İlham Əliyev Sumqayıt şəhərində “Alyans Tekstil” tikiş fabrikinin açılışında iştirak edib

13 yanvar 2015, 21:05
İlham Əliyev Sumqayıt şəhərində “Alyans Tekstil” tikiş fabrikinin açılışında iştirak edib

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində iqtisadiyyatın neft sektoru ilə bərabər, qeyri-neft sahələrinin də davamlı inkişafına nail olunur.

Qeyri-neft sektorunun inkişaf etdirilməsində isə sahibkarlığın rolu böyükdür. Təsadüfi deyil ki, dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri məhz özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi üçün əlverişli mühitin yaradılması, bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsidir. Bu baxımdan dövlət tərəfindən ayrılan kreditlər və İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə görülən işlər xüsusi önəm kəsb edir.

Güzəştli kreditlər hesabına son illər bölgələrdə iri istehsal, emal və infrastruktur müəssisələri istifadəyə verilib. 2014-cü ildə bu proses davam etdirilib. Fond tərəfindən indiyədək ümumi dəyəri 60 milyon manat olan 7 tekstil fabrikinin yaradılmasına və ən müasir texnologiya və avadanlıqla təchiz edilməsinə 28,4 milyon manat güzəştli kredit ayrılıb. Almaniya, Belçika, İsveçrə, Avstriya, İtaliya, İspaniya, Yaponiya və Türkiyənin müasir texnologiya və avadanlıqları əsasında qurulan 5 fabrik artıq istifadəyə verilib. Bu fabriklərin fəaliyyətə başlaması istehlakçıların tələbata uyğun yüksək keyfiyyətli müxtəlif tekstil və trikotaj məhsulları ilə təmin edilməsinə imkan yaradıb. Belə iri layihələrdən biri də Sumqayıt şəhərində “Alyans Tekstil” tikiş fabrikidir. Bu layihənin həyata keçirilməsinə də Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kredit ayrılıb.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Prezident İlham Əliyevə məlumat verdi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq inşa edilmiş fabrikin sahəsi 2,4 hektardır. Ümumi dəyəri 6,1 milyon manat olan fabrikin tikintisinə Sahibkarlığa Kömək Milli Fondundan 1 milyon manat güzəştli kredit ayrılıb.

Prezident İlham Əliyevə indiyədək Sumqayıt şəhəri üzrə ayrılan güzəştli kreditlər barədə də məlumat verildi. Bildirildi ki, indiyədək Sumqayıt şəhərində 354 sahibkarlıq subyektinin ümumi dəyəri 320 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət tərəfindən 120,6 milyon manat, o cümlədən müasir texnologiyaların tətbiqinə əsaslanan, ümumi dəyəri 268,2 milyon manat olan 18 investisiya layihəsinin maliyyələşdirilməsinə 104,2 milyon manat güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 5900-dən çox yeni iş yeri yaradılıb. Kreditlərin 219-u kiçik həcmlidir və bu layihələrin maliyyələşdirilməsinə 1,6 milyon manat güzəştli kredit verilib. Həmin kreditlər hesabına isə 560-dan çox sakin işlə təmin olunub.

Prezident İlham Əliyev “Alyans Tekstil” tikiş fabrikini işə saldı.

Məlumat verildi ki, tekstil fabriki 2 əsas istehsal və 4 köməkçi sahədən ibarətdir.

Dövlət başçısı fabrikin dünyanın ən qabaqcıl şirkətlərinin müasir avadanlığı ilə təchiz edilmiş tikiş sahəsində istehsal prosesi ilə tanış oldu.

Bildirildi ki, fabrik ildə 100 min dəst müxtəlif işçi geyimləri -gödəkçələr, kombinezonlar, kostyum və dəstlər istehsal etmək gücünə malikdir. Dövlətin maliyyə dəstəyi ilə fabrikin yeni tikilmiş istehsal binasında tamamlama işləri aparılıb və avtomatik parça sərim xətti, alt və üst transportlu iplik kəsməli tikiş maşınları, qurutma konveyerləri, loqotip və yazı vurulması üçün boya avadanlığı, naxış və universal tikiş maşınları quraşdırılıb. Toxunan parça texnologiyaya əsasən sərmə, qatlama və kəsmə proseslərindən sonra tikiş sahəsinə verilir. İstehsal olunan məhsulun üzərinə hörmə və ya boya ilə sifarişçinin istəyinə uyğun olaraq onun loqosu və adı vurulur.

Dövlətimizin başçısı burada istehsal olunan məhsulların nümunələrinə baxdı. Fabrikin əsas xammalı olan parça Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyə dəstəyi göstərilən “Gilan” Tekstil Parkından alınır. Müəssisədə ən müasir texnologiyanın tətbiqi beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli tekstil məmulatları istehsalına və hazır məhsulun maya dəyərinin aşağı düşməsinə səbəb olur. Belə müasir kompleksin Sumqayıtda inşa olunması respublikamızda gedən uğurlu sənayeləşmə siyasətinin bir nümunəsidir. Layihələrin icrası nəticəsində fabrikdə 200 iş yeri yaradılıb. Müəssisədə işçilərin məhsuldar çalışmaları üçün hər cür şərait var.

Prezident İlham Əliyev fabrikin kollektivi ilə görüşdü.

                                                                                         X X X

Fabrikin kollektivini salamlayan dövlət başçısı İlham ƏLİYEV dedi:

- Sizi ürəkdən təbrik edirəm. Bu gün Sumqayıtda yeni gözəl sənaye müəssisəsi, tekstil fabriki açılır. Bu, gözəl hadisədir. Şadam ki, fabrikdə bütün işlər yüksək səviyyədə qurulub. Çox gözəl iş şəraiti var, avadanlıq quraşdırılıb, ən yüksək standartlar tətbiq olunub. Ən sevindirici hal ondan ibarətdir ki, fabrikdə çalışanların mütləq əksəriyyəti qadınlardır. Yəni, bu, yeni iş yerlərinin açılması deməkdir. Burada 200 insan işlə təmin olunub. Maaş da yaxşıdır. Yəqin ki, gələcəkdə daha da artacaq. Çünki fabrikin uğurlu fəaliyyəti bunu təmin edəcəkdir.

Sumqayıtda bu gün başqa bir istehsalat sahəsi açılır - beton zavodu. Oraya da gedib baxacağam. Yəni, hər il Sumqayıtda çox gözəl yeni sənaye müəssisələri açılır ki, bu, həm insanları işlə təmin edir, eyni zamanda, ölkəmizin inkişafını təmin edir. Keçən il Azərbaycanda “Sənaye ili” elan edilmişdi. Bu fabrik də əslində keçən il tikilmişdir. Ümumilikdə keçən il 200-dən çox iri sənaye müəssisəsi açılmışdır ki, bu da ölkəmizin inkişafına xidmət göstərir.

Sumqayıt ənənəvi olaraq sənaye şəhəri kimi salınmışdır. Bu gün isə Sumqayıt müasir sənaye şəhəridir. Burada yaradılan istehsalat sahələri, böyük elektrik stansiyası, aparılan abadlıq işləri məni çox sevindirir. Mən Sumqayıta hər il səfər edirəm, bəzi hallarda ildə iki dəfə. Hər dəfə burada vəziyyətlə tanış oluram və yeni böyük müəssisələrin açılışlarında iştirak edirəm.

Sumqayıtda Texnologiya Parkı neçə ildir ki, fəaliyyət göstərir. Kimya Parkı, digər istehsalat zonaları. Yəni, Sumqayıt əslində nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Biz insanları işlə təmin etmək üçün böyük işlər görürük.

Biz bunu Sumqayıtın timsalında əyani şəkildə görürük. Çünki Sumqayıtda işsizlik demək olar ki, aradan qaldırılıb. Qadınlar da işlə təmin edilir. Əgər ailənin hər iki üzvü işləsə əlbəttə ki, bu, ailə büdcəsinə də əlavə dəstək olacaq. Uşaq bağçaları da tikilməlidir ki, qadınların vaxtı olsun, gəlib işləsinlər. Biz bu işlərlə də məşğul oluruq. Yəni, ölkəmizdə həm sosial, həm iqtisadi və sənaye ilə bağlı məsələlər ardıcıl şəkildə həll edilir.

Ölkəmiz inkişaf edir. Keçən ili də uğurla başa vurmuşuq. Bu ili də uğurla başa vuracağıq. Baxmayaraq ki, dünyada indi müxtəlif proseslər gedir. Bölgədə iqtisadi vəziyyət o qədər də ürəkaçan deyil. Azərbaycanda heç bir çətinlik gözlənilmir. Yeni sənaye müəssisələri açılacaq, insanlar işlə təmin olunacaqlar. Bizim iqtisadi inkişafımız təmin ediləcək və xalqımızın rifah halı yaxşılaşacaq.

Mən sizi ürəkdən salamlayıram. Bildiyiniz kimi, mən hər il dəfələrlə bölgələrdə oluram, vəziyyətlə tanış oluram. Bu il isə ilk səfərimi Sumqayıta edirəm. Əminəm ki, Sumqayıtda bütün işlər bundan sonra da yüksək səviyyədə təşkil ediləcək. Sizi bir daha bu gözəl hadisə münasibətilə təbrik edirəm.

Kollektivin adından dövlət başçısına minnətdarlıq edən fabrikin əməkdaşı Səbirə CAMAYEVA dedi:

- Xoş gəlmisiniz, cənab Prezident.

Şəhərimizdə açılan bu gözəl müəssisəyə görə Sizə minnətdarıq. Gördüyünüz bu müəssisədə bizim üçün hər cür şərait yaradılıb. Bu gün dünyanın bir çox ölkələrində böhran olmasına baxmayaraq, Azərbaycanımızda yeni müəssisələr açılır. Biz ölkəmizdə çox rahat, firavan yaşayırıq, sülh və əmin-amanlıqdır. Hər bir sahədə inkişaf var. Balalarımızın gələcəyinə də böyük ümidlə baxırıq. Çünki ölkəmizin Sizin kimi rəhbəri var. Gördüyünüz bütün işlərə görə Sizə minnətdarıq. Biz fəxr edirik ki, bu gün doğrudan da, sözün əsl mənasında, müstəqil dövlətdə yaşayırıq. Qürur hissi duyuruq ki, xalqımızın Sizin kimi müdrik Prezidenti var. Çox sağ olun.

Müəssisənin digər əməkdaşı Naibə MƏMMƏDOVA dedi:

- Cənab Prezident, biz Sizə Sumqayıta göstərdiyiniz diqqət və qayğıya görə minnətdarıq. Sizin sayənizdə şəhərimiz gündən-günə gözəlləşir, abadlaşır. Bu, biz sumqayıtlıları çox sevindirir. Gördüyünüz işlərə görə Sizə “Çox sağ olun” deyirik. Sizə və hörmətli Mehriban xanıma uzun ömür, cansağlığı arzulayırıq.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Bu fabrikin tikintisində əlbəttə ki, özəl sektor öz sözünü deyib. Əsas vəsaiti sahibkarlar qoyublar. Ancaq dövlət də öz dəstəyini göstərmişdir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu fabrikin yaradılmasına dəstək verilmişdir. Yəni, dövlət sahibkarları dəstəkləyir, həm siyasi, həm maddi dəstək göstərir, güzəştli şərtlərlə kreditlər verir.

Sahibkardan da tələbimiz ondan ibarətdir ki, yeni iş sahələri, istehsalat sahələri yaratsınlar, ölkəmizi gücləndirsinlər. Özləri üçün də imkan yaratsınlar və o müəssisələrdə işləyən insanlara da yaxşı xidmət etsinlər. Çünki siz Azərbaycanın iqtisadi və sənaye potensialını yaradan insanlarsınız. Sahibkar əlbəttə ki, bu müəssisənin sahibidir. Ancaq bu müəssisənin əsas iştirakçısı sizlərsiniz, burada işləyənlər - mütəxəssislər, fəhlələr. Beləliklə, burada hər müəssisədə çox sağlam bir ab-hava olmalıdır.

İnsanlar razı olmalıdırlar, yaxşı maaş almalıdırlar. Onların iş şəraiti yaxşı olmalıdır. Biz buna çalışırıq və bu gün Azərbaycanın müxtəlif yerlərində müəssisələr bax, bu səviyyədə yaradılır. İnsanların əməkhaqqı vaxtında verilməlidir, iş şəraiti yaxşı səviyyədə olmalıdır ki, hər bir ailə normal yaşasın, dolansın və ildən-ilə insanların rifah halı artsın.

Sumqayıtda digər başqa layihələr də icra edilib. Şəhər gözəlləşir, abadlaşır. Sumqayıt indi ekoloji cəhətdən ən təmiz şəhərlərdən biridir. Vaxtilə Sumqayıtı ekoloji fəlakət şəhəri kimi təsvir edirdilər. Əfsuslar olsun ki, bəzi hallarda Azərbaycana qarşı aparılan kampaniya çərçivəsində yenə də Sumqayıt haqqında həqiqəti əks etdirməyən sözlər deyilir. Amma buraya gələn hər bir insan görür ki, indi Sumqayıt parklar şəhəridir. Sənaye müəssisələrində bütün ekoloji standartlar gözlənilir, tətbiq edilir.

Havası təmiz, gözəl infrastrukturu olan bir şəhərdir. Son illərdə Sumqayıtda bir neçə park qurulub, yenidən salınıb, əsaslı təmir edilib. Şəhər gözəlləşir, binalar tikilir. Mən dəfələrlə demişəm ki, Sumqayıtda gedən işlər Bakıda gedən işlərin səviyyəsində olmalıdır.

Burada “ASAN xidmət” yaradılıbdır. Yəqin ki, siz də bu imkanlardan istifadə etmisiniz və görmüsünüz ki, bu yenilik insanlara nə qədər rahatlıq gətirir.

Biz çalışmalıyıq ki, Azərbaycanda hər bir sahədə ən müasir təcrübə tətbiq olunsun - sənaye müəssisələrində, məişət məsələlərinin həllində, insanlara göstərilən xidmətlərdə. Biz buna nail oluruq.

Sizi bir daha ürəkdən təbrik edirəm. Sizə uğurlar arzulayıram.

                                                                                           X X X

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 15 noyabr 2024
13:50
Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...

15 noyabr 2024, 13:50