bu gözəl meyillər növbəti illərdə daha da güclənəcəkdir.

Mən hesab edirəm ki, bu tərkibdə görüşlər çox böyük məna daşıyır. Çünki mövcud layihələr yenə də nəzərdən keçirilir. Gündəliklə tanış olarkən gördüm ki, Azərbaycanda icrada olan və icrasını gözləyən layihələr burada təqdim edildi. Biz Azərbaycanda yeni sahələrin fəaliyyəti üçün çox böyük səylər göstəririk. Bizim üçün ənənəvi olmayan sahələrə çox böyük diqqət göstəririk. Cənab Prezident Zatlers qeyd etdi ki, əməkdaşlığımızın perspektivli sahəsi olan informasiya-kommunikasiya texnologiyaları sahəsində Latviyanın çox böyük uğurları vardır. Azərbaycan da bu istiqamətdə çox vacib addımlar atır və İKT-nin inkişafına görə yenə də MDB məkanında birinci sıralardadır.

Biz artıq Azərbaycanda kosmik sənayenin inkişafına başlamışıq. İki ildən sonra Azərbaycanın birinci süni peyki orbitə çıxarılacaqdır. Beləliklə, bundan sonrakı tədbirlər nəticəsində Azərbaycanda ənənəvi olmayan kosmik sənayenin yaranması mümkün olacaqdır.

Biz ölkəmizdə geniş modernləşdirmə siyasəti aparırıq. Bu siyasət bizə imkan verəcək ki, enerji resurslarından daha da az asılı olaq. Bizim əsas məqsədimiz güclü, dayanıqlı, uzunmüddətli iqtisadi inkişafı təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, Azərbaycanda sosial məsələlərin həlli üçün bütün lazımi tədbirləri görməkdir. Bu məqsədlə ölkəmizin müxtəlif sahələrinə dövlət tərəfindən böyük investisiyalar qoyulur. Mən hesab edirəm ki, Latviya iş adamları bu imkanlardan da istifadə edə bilərlər. Bizim investisiya portfelimiz çox böyükdür və Latviya iş adamları təcrübəsini müxtəlif inşaat sahələrində təqdim edə bilərlər.

Eyni zamanda, Azərbaycan investisiyalar üçün də çox əlverişli ölkədir və biz Latviyadan investisiyaları gözləyirik. Əminəm ki, bu investisiyalar daha da böyük həcmlə ölçüləcək, Azərbaycan isə öz tərəfindən xarici ölkələrə böyük həcmdə investisiyalar qoymağa başlamışdır. Son bir neçə il ərzində qonşu ölkələrə bir neçə milyard dollar Azərbaycan investisiyaları qoyulubdur və bu proses davam etdirilir. Biz maraqlıyıq ki, bizim üçün dost olan ölkələrlə investisiya layihələri əsasında əməkdaşlığımızı gücləndirək.

Bizim üçün ənənəvi olan energetika sektoru Azərbaycanda sürətlə inkişaf edir. Keçən il Azərbaycanda 51 milyon ton neft və 27 milyard kubmetr qaz hasil olunmuşdur ki, bunların böyük hissəsi dünya bazarlarına ixrac edilmişdir. Bir neçə gün bundan əvvəl Avropa Komissiyasının sədri cənab Barrozunun Azərbaycana səfəri zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sektoruna dair çox vacib bəyannamə imzalanmışdır. Bu bəyannamənin Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək əməkdaşlığa da çox böyük təsiri olacaqdır. Bütövlükdə, Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər çox sağlam təməl üzərində qurulubdur. Bu, qarşılıqlı maraqlar, qarşılıqlı hörmət üzərində qurulmuş münasibətlərdir. Əlbəttə ki, Latviya Azərbaycan üçün dost ölkə kimi Avropa İttifaqı-Azərbaycan əlaqələrinə də öz dəyərli töhfəsini verir. Biz hər zaman Latviyanın bu sahədəki fəaliyyətini qeyd etmişik və bunu bu gün də qeyd edirik. Şübhə yox ki, növbəti illərdə Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər daha da güclənəcək, daha da çox sahəni əhatə edəcək və beləliklə Azərbaycan Avropaya daha da yaxınlaşacaqdır. Biz bunu istəyirik və hesab edirik ki, hər iki tərəfin bir-birinin maraqlarına töhfə verə biləcək məsələlər, amillər kifayət qədərdir, sadəcə olaraq, bütün bu işləri vaxtında və düzgün həll etməliyik.

Dünyanı bürümüş iqtisadi və maliyyə böhranı əlbəttə ki, hər bir ölkəyə öz mənfi təsirini göstərmişdir, o cümlədən Azərbaycana. Amma biz çalışmışdıq ki, bu böhranın əhaliyə təsirini minimum səviyyəyə endirək. Deyə bilərəm ki, nə 2009-cu ildə, nə də 2010-cu ildə Azərbaycan əhalisi bu böhranın acı nəticələrini hiss etmədi. Bizim milli valyutamızın – manatın məzənnəsi sabit olaraq qalırdı. Valyuta ehtiyatlarımız keçən il daha da artdı. Bu gün Azərbaycanın valyuta ehtiyatları 30 milyard dollara bərabərdir. Əlbəttə, bu, böyük rəqəmdir və bizə imkan verir ki, özümüzü çox əmin hiss edək. İstənilən layihənin Azərbaycanda həyata keçirilməsi üçün beynəlxalq maliyyə qurumlarına müraciətimizə artıq ehtiyac qalmır. Azərbaycan yaxın gələcəkdə, eyni zamanda, beynəlxalq maliyyə təşkilatları ilə bərabər üçüncü ölkələrdə müxtəlif yardım proqramlarında da iştirak etməyə hazırdır.

Bizim regionlar bir-biri ilə demək olar ki, təzə-təzə əlaqə yaratmaqdadır. Xəzər hövzəsi və Baltik dənizi hövzəsində yerləşən ölkələr arasında ənənəvi olaraq münasibətlər yaxşı səviyyədə qurulmuşdur. İndiki şəraitdə bu münasibətlər yeni müstəvidədir və regional əməkdaşlıq üçün əlbəttə ki, nəqliyyat layihələri də böyük əhəmiyyət kəsb edir. Onların arasında Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini xüsusilə qeyd etmək istəyirəm. Azərbaycan bu layihə üzərində öz qonşuları ilə işləyir. Ümid edirəm ki, iki ildən - bu dəmir yolu istismara veriləndən sonra Avropanı Asiya ilə birləşdirən yeni İpək Yolu fəaliyyətə başlayacaq və əlbəttə, həm Avropada, həm Asiyada yerləşən ölkələr bu işlərdən faydalanacaqlar. Qürur hissi ilə deyə bilərəm ki, uzun illər ərzində, sadəcə, müzakirə mövzusu olan bu layihə Azərbaycanın fəal səyləri nəticəsində həyata keçirilməyə başlanmışdır.

Mən bir daha qeyd etmək istəyirəm ki, hər bir iqtisadi təşəbbüs Azərbaycan tərəfindən çox yüksək qiymətləndirilir. Biz özümüz bölgədə müxtəlif iqtisadi və infrastruktur təşəbbüsləri ilə çıxış etmişik və bu gün bu təşəbbüslər reallaşıb, xüsusilə energetika və nəqliyyat sektorunda.

Latviya-Azərbaycan əlaqələrinə qayıdaraq qeyd etmək istəyirəm ki, bu əlaqələr çox möhkəmdir. Bizim güclü siyasi iradəmiz vardır. Siyasi maraqlar çox yüksək səviyyədədir və belə olan halda əlbəttə ki, iş adamları bu gözəl imkanlardan istifadə etməlidirlər. İnvestisiyalar dost ölkələrə qoyulur. İnvestisiyalar proqnozlaşdıra biləcək ölkələrə qoyulur. Bizim müttəfiqliyimiz və əməkdaşlığımız iş adamları üçün də hesab edirəm ki, çox gözəl dəstəkdir.

Mən bir daha biznes forumun bütün iştirakçılarını ürəkdən salamlayıram, latviyalı dostlarımıza, xüsusilə cənab Prezident Zatlersə bizə göstərdiyi qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istəyirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bu biznes forumun gələcəkdə çox gözəl nəticələri olacaqdır. 

Sağ olun!

X X X

Tədbirdə Azərbaycan ilə Latviya arasında biznes və investisiyalar sahəsində əməkdaşlığa dair birgə sənədlər imzalandı.

Biznes Forumda Azərbaycanın və Latviyanın iqtisadi inkişafı, investisiya imkanları və əməkdaşlıq potensialı barədə ətraflı məlumat verildi, müxtəlif layihələrin təqdimatları keçirildi.

Azərbaycan və Latviya prezidentləri tədbir çərçivəsində təşkil edilmiş sərgi ilə tanış oldular, hər iki ölkədə istehsal edilən müxtəlif növ məhsulların nümunələrinə baxdılar. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15