İlham Əliyevin və Almaniyanın Kansleri Angela Merkelin mətbuat konfransı olub

21 yanvar 2015, 23:25
İlham Əliyevin və Almaniyanın Kansleri Angela Merkelin mətbuat konfransı olub

Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Kansleri Angela Merkelin mətbuat konfransı olub.

Kansler Angela Merkel və Prezident İlham Əliyev əvvəlcə bəyanatlarla çıxış etdilər.

Kansler Angela Merkelin bəyanatı

- Mən şadam ki, bu gün Azərbaycan dövlətinin başçısı İlham Əliyev yenidən Berlindədir. Bizim sonuncu görüşümüz 5 il bundan əvvəl olub. Nəzərə alsaq ki, Azərbaycanın iqtisadiyyatı dinamik şəkildə inkişaf edir, buna görə bu ölkə bizim üçün əhəmiyyəti artan tərəfdaşdır. Azərbaycan böyük potensiala, əsasən də neft və qaz kimi resurslara malikdir. Düşünürəm ki, Azərbaycan həm Almaniya, həm də digər Avropa ölkələrinin enerji şaxələndirilməsinə böyük töhfə verə bilər. Bu mənada “Cənub” qaz dəhlizi layihəsini dəstəkləyirik.

Biz Azərbaycan Prezidenti ilə müxtəlif mövzular ətrafında fikir mübadiləsi apardıq. Xüsusən də Azərbaycanda insan hüquqlarının vəziyyəti, həmçinin regionda baş verən geosiyasi vəziyyət haqqında danışdıq. Biz Dağlıq Qarabağ münaqişəsi barədə də fikir mübadiləsi apardıq. Almaniya da münaqişənin həllində vasitəçi olmaq istəyir. Düşünürük ki, Avropa Şurası, Avropa İttifaqı bu istiqamətdə bir təşəbbüslə çıxış edərək, münaqişənin həllinə müəyyən töhfəsini verə bilər. Bununla bağlı Azərbaycan Avropa Komissiyası ilə danışıqlar aparacaq. Ukrayna və Rusiya arasındakı münaqişə ilə əlaqədar da müzakirələrimiz oldu. Eyni zamanda, Azərbaycanın “Şərq tərəfdaşlığı” Proqramında iştirakı ilə bağlı danışdıq. Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığını davam etdirməkdədir və “Şərq tərəfdaşlığı” Proqramına üzv olmaqla, bu layihəyə töhfəsini verəcək.

Eyni zamanda, biz Dağlıq Qarabağ münaqişəsini də müzakirə etdik. Bu münaqişə yaxşı olar ki, sülh yolu ilə aradan qaldırılsın. Bu mənada hər iki dövlət səylərini göstərməlidir və düşünürəm ki, Sizin səfəriniz, bu mənada töhfəsini verəcək. Həmçinin Azərbaycan bir tərəfdaş kimi Almaniya və Avropanın enerji təchizatında böyük rol oynayır. Mən Almaniyaya səfər etdiyinizə görə şadam və Sizə təşəkkür edirəm.

Prezident İlham Əliyevin bəyanatı

- Çox sağ olun xanım Kansler. İlk növbədə məni Almaniyaya səfərə dəvət etdiyiniz üçün Sizə minnətdaram. Yenidən ölkənizdə olmağımdan çox məmnunam.

Siz qeyd etdiyiniz kimi, ikitərəfli əlaqələrimizin gündəliyi çox genişdir, müxtəlif sahələri əhatə edir və bu gün biz bu məsələləri çox açıq, səmimi şəkildə müzakirə etdik.

Siyasi əlaqələrimiz uğurla inkişaf edir. Əminəm ki, mənim səfərim siyasi əlaqələrimizin inkişafına yeni təkan verəcək. Siyasi əlaqələr bütün başqa sahələrə də müsbət təsir göstərir və əlbəttə, iqtisadi əməkdaşlıq da bu gün gündəlikdədir. Azərbaycanda çoxsaylı alman şirkətləri fəaliyyət göstərir. Biz onların fəaliyyətini dəstəkləyirik. Hesab edirəm ki, Almaniya şirkətləri gələcəkdə həm podratçı kontraktor, həm investor kimi Azərbaycanda daha da böyük işlər görə bilərlər. Nəzərə alsaq ki, Azərbaycan iqtisadiyyatı dinamik şəkildə inkişaf edir, çoxsaylı infrastruktur layihələri icra olunur, əlbəttə ki, alman şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyəti davam etdiriləcəkdir.

Xanım Kansler qeyd etdiyi kimi, bu gün biz, eyni zamanda, regional təhlükəsizlik məsələlərinə də toxunduq. İlk növbədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün prioritet məsələdir. Bu münaqişə həm Azərbaycan, həm də region üçün böyük təhlükə mənbəyidir. Bildiyiniz kimi, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan əraziləri uzun illər ərzində Ermənistan ordusu tərəfindən işğal edilibdir. Torpaqlarımızın 20 faizi işğal altındadır. Bir milyon azərbaycanlı bu işğaldan əziyyət çəkir, qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Beynəlxalq təşkilatlar, ilk növbədə, BMT Təhlükəsizlik Şurası münaqişənin həlli ilə bağlı qətnamələr qəbul etmişdir. BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul edilmişdir. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması tələb olunur. Əfsuslar olsun ki, Ermənistan buna məhəl qoymur və sadəcə olaraq, status-kvonu olduğu kimi saxlamaq istəyir. Bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır, bütün başqa münaqişələr kimi vahid bir yanaşma olmalıdır.

Enerji təhlükəsizliyi, əlbəttə ki, bu gün Avropa ilə Azərbaycan arasında gedən danışıqların demək olar, əsas mövzusudur. Azərbaycan öz rolunu oynayır. Azərbaycan tərəfindən irəli sürülmüş layihələr Avropanın enerji xəritəsini dəyişdirir. Avropanın enerji təhlükəsizliyi gələcəkdə, həmçinin Azərbaycanın hesabına təmin ediləcəkdir. 2012-ci ildə TANAP layihəsinə start verildi, 2013-cü ildə TAP layihəsi əsas ixrac marşrutu kimi seçildi. Keçən ilin sonunda “Cənub” qaz dəhlizinin təməl daşı qoyuldu. Bütün bu layihələrin təşəbbüskarı Azərbaycandır. Eyni zamanda, Azərbaycan bu layihələrin icrası üçün böyük maliyyə yükünü öz üzərinə götürür və əminəm ki, bütün işlər vaxtında icra ediləcək. TANAP layihəsi 2018-ci ildə, TAP layihəsi isə ondan bir il sonra işə düşəcəkdir. Buna nail olmaq üçün, əlbəttə ki, Avropa İttifaqı ilə Azərbaycan arasında bu sahədə daha da sıx əməkdaşlıq aparılmalıdır. Onu da bildirməliyəm ki, bizim təşəbbüsümüzlə gələn ay Bakıda “Cənub” qaz dəhlizinin birinci Məşvərət Şurası keçiriləcəkdir və əminəm ki, bütün məsələlər orada müzakirə ediləcək.

Bir daha demək istəyirəm ki, mən bugünkü səfərimi çox yüksək qiymətləndirirəm. Almaniya-Azərbaycan əlaqələri böyük potensiala malikdir. Bu gün qəbul edilmiş qərarlar, aparılan diskussiya bu əlaqələrin inkişafına böyük töhfə verəcəkdir. Sağ olun.

X X X

Sonra jurnalistlərin sualları cavablandırıldı.

SUAL (AzərTAc-ın Almaniya üzrə xüsusi müxbiri Vüqar Seyidov): Sualım xanım Merkelədir. Xanım Merkel, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 20 ildən artıqdır ki, davam edir. Cənab Prezident qeyd etdiyi kimi, Azərbaycanın işğal olunmuş ərazilərindən erməni işğalçı qüvvələrinin qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə, eləcə də digər mühüm beynəlxalq təşkilatlar tərəfindən müvafiq qərarlar qəbul edilib. Lakin Ermənistan bu günədək bu qətnamə və qərarlara məhəl qoymayaraq Azərbaycan torpaqlarının işğalını davam etdirir. Dünyada belə hallarda ölkələrə qarşı sanksiyalar tətbiq edilir. Amma Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmayıb. Bu, ikili standartların təzahürü deyilmi?

Kansler Angela MERKEL: Biz Dağlıq Qarabağ mövzusu haqqında danışdıq. Mən bunu qeyd etdim. Bildiyiniz kimi, biz ATƏT-in Minsk qrupunun üzvüyük. Fransa, Rusiya və Amerika onun həmsədrləridir və biz bu kontekstdə aparılan danışıqları dəstəkləyirik. Biz görürük ki, cənab Prezident Əliyev ermənistanlı həmkarı ilə görüşür, söhbətlər və danışıqlar aparır. Düşünürük ki, bu münaqişə ilə əlaqədar yalnız bir yol var - sülh yolu. Təbii ki, atəşkəsin tez-tez pozulması xoşagəlməz haldır. Mən düşünürəm ki, Rusiya bu məqamda müəyyən rol oynayır. Mən sadəcə olaraq bunu qeyd etmək istərdim. Düşünürəm ki, Rusiya və Ermənistan bu münaqişə ilə əlaqədar müəyyən amilləri birgə həyata keçirirlər.

SUAL: Xanım Kansler, Siz Ukrayna münaqişəsini də qeyd etdiniz, xarici işlər nazirlərinin bu gün burada görüşləri keçiriləcək. Sizcə, xarici işlər nazirləri səviyyəsində bu görüş hansı nəticəyə gətirəcək? Poroşenko, Olland və Putin bir araya gələcəklərmi? Siz bu görüşdən nə gözləyirsiniz? Sizcə, Ukraynanın ərazi bütövlüyü yenidən bərpa olunacaqmı? Xanım Kansler, Siz mətbuat azadlığı ilə əlaqədar nə edə bilərsiniz?

Kansler Angela MERKEL: Təbii ki, siyasi durum çox çətindir. Mən şadam ki, hər dörd xarici işlər naziri bu gün görüşür. Yaxşı olardı ki, Astanada dörd ölkənin nümayəndələrinin toplantısı, yəni, baş toplantısı reallaşsın və prezidentlər görüşsün. Təbii, xoşagəlməz haldır ki, bu, heç bir müsbət nəticə verməsin. Mən əminliklə heç nə deyə bilmərəm ki, xarici işlər nazirlərinin bu görüşü hansı nəticəyə gətirəcək. Bizdə olan məlumata görə, atəşkəs mütəmadi şəkildə pozulur və Minsk sazişinə riayət olunmur. Minsk sazişi, əlbəttə, danışıqların aparılması üçün əsas təşkil edir. Rusiya da təbii ki, Minsk sazişinin qaydalarına riayət etsə, yaxşı olar.

SUAL: Sizcə, Ukraynanın ərazi bütövlüyü yenidən bərpa edilə bilər, ya yox? İkinci sual, Sizcə Azərbaycanda mətbuat azadlığı yenidən necə bərpa edilə bilər ki, Sizin reytinqiniz yaxşı olsun?

Prezident İlham ƏLİYEV: Mənim reytinqimdə heç bir problem yoxdur. Azərbaycanda keçirilən sorğulara görə mənim reytinqim 90 faizə yaxındır. Bu da yəqin ki, son illər ərzində Azərbaycanda aparılan islahatlarla bağlıdır. Deyə bilərəm ki, Azərbaycan son 11 il ərzində iqtisadi cəhətdən dünyanın ən sürətlə inkişaf edən ölkəsidir. İqtisadiyyat 3 dəfədən çox artmışdır, işsizlik 5 faiz səviyyəsindədir, yoxsulluq da 5 faiz səviyyəsindədir. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 38-ci yerə layiq görüb. Belə nəticələrlə, əlbəttə ki, hər bir rəhbərin reytinqi yüksək olmalıdır. Ona görə Azərbaycanda bu problem yoxdur.

O ki qaldı azadlıqlarla bağlı suala, deyə bilərəm ki, Azərbaycanda bütün azadlıqlar təmin edilir. Söz azadlığı 100 faiz təmin edilir. Azərbaycanda yüzlərlə mətbu orqan çıxır. Eyni zamanda, Azərbaycanda internetə heç bir məhdudiyyət qoyulmur, internet azaddır, senzura yoxdur. Azərbaycanda internet istifadəçilərinin sayı 75 faizə yaxındır. Yəni, heç bir problem yoxdur. Ona görə mətbuat azadlığı tam şəkildə təmin edilir.

Eyni mənzərə sərbəst toplaşmaq azadlığına da şamil edilə bilər. Azərbaycanda müxtəlif siyasi qrupların mütəmadi qaydada, azad şəkildə mitinqləri keçirilir, heç bir məhdudiyyət qoyulmur. Bütövlükdə, son illərdə Azərbaycanda demokratiyanın inkişafı ilə bağlı böyük inkişaf var. Əlbəttə ki, bu, bizim üçün çox vacibdir. Çünki mən tam əminəm ki, siyasi islahatlar iqtisadi islahatlarla paralel şəkildə aparılmalıdır. Ancaq bu təqdirdə ölkələr dayanıqlı uğura nail ola bilərlər.

O ki qaldı ərazi bütövlüyü məsələsinin həllinə, biz bütün ölkələrin ərazi bütövlüyünü tanıyırıq. Əlbəttə, biz istəyirik ki, bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanısın. Çünki Azərbaycanın ərazi bütövlüyü 20 ildən çoxdur ki, Ermənistan tərəfindən pozulubdur. Biz Ukraynanın ərazi bütövlüyü ilə bağlı BMT-nin Baş Məclisində aparılan səsvermədə də Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləmişik. Hesab edirik ki, bu, beynəlxalq hüququn əsas prinsipidir. Ərazi bütövlüyü ölkələrin razılığı olmadan dəyişdirilə bilməz. Əgər bu, pozulursa əlbəttə ki, bu, bərpa olunmalıdır.

SUAL (“Trend” İnformasiya Agentliyinin müxbiri Sevil Mikayılova): Sualım xanım Merkelədir. Azərbaycan-Almaniya əlaqələrinin zəngin tarixi var. İkitərəfli münasibətlərimiz bu gün müxtəlif sahələrdə uğurla inkişaf edir. Almaniyanın dünya iqtisadiyyatındakı aparıcı rolunu və eləcə də Azərbaycanın Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyata malik olmasını nəzərə alsaq, əlaqələrimizin daha da genişləndirilməsinin perspektivləri barədə nə deyərdiniz və bu əlaqələri regional əməkdaşlığın möhkəmləndirilməsi baxımından necə dəyərləndirirsiniz?

Kansler Angela MERKEL: Mən düşünürəm ki, iqtisadi münasibətlərin inkişaf etdirilməsi, dərinləşdirilməsi üçün bizim potensialımız vardır. Azərbaycanla 2,5 milyard avro həcmində ticarət mübadiləsi mövcuddur. Amma düşünürəm ki, Azərbaycanda infrastrukturun yenidən bərpa olunması ilə əlaqədar biz əməkdaşlıq edə bilərik. Eyni zamanda, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi ilə əlaqədar müəyyən töhfəmizi verə bilərik. Həmçinin alman şirkətləri təbii ki, hüquqi təhlükəsizliyi gözləyirlər. Cənab Prezident Əliyev, eyni zamanda, burada alman iqtisadiyyatının nümayəndələri ilə görüşmüş, bu haqda da söhbət aparmışdır. Mən düşünürəm ki, Azərbaycanda növbəti investisiyaların yatırılması üçün şans və potensial mövcuddur.

SUAL: Xanım Kansler, Siz qeyd etdiniz ki, insan hüquqları ölkələr arasında ikitərəfli münasibətlərin inkişafı üçün böyük rol oynayır. Cənab Prezident, Siz dediniz ki, ölkənizdə bununla əlaqədar problem yoxdur. Amma düşünürəm ki, insan hüquqlarının pozulması əməkdaşlığı, belə deyək ki, nə dərəcədə qeyri-müsbət istiqamətə aparır. Eyni zamanda, hansısa bir mətbuat nümayəndəsinin tutulması ilə əlaqədar məlumat da verilmişdir.

Kansler Angela MERKEL: Azərbaycanla və digər ölkələrlə ikitərəfli münasibətləri, siyasi, iqtisadi əlaqələri inkişaf etdirmək bizim üçün böyük əhəmiyyətə malikdir və təbii ki, bu, sivil cəmiyyətin dəyərlərinin qorunmasının əsasını təşkil edir. Demokratiya, hüquqi dövlətçilik vacib amillərdən biridir. Biz bu haqda da fikir mübadiləsi apardıq. İnsan hüquqlarının həyata keçirilməsi ilə əlaqədar müəyyən tənqidi məqamlar da təbii ki, qeyd olunur və düşünürəm, biz Azərbaycan Prezidenti ilə eyni fikirdəyik ki, əməkdaşlığımızı intensivləşdirək, Alman Akademik Mübadilə Xidməti, GTZ, KfW ilə və digər təşkilatlarla əlaqələrimizi daha da sıxlaşdıraq. Düzdür, müəyyən məsələlərlə əlaqədar fikir müxtəlifliyi də mövcuddur və bu, normal haldır.

İkinci sualla, yəni, Avropa Mərkəzi Bankı və bankların qiymətli kağızlarının alınması ilə əlaqədar qeyd etmək istəyirəm ki, Mərkəzi Bank müstəqil bir qurumdur və Frankfurtda da bununla əlaqədar Yeni il tədbiri çərçivəsində bu haqda söhbət aparılmışdı. Bu sahədə siyasi islahatların aparılması Avropa ölkələri üçün vacib bir amildir. Düşünürəm ki, biz Avropa ölkələri ilə bu haqda, yəni, Mərkəzi Bankla əlaqədar hələ bir çox danışıqlar və islahatlar aparacağıq.

SUAL: Cənab Prezident, insan hüquqları məsələsi ilə əlaqədar xanım Kansler Sizinlə söhbət etmişdir. Bilmək istərdim, Sizin bu məsələ ilə əlaqədar fikriniz necədir? Yəni, Siz hakimiyyəti tənqid edən mətbuat üzvləri ilə əməkdaşlığa hazırsınızmı, açıqsınızmı?

Prezident İlham ƏLİYEV: Əlbəttə, şübhəsiz. Çünki Azərbaycan artıq 2001-ci ildən Avropa Şurasının üzvüdür və Avropa Şurası qarşısında götürdüyü bütün öhdəlikləri vaxtında, şərəflə yerinə yetirir. Azərbaycanda qanunvericilikdə Avropa standartlarına yaxın olmaq üçün çoxsaylı qanunlar qəbul edilmişdir, praktik həyatda biz bunu görürük. Bir daha demək istəyirəm ki, Azərbaycanda bütün insan hüquqları təmin edilir və beynəlxalq təşkilatlar çərçivəsində bu məsələlər müzakirə olunur. Mən xanım Kanslerə dedim ki, insan hüquqlarının qorunmasında heç bir ölkə özünü kamil hesab edə bilməz. Hər bir ölkədə problemlər var, o cümlədən Azərbaycanda. Əsas məsələ ondadır ki, bu problemlər öz həllini necə tapır və hökumətin niyyəti nədən ibarətdir. Azərbaycanda tənqidi fikrə görə, ümumiyyətlə, fikrə görə heç kim təqib olunmur, heç kim həbs edilmir. Bir daha demək istəyirəm ki, Azərbaycanda söz azadlığı tam şəkildə təmin olunur, yüzlərlə mətbu orqan var. Bir daha xatırlatmaq istəyirəm ki, sərbəst və azad internet olan bir ölkədə söz azadlığı boğula bilməz. Eyni zamanda, hesab edirəm, bizim böyük nailiyyətimiz ondan ibarətdir ki, Azərbaycanda dini azadlıqlar tam şəkildə təmin edilib. Azərbaycanda multikulturalizm dəyərləri çox yüksək səviyyədə qorunur və bu baxımdan Azərbaycanın təcrübəsi başqa ölkələrdə öyrənilir. Azərbaycanda bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi yaşayırlar, heç bir qarşıdurma, anlaşılmazlıq yoxdur. Bir daha demək istəyirəm ki, biz bu yolu şüurlu şəkildə seçmişik. Biz ümumbəşəri dəyərlərə sadiqik, onları qoruyuruq. Əgər Azərbaycanda real vəziyyətə nəzər yetirsəniz görərsiniz ki, mənim sözlərimdə həqiqətdən başqa heç nə yoxdur. Əlbəttə, bu məsələlərin gələcək müzakirəsi də əminəm ki, bu sahədə görülən işlərə daha da böyük təkan verəcək, bu istiqamətdə əlavə addımlar atılacaq, islahatlar dərinləşdiriləcək. Bir daha qeyd etmək istəyirəm ki, siyasi islahatlar iqtisadi islahatlarla tamamlanır. Azərbaycanda müasir dövlət qurulur. Biz müstəqilliyimizin 24-cü ilini yaşayırıq. Hesab edirəm ki, bu illər ərzində Azərbaycan artıq özünü beynəlxalq arenada etibarlı və böyük hörmətə malik ölkə kimi təsdiqləyibdir.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 15 noyabr 2024
13:50
Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...

15 noyabr 2024, 13:50