Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

26 yanvar 2015, 18:15

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi ilə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılsın ki, 2014-cü il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2015-ci ilin 1 yanvar tarixinə:
1.1. bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin;
1.2. fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 yanvar 2015-ci il.