Budapeştdə Azərbaycan-Macarıstan biznes forumu keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban biznes forumda iştirak ediblər.
Forumun aparıcısı, Macarıstanın xarici işlər və ticarət naziri Peter SİYARTO ölkəmiz, onun yerləşdiyi coğrafi region barədə tədbir iştirakçılarına məlumat verdi, son illərdə Azərbaycanda həyata keçirilən iqtisadi inkişaf proseslərindən danışdı. O, son on ildə iqtisadi sahədə ölkəmizdə əldə olunan artım tempinin davam etdiyini və bunun da bir çox sahələrin inkişafına ciddi təkan verdiyini vurğuladı. Son illərdə Azərbaycan ilə Macarıstan arasında uğurlu siyasi-iqtisadi əməkdaşlığın yarandığını bildirən xarici işlər və ticarət naziri bu biznes forumun əhəmiyyətini vurğuladı, onun ikitərəfli əməkdaşlığa mühüm töhfə verəcəyini bildirdi.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev biznes forumda çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
- Hörmətli cənab Baş nazir.
Hörmətli nazir, əziz dostlar.
İlk növbədə, cənab Baş nazir, mənə göstərdiyiniz yüksək qonaqpərvərliyə görə bu auditoriyada da Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Sizin gözəl ölkənizdə olmağımdan çox məmnunam. Biz dünən axşamdan başlayaraq bu günə qədər Sizinlə birlikdəyik və çox səmimi danışıqlar aparmışıq. Əminəm ki, bu danışıqların çox gözəl nəticələri olacaq. Beləliklə, Macarıstan-Azərbaycan əməkdaşlığı, dostluğu uğurla davam edəcəkdir.
Cənab nazirin çıxışında qeyd olundu ki, bu gün bizim aramızda strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Bu, tarixi bir sənəddir. İlk növbədə ona görə ki, Macarıstan-Azərbaycan əlaqələrinin gələcəyini müəyyən edir. Demək olar ki, bütün sahələr o Bəyannamədə əksini tapıb. Biz haqlı olaraq bir-birimizi strateji tərəfdaş adlandırırıq. Eyni zamanda, həmin sənədin mahiyyəti ondan ibarətdir ki, Avropa İttifaqının üzvü olan Macarıstan bu Bəyannaməni Azərbaycan ilə qəbul edib. Beləliklə, gələcəkdə mümkün olan Avropa İttifaqı-Azərbaycan əlaqələrini tənzimləyən sənəd üçün gözəl əsas vardır.
Mən bir məqamı xüsusi qeyd etmək istəyirəm. Çünki hər iki ölkənin biznes qurumlarının burada əyləşən nümayəndələri yaxşı bilirlər ki, biznes imkanlarının genişləndirilməsi və biznes qurumlarının rahatlığı üçün mütləq iki ölkə arasında çox səmimi münasibətlər olmalıdır. Biznes nümayəndələri özlərini məhz dost ölkələrdə rahat hiss edirlər, onların işi daha da uğurlu olur.
Bizim ikitərəfli əlaqələrimiz ən yüksək səviyyədədir. Bundan əvvəlki dövrlərdə hörmətli cənab Baş nazirlə bizim çoxsaylı görüşlərimiz olub. O, Azərbaycana iki dəfə səfər edib. Mən isə üçüncü dəfədir ki, Macarıstandayam. Biz qısa müddət ərzində sözün əsl mənasında, strateji tərəfdaşlıq münasibətlərini qurduq. Bu gün bu münasibətlər yeni mərhələyə qədəm qoyur. Beləliklə, siyasi əlaqələr sizin üçün - bu salonda əyləşənlər üçün gözəl imkanlar yaradır. Siz bu imkanlardan çox səmərəli istifadə etməlisiniz. Mən çox istəyirəm ki, Azərbaycanda Macarıstan şirkətlərinin sayı çoxalsın. Buna nail olmaq üçün son illər ərzində bir çox tədbirlər görülüb. Ticarət dövriyyəmiz qısa müddət ərzində böyük dərəcədə artıb. Artım üçün yeni imkanlar var.
Biznes forumu çərçivəsində imzalanan sazişlər də konkret xarakter daşıyır və onlar müxtəlif sahələri əhatə edir. Beləliklə, gələcəkdə Macarıstan şirkətlərinin Azərbaycandakı fəaliyyəti daha da təsirli olacaqdır. Biz istəyirik ki, bütün layihələrimizdə Macarıstan şirkətləri iştirak etsin. Layihələr isə çoxdur. Azərbaycanda çox böyük işlər görülür, investisiya qoyuluşu təmin edilir. Təkcə keçən il ölkə iqtisadiyyatına 28 milyard dollar sərmayə qoyulub. Onların 70 faizi daxili investisiyalardır. Daxili investisiyaların böyük əksəriyyəti dövlət xətti ilə qoyulan sərmayədir. Bu sərmayə infrastruktur layihələrinə - inşaat, nəqliyyat, kənd təsərrüfatı sektorlarına qoyulur. Macarıstan şirkətlərinin bu sahələrdə çox böyük təcrübəsi, dünya miqyasında çox gözəl nüfuzu vardır. Odur ki, mən gələcəkdə bizim biznes qurumlarının arasında əməkdaşlığı belə görürəm. Macarıstan şirkətləri həm investisiya qoyuluşu üçün, - hər iki tərəf buna maraqlı olmalıdır və hər iki tərəfdə belə niyyət var, - eyni zamanda, podratçı, yəni, kontraktor kimi Azərbaycana dəvət olunurlar.
Artıq bir neçə dəfə biznes forum keçirilib. Ancaq ilk dəfədir ki, ölkə rəhbərləri bu tədbirdə iştirak edirlər. Yəni, biz bu iştirakla əslində öz marağımızı və siyasətimizi ortaya qoyuruq. Biz istəyirik ki, gözəl siyasi əlaqələrimiz möhkəm iqtisadi əlaqələrlə də tamamlansın. Buna nail olmaq üçün bütün imkanlar var. Macar şirkətləri hansı sahələrdə daha da uğurla fəaliyyət göstərə bilər? Hesab edirəm ki, energetika sahəsində. Çünki gələcəkdə bu sahədə bizim aramızda çox sıx əməkdaşlıq olacaq. Azərbaycanın icra etdiyi “Cənub” qaz dəhlizi layihəsi həm bizim region, həm də Avropa üçün böyük imkanlar açır. Yeni kontraktlar icra ediləcək, inşaat sahəsində böyük işlər görüləcək. Bu layihə çərçivəsində ən azı 45 milyard dollar investisiya qoyuluşu gözlənilir. Macarıstan şirkətləri əlbəttə ki, bu layihələrdə iştirak etməlidirlər. Nəqliyyat sektorunda böyük imkanlar vardır.
Mən bilirəm ki, Macarıstan şirkətləri Azərbaycanda nəqliyyat infrastrukturunda işlər görəcəklər. Biz nəinki regionumuz üçün, qitələr üçün böyük əhəmiyyətə malik olan dəmir yolu layihəsini gələn il tamamlayacağıq. Bu dəmir yolu Asiyanı Avropa ilə birləşdirir. Bildiyiniz kimi, Azərbaycan Asiya ilə Avropa arasında olan ölkədir. Bu dəmir yolu əslində yük daşımalarının böyük dərəcədə artırılmasına xidmət göstərəcəkdir. Bakıda - Xəzər dənizinin sahilində yeni böyük ticarət limanı tikilibdir ki, onun yükaşırma qabiliyyəti tam işə başlayandan sonra 25 milyon ton olacaqdır. Yəni, nəqliyyatda böyük imkanlar yaranır.
Energetika, kənd təsərrüfatı sahələrində Macarıstanın çox böyük təcrübəsi var. Biz də kənd təsərrüfatının inkişafına böyük önəm veririk. Çoxsaylı subsidiyalar verilir ki, biz özümüzü kənd təsərrüfatı məhsulları ilə tam şəkildə - 100 faiz təmin edək, daha idxaldan asılı olmayaq. Bu sahədə də artıq əməkdaşlıq edilir. Bunun gözəl nəticələri vardır.
Bu gün imzalanan sazişlər arasında informasiya-kommunikasiya sahəsini xüsusilə qeyd etmək istəyirəm. Azərbaycan bu sahəyə də investisiyalar qoyur. Artıq birinci Azərbaycan telekommunikasiya peyki - “Azərspace-1” orbitə çıxarılıbdır. Biz ikinci və üçüncü peyklərin orbitə buraxılması ilə bağlı işlər aparırıq, bu sahədə də imkanlar var. Yəni, bunlar perspektivli sahələrdir. Bu sahələrdəki infrastruktur layihələrinin icrasında Macarıstan şirkətləri çox fəal iştirak edə bilərlər. Bilirəm ki, su təsərrüfatının təkmilləşdirilməsi üçün indi Macarıstan şirkətləri Azərbaycanda bizimlə əməkdaşlıq edəcəklər. Həmçinin digər sahələrdə - kənd yollarının, magistral yolların, dəmir yollarının tikintisində də. Bütün bu sahələr bu gün Azərbaycanın qısamüddətli inkişaf proqramında öz əksini tapıb. Sadəcə olaraq bu layihələrə qoşulmaq lazımdır. Bir daha demək istəyirəm, çıxışımın əvvəlində səsləndirdiyim kimi, bu gün bizim aramızda olan əlaqələr o qədər yüksək səviyyədədir ki, həm Azərbaycan, həm Macarıstan investorları, şirkətlər özlərini rahat hiss edəcəklər. Buna zəmanət verən iki ölkənin rəhbərləridir ki, bu gün sizin yanınızdadırlar.
O ki qaldı Azərbaycanın ümumi inkişafına deyə bilərəm ki, bu inkişaf çox dinamikdir. Son illər ərzində böyük iqtisadi inkişafa nail olunub. İqtisadi vəziyyət sabitdir. Dünyada hələ davam edən iqtisadi və maliyyə böhranı demək olar ki, Azərbaycana böyük təsir etməmişdir. Biz hətta böhranlı illərdə iqtisadi artıma nail ola bilmişik. Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görübdür. Bu da aparılan islahatların nəticəsidir. Yəni, bu gün Azərbaycan iqtisadiyyatı hələ ki, neft-qaz amilindən asılı olsa da, bu asılılıq o qədər də böyük deyil. Bizim ümumi daxili məhsulda neft-qaz sektorunun çəkisi təxminən 45 faizdir, bəlkə, ondan da azdır.
Bizim istəyimiz iqtisadiyyatı şaxələndirməkdir. Buna nail olmaq üçün dövlət infrastruktur layihələrinə investisiyalar qoyur, sənaye müəssisələrinin yaradılmasına dəstək verir, özəl sektora güzəştli şərtlərlə kreditlər ayırır, xarici investorları və firmaları cəlb edir ki, onlar öz təcrübələrini bizimlə bölüşsünlər. Azərbaycanın dinamik inkişafı ölkədə biznes dairələri üçün gözəl imkanlar yaradır. Çünki bizim gələcək iqtisadi inkişafımız da müsbət olacaqdır.
Azərbaycanda işsizlik demək olar ki, tamamilə aradan qaldırılır, təxminən 5 faiz səviyyəsindədir. Siyasi sabitlik mövcuddur. Siyasi sabitlik olmadan heç bir inkişafdan söhbət gedə bilməz. İndi çətinliklər çəkən ölkələrdə, siyasi böhranlar yaşanır. İnvestorlar o ölkələrdə heç vaxt investisiya qoymazlar. Bu gün heç bir ölkə investisiyasız inkişaf edə bilməz. İndi investisiyalar uğrunda rəqabət aparılır, mübarizə gedir. Ona görə bu sahədə Azərbaycan üçün gözəl imkanlar var. Dövlətin və hökumətin düşünülmüş strategiyası var. Biz dinamik inkişafımızı bundan sonra da davam etdirməliyik və neftdən, qazdan asılılıq minimum səviyyəyə düşməlidir. Buna nail olmaq o qədər də asan deyil. Çünki icrası nəzərdə tutulan “Cənub” qaz dəhlizi Azərbaycanın neft-qaz potensialını gələcəkdə daha da artıracaq. Beləliklə, qeyri-neft sektoru gərək daim çalışsın ki, neft sektorunu üstələsin.
Macarıstanda gözəl investisiya imkanları var. Bizim şirkətlər və dövlət qurumları bunu araşdırırlar. Əminəm ki, birgə səylərlə, hökumətlərarası komissiyanın bilavasitə iştirakı və tövsiyəsi ilə investisiya layihələri də icra ediləcək. Beləliklə, biz daha da möhkəm əməkdaşlıq çərçivələri müəyyən edəcəyik. Siyasi əlaqələr yüksək səviyyədə olduğu üçün iqtisadi sahədə də mütləq daha böyük inkişaf olmalıdır. Mən əminəm ki, biz buna nail olacağıq.
Çıxışımın sonunda Macarıstana və macar xalqına Azərbaycan xalqı adından bir daha dərin hörmətimi bildirmək istəyirəm. Biz Macarıstanda gedən prosesləri maraqla izləyirik. Sizin təcrübəniz bir daha onu göstərir ki, harada hökumət milli maraqları müdafiə edir, xalq da o hökuməti müdafiə edir. Macarıstan bu gün bu regionda müstəqillik simvoludur. Bilin ki, dünyanın müxtəlif yerlərində sizin fəaliyyətiniz izlənilir, sizə baxırlar və sizin uğurunuza sizin dostlarınız sevinir, o cümlədən biz Azərbaycan da. Son parlament seçkilərində böyük qələbə qazanmış mənim dostum cənab Baş nazir Viktor Orban ölkəni inamla idarə edir və ona verilən səslər milli maraqlara verilən səslərdir. İndiki zəmanədə, xüsusilə bəzi beynəlxalq qurumlar çərçivəsində müstəqil siyasət aparmaq o qədər də asan məsələ deyil. Ancaq xalq hər şeyi görür və görülən işlərə qiymət verir. Biz buna sevinirik. Bu, onu deməyə əsas verir ki, sizin gələcəyiniz çox uğurlu, parlaq olacaq. Biz də sizin dostlarınız olaraq buna baxıb sevinəcəyik.
Mənə və Azərbaycandan gələn bütün qonaqlara göstərdiyiniz qonaqpərvərliyə görə sizə bir daha minnətdaram, sizin hamınızı Azərbaycana dəvət edirəm. Sağ olun.
X X X
Sonra Macarıstanın Baş naziri Viktor Orban biznes forumda çıxış etdi.
Baş nazir Viktor Orbanın çıxışı
- Xanımlar və cənablar.
Möhtərəm cənab Prezident, mənim üçün və bizim hər birimiz üçün böyük şərəfdir ki, Sizi bu gün Macarıstanda salamlayırıq. Macarıstanda belə bir atalar sözü var: “Bir kəs ki, meşədə ağacı görmürsə, o, kordur”. Həqiqətən də cənab Prezidentin çıxışı onu nümayiş etdirdi ki, uzaqdan baxanda hər şey aydın görünür. Cənab Prezident tərəfindən proseslər olduqca aydın təsvir edildi. Həqiqətən də çox sadə və açıq şəkildə ifadə etdi ki, gələcək suveren dövlətlərindir. Bəzi ölkələr bu gün çətinliklər yaşayır, öz milli maraqlarını aydın şəkildə vurğulaya, milli təsisatları qura bilmir, bununla da dost və tərəfdaş ölkələrdən məhrum olurlar. Digər ölkələrdən yardım istəyən ölkələr də var. Xanımlar və cənablar, bu ölkələrin gələcəyi yoxdur. Bütün bəşəriyyət bu gün çox çətin və mürəkkəb dövr yaşayır. Münaqişə regionlarına diqqət yetirsəniz, bu gün bunları hesablamaq üçün əlimizdəki barmaqlar çatmaz. Bu gün xəbərlərə baxanda görürük ki, dünyanın müxtəlif yerlərində insanlar əzab-əziyyət, iztirab içindədirlər. Çünki bəzi dövlətlərdə səriştəli rəhbərlik yoxdur.
Xanımlar və cənablar, uzun müddət belə bir düşüncə var idi ki, gələcək beynəlxalq təsisatlarla bağlıdır. Təbii ki, burada müəyyən həqiqət vardır. Məsələn, Avropa İttifaqı, Avropa Komissiyası, Avropa Şurası vacib təsisatlardır. Təbii ki, xoş zamanlarda bu təsisatlar müasir avtomaşınlara bənzəyirlər. Yəni, sürücünün müdaxiləsi olmadan da öz məntəqələrinə vara bilirlər. Amma iqtisadi tənəzzülün və çağırışların olduğu bir vaxtda biz görürük ki, həmin o müasir avtomaşınlara artıq səriştəli sürücülər lazımdır və həmin müasir avtomaşınlar müasir dövlətlərdir. Bu dövlətlərə uzaqgörən və səriştəli rəhbərlər lazımdır. Təbii ki, müxtəlif idarəçilik formaları var. Amma burada əsas məsələ, mahiyyət bənzərlikdən ibarətdir. Günün sonunda konkret strategiya lazımdır və həmin ölkələr də uzaqgörən siyasətçilər vasitəsilə o strategiyaya uyğun irəli aparılmalıdır. Mən azərbaycanlı dostlarımıza hər zaman deyirəm ki, tənəzzül nəticəsində ən böyük əziyyət çəkən Macarıstan oldu. Çox adam Yunanıstan haqqında danışır. Amma xatırladıram ki, 2008-ci ildə iqtisadiyyatı tənəzzülə uğrayan ən birinci ölkə biz olmuşuq. Biz 2008-ci ildən başlayaraq yeni mərhələyə qədəm qoymuşuq. Bu gün onu vurğulaya bilərik ki, biz iqtisadi artım baxımından Avropa İttifaqında ikinci yerdə qərarlaşmışıq. Təbii ki, siyasi rəhbərlik, xalqın dəstəyi, sabit siyasi mühit olmasaydı, bu, mümkün olmazdı. Mən hər zaman xalqıma minnətdaram ki, 2008-ci ildən dörd il keçəndən sonra, 2012-ci ildə artıq bizim gözəl iqtisadi perspektivlərimiz vardır.
Azərbaycan-Macarıstan biznes əlaqələrindən danışanda ancaq oxşarlıqlar nəzərə çarpır. Hər iki ölkə əməkdaşlığı davam etdirməkdə qərarlıdır. Bizim birgə dəyərlərimiz var və biz onları müəyyən edərək mütərəqqi siyasətimizi aparırıq. Bizim oxşar cəhətlərimizdən biri də odur ki, ənənəvi dəyərlərə böyük önəm veririk. Artıq Avropada belə bir təsəvvür var ki, hər bir məsələ ilə bağlı tənqid etmək olar, hər şeyə istehza ilə yanaşmaq olar. Amma mən bu yanaşma ilə razı deyiləm. Biz hər bir məsələni zarafata çevirməməliyik. Ailə, xalq və millət zarafat mövzusu deyil. Qürur çox vacib elementdir. Ona görə də hər bir millətə və xalqa layiq olduğu hörmət, ehtiram göstərilməlidir. Bu, bizim prioritet istiqamətimizdir və bu baxımdan da bu gün biz bu salonda belə bir ölkənin dövlət başçısını salamlayırıq. Əmin edə bilərəm ki, cənab Prezident, biz bu regionda da məhz bu siyasəti yeridirik.
Xanımlar və cənablar, iqtisadi nailiyyətlər baxımından bənzərliklərdən danışmaq bir az mübaliğə olardı. Çünki burada bir balaca öyünməyə imkan yoxdur. Azərbaycan bu sahədə standartları olduqca yüksək səviyyəyə qaldırmışdır. Bildiyimə görə, 2010-cu ildən bəri Azərbaycanın ümumi daxili məhsulu 17 faiz artıb. Məndə olan rəqəmlərə görə, son illərdə də 5-7 faiz artım olub. Macarıstanda isə artım 3 faiz təşkil edib. Bu, Avropa məkanında olduqca yüksək göstəricidir, biz də bundan fərəhlənirik.
Xanımlar və cənablar, biz Azərbaycan ilə əməkdaşlığımızın nəticələrini böyük məmnuniyyətlə, böyük diqqətlə müşahidə edirik. Azərbaycanın öz enerji resurslarından istifadə edərək digər sahələrdə inkişafın təmin olunmasında böyük nailiyyətləri var. Bu da bizim üçün geniş imkanlar açıb. Zəngin enerji ehtiyatları olan Azərbaycan müasir dövlət və iqtisadiyyat yaradır ki, bu da investorlar üçün çox cəlbedicidir.
Xanımlar və cənablar, gələcəklə bağlı bəzi fikirlərimi bölüşmək istərdim. Faktlar bəllidir, proqnoz verilir ki, növbəti bir neçə il ərzində Avropa iqtisadiyyatı və onun özəyi olan avrozona olduqca inkişaf edən bir məkana çevriləcək. Təəssüflər ki, bu, belə deyil, belə nikbin proqnozların əsası yoxdur. Azərbaycanın templərinə baxsaq, Avropa İttifaqı olduqca ləng inkişaf edəcək. Təbii ki, avrozona layihəsi bu gün tənəzzülə uğrayıb. Biz avrozonanın üzvü olmasaq da, bu layihələrin irəliləməsində, avrozonanın inkişafında maraqlıyıq. Çünki bizim məhsullar əsasən Avropa ölkələrinə ixrac olunur.
Xanımlar və cənablar, bu gün əziyyət çəkən Avropa regionlarını müqayisə etsək, iqtisadi lokomotiv məhz Mərkəzi Avropa olacaq. Mən burada heç də Macarıstanı deyil, bütün regionu qeyd etmək istəyirəm. Çünki Avropanın gələcək iqtisadi inkişaf xəritəsinə baxsanız görəcəksiniz ki, Polşa, Çexiya, Slovakiya və Macarıstan burada aparıcı rol oynayacaqdır. Uzun müddət ərzində Macarıstan bu siyahıya daxil edilmirdi. Amma bu, artıq keçmişdir. Bu ildən sonra Macarıstan bu siyahıda aparıcı mövqelərdə yerləşəcək və biz inkişafa öz töhfəmizi vermiş olacağıq. Bizim sabit iqtisadi, maliyyə, bank, büdcə sistemimiz var və ixracımız artmaqdadır. Bizdən tələb olunan odur ki, ölkəmizi sabit körpüyə çevirək. Yəni, qeyri-Avropa İttifaqı ölkələrinin işgüzar dairələri bizim ölkə vasitəsilə Avropa ilə əməkdaşlıq etsinlər. Azərbaycanlı iş adamları da Macarıstanı məhz potensial körpü kimi nəzərdən keçirməlidirlər. Buna mühüm töhfə verən odur ki, biz Macarıstanın tarixində ən böyük iqtisadi inkişaf proqramını icra etməyə başlayacağıq və bununla da ölkəmizin hüdudlarından kənarda da daha mühüm rol oynayacağıq. Bizim münbit iqtisadi artımımız var. Amma burada rəqəmlər təbii ki, artmalıdır. İllər öncə mən Bakıda oldum. Təsəvvür edin, Rumıniyada olanda bu ölkənin Prezidenti israr etdi ki, sən mütləq Azərbaycana getməlisən. Allahın izni ilə və bir növ təsadüf nəticəsində mən Azərbaycana səfərə gəldim, enerji layihəsinin müzakirəsinə qatıldım. Cənab Prezident İlham Əliyev ilə tanışlığım o zamandan başladı və həmin gündən bizim dostluğumuz, əməkdaşlığımız uğurla inkişaf edir.
Cənab Prezident bir sıra nümunələri qeyd etdi, icazənizlə, bir neçə sahəni də mən qeyd edim. Biz bu gün belə bir saziş imzaladıq ki, 200 nəfər azərbaycanlı tələbə təqaüd proqramı üzrə Macarıstanda təhsil alacaq. Biz bunu danışıqlarımızda müzakirə etdik. Mətbuatda bəyanatımızda da enerji sahəsi cənab Prezident tərəfindən vurğulandı. Bizim MOL adlı dövlət neft şirkətimiz var. Bu şirkət artıq Azərbaycanda fəaliyyət göstərir və əməkdaşlığı genişləndirmək üçün yeni imkanları araşdıracağıq. Burada bizim birgə baxışımız ondan ibarətdir ki, Azərbaycanın təbii qazı Mərkəzi Avropaya nəql edilməlidir. Bu, o qədər də asan məsələ deyil. Bildiyiniz kimi, “Nabucco” uğursuzluğa düçar olub. Bu gün “Cənub” qaz dəhlizinin inşası, - təbii ki, bu marşrut bir qədər Cənubi Avropa istiqamətində inşa olunacaq, - bizim üçün mühüm əhəmiyyət kəsb edir ki, biz Xorvatiya ilə də müvafiq razılaşma əldə edək, eləcə də Xorvatiya ilə Macarıstanın sistemlərini birləşdirə və bu layihə nəticəsində Azərbaycan qazını Avropaya gətirə bilək. Çünki Rusiya qazından savayı, bu, bizim ikinci alternativ yolumuz olacaq. Biz rəqabətli enerji qiymətlərindən danışırıqsa, burada əlavə şaxələndirməyə ehtiyac var. Bu gün Macarıstan Avropa İttifaqına səslənir ki, bizim tərəfdaşlarımız artıq qərar verdikləri layihələrlə bağlı işləri sürətləndirsinlər və yeni fürsətlər üçün qapılar açsınlar.
Biz bu gün tez-tez eşidirik: Macarıstan elə bir tələbədir ki, professorlardan da yaxşı nəticə göstərir. Biz müxtəlif sahələrdən, mənbələrdən enerji əldə etsək, digər tərəflərlə bölüşə bilərik. Amma təəssüflər olsun ki, bəzi hallarda biz müəyyən təcridlərlə üzləşirik və qarşımızda müəyyən məhdudiyyətlər qoyulur.
Xanımlar və cənablar, iqtisadi və ikitərəfli əməkdaşlıq baxımından da görüləcək işlərimiz çoxdur. Kənd təsərrüfatı sahəsini qeyd etmək istərdim. Səhiyyə də bizim üçün çox maraqlı sahədir. Mən belə başa düşürəm ki, gələcəkdə bu sahələrdə gözəl əməkdaşlıq imkanları vardır. Cənab Prezident, qeyd etdiyiniz kimi, su resurslarının idarə edilməsində də bizim müəyyən təcrübəmiz vardır və bu təcrübəni sizinlə bölüşə bilərik.
Xanımlar və cənablar, azərbaycanlı dostlarımıza demək istərdim ki, uzun müddət idi, Macarıstan haqqında danışanda deyirdilər: “Macarıstan hara birləşəcək, hansı bloka birləşəcək”. Yəni, bizim tariximizi nəzərə alsanız, bu, bizə qarşı ədalətsizlik idi. Amma bu gün bizim xarici və iqtisadi siyasətimiz ortaya belə bir sual qoyur ki, biz kiminlə əməkdaşlıq etməliyik? Bu, çox yanlış sualdır və buna yanlış cavablar axtarılır. Biz bütün tərəfdaşlara bərabərhüquqlu, bərabər tərəfdaşlar kimi baxırıq. Amma milli maraqlarımıza gəldikdə, onları hər şeydən üstün tuturuq və xarici siyasətimizdə də bu, bizim prioritet sahədir. Elə bir münbit şərait yaradılmalıdır ki, Macarıstan çox uğurlu ölkə olması üçün uğurlu əməkdaşlıq etsin. Hətta qarşıdurmada olan tərəflər də müəyyən uğura can atmalıdırlar. Bunun üçün dostluq, əməkdaşlıq, etibar və tərəfdaşlıq lazımdır.
Cənab Prezident Əliyevə öz təşəkkürümü bildirirəm ki, onun simasında Azərbaycan bizim üçün dost ölkədir. İşgüzar dairələrin nümayəndələrinə deyə bilərəm ki, görülən işləri biz etmişik və artıq növbə sizindir. Bu yollar genişdir. Siz bu yollarla cəsarətlə və uğurla irəliləməlisiniz. Sağ olun.
X X X
Daha sonra forum çərçivəsində Azərbaycan və Macarıstan şirkətləri arasında ümumi əməkdaşlıq, məlumat mübadiləsi, tədbirlərin təşkilində qarşılıqlı dəstək, yeni müəssisələrin yaradılması, daşınmaz əmlakın inkişafı və idarə edilməsi, Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən yeni və innovativ müəssisələrin inkişafına töhfə vermək məqsədilə investisiya imkanlarının yaradılmasına dəstəklə bağlı müxtəlif sənədlər imzalandı. İmzalanan sənədlərdə kənd təsərrüfatı, heyvandarlıq və ovçuluq, həmçinin nəqliyyat və su təchizatı ilə bağlı məsələlər də əksini tapdı.