Bakı Xoreoqrafiya Akademiyasının NİZAMNAMƏSİ

26 dekabr 2014, 20:30

Azərbaycan Respublikası Prezidentinin

2014-cü il 26 dekabr tarixli Fərmanı ilə

təsdiq edilmişdir

 


1. Ümumi müddəalar

1.1. Bakı Xoreoqrafiya Akademiyası (bundan sonra - Akademiya) Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 30 aprel tarixli 419 nömrəli Sərəncamı ilə yaradılmışdır.

1.2. Akademiya ümumi, orta ixtisas, ali və əlavə təhsil proqramlarını həyata keçirən, klassik balet, dünya xalq və Azərbaycan rəqsləri üzrə ali təhsilli kadrlar hazırlayan, fundamental və tətbiqi elmi tədqiqatlar aparan dövlət təhsil kompleksidir.

1.3. Akademiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ hüquqi aktlarını, Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin əmr və sərəncamlarını və bu Nizamnaməni rəhbər tutur.

1.4. Akademiya hüquqi şəxsdir, onun müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və öz adı həkk olunmuş möhürü, ştampları və blankları vardır.

1.5. Akademiyanın fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi və Akademiyanın akkreditasiyası “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilir.

1.6. Akademiya Azərbaycan Respublikasının dövlət orqanları və digər dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir.

1.7. Akademiya “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq maliyyə və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə fəaliyyətinin nəticələri barədə hesabatları təqdim edir.

1.8. Akademiya Bakı şəhərində yerləşir.

2. Akademiyanın fəaliyyətinin əsas istiqamətləri

2.1. Akademiyanın fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:

2.1.1. yüksəkixtisaslı mütəxəssislərin və elmi-pedaqoji kadrların hazırlanması;

2.1.2. ümumi, orta ixtisas, ali və əlavə təhsil proqramlarının həyata keçirilməsi;

2.1.3. milli, estetik, mədəni və elmi dəyərlərin qorunması və inkişafı;

2.1.4. fundamental və tətbiqi elmi tədqiqatların aparılması.

2.2. Akademiya bilavasitə və tabeliyində olan təhsil müəssisələri vasitəsi ilə aşağıdakı təhsil pillələri üzrə təhsil proqramlarını həyata keçirir:

2.2.1. ümumi təhsil:

2.2.1.1. ibtidai təhsil;

2.2.1.2. ümumi orta təhsil;

2.2.2. orta ixtisas təhsili;

2.2.3. ali təhsil:

2.2.3.1. bakalavriat;

2.2.3.2. magistratura;

2.2.3.3. doktorantura.

2.3. Təhsilin pillələri və səviyyələri üzrə fəaliyyət “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır.

2.4. Akademiya metodiki işin və ixtisas standartlarının təşkili və təkmilləşdirilməsi, tədris-metodik tövsiyələrin, dərs vəsaitlərinin, elmi-metodik sənədlərin və ədəbiyyatın hazırlanması işini həyata keçirir, bədii-yaradıcılıq istiqamətində iş aparır.

3. Akademiyanın hüquq və vəzifələri

3.1. Akademiyanın aşağıdakı hüquqları vardır:

3.1.1. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun olaraq tədris prosesini sərbəst həyata keçirmək;

3.1.2. tədris, metodik, elmi tədqiqat və analitik-informasiya fəaliyyətlərini planlaşdırmaq və təşkil etmək;

3.1.3. tədris prosesinin metodik təminatını təşkil etmək və təkmilləşdirmək, təlimin forma və metodlarını müəyyən etmək, dövlət təhsil standartlarına və ayrı-ayrı ixtisaslar (ixtisaslaşmalar) üzrə təhsil proqramlarına uyğun olaraq, tədris sənədlərini və tədris prosesinin təşkilinə aid digər sənədləri müstəqil hazırlamaq;

3.1.4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, təhsilin nəticələrinə görə təhsilalanların peşəkar biliklərini və işgüzar keyfiyyətlərini qiymətləndirmək və həmin bilik və keyfiyyətlərdən müvafiq xidmət sahələrində istifadə olunması barədə onlara tövsiyələr vermək;

3.1.5. profilinə uyğun elmi tədqiqat işlərini həyata keçirmək və elmi-metodik sənədlər hazırlamaq;

3.1.6. elmi əlaqələr yaratmaq, təhsillə bağlı layihələrdə, o cümlədən beynəlxalq layihələrdə iştirak etmək;

3.1.7. iclaslar, seminarlar, konfranslar, simpoziumlar, olimpiadalar, müsabiqələr, festivallar, sərgilər keçirmək və onların işində iştirak etmək;

3.1.8. Akademiyanın fəaliyyəti ilə bağlı nəşriyyat işlərini həyata keçirmək, elmi əsərləri, tədris və tədris-metodik ədəbiyyatları hazırlamaq və nəşr etmək;

3.1.9. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müqavilə əsasında ödənişli təhsil xidmətləri göstərmək;

3.1.10. Akademiyanın strukturunun təkmilləşdirilməsi, ştat cədvəlində dəyişikliklər edilməsi və maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə təkliflər vermək;

3.1.11. Akademiyanın işçilərinə fəxri adlar, dövlət təltifləri və mükafatlar verilməsi üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi qarşısında vəsatət qaldırmaq;

3.1.12. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə Akademiyanın fəaliyyət istiqamətləri üzrə məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.1.13. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq, tələbə, magistr, doktorant, müəllim və elmi işçilər mübadiləsi üçün beynəlxalq əlaqələr yaratmaq;

3.1.14. Akademiyanın fəaliyyətinin təşkili məqsədi ilə qanuna zidd olmayan aktlar qəbul etmək;

3.1.15. Akademiyada təhsilalanların və təhsilverənlərin qida və tibbi ehtiyacını, yataqxanaya ehtiyacı olanların yaşayış şəraitini təşkil etmək;

3.1.16. Akademiyanın təminatı, işlərin görülməsi və xidmətlərin göstərilməsi məqsədi ilə müqavilələr bağlamaq;

3.1.17. Akademiyanın fəaliyyətini təmin etmək məqsədi ilə əqdlər bağlamaq;

3.1.18. elektron resurslar yaratmaq;

3.1.19. konsert və sərgilər təşkil etmək, audio-video materialları, Akademiyanın adı ilə bağlı suvenirlər istehsal etmək.

3.2. Akademiyanın təhsil, tərbiyə və elm mərkəzi kimi vəzifələri aşağıdakılardır:

3.2.1. yüksəkixtisaslı mütəxəssislər hazırlamaq, kadrların əlavə təhsilini həyata keçirmək, elmi və elmi-pedaqoji kadr hazırlamaq;

3.2.2. təhsil proqramlarını və tədris planlarını hazırlamaq;

3.2.3. təhsilalanların attestasiyasını keçirmək;

3.2.4. beynəlxalq fəaliyyəti və xarici əlaqələri təmin etmək;

3.2.5. tədris prosesinin maddi-texniki təminatını həyata keçirmək, bina və otaqları mövcud norma və tələblərə uyğun qurmaq;

3.2.6. təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək, təhsilalanların intellektual, mədəni və mənəvi inkişafını təmin etmək, peşəkarlıq xüsusiyyətlərini formalaşdırmaq;

3.2.7. klassik və müasir balet, dünya və xalq rəqsləri sahəsində elmi tədqiqat işlərini təşkil etmək;

3.2.8. fundamental və tətbiqi elmi araşdırmalar aparmaq, dövlət qurumları üçün məlumat-analitik, elmi-metodik materiallar və tövsiyələr hazırlamaq;

3.2.9. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi sistemində ehtiyat kadrların formalaşdırılması işində iştirak etmək;

3.2.10. Akademiyaya ayrılan maliyyə vəsaitindən təyinatı üzrə istifadə olunmasını təmin etmək;

3.2.11. təhsil prosesinin təmin edilməsi üçün tədris, tədris-metodik, elmi ədəbiyyat, köməkçi materiallar hazırlamaq və nəşr etmək, maddi-tədris bazasını təkmilləşdirmək və inkişaf etdirmək;

3.2.12. dövlət sirrinin və məxfilik rejiminin qorunması və təhlükəsizliyin təmin olunması üçün zəruri tədbirlər görmək;

3.2.13. Akademiyanın istifadəsində olan daşınar və daşınmaz əmlakın qorunmasını və məqsədli istifadəsini təmin etmək;

3.2.14. Akademiyada əməyin mühafizəsini və sanitar-gigiyenik normalara riayət olunmasını təmin etmək;

3.2.15. öz fəaliyyəti barədə ictimaiyyəti məlumatlandırmaq, internet saytı yaratmaq, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək.

4. Akademiyanın strukturu və idarə edilməsi

4.1. Akademiyada fakültələr, kafedralar, tədris şöbələri, kitabxanalar, elmi tədqiqat laboratoriyaları, doktorantura və əlavə təhsil üçün müvafiq bölmələr, qeydiyyat şöbələri, katiblik, idman zalları, tədris teatr və studiyaları, konsert zalları, konfrans və sərgi salonları, iaşə məntəqəsi və digər struktur bölmələri fəaliyyət göstərir.

4.2. Akademiyanın strukturunu və ştat cədvəlini, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, Akademiyanın rektoru təsdiq edir.

4.3. Akademiya “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı əsasında filiallar açmaq hüququna malikdir. Akademiya filialının rəhbərini (direktorunu) Akademiya rektorunun təqdimatına əsasən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri vəzifəyə təyin və vəzifədən azad edir.

4.4. Akademiyanın rəhbərliyi Akademiyanın rektorundan və Akademiyanın 4 prorektorundan ibarətdir.

4.5. Akademiyanın rektoru Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən, Akademiyanın prorektorları isə Akademiya rektorunun təqdimatına əsasən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri tərəfindən vəzifəyə təyin və azad edilir.

4.6. Akademiyanın fəaliyyətinə rəhbərliyi Akademiyanın rektoru həyata keçirir.

4.7. Akademiyanın rektoru:

4.7.1. Akademiyanın vəzifələrinin yerinə yetirilməsinə və hüquqlarının həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır;

4.7.2. Akademiyanın təhsil, təlim-tərbiyə, tədris, elmi tədqiqat, nəşriyyat və maliyyə-təsərrüfat fəaliyyətinə rəhbərlik edir;

4.7.3. dövlət qurumlarında, təşkilatlarda, beynəlxalq təşkilatlarla münasibətlərdə Akademiyanı təmsil edir, Akademiyanın adından əqdlər bağlayır, etibarnamələr verir, banklarda və digər kredit təşkilatlarında hesablar açır;

4.7.4. Akademiyanın daxili intizam qaydalarını təsdiq edir;

4.7.5. Akademiyada maddi vəsaitlərin uçotunu təşkil edir, onlardan istifadəyə nəzarət edir, Akademiyanın əmlakına və vəsaitlərinə dair sərəncam verir;

4.7.6. Akademiyanın fəaliyyəti ilə bağlı məsələlərin Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi kollegiyasının müzakirəsinə çıxarılmasına təşəbbüs göstərir, həmin məsələlərin kollegiyanın müzakirəsinə hazırlanmasını təmin edir;

4.7.7. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin iş planında və kollegiyasının qərarlarında, Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin əmr və sərəncamlarında nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir;

4.7.8. bu Nizamnaməyə uyğun olaraq, icrası məcburi olan əmr, sərəncam və digər yazılı göstərişlər verir;

4.7.9. Akademiyanın işçilərinə fəxri adların, dövlət təltiflərinin və mükafatların verilməsi barədə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə təqdimat verir;

4.7.10. Akademiya prorektorlarının, struktur bölmələrinin rəhbərlərinin (filiallar istisna olmaqla) və digər işçilərin səlahiyyətlərini müəyyən edir, vəzifə təlimatlarını təsdiq edir;

4.7.11. Akademiyanın işçilərinin əməyinin ödənilməsini və onların həvəsləndirilməsini təşkil edir;

4.7.12. Akademiyada kargüzarlıq və arxiv işinin aparılmasını, dövlət sirrinin qorunmasını, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini və məxfilik rejiminə riayət olunmasını təmin edir;

4.7.13. Akademiyada vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin edir;

4.7.14. Akademiyanın fəaliyyəti ilə bağlı Akademiyanın Elmi Şurasının səlahiyyətlərinə aid edilməyən digər məsələləri həll edir.

4.7.15. Akademiyanın rektoru ayrı-ayrı səlahiyyətlərinin icrasını müvafiq əmrlə Akademiyanın prorektorlarına və Akademiyanın digər vəzifəli şəxslərinə həvalə edə bilər.

4.8. Akademiyanın fəaliyyətinin mühüm məsələlərini müzakirə etmək üçün ali idarəetmə orqanı - Akademiyanın Elmi Şurası (bundan sonra - Elmi Şura) yaradılır.

4.9. Akademiyanın struktur bölmələrinin fəaliyyəti Elmi Şuranın qəbul etdiyi və Akademiya rektorunun təsdiq etdiyi əsasnamələrlə müəyyən olunur.

4.9.1. Elmi Şuranın tərkibini Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri təsdiq edir. Elmi Şuranın tərkibinə Akademiyanın rektoru (Elmi Şuranın sədri), prorektorlar, fakültə dekanları, aparıcı kafedraların müdirləri və digər mütəxəssislər daxil edilir.

4.9.2. Elmi Şura sədrinin müavinləri və katibi Elmi Şuranın tərkibindən seçilir. Elmi Şuranın səlahiyyət müddəti 3 ildir. Elmi Şura üzvlərinin səlahiyyətlərinə Elmi Şuranın qərarı ilə vaxtından əvvəl xitam verilə bilər. Elmi Şuranın vaxtından əvvəl yenidən yaradılması onun üzvlərinin azı üçdə iki hissəsinin tələbi ilə həyata keçirilir.

4.9.3. Elmi Şuranın fəaliyyəti Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin normativ hüquqi aktlarının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi “Elmi Şura haqqında Əsasnamə”nin tələblərinə uyğun təşkil edilir. Elmi Şura ictimai əsaslarla fəaliyyət göstərir.

4.9.4. Elmi Şuranın iclasları iki ayda bir dəfədən az olmamaq şərti ilə keçirilir. Elmi Şuranın qərarları Akademiya rektorunun əmri ilə təsdiq edilir.

4.10. Akademiyanın Elmi Şurası:

4.10.1. Akademiyanın inkişaf proqramını təsdiq edir, Akademiyanın fəaliyyəti barədə rektorun illik hesabatını dinləyir;

10.2. tədris, təlim-tərbiyə, metodik və elmi tədqiqat işlərinin mühüm məsələlərini həll edir, qəbul sınaqlarını təşkil edir;

10.3. kadrların hazırlanması və əlavə təhsili istiqamətində təkliflər verir;

10.4. tədris planlarının və proqramlarının layihələrini, metodik, təlim-tərbiyə, elmi tədqiqat, redaksiya-nəşriyyat işlərinin və əlavə təhsil planlarının layihələrini müzakirə edir;

10.5. Akademiyanın struktur bölmələrinin hesabatlarını dinləyir;

10.6. dərsliklərin, dərs vəsaitlərinin, monoqrafiyaların, elmi və elmi-metodik ədəbiyyatın digər növlərinin layihələrini müzakirə edir;

10.7. yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması istiqamətində iş aparır;

10.8. Akademiyanın elmi-pedaqoji işçilərinə elmi adlar verilməsi üçün vəsatət qaldırır;

10.9. dissertasiyaların mövzularını təsdiq edir;

10.10. Akademiyanın maddi-texniki bazasının təkmilləşdirilməsi və inkişaf etdirilməsi ilə bağlı məsələləri müzakirə edir;

10.11. adlı təqaüdlər verilməsi üçün namizədlərin siyahısını təsdiq edir;

4.10.12. Akademiyanın strukturu barədə Akademiyanın rektoruna təkliflər verir;

4.10.13. elmi tədqiqatların prioritet istiqamətlərini müəyyən edir, elmi tədqiqat planlarını və onların yerinə yetirilməsinə dair hesabatları, pedaqoji kadrların hazırlanması və əlavə təhsili planlarını təsdiq edir;

4.10.14. doktoranturaya qəbul edilməsi, dissertant təhkim olunması, habelə yaradıcılıq məzuniyyətlərinin verilməsi üçün müraciət etmiş şəxslər sırasından namizədləri tövsiyə edir;

4.10.15. Akademiyanın fəxri adlarını təsis edir;

4.10.16. Akademiyanın təhsil birliklərinə, assosiasiyalarına və ittifaqlarına daxil olması və onlardan çıxması məsələlərinə dair Akademiyanın rektoruna təkliflər verir;

4.10.17. Akademiya rektorunun Akademiyanın illik büdcəsi və onun icrası barədə hesabatını dinləyir.

4.11. Elmi Şuranın qərarları Akademiyanın rektoru tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir. Elmi Şuranın iclasları protokollaşdırılır.

4.12. Akademiyanın ümumi və orta ixtisas təhsili üzrə idarəetmə orqanı Pedaqoji Şuradır.

4.13. Pedaqoji Şuranın yaradılması və fəaliyyəti Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən “Pedaqoji Şura haqqında Əsasnamə” və bu Nizamnamə ilə tənzimlənir.

4.14. Pedaqoji Şuranın tərkibinə Akademiyanın rektoru (sədr), bədii rəhbər, prorektorlar, şöbə müdirləri, fənn birləşmə komissiyalarının sədrləri, sinif rəhbərləri, fəxri adları olan qabaqcıl müəllimlər, dərsdənkənar işlər üzrə təşkilatçı, həmkarlar komitəsinin sədri və valideyn komitəsinin sədri daxil edilir.

Pedaqoji Şuranın tərkibi Akademiyanın rektorunun əmr ilə 1 il müddətinə təsdiq edilir. Pedaqoji Şura öz tərkibindən hər tədris ili üçün açıq səsvermə yolu ilə Şuranın katibini seçir.

Pedaqoji Şuranın üzvü olmayan müəllimlər Şuranın iclaslarında iştirak və çıxış edə bilərlər.

4.15. Pedaqoji Şura aşağıdakıları müzakirə edib müvafiq qərar qəbul edir:

4.15.1. Akademiyanın iş planını, müəllimlərin dərs yükünü, pedaqoji prosesin, şagird və tələbələrin, bütün kollektivin yüksək bədii səviyyəsini təmin edən tədris-metodiki və digər sənədləri;

4.15.2. Akademiyanın təlim-tərbiyə və metodiki işləri barədə rektorun, bədii rəhbərin, prorektorların məlumatlarını, şöbə müdirlərinin, fənn birləşmə komissiyası sədrlərinin hesabat və məlumatlarını;

4.15.3. tədris plan və proqramlarının yerinə yetirilməsi, şagird və tələbələrin bilik keyfiyyəti və digər göstəricilər barədə sinif rəhbərlərinin, fənn kabinet müdirlərinin, müəllimlərin, Akademiyanın işçilərinin məlumat və çıxışlarını;

4.15.4. Akademiyanın iş rejimini, tədris həftəsinin müddətini, sinifdən-sinfə (kursdan-kursa) keçmə imtahanlarının zəruriliyini, sayını və formasını, imtahana düşən fənləri;

4.15.5. şagird və tələbələrin imtahana buraxılması, sinifdən-sinfə (kursdan-kursa) keçirilməsi, ümumi orta təhsil və orta ixtisas təhsili haqqında dövlət sənədlərinin verilməsi, şagird və tələbələrin həvəsləndirilməsi, həmçinin başqa pedaqoji təsir kömək etmədikdə, şagird və tələbələrin Akademiyadan xaric olunması məsələsini;

4.15.6. Akademiyanın fəaliyyəti barədə digər məsələləri.

4.16. Pedaqoji Şuranın iclasları 2 aydan gec olmayaraq çağırılır. Pedaqoji Şuranın növbədənkənar iclasları çağırıla bilər. Şuranın iclasları üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə səlahiyyətli sayılır.

4.17. Pedaqoji Şuranın qərarı sadə səs çoxluğu ilə qəbul olunur. Səslər bərabər olduqda Şura sədrinin (rektorun) səsi həlledici sayılır. Şuranın qərarı Akademiya rektorunun əmri ilə qüvvəyə minir.

4.18. Akademiyanın Bədii Şurası məşvərətçi orqandır.

4.19. Bədii Şura:

4.19.1. bədii rəhbərin, istehsalat təcrübəsi rəhbərinin, şöbə müdirlərinin dərs ili üçün perspektiv iş planlarını, ixtisas fənləri üzrə tədris proqramlarını müzakirə edir və tövsiyələr verir;

4.19.2. ixtisas fənləri üzrə dövlət tədris plan və proqramlarının hər bir müəllim tərəfindən yerinə yetirilməsi, təlim prosesinin keyfiyyəti, bədii-estetik səviyyəsi, istedadlı şagird və tələbələrlə aparılan fərdi yaradıcılıq işlərinin vəziyyəti, şagird və tələbələrin səhnə və istehsalat təcrübəsinin təşkili və aparılması, baza teatrı ilə yaradıcılıq əlaqələrinə aid məsələləri müzakirə edir, yekunlaşdırır, qiymətləndirir, bu işlərin səmərəliliyinin artırılması yollarını müəyyənləşdirir;

4.19.3. şagird və tələbələrin yaradıcılıq-hesabat konsertlərinin, digər açıq və qapalı konsertlərin proqramlarını, konserti hazırlayan müəllimlərin, ifaçıların fəaliyyətini müzakirə edir, qiymətləndirir, daha yüksək göstəricilərə nail olanların mənəvi və maddi cəhətdən həvəsləndirilməsi barədə təkliflər verir;

4.19.4. ixtisas fənn müəllimlərinin pedaqoji ustalıqlarının artırılması məsələlərini, pedaqoji-yaradıcılıq konfrans və seminarların proqramlarını müzakirə edir;

4.19.5. ixtisas üzrə sinifdən-sinfə (kursdan-kursa) keçid imtahanları aparılacaq fənləri müəyyənləşdirir, imtahan komissiyalarının tərkibi barədə təkliflər verir.

4.20. Bədii Şuranın tərkibinə Akademiyanın rektoru (sədr), bədii rəhbər, istehsalat təcrübəsi müdiri, fəxri adları olan, habelə aparıcı rəqs müəllimləri, baza teatrlarından aparıcı mütəxəssislər və tanınmış səhnə ustaları daxil edilir.

4.21. Bədii Şuranın tərkibi Akademiyanın rektorunun əmri ilə 1 il müddətinə təsdiq edilir. Bədii Şura öz tərkibindən hər tədris ili üçün açıq səsvermə yolu ilə Şuranın katibini seçir.

4.22. Bədii Şuranın iclasları tədris ilinin hər rübündə bir dəfədən az olmayaraq çağırılır. Şuranın növbədənkənar iclasları da çağırıla bilər.

4.23. Bədii rəhbər:

4.23.1. ixtisas fənləri üzrə müəllimlərin peşəkar yaradıcılıq və metodiki işlərinə nəzarət edir, məsuliyyət daşıyır;

4.23.2. müəllimlərin peşəkar yaradıcılıq fəaliyyətinin daha da yaxşılaşdırılması və təkmilləşdirilməsi yollarını müəyyənləşdirir, Bədii Şuranın iclaslarını hazırlayır, yaradıcılıq konfranslarının keçirilməsi barədə Elmi və Bədii şuralara təkliflər verir, belə konfransların proqramlarını tərtib edir;

4.23.3. tələbə və şagirdlərlə aparılan təlim işinin bədii-estetik səviyyəsini daha da yüksəltmək üçün tədbirlər görür;

4.23.4. klassik, xalq və idman-bal rəqsləri üzrə istedadlı şagird və tələbələrin aşkar olunmasını, onlarla xüsusi proqramlar əsasında işlərin aparılmasını, Akademiyada daxili müsabiqələrin keçirilməsini təşkil edir. Gənc rəqqasların Azərbaycan Respublikasında və xarici ölkələrdə keçirilən müsabiqələrdə iştirakı üçün ixtisas fənn müəllimləri ilə birlikdə namizədləri müəyyən edir və bu barədə Elmi və Bədii şuralara təkliflər verir;

4.23.5. şagird və tələbələrin istehsalat təcrübəsini təşkil edir, Akademiyanın təhkim olunduğu teatrlarla əlaqə saxlayır;

4.23.6. açıq və qapalı konsertlərin, bədii-kütləvi tədbirlərin hazırlanıb keçirilməsini təşkil edir, repertuar və konsert proqramlarını tərtib edir və təsdiq olunması üçün rektora təqdim edir;

4.23.7. Bədii Şurada müzakirə olunacaq materialları hazırlayır və baxılması üçün Bədii Şuraya təqdim edir.

4.24. Bədii rəhbər Akademiyada öz ixtisasına uyğun pedaqoji iş aparır.

4.25. Fakültə Akademiyanın tədris və elmi-inzibati bölməsi olub, eyni sahə və istiqamət daxilində bir-birinə yaxın olan ixtisaslar üzrə bakalavr və magistr hazırlanması, müvafiq sahə üzrə mütəxəssislərin (kadrların) ixtisasının artırılması və yenidən hazırlanması işini həyata keçirir, eləcə də elmi tədqiqat və tərbiyə işlərinə rəhbərlik edir.

4.26. Akademiyanın fakültələrinə ümumi rəhbərliyi fakültə elmi şurası həyata keçirir. Fakültə elmi şurası Akademiya rektorunun əmrinə əsasən 3 il müddətinə seçilir. Fakültə elmi şurasının sədri - dekandır. Fakültə elmi şurasının tərkibini Akademiyanın rektoru təsdiq edir. Fakültə elmi şurasının tərkibi və səlahiyyətləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi “Elmi Şura haqqında Əsasnamə” ilə tənzimlənir.

4.27. Kafedra Akademiyanın əsas tədris-elm struktur bölməsi olub, bir və ya bir neçə yaxın fənlər üzrə tədris, metodik, elmi tədqiqat fəaliyyətini və əlavə təhsili həyata keçirir.

4.28. Akademiyada elmi-pedaqoji (təhsilverənlər, elmi işçilər), mühəndis-texnik, inzibati, inzibati-təsərrüfat, tədris-köməkçi və digər heyətlər üzrə vəzifələr nəzərdə tutulur.

5. Akademiyaya qəbul

5.1. Akademiyaya qəbul “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilir.

5.2. Akademiyaya şagirdlər aşağıdakı qaydada qəbul olunurlar:

5.2.1. irqindən, milliyyətindən, dinindən, mənşəyindən, cinsindən, əqidəsindən, sosial vəziyyətindən asılı olmayaraq, fiziki cəhətdən sağlam, xoreoqrafiya təlimi üçün müvafiq qabiliyyətə malik olan, Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə xarici ölkələrin vətəndaşları qəbul komissiyası tərəfindən müsabiqə yolu ilə müvafiq yaş qrupu üzrə aşağıda göstərilən şöbə və siniflərə qəbul olunurlar:

5.2.1.1. 1-4-cü siniflərə (klassik rəqs bölməsinə hazırlıq kurslarına) – 6-10 yaşlı;

5.2.1.2. klassika şöbəsinə – orta ümumtəhsil məktəbinin 4-cü sinfini bitirmiş 10-11 yaşlı;

5.2.1.3. xalq şöbəsinə – orta ümumtəhsil məktəbinin 7-ci sinfini bitirmiş 13-14 yaşlı;

5.2.1.4. idman-bal rəqsləri şöbəsinə – orta ümumtəhsil məktəbinin 9-cu sinfini bitirmiş 16 yaşadək şagirdlər.

5.3. Akademiyaya ali təhsilin bakalavr səviyyəsinə tam orta təhsilli və orta ixtisas təhsilli şəxslər, magistratura səviyyəsinə bakalavr səviyyəsini bitirən şəxslər, ixtisasın sərbəst seçimi əsasında, müsabiqə yolu ilə qəbul olunurlar.

5.4. Akademiyaya tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən, Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir.

5.5. Akademiyanın bakalavriat, magistratura, doktorantura səviyyələrinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında, habelə ödənişli əsaslarla həyata keçirilir.

5.6. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Akademiyaya qəbul planı barədə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir. Azərbaycan Respublikasının Nazirlər Kabineti isə qəbul planı barədə təkliflərini Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyaya təqdim edir. Akademiyaya qəbul planını Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya müəyyən edir.

6. Akademiyada tədrisin təşkili

6.1. Akademiyada “Xoreoqrafiya sənəti” ixtisası üzrə tədris aşağıdakı qaydada təşkil olunur:

6.1.1. klassik rəqs bölməsinə hazırlıq üzrə: 1-4-cü siniflər (4 il);

6.1.2. klassik rəqs bölməsi üzrə: 5-9-cu siniflər və I-III kurslar (7 il 10 ay);

6.1.3. xalq rəqsləri bölməsi üzrə: 8-9-cu siniflər və I-III kurslar (4 il 10 ay).

6.2. Akademiyada “Xoreoqrafiya sənəti” ixtisası üzrə 7 il 10 ay klassik bölmədə və 4 il 10 ay xalq bölməsində orta ixtisas təhsilli mütəxəssislərin hazırlanmasında qeyri-tipik xüsusiyyətli spesifikanı nəzərə alaraq, dərs ilinin sonunda tələbələrin fiziki və yaradıcı göstəricilərini, eləcə də ixtisas proqramlarını mənimsəmə dərəcəsinin qiymətləndirilməsi məqsədi ilə sinifdən-sinfə və kursdan-kursa keçirilmə üçün yoxlama dərs, məqbul və keçid imtahanları aparılır.

6.3. Əyani tədris forması üzrə ali ixtisas təhsilinin təhsil proqramlarının mənimsəmə müddəti Akademiyanın Elmi Şurası tərəfindən dövlət təhsil standartlarının ali ixtisas təhsilinə aid tələblərinə uyğun olaraq müəyyən edilir. Əyani və qiyabi tədris şöbələrində, o cümlədən müxtəlif tədris formalarının birləşmələri halında, ali ixtisas təhsil proqramlarının həyata keçirilməsi Akademiyanın Elmi Şurasının qərarı əsasında əyani tədris formasının müddəti ilə müqayisədə 1 (bir) ilə qədər artırıla bilər. Müvafiq ixtisası olan orta ixtisas təhsilli və ya müxtəlif dərəcəli ali ixtisas təhsilli şəxslərin, o cümlədən daha qısa müddətə ali ixtisas təhsilinin əsas təhsil proqramını tam həcmdə mənimsəmə bacarığı olan şəxslərin, ali ixtisas təhsil proqramı üzrə tədris müddəti qısaldıla bilər. Qeyd olunan şəxslərin ali ixtisas təhsilinin əsas təhsil proqramlarının qısaldılmış müddətə mənimsəmə şərtləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin normativ hüquqi aktları əsasında təyin edilir.

6.4. Akademiyada tədris dili - Azərbaycan dilidir. Təlim Akademiyanın imkanları nəzərə alınmaqla, xarici dillərdə də aparıla bilər.

6.5. Akademiyada təhsil proqramları üzrə dərs prosesinin təşkili dövlət təhsil standartlarının ümumi, orta və ali ixtisas təhsili, tədris planı və dərs cədvəli ilə uyğunlaşdırılır.

6.6. Ali təhsilin bakalavriat və magistratura səviyyələrinin proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Dövlət attestasiyası bütün təhsilalanlar üçün məcburidir. Təhsilalanların yekun attestasiyası Dövlət Attestasiya Komissiyası tərəfindən həyata keçirilir. Dövlət Attestasiya Komissiyasının yaradılması və işinin təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilir.

6.7. Akademiyada əyani forma üzrə dövlət hesabına təhsilalanların fəaliyyətini stimullaşdırmaq məqsədi ilə təqaüdlər verilir.

6.8. Akademiyanın orta ixtisas, bakalavriat və magistratura təhsil proqramlarını başa vurmuş və yekun dövlət attestasiyasından keçmiş tələbələrə ali təhsil müəssisəsini bitirməsi barədə dövlət nümunəli sənəd (diplom) verilir. Həmin diplomun əlavəsində təhsilalanlar tərəfindən mənimsənilmiş fənlər, onların kreditlə həcmi və qiymətlər göstərilir.

6.9. Akademiyada mütəxəssis və elmi-pedaqoji kadr hazırlığı ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrindən ibarətdir.

6.10. Akademiyada bakalavriat səviyyəsində təhsilalma yalnız əyani formada, magistratura səviyyəsində isə əyani və qiyabi formalarda təşkil olunur. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Magistratura səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 1,5-2 ildir, qiyabi forma üzrə təhsilin müddəti 6 ay artıqdır.

6.11. Akademiyada bakalavriat və magistratura təhsili “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilir.

6.12. Akademiyada doktoranturanın yaradılması və doktoranturaya qəbul qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

6.13. Akademiyada çalışan elmi-pedaqoji kadrlara elmi dərəcələrin verilməsi dissertantlıq yolu ilə də reallaşdırılır. Akademiyanın müvafiq kafedralarına dissertantların təhkim olunması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir.

6.14. Akademiyanın əməkdaşlarına elmi dərəcələr və elmi adlar Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq verilir.

6.15. Akademiyada əlavə təhsil “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun olaraq təşkil edilir.

6.16. Akademiyada əlavə təhsil aşağıdakı istiqamətlərdə həyata keçirilir:

6.16.1. ixtisasartırma;

6.16.2. kadrların yenidən hazırlanması;

6.16.3. stajkeçmə və kadrların təkmilləşdirilməsi;

6.16.4. təkrar ali təhsil və orta ixtisas təhsili;

6.16.5. dərəcələrin yüksəldilməsi.

6.17. Akademiyada əlavə təhsil ödənişli əsaslarla həyata keçirilir.

6.18. Akademiyada ixtisaslar üzrə tədris prosesinin təşkili ali təhsil pilləsinin dövlət təhsil standartına və proqramına, habelə müvafiq ixtisaslar üzrə təhsil proqramına uyğun hazırlanmış və Akademiyanın rektoru tərəfindən təsdiq edilmiş tədris planı əsasında həyata keçirilir.

6.19. Akademiya tədris prosesinin forma, metod və vasitələrini müəyyən edərkən, peşə təhsili proqramlarının və tədris planlarının tam həcmdə mənimsənilməsinə şərait yaradır.

6.20. Akademiyada eyni zamanda beynəlxalq təhsil proqramları həyata keçirilir. Beynəlxalq təhsil proqramları üzrə mütəxəssis hazırlığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Nizamnamə ilə tənzimlənir.

6.21. Təhsilalanların bir təhsil proqramından digərinə və ya Akademiyadan başqa ali təhsil müəssisəsinə köçürülməsi, xaric edilməsi, Akademiyaya bərpa olunması və onlara akademik məzuniyyət verilməsi məsələləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.

6.22. Doktoranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə həmin elmi dərəcəni təsdiq edən vahid formada dövlət nümunəli sənəd (diplom) verilir.

6.23. Akademiyada tədrisin təşkilinə və həyata keçirilməsinə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi nəzarət edir.

7. Akademiyanın elmi tədqiqat fəaliyyəti

7.1. Akademiyada mütəxəssis hazırlığı elmlə təhsilin vəhdəti əsasında həyata keçirilir.

7.2. Akademiyanın elm sahəsində fəaliyyəti elmi tədqiqat işlərinin aparılmasına, Akademiyanın profilinə uyğun olaraq elmin müvafiq sahələrinin inkişafına, elmi tədqiqatların nəticələrinin tədris prosesində tətbiqinə yönəldilir.

7.3. Akademiyada aparılan elmi tədqiqat işləri fundamental və tətbiqi xarakter daşıyır.

7.4. Akademiya apardığı elmi tədqiqat işlərinin nəticələrinin yaradıcılıq təcrübəsi sahəsində və tədris prosesində (mühazirə, məşğələ, seminar və laboratoriya dərslərində, kurs layihələrində, kurs və buraxılış işlərində, magistr dissertasiyalarında) tətbiq olunmasını və onların monoqrafiyalar, elmi məqalələr, metodik vəsaitlər şəklində dərc olunmaqla, elmi forumlarda məruzə edilərək yayılmasını təşkil edir.

7.5. Akademiyada həyata keçirilən elmi tədqiqat fəaliyyətinin məqsədi aşağıdakılardan ibarətdir:

7.5.1. fundamental və tətbiqi-nəzəri araşdırmaların aparılmasını, elmi tədqiqat və elmi-texniki işlərin həyata keçirilməsini təmin etmək;

7.5.2. elmi xarakterli tapşırıqları icra etmək;

7.5.3. kadrların elmi potensialından səmərəli istifadə etməklə təlimin keyfiyyətini yüksəltmək;

7.5.4. təhsilverənlərin ixtisas səviyyəsini artırmaq;

7.5.5. elmi tədqiqatların nəticələrinin və nailiyyətlərinin tətbiqini təşkil etmək;

7.5.6. tədris və elmi proseslərin vəhdətini təmin etmək;

7.5.7. elmi tədqiqat işlərinin nəticələrini tədris prosesində, mədəniyyət, o cümlədən incəsənət sahəsində tətbiq etmək;

7.5.8. elmi tədqiqat işlərinin əsas istiqamətləri üzrə milli və beynəlxalq təcrübəni öyrənmək və ümumiləşdirmək;

7.5.9. müraciət əsasında dövlət və qeyri-dövlət qurumları üçün analitik, məsləhət və proqnozlaşdırma fəaliyyətini həyata keçirmək;

7.5.10. hüquqi aktların layihələrinin hazırlanmasında və ekspertizasının keçirilməsində iştirak etmək;

7.5.11. milli və xarici ekspertlərin iştirakı ilə elmi seminarlar, konfranslar, simpoziumlar və konqreslər keçirmək.

7.6. Akademiyada elmi tədqiqat işlərinin istiqamətlərini Elmi Şura müəyyən edir.

7.7. Akademiyanın elmi tədqiqat fəaliyyəti Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırılmaqla, Elmi Şuranın təsdiq etdiyi perspektiv və cari planlara uyğun olaraq həyata keçirilir.

8. Akademiyada təhsilalanlar və təhsilverənlər

8.1. Akademiyanın təhsilverənləri rəhbərlikdən, professor-müəllim heyətindən, elmi işçilərdən və ştat cədvəli ilə müəyyən edilmiş digər işçilərdən ibarətdir.

8.2. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nomenklaturasına daxil olan Akademiyanın təhsilverənlərinə aid olan prorektorlar, bədii rəhbər və baş mühasib vəzifələrinə kadrların təyin və azad edilməsi Akademiya rektorunun təqdimatı əsasında Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri tərəfindən, digər vəzifələrə kadrların təyin və azad edilməsi Akademiyanın rektoru tərəfindən həyata keçirilir.

8.3. Təhsilverənlər vəzifələrinə peşə hazırlığına, sağlamlığına və mənəvi keyfiyyətlərinə görə müasir tələblərə uyğun dərs keçmək və elmi tədqiqatlar aparmaq bacarığına malik olan şəxslər təyin edilirlər. Elmi dərəcəsi və elmi adı, vəzifənin profilinə uyğun ali təhsili, pedaqoji təcrübəsi olan şəxslər professor-müəllim heyəti vəzifələrinə təyinat zamanı üstünlüyə malikdirlər.

8.4. Akademiyanın işçi heyətinə daxil olan şəxslərin, o cümlədən Akademiyanın inzibati, inzibati-idarəetmə, inzibati-təsərrüfat, mühəndis-texnik, tədris-köməkçi heyətinə aid şəxslərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Nizamnamə, Akademiyanın daxili intizam qaydaları, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin normativ hüquqi aktları və işəgötürənlə işçi arasında bağlanılan əmək müqavilələri ilə tənzimlənir.

8.5. Təhsilverənlərin vəzifələri aşağıdakılardır:

8.5.1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

8.5.2. təhsil proqramlarının mənimsənilməsini təmin etmək;

8.5.3. təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;

8.5.4. təhsilalanları elmi fəaliyyətə cəlb etmək;

8.5.5. şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;

8.5.6. pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;

8.5.7. təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək;

8.5.8. təhsilalanları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək;

8.5.9. ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, əlavə məşğələlər keçmək;

8.5.10. attestasiyadan keçmək;

8.5.11. Akademiyanın daxili intizam qaydalarına riayət etmək.

8.6. Təhsilverənlərin aşağıdakı hüquqları vardır:

8.6.1. normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti ilə, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;

8.6.2. bu Nizamnaməyə uyğun olaraq, təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək;

8.6.3. tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək;

8.6.4. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;

8.6.5. Akademiyada vəzifə tutmaq və uyğun gəldikdə seçkili vəzifələrə seçmək və seçilmək;

8.6.6. əlavə təhsil almaq, elmi dərəcəsini yüksəltmək;

8.6.7. qanunlara və Azərbaycan Respublikası Prezidentinin aktlarına uyğun olaraq mükafatlandırılmaq və təltif olunmaq.

8.7. Akademiyada təhsilalanlar şagirdlərdən, tələbələrdən, dinləyicilərdən və doktorantlardan (dissertantlardan) ibarətdir.

8.8. Şagird və tələbələr – Akademiyada təhsil alan şəxslərdir.

8.9. Dinləyicilər – Akademiyada əlavə təhsil alan şəxslərdir.

8.10. Doktorantlar (dissertantlar) – Akademiyanın müvafiq struktur bölməsində elmi və elmi-pedaqoji hazırlıq keçən şəxslərdir.

8.11. Təhsilalanların vəzifələri aiddir:

8.11.1. dövlət təhsil standartına uyğun biliyə, bacarığa və vərdişlərə yiyələnmək;

8.11.2. təhsilverənlərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

8.11.3. bu Nizamnamənin tələblərinə riayət etmək;

8.11.4. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək.

8.12. Təhsilalanlar aşağıdakı hüquqlara malikdir:

8.12.1. dövlət təhsil standartına uyğun keyfiyyətli təhsil almaq;

8.12.2. Akademiyanın tədris planlarına uyğun olaraq, tədris fənlərini, semestrlər üzrə kreditlərin miqdarını, təhsilverənləri və akademik məsləhətçiləri sərbəst seçmək;

8.12.3. Akademiyanın mövcud infrastrukturundan (tədris-istehsalat, elmi tədqiqat, informasiya, mədəni-məişət, idman və sağlamlıq mərkəzlərindən, yataqxanalardan, kitabxanalardan və s.) istifadə etmək;

8.12.4. ali təhsil müəssisəsini və ixtisasını dəyişmək;

8.12.5. elmi tədqiqat fəaliyyəti ilə məşğul olmaq;

8.12.6. sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;

8.12.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;

8.12.8. təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;

8.12.9. Akademiyanın elmi, ictimai, sosial və mədəni həyatında iştirak etmək;

8.12.10. elmi-praktik konfransların, seminarların, yığıncaqların, görüşlərin və Akademiyanın fəaliyyət istiqamətləri ilə bağlı digər tədbirlərin keçirilməsində iştirak etmək.

9. Akademiyanın maliyyə-təsərrüfat fəaliyyəti

9.1. Akademiyanın əmlakı dövlət və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən onun istifadəsinə, hüquqi və fiziki şəxslər tərəfindən onun mülkiyyətinə və ya istifadəsinə verilən və bu Nizamnamədə öz əksini tapan fəaliyyəti nəticəsində əldə etdiyi əmlakdan, o cümlədən ona məxsus əqli mülkiyyət məhsullarından ibarətdir.

9.2. Akademiya mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır.

9.3. Akademiya bu Nizamnaməyə əsasən göstərdiyi xidmətlər (tədris, elmi tədqiqat, məsləhət-konsaltinq və digər xidmətlər) nəticəsində daşınar və daşınmaz əmlak, o cümlədən bina, avadanlıq, yeni texnologiya, nəqliyyat vasitələri və s. əldə edə bilər.

9.4. Akademiyanın özəlləşdirilməsi qadağandır.

9.5. Akademiya “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənişli təhsil xidmətləri göstərmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, ianələr və könüllü yardımlar almaq hüququna malikdir.

9.6. Akademiyanın əldə etdiyi mənfəət yalnız təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilir. Akademiya ödənişli təhsildən əldə olunan və digər büdcədənkənar vəsaitlərin xərclənməsi istiqamətlərini və işçilərin maddi həvəsləndirilməsinə ayırmaların xüsusi çəkisini sərbəst müəyyən edir, təhsilverənlərə və təhsilalanlara maddi yardımlar göstərir.

9.7. Akademiyanın maliyyələşdirilməsi təhsilin hər səviyyəsi üzrə müəyyən edilmiş maliyyə normativlərinə əsasən həyata keçirilir. Bu normativlər hər bir təhsilalana düşən məsrəf məbləği nəzərə alınmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

9.8. Akademiya aşağıdakı mənbələrdən maliyyələşdirilir:

9.8.1. dövlət vəsaitləri hesabına;

9.8.2. ödənişli təhsildən əldə olunan vəsaitlər hesabına;

9.8.3. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Akademiyaya verilən qrantlar, vəsiyyət olunan vəsaitlər, ianələr və yardımlar hesabına;

9.8.4. müsabiqə əsasında dövlət tərəfindən ayrılan elmi tədqiqat qrantları hesabına;

9.8.5. Akademiyanın təhsil, elm, istehsal, məsləhət (konsaltinq) və bu Nizamnaməyə uyğun olaraq digər xidmətlərdən əldə etdiyi vəsaitlər hesabına;

9.8.6. hüquqi və fiziki şəxslərin, müqavilə əsasında, əlavə təhsil məqsədi ilə ayırdıqları vəsaitlər hesabına;

9.8.7. dövlət orqanları tərəfindən maliyyələşdirilən məqsədli proqramlar və layihələr üzrə əldə olunan vəsaitlər hesabına;

9.8.8. Akademiyanın mülkiyyətində olan fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlığın, nəqliyyat vasitələrinin və təhsil məqsədləri üçün yararsız olan digər əmlakın satışından əldə edilən vəsaitlər hesabına;

9.8.9. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əldə olunan digər vəsaitlər hesabına.

9.9. Akademiya öz fəaliyyətinin nəticələrinin uçotunu aparır.

9.10. Akademiya bilavasitə mənfəət əldə etmək məqsədi güdmür.

10. Akademiyanın beynəlxalq əməkdaşlığı

Akademiyanın xarici əlaqələri və beynəlxalq əməkdaşlığı, həmçinin kadrların hazırlanması sahəsində beynəlxalq əməkdaşlığı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, o cümlədən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə xarici ölkələrin dövlət orqanları arasında bağlanmış sazişlər əsasında həyata keçirilir.

11. Akademiyanın yenidən təşkili və ləğvi

11.1. Akademiyanın yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.


11.2. Akademiya ləğv edildikdə, onun əmlakına Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq sərəncam verilir.

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10