Prezident İlham Əliyev su elektrik stansiyası ilə birgə Şəmkirçay su anbarının açılış mərasimində iştirak edib.
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə dövlət başçısına Şəmkirçay su anbarının planı, Şəmkirçay magistral suvarma kanallarının sxemi, Şəmkirçay üzərində dəryaçanın tikintisinin əsas göstəriciləri, bəndin baş planı və digər qurğular barədə ətraflı məlumat verdi.
Prezident İlham Əliyevə Azərbaycandakı mövcud su anbarlarının xəritəsi nümayiş etdirildi.
Dövlət başçısı su elektrik stansiyası ilə birgə Şəmkirçay su anbarının açılışını bildirən düyməni basdı.
Prezident İlham Əliyevə su elektrik stansiyası barədə məlumat verildi. Qeyd edildi ki, stansiyanın gücü 25 meqavat olacaq. Stansiyada ildə 56 milyon kilovat elektrik enerjisinin istehsalı nəzərdə tutulur.
Sonra dövlət başçısına Şəmkirçay su anbarı, əsas hidrotexniki qurğular, o cümlədən magistral kanallar barədə məlumat verildi. Zəngin təbiəti ilə seçilən bu ərazidə 2008-ci ildən bəri peşəkarcasına və beynəlxalq standartlara uyğun olaraq böyük həcmdə iş aparılıb.
Bildirildi ki, gil nüvəli mərkəzi bəndin daha möhkəm və etibarlı olması üçün daş-qaya materialından istifadə edilib. Şəmkirçay su anbarının ümumi su tutumu 164,5 milyon kubmetr, faydalı həcmi isə 156,3 milyon kubmetrdir. Şəmkirçay su anbarı bəndinin nüvə hissəsindən hündürlüyü 196 metrdir. Layihəyə əsasən orta illik su ehtiyatı 265,2 milyon kubmetr olan Şəmkirçay çayının sularını bu anbarda nizamlamaqla ildə 207,9 milyon kubmetr sudan istifadə olunacaq. Layihəyə uyğun olaraq su anbarında nəqledici, qəza sutullayıcı və təzyiqli enerji tunelləri tikilib.
Diqqətə çatdırıldı ki, Şəmkirçay su anbarında yığılan suyu əkin sahələrinə nəql edəcəkəsas magistral kanal, sağ və sol sahil magistral kanalları, həmçinin maşın kanalı üçün qidalandırıcı kanal inşa olunub. Ən müasir standartlara cavab verən həmin kanallar açıq dəmir-beton üzlüklüdür. Dövlətimizin başçısının tapşırığına əsasən aparılan dəqiqləşdirmə nəticəsində Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarında su təminatı yaxşılaşdırılacaq 54 248 hektar və yeni suvarılacaq 17 147 hektar torpaq sahələrinin olduğu müəyyənləşdirilib. Şəmkirçay su anbarından Gəncə və Şəmkir şəhərlərinə, Samux rayonunun Nəbiağalı qəsəbəsinə saniyədə 1,6 kubmetr su verməklə əhalinin içməli su təchizatı yaxşılaşdırılacaq. Layihənin əhatə etdiyi ərazidə ekoloji vəziyyət əsaslı şəkildə yaxşılaşacaq. Ümumilikdə, Şəmkirçay su anbarı regionların sosial-iqtisadi inkişafına olduqca vacib töhfədir və müstəqillik illərində reallaşdırılan ən mühüm layihələrdən biri kimi Azərbaycanın müasir tarixində mühüm yer tutacaq.
X X X
Sonra dövlət başçısı mərasim iştirakçıları ilə görüşdü.
Şəmkirçay su anbarının istifadəyə verilməsi münasibətilə təbriklərini çatdıran Prezident İlham ƏLİYEV dedi:
- Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Biz bu gün Şəmkirçay su anbarının açılışını qeyd edirik. Bu münasibətlə sizin hamınızı ürəkdən təbrik edirəm.
Beş il əvvəl biz burada bu nəhəng infrastruktur obyektinin təməl daşını qoyduq. Beş il ərzində çox gərgin iş aparılıb və bu işin nəticəsində biz bu gün bu gözəl infrastruktur obyektinin açılışını qeyd edirik. Bu işin icrasında iştirak etmiş bütün insanlara – inşaatçılara, mühəndislərə minnətdarlığımı bildirirəm. Bu, Azərbaycanın gələcək inkişafı, iqtisadi inkişafımız üçün əvəzolunmaz bir infrastruktur obyektidir.
Şəmkirçay su anbarı, su elektrik stansiyası, su kanalları vahid bir kompleks təşkil edir. Bu infrastruktur obyektinin fəaliyyəti nəticəsində ölkə iqtisadiyyatına, kənd təsərrüfatına, sahibkarlığın inkişafına çox böyük dəstək veriləcək. Bu su anbarının fəaliyyəti nəticəsində 54 min hektar torpaqda suvarma yaxşılaşdırılacaq, 17 min hektar torpaq isə yenidən suvarılacaq. Yəni, bu, kənd təsərrüfatının inkişafı üçün çox böyük əhəmiyyət daşıyan obyektdir. Fermerlər bundan səmərəli şəkildə istifadə etməlidirlər. Əminəm ki, belə də olacaq. Yeni suvarılacaq sahələrdə bəri başdan düzgün planlaşdırma işləri aparılmalıdır ki, orada hansı məhsullar yetişdiriləcək, o məhsullar hansı bazarlara ixrac olunacaq. Yəni, hesab edirəm ki, biz bu məsələlərə indidən kompleks şəkildə yanaşmalıyıq və əslində artıq müəyyən işlər görülmüşdür. Bu gün Şəmkir rayonunda böyük aqroparkın təməli də qoyulacaq və əgər bu su anbarı tikilməsə idi, əlbəttə ki, o aqropark da tikilməzdi. Çünki oraya da çox böyük həcmdə investisiya qoyulacaq və əsas şərt suvarılan ərazilərdir.
Bu, çox böyük investisiyatutumlu layihədir. 700 milyon manatdan çox dövlət vəsaiti qoyulmuşdur və Taxtakörpü su anbarından sonra qeyri-neft sektoruna qoyulan ikinci böyük investisiyadır. Biz keçən ilin sonunda Taxtakörpü su anbarının və kanalların açılışını qeyd etmişdik. O, 1 milyard manat dəyərində olan layihədir. Bu gün isə biz Şəmkirçay su anbarının açılışını qeyd edirik. Bu iki mühüm layihə əlbəttə ki, bugünkü Azərbaycanın gücünü və bizim siyasətimizin istiqamətini göstərir. Çünki bu gün kənd təsərrüfatını, sahibkarlığı inkişaf etdirmək üçün dövlət tərəfindən böyük vəsait qoyulur, böyük işlər görülür. Dövlət qeyri-neft sektorunun inkişafına böyük investisiyalar qoyur. Sahibkarlığın inkişafı üçün hər il güzəştli şərtlərlə kreditlər verilir. Son illərdə iqtisadiyyatın real sektoruna kredit şəklində 200 milyon manatdan çox vəsait qoyulub.
Sahibkarlığı inkişaf etdirmək üçün hər il mənim rəhbərliyimlə geniş müşavirə keçirilir, həm siyasi dəstək verilir, həm iqtisadi məsələlər öz həllini tapır. İnfrastruktur layihələri, - elektrik stansiyaları, kənd yolları, içməli su layihələri, - bütün bu layihələr ölkəmizin çoxşaxəli inkişafını təmin edir və regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tərkib hissəsidir.
Bildiyiniz kimi, birinci proqram 2004-cü ildə qəbul edilmişdir. Hazırda üçüncü proqram icra edilir. 2018-ci ilə qədər ölkəmizdə üçüncü proqramın icrası nəticəsində əsas infrastruktur və sosial məsələlər həllini tapacaqdır.
Kənd təsərrüfatının, sahibkarlığın inkişafı isə bizim üçün prioritet istiqamətlərdir. Biz ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin etməliyik. Bu istiqamətdə çox önəmli addımlar atılır. Özümüzü əsas ərzaq məhsulları ilə 100 faiz təmin etmək üçün biz artıq bu hədəfə yaxınlaşırıq. Ərzaq təhlükəsizliyimizin tam şəkildə təmin edilməsi, ixrac potensialımızın artırılması gələcəkdə həm iş yerlərinin yaradılmasına, eyni zamanda, insanların rifah halının yaxşılaşmasına xidmət edəcəkdir.
Hazırda biz yeni ixrac bazarlarına çıxmaq üçün çalışırıq. Yeni imkanlar var və biz bu imkanlardan səmərəli şəkildə istifadə etməliyik. Əlbəttə ki, kənd təsərrüfatı məhsullarımızı ixrac bazarlarının mümkün olan və gələcəkdə mümkün olacaq potensialına da uyğunlaşdırmalıyıq. Bütün işlər planlı şəkildə aparılır. İlk növbədə, daxili tələbat 100 faiz daxili istehsal hesabına təmin edilməlidir. Bununla paralel olaraq biz yeni bazarlara və ənənəvi bazarlara daha böyük həcmdə məhsulla çıxmalıyıq. Beləliklə, növbəti illərdə kənd təsərrüfatının inkişafı dinamik olacaq, bölgələrdə iş yerləri açılacaq, işsizlik daim çox aşağı səviyyədə olacaq. Görülən tədbirlər və xüsusilə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində bu gün Azərbaycanda işsizlik 5 faiz səviyyəsindədir. Son 10 il ərzində 1 milyon 300 min yeni iş yeri açılmışdır ki, bu da özlüyündə ölkəmiz üçün böyük imkanlar yaradır.
Sahibkarlığın inkişafı diqqət mərkəzindədir. Hesab edirəm ki, sahibkarlar da bu gözəl imkanlardan istifadə edəcəklər. Biz bu gün paralel olaraq su elektrik stansiyasının açılışını qeyd etdik. Bu da çox gözəl layihədir. Azərbaycan öz enerji təhlükəsizliyini tam şəkildə təmin etmişdir və bu gün başqa ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirak edir, böyük rol oynayır. Bu rol getdikcə artacaq, ancaq, eyni zamanda, biz çalışmalıyıq ki, öz enerji güclərimizi artıraq, o cümlədən bərpa olunan enerji növləri hesabına. Bu istiqamətdə də böyük işlər görülür. Su elektrik stansiyaları tikilir. Artıq kiçik olsalar da, günəş elektrik stansiyaları tikilməkdədir. Ancaq bərpa olunan enerji növləri arasında əlbəttə ki, hidroenergetika prioritet təşkil edir. Son illərdə bir neçə gözəl layihə icra edilmişdir. Taxtakörpü su anbarında 25 meqavat gücündə elektrik stansiyası fəaliyyətə başlamışdır.
Füzuli rayonunda 25 meqavat gücündə stansiya tikilmişdir. Naxçıvanda, Ordubad rayonunda böyük stansiya tikilmişdir.
Naxçıvan Muxtar Respublikasını demək olar ki, 100 faiz bərpa olunan enerji növləri ilə təmin etmək üçün böyük işlər görülmüşdür. Biz artıq bu məqsədə də çox yaxınıq. Bu gün burada, Şəmkirdə 25 meqavat gücündə su elektrik stansiyası fəaliyyətə başlayır. Yeni stansiyaların tikintisi də mümkündür və biz bu məsələlərə də baxacağıq. Biz burada bu obyektin enerji potensialını bəlkə də 45 meqavata çatdıra bilərik. Bu, əlbəttə ki, ekoloji cəhətdən ən təmiz, eyni zamanda, ən ucuz enerji növüdür. Bu, bizə imkan verəcək ki, neft-qaz resurslarımızı xarici bazarlara daha da böyük həcmdə ixrac edək.
Bax, Azərbaycan dövlətinin bu işlərə yanaşması bundan ibarətdir. Biz enerji, nəqliyyat təhlükəsizliyimizi təmin etmişik. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan üzərindən keçir. Böyük infrastruktur layihələrini icra etmişik.
Yeni dəniz ticarət limanı.Onun birinci hissəsi artıq fəaliyyətə başlamışdır. Yeni gəmilər alınır. Dəmir yoluna, hava nəqliyyatına böyük investisiyalar qoyulur. Yeni aeroportlar tikilir,ən müasir təyyarələr alınır, yeni marşrutlar açılır. Bakı-Tbilisi-Qars dəmir yolu.Bu da tarixi layihədir, artıq reallaşır, onun başa çatmasına az qalıb. Yəni, nəqliyyat infrastrukturu bundan ibarətdir.
Coğrafi vəziyyətimiz elədir ki, biz nəinki regionda, dünya miqyasında nəqliyyat mərkəzi olmalıyıq.Bu yaxınlarda Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması vəŞərq-Qərb qədim ipək yolunun bərpası üçün önəmli qərarlar verilmişdir. Bununla yanaşı, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyi bizim əsas məsələlərimizdir.Bu məsələlərin həlli, həmçinin regional əməkdaşlığa da böyük təkan verəcək.
Azərbaycan regional əməkdaşlıq məsələlərində lider rolunu oynayır. Burada nəqliyyat, energetika, təbii qaz layihələri əlbəttə ki, üstünlük təşkil edir və bütün bu məsələlər nəticədə regional təhlükəsizliyin möhkəmlənməsinə xidmət göstərir. Bir daha demək istəyirəm ki, Azərbaycanda bütün bu işlərə dövlət dəstəyi verilir. Bütün bu layihələr planlı şəkildə icra edilir. Şəmkirçay su anbarının, elektrik stansiyasının və su kanallarının tikintisi ilə bağlı hələ 2005-ci ildə mən Sərəncam imzalamışdım. Ondan sonra işlər başlanmışdır.Texniki-iqtisadi əsaslandırma hazırlanmışdır. Xarici podratçı kontraktorlar seçilmişdir və işlər başlamışdır.
Ancaq uzunmüddətli strategiyanı düzgün müəyyən etdikdə biz gözəl nəticələrə çata bilərik. Çünki bu nəhəng infrastruktur layihələri çox vaxt aparır. Ona görə 2005-ci ildə Sərəncam imzalandı, 2009-cu ildə işlər başladı, 2014-cü ildə isə biz artıq bu layihənin başa çatmasını qeyd edirik. Bu, yüzilliklər ərzində Azərbaycana xeyir gətirəcək, iqtisadi potensialımızı möhkəmləndirəcək. Əlbəttə ki, su kanallarının tikintisi bundan sonra da davam etdirilməlidir. Hazırda tikilən kanallar dediyim həcmdə yeni torpaq sahələrini əhatə edəcək. Ancaq yeni, gələcək planlar var və biz suvarılan torpaqların həcmini daha da artıra bilərik. Kanalların tikintisi nəticəsində təqribən iyirmi, bəlkə də otuz min hektar əlavə torpaq sahəsi suvarıla bilər. Bu layihə dörd rayonunsahəsini əhatə edir - Şəmkir, Göygöl, Samux, Goranboy. Bu rayonlarda kənd təsərrüfatının inkişafı əlbəttə ki, bu layihənin icrası nəticəsində daha da sürətlə gedəcək. Bir məqamı da qeyd etmək istəyirəm, eyni zamanda, bu layihədən insanlar da içməli su kimi istifadə edəcəklər. Şəmkir və Gəncə şəhərlərinə, o cümlədən Samux rayonunun bir neçə yaşayış məntəqəsinə içməli su veriləcək. Bu, təmiz içməli sudur, keyfiyyətlidir, təbiidir və bu layihədə böyük Şəmkirçay kompleksinin tərkib hissəsidir.
Suvarma, meliorasiya, kənd təsərrüfatı, sahibkarlıq, enerji təhlükəsizliyi, içməli su, yəni, insanların sağlamlığı və inkişaf. Bax, budur bir layihədə cəmləşən amillər.Bir daha onu demək istəyirəm ki, ancaq Azərbaycan dövlətinin güclü iradəsi, düşünülmüş siyasəti, planlı şəkildə apardığı siyasət nəticəsində bu layihələrin icrası mümkün olmuşdur. Dünyada maliyyə və iqtisadi böhran davam edir. İnvestisiya qoyuluşu böyük dərəcədə aşağı düşüb. Bəzi ölkələrdə maliyyə böhranı kəskinləşir. Neft-qaz ilə zəngin olan ölkələr də yəqin ki, neftin qiymətinin kəskin şəkildə düşməsindən narahatdırlar, bu da təbiidir.
Ancaq buna baxmayaraq, Azərbaycan böyük infrastruktur, investisiya layihələrini icra edir. Nə üçün? Çünki bizim xalqımıza, dövlətimizə lazımdır. Dövlətimiz daha da güclü olmalıdır. İqtisadiyyat daha da çoxşaxəli olmalıdır. Neft-qaz amilindən asılılıq daha da azalmalıdır. Biz bu layihələrin icrası ilə bir daha göstəririk ki, ancaq müstəqillik dövründə Azərbaycan sürətlə inkişaf edə bilər. İki yüz ilə yaxındır ki, Azərbaycan nefti dünyada tanınır. Hasilatın əvvəlində dünya üzrə neftin bəlkə də 70 faizi Azərbaycanın payına düşürdü. İkinci Dünya müharibəsi zamanı Azərbaycan nefti sovet enerji potensialının 70-80 faizini təşkil edirdi.
Ancaq Azərbaycan müstəqilliyə qovuşanda bizim vəziyyətimiz necə idi?! Neft sənayesi dağılmış vəziyyətdə idi. Köhnə yataqlarda iş getmirdi. Hər tərəf ekoloji fəlakətə bənzəyirdi. Bakının ətrafını yada salaq. Bibiheybət mədənləri bir ekoloji fəlakət idi. Qaraşəhər, Böyükşor gölü, digər Balaxanı mədənləri nə gündə idi?! Yəni, bizə, müstəqil dövlətə bu qaldı. Neftin hasilatı kəskin şəkildə aşağı düşmüşdü. Biz özümüzü təbii qazla təmin edə bilmirdik. Baxmayaraq ki, sovet vaxtında Azərbaycandan təbii qaz həm Ermənistana, həm Gürcüstana ötürülürdü, biz isə təbii qazı xaricdən almağa başlamışdıq. Bu idi müstəqilliyimizin əvvəlində müşahidə olunan mənzərə. Ona görə bir daha demək istəyirəm ki, biz buna ancaq müstəqillik dövründə nail ola bilmişik. Çünki bizim taleyimiz öz əlimizdədir.
Azərbaycan xalqı söz sahibidir. Azərbaycan xalqın iradəsi ilə idarə olunur. Azərbaycan dövləti lazım olan belə nəhəng layihələri xalqımız, dövlətimiz üçün icra edir və bundan sonra da edəcək. Çünki biz güclü dövlətik. Biz son illərdə iqtisadi və siyasi islahatlar nəticəsində dünya miqyasında böyük hörmət qazanmışıq. Davos İqtisadi Forumunun hesablamalarına görə biz rəqabətqabiliyyətlilik üzrə dünya miqyasında 38-ci yerdəyik. Biz beynəlxalq nüfuz qazanmışıq və iki il dünyanın ən mötəbər qurumu – BMT Təhlükəsizlik Şurasının üzvü kimi fəaliyyət göstərmişik və prinsipial ədalətə, beynəlxalq hüquqa söykənən mövqeyimizi orada ifadə etmişik. Budur müstəqilliyin nəticələri və Azərbaycan xalqı bunu görür, bilir, qiymətləndirir.
Biz xalq üçün, dövlətimizin möhkəmləndirilməsi üçün çalışırıq və bundan sonra da çalışacağıq. Əminəm ki, gələcəkdə belə böyük layihələrin sayı artacaq. Bizim böyük planlarımız var. Gələcəyə baxışlarımız çox nikbindir. Azərbaycanın inamlı, sürətli inkişafı davam edəcək və biz bütün məqsədlərə çatacağıq.
Mən bu gözəl gündə bu nəhəng infrastruktur obyektinin tikintisində iştirak etmiş bütün dostlara, yoldaşlara bir daha minnətdarlığımı bildirirəm. Bütün Azərbaycan xalqını Şəmkirçay su anbarı kompleksinin açılışı münasibətilə ürəkdən təbrik edirəm. Sağolun.
X X X
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd ƏHMƏDZADƏ dedi:
- Möhtərəm cənab Prezident.
Hörmətli tədbir iştirakçıları.
Bu gün, doğrudan da müstəqil Azərbaycanın tarixində yeni bir səhifə yazılır. Azərbaycanın coğrafiyasını çox gözəlləşdirəcək, dəyişdirəcək iki böyük obyekt bu güncənab Prezidentin iştirakı ilə istifadəyə verilir.
Cənab Prezidentin çıxışından sonra danışmaq çox çətindir. Çünki cənab Prezident bu məsələləri o qədər ətraflı şərh etdi ki, ondan sonra layihə və görülən işlər haqqında nə isə demək çətindir. Bu Şəmkirçay su anbarının tikilməsi ideyası ulu öndərimiz Heydər Əliyev tərəfindən irəli sürülmüşdür. Hələ o vaxt - 1981-ci ildə bunun texniki-iqtisadi əsaslandırılması yaranmışdır.
Uzun müddət - sovetlər dövründə də, sonrakı dövrdə də ölkənin imkanı olmadığı üçün bu tikintiyə başlamaq mümkün olmamışdır. Amma cənab Prezident bu layihənin həm müəllifi, həm də icra edilib başa çatdırılmasının təşkilatçısı oldu. Ona görə də bu layihəni bizdən daha yaxşı bilir. Biz ona layihə haqqında məlumat verəndə çox çətinlik çəkirik. Uzun müddət bu sahədə işləyən, təcrübəsi olan bir adam kimi, mən çətinlik çəkirəm. Çünki elə suallar verir ki, fikirləşirsən, yəqin cənab Prezident hidrotexnik təhsili alıb, ona görə də hidrotexnikanı bu dərəcədə bilir.
Bu kompleksin özülü qoyulandan bugünədək, layihənin müzakirəsindən tutmuş tikintinin başa çatmasınadək bütün işləri nəzarətdə saxlayıb və bu gün gəlib burada bu açılışı etməyi, işçilərin əməyini yüksək qiymətləndirməyi bizi çox fərəhləndirir. Cənab Prezident, biz hamımız Sizə minnətdarıq ki, Siz Azərbaycan xalqı üçün bu qədər böyük miqyaslı işlər görürsünüz. Sözün açığı, Taxtakörpü su anbarı, Samur-Abşeron suvarma sistemininyenidən qurulması layihələri həyata keçiriləndən sonra fikirləşmirdim ki, bunlarla paralel ikinci böyük tikintiyə başlamaq olar. Bu tikintiyə ancaq güclü dövlətin gücü çata bilər, bunu ancaq cəsarətli və güclü rəhbərin iradəsi edə bilər. Biz Sizə minnətdarıq, cənab Prezident.
Bütün sahələrdə olduğu kimi, cənab Prezident, burada da təxminən on il əvvəl Sizin söylədiyiniz bir fikir bizim üçün örnək olub. Biz o fikri yadınıza salırıq. Siz o vaxt bir layihənin müzakirəsi zamanı dediniz ki, bizim əvvəllər tikmək imkanımız yox idi, amma indi imkanımız var, tikməməyə və pis tikməyə ixtiyarımız yoxdur. Biz həmin devizi həmişə yadda saxlamağa çalışmışıq və çalışırıq ki, tikək, Sizin tapşırıqları vaxtında yerinə yetirək, özü də keyfiyyətlə yerinə yetirək. Siz doğrudan da, Azərbaycan üçün möcüzələr yaradırsınız. Biz çalışmışıq ki, Siz bu günbelə birtikintiyə baxasınız, sevinəsiniz. Biz ona çalışmışıq, bilmirəm nə dərəcədə nail olmuşuq, amma verdiyiniz qiymətə görə bir daha Sizə minnətdarıq.
Təkcə bu sahə deyil, başqa sahələrdə də çoxlu meliorasiya tədbirləri görülür - istər taxılçılıq təsərrüfatlarının yaradılması, istər köhnə hidrotexniki qurğuların bərpa olunması sahəsində. Mən burada bir sirri deyim ki, qoyAzərbaycan xalqı bilsin. 2013-cü ildə mən cənab Prezidentdən xahiş etdim ki, əgər icazə versəniz, əlli kənddə quyu qazarıq. Soruşdu ki, nə üçün yüz yox, əlli? Dedim ki, Siz icazə versəniz sayını artırarıq. Cənab Prezident 50 əvəzinə 107 quyu qazmağı tapşırdı. Biz bu tapşırığı 2013-cü ildə yerinə yetirdik. Bu ilin yanvarında yenə söhbətimiz olanda daha yüz quyunun qazılmasına icazə verilməsini xahiş etdim.
Cənab Prezident dedi ki, niyə yüz, niyə iki yüz əlli yox? İki yüz əlli quyunun qazılmasına Sərəncam verdi. Mən, cənab Prezident, Sizə məruzə edirəm ki, həmin 250 quyu dekabr ayında tam qazılıb istifadəyə veriləcək. İki yüz əlli quyu iki yüz əlli kəndin, yaşayış məntəqəsinin sevincidir. Bu, Azərbaycanın bütün bölgələrini, rayonlarını əhatə edən bir layihədir. Biz ona görə də Sizə çox minnətdarıq.
Sizin tapşırığınızla biz böyükmeliorasiya tədbirləribarədə plan hazırlayıb Nazirlər Kabinetinə təqdim etmişik. Tapşırığınız ondan ibarətdir ki, Azərbaycanda kənd təsərrüfatının intensiv və ekstensiv üsulla inkişafı təmin edilsin, Azərbaycan iqtisadiyyatının inkişafı təmin olunsun. Bu da həm mövcud meliorasiya potensialından istifadə olunmasını, həm də ekstensiv inkişaf yolu ilə yeni sahələrin artırılması məsələsini əhatə edir. Biz layihəni hazırlayıb Nazirlər Kabinetinə təqdim etmişik. Amma işin həcmi çox böyükdür. Layihəni təqdim edəndən sonra biz özümüz də fikirləşirik ki, işin həcmi böyükdür.Amma bir məsələni qeyd edim ki, on biril bundan qabaq Ulu Öndərimiz xalqımıza müraciətində demişdir: Mən İlham Əliyevə özümə inandığım qədər inanıram. O inam artıq on birildir tam sübuta yetirilib. Siz o inamla Azərbaycan xalqının özünə inamını, özünə güvənməsini artırdınız. Xalqımız əldə olunmuş uğurlara görə Sizə minnətdarlığını bildirir.
Biz bu böyük dünyada yaşayırıq. Bu dünyada böyüklü-kiçikli dövlətlər çoxdur. Onların əksəriyyətinin rəhbərlərinin reytinqi seçiləndən bəri iki dəfə aşağıdüşüb. Amma mən xalqın qarşısında deyirəm ki, Sizin reytinqiniz yüzə-yüz artıb. Görülən bu işlərə görə xalq Sizi sevir. Biz də o inamla o layihəni təqdim etmişikki, gələcəkdə Siz bunları bizə tapşıracaqsınız və biz də onları dövlətimizin dəstəyi ilə həyata keçirəcəyik.
Biz Sizə minnətdarıq. Melioratorlarımız, inşaatçılarımız Sizin rəhbərliyiniz altında işləməkdən çox zövq alırlar. Sizin tapşırıqlarınızı yerinəyetirmək üçün həmişə hazırıq.
Diqqətinizə görə sağ olun!
X X X
“Vətən-Az” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru, fermer Azər ƏMİRASLANOV dedi:
- Möhtərəm cənab Prezident.
Hörmətli mərasim iştirakçıları.
Bu gün biz ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən böyük bir hadisənin şahidi olduq. Siz bu gün Azərbaycanımızın növbəti bir tarixi nailiyyətinə imza atdınız. Nəhəng Şəmkirçay su anbarını, su elektrik stansiyasını, magistral su kanalını istifadəyə verdiniz. Bu layihənin reallığa çevrilməsi Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə və inkişaf etdirilməsinə, ölkədə ərzaq bolluğunun yaradılmasına fundamental yanaşmanın bir nümunəsidir. Gələcək fəaliyyətimizə ciddi təkan verəcək bu layihəyə görə Sizə bütün sahibkarlarımızın, fermerlərimizin adından minnətdarlığımızı bildiririk. Həyata keçirdiyiniz mühüm tədbirlər nəticəsində iqtisadiyyatımızda qeyri-neft sektorunun xüsusi çəkisi ildən-ilə artmaqdadır. Bu sahəyə böyük sərmayələr qoyulur, konkret proqramlar icra olunur. Son zamanlar istifadəyə verilən və tikintisi davam etdirilən dəryaçalar, su anbarları və həyata keçirilən digər infrastruktur layihələri bundan sonra da yüz illərlə xalqımıza, dövlətimizə xidmət göstərəcək,onları gələcəkdə yarana biləcək problemlərdən qoruyacaqdır. Hamıya məlumdur ki, vacib infrastruktur yaratmadan kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyildir.
Şəmkirçay su anbarı kompleksinin istifadəyə verilməsi bölgəmizin kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar yaradacaqdır. Fermerlərimiz, sahibkarlarımız suvarılan torpaqları əkəcəklər, becərəcəklər, yeni emal müəssisələri yaradacaqlar və ölkəmizdə ərzaq təhlükəsizliyinin tam təmin olunmasına öz töhfələrini verəcəklər. Bu il təbiət sözün həqiqi mənasında insanlarımızı, xüsusən də kənd təsərrüfatı məhsulları istehsalçılarını sınağa çəkdi. Suvarma suyunun çatışmaması məhsuldarlığın azalmasına, bəzi hallarda əkinlərin məhv olmasına, çəkilən əziyyətin hədər getməsinə səbəb oldu. Bu, bir daha göstərir ki, ölkəmizin su təhlükəsizliyinin təmin edilməsi, su ehtiyatlarından səmərəli istifadə, yeni kanalların inşası, su anbarlarının yaradılması strateji əhəmiyyətli bir məsələdir.
Cənab Prezident, əmin ola bilərsiniz ki, bu şəraitdən istifadə edərək insanlarımız daha çox çalışacaqlar. Heç şübhə yoxdur ki, susuzluqdan istifadəsiz qalan və ərazisi 10 min hektarlarla ölçülən boş torpaq sahələrini zəmilər, bostanlar, meyvə bağları əvəz edəcəkdir. Bu layihələr ölkədə məhsul bolluğunun yaradılmasına, əhalinin ekoloji cəhətdən təmiz ərzaq məhsullarına tələbatının ödənilməsinə, insanların həyat şəraitinin, maddi rifah halının daha da yaxşılaşmasına, məhsullarımızın xarici ölkələrə ixracının genişlənməsinə səbəb olacaqdır. Eyni zamanda, bu su anbarı bölgənin içməli suya olan tələbatını da ödəyəcəkdir. Mən bir sahibkar kimi kənd təsərrüfatının inkişafı ilə bağlı dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri də izləyirəm. Son 10 ildə rayonumuzda kənd təsərrüfatı sahəsində güzəştli kredit almış sahibkarların sayı çoxalmış, əldə edilən gəlirlər dəfələrlə artmışdır. Kənd təsərrüfatı məhsulları istehsalçılarının vergidən azad edilməsi, onlara dövlət tərəfindən subsidiyaların verilməsi və bu cür infrastruktur layihələrinin həyata keçirilməsini görən xarici biznes tərəfdaşlarımız belə bizə həsəd aparırlar.
Mənim 4 hektar istilikxanam və 10 hektar çiyələk tarlam var. İldə 120 ton xiyar, 150 ton pomidor, 200 ton çiyələk istehsal edirəm. Müəssisəmdə 115 nəfər rayon sakini daimi işlə təmin olunub. Şəmkirçay su anbarı kompleksinin işə düşməsi mənə əlavə imkan verəcəkdir ki, öz fəaliyyətimi əsaslı surətdə genişləndirim. Bu da əlavə iş yeri və əlavə gəlir deməkdir. Ümumiyyətlə, ölkəmizdə gedən yüksək inkişaf prosesləri Şəmkirin də simasını tamamilə dəyişmişdir. Rayonumuz gündən-günə gözəlləşir, abad bir diyara çevrilir. Bütün bölgələrimizdə olduğu kimi, ümumi sosial-iqtisadi inkişaf nəticəsində rayonumuzda da varlı insanlarımızın sayı 10 dəfələrlə artmışdır. Bizi yaşadan da, varlandıran da elə torpaqdır. Torpağı əkib-becərmək üçün bizə lazım olan bütün şəraiti Siz yaradırsınız.
Möhtərəm cənab Prezident, çıxışımın sonunda bölgə sahibkarları adından Sizi əmin etmək istəyirəm ki, bizə yaratdığınız bu şəraitdən səmərəli istifadə edəcəyik, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsinə öz töhfəmizi verəcəyik. Vətənimizin iqtisadi baxımdan daha da güclü olması naminə fədakarlıqla çalışacağıq. Çox sağ olun, cənab Prezident.
X X X
Sonda xatirə şəkli çəkdirildi.