İlham Əliyev əsaslı yenidənqurmadan sonra İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə tanış olub
22 sentyabr 2014, 18:30
Prezident İlham Əliyev əsaslı yenidənqurmadan sonra İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə tanış olub.
Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına burada görülən işlər barədə məlumat verdi. Bildirildi ki, 1978-ci ildə tikilən binada indiyədək əsaslı təmir işləri aparılmayıb. Səhiyyə Nazirliyinin sifarişi əsasında aparılan təmir işlərinə 2012-ci ilin avqustunda başlanılıb. Əsaslı təmir işləri “İnam YR İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən yüksək səviyyədə və zövqlə həyata keçirilib. Yenidənqurma işləri çərçivəsində xəstəxananın ərazisi hasarlanıb, yaşıllıq sahəsi salınıb, bina su anbarı, elektrik yarımstansiyası və generatorla təchiz edilib.
Binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə səhiyyə sisteminin inkişafına göstərdikləri diqqəti əks etdirən fotostend yaradılıb. Xəstəxananın 105 çarpayılıq ikimərtəbəli binası 2,4 hektar ərazidə yerləşir. Binadakı iş otaqları və palatalar bütün zəruri avadanlıqla təchiz olunub. Xəstəxanada təcili yardım, qəbul, laboratoriya, funksional diaqnostika, cərrahiyyə, terapiya, pediatriya, mama-ginekoloji, reanimasiya, yoluxucu xəstəliklər, travmatologiya, hemodializ şöbələri fəaliyyət göstərir. Tibb ocağının fizioterapiya, rentgen-flüoqrafiya, ultrasəs müayinəsi, elektro-kardioqramma və digər kabinetləri də müasir avadanlıqla təchiz edilib.
Xəstəxananın ən müasir tibb avadanlığı ilə təchizatı, burada elmin ən son yeniliklərinə əsaslanan aparatların quraşdırılması bir daha sübut edir ki, Azərbaycan dövləti vətəndaşların sağlamlığının təmin edilməsi üçün mühüm işlər görür. Bütün bunlar həm də onu göstərir ki, 2003-cü ildən sonrakı dövr Azərbaycan səhiyyəsində yeni inkişaf mərhələsi ilə yadda qalıb. Bu dövr Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə daha çox səhiyyə infrastrukturunun yaradılması, yeni xəstəxanaların tikintisi, mövcud tibb ocaqlarının yenidən qurulması ilə xarakterizə olunur. Səhiyyə islahatlarının mühüm istiqaməti olan tibb müəssisələri şəbəkəsinin və strukturun təkmilləşdirilməsi sahəsində də məqsədyönlü tədbirlər həyata keçirilir. Əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında səhiyyənin prioritet sahələri üzrə qəbul olunan Dövlət proqramları müstəsna rol oynayır. Beləliklə, Azərbaycan səhiyyəsinin son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə keçdiyi böyük yol ilk növbədə, geniş islahatlarla xarakterizə olunur. Bu islahatlar ölkədə səhiyyə infrastrukturunun tamamilə yenidən qurulmasına xidmət edir.
Xəstəxanada aparılan əsaslı yenidənqurma işləri ilə tanışlıqdan sonra dövlətimizin başçısı tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
X X X
Səhiyyə ocağında yaradılan şəraitə və bütövlükdə İsmayıllının inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə rayon ictimaiyyətinin minnətdarlığını çatdıran həkim Gülər BABAYEVA dedi:
- Möhtərəm cənab Prezident.
Sizi rayon ictimaiyyəti, o cümlədən tibb işçiləri adından salamlayıram. İsmayıllıya xoş gəlmisiniz.
Prezident İlham Əliyev: Sağ olun. Necəsiniz? Nə var, nə yox? Hər şey yaxşıdır?
Gülər Babayeva: Çox sağ olun. Bizim xəstəxanamız ötən əsrin 70-ci illərində tikilib. Zəmanəsinə görə çox gözəl bir bina olub. Amma aradan keçən bu illər öz sözünü deyib və binanın əsaslı təmirə ehtiyacı yaranıb. Biz artıq bu gün bu xəstəxanamıza daxil olduqda çox sevinirik. Sizin tapşırığınıza əsasən xəstəxanamız yüksək səviyyədə təmir olunub, müasir avadanlıqla təchiz edilib.
Artıq burada bizim hər bir şəraitimiz var ki, xəstələrimizə yardım göstərək. Həkimlərimiz dünyanın öndə gedən bir çox ölkələrində tibb müəssisələrində kurslarda olur, bilik və bacarıqlarını artırırlar. Biz söz veririk ki, belə bir gözəl şəraitdə daha da yaxşı işləyəcəyik, insanların sağlamlığının keşiyində əzmlə dayanacağıq, bizə göstərilən etimadı layiqincə doğruldacağıq.
Sizin tapşırığınıza əsasən ilin əvvəlində Azərbaycanın digər regionlarında olduğu kimi, İsmayıllıda da əhalimiz tibbi müayinələrdən keçirilib, bütün əhali qrupları müayinə olunub. Bu gözəl xəstəxanamızda qeydiyyata götürülmüş xəstələrimiz müalicə və müayinələrini davam etdirəcəklər.
Möhtərəm cənab Prezident, Siz həmişə deyirsiniz ki, insanların həyatı, onların sağlamlığı Sizin üçün hər şeydən qiymətlidir, əzizdir. Son illərdə bu sahədə çox böyük işlər görülüb. Səhiyyəmiz çox böyük inkişaf yolu keçib. Ölkəmizdə yüzlərlə xəstəxana, müalicə-diaqnostika mərkəzi açılıb. Cəmiyyətimizin həyatının hər sahəsində olduğu kimi, bu sahədə də Sizin ən yaxın köməkçiniz Azərbaycanımızın birinci xanımı Mehriban Əliyevadır. Mehriban xanım Sizə hər işdə köməkçidir. Siz və Mehriban xanım əhalinin, xüsusən də gənclərimizin sağlamlığının qayğısına qalırsınız. Sizin və Mehriban xanımın xalqımız üçün gördüyü işlər yüzilliklərə bərabərdir.
X X X
Prezident İlham ƏLİYEV dedi:
- Çox sağ olun. Xəstəxananın əsalı təmirdən sonra açılışı rayon sakinləri üçün gözəl hadisədir. İndi burada bütün imkanlar var. Gözəl şərait, avadanlıq və tibbi xidmət də buna uyğun şəkildə, yüksək səviyyədə olmalıdır. Çünki insanların sağlamlığı əlbəttə ki, hər bir insan üçün, dövlətimiz üçün çox vacibdir. Yeni gənc nəsil yetişir. Onlar da fiziki, mənəvi cəhətdən sağlam olmalıdırlar.
İnsanların sağlamlığını şərtləndirən bir neçə amil var. Onlardan birincisi əlbəttə ki, tibbi xidmətdir – vaxtında diaqnostikadan, müayinədən keçməkdir. Şadam ki, İsmayıllı rayonunda da dediyiniz kimi, bu dispanserləşdirmə uğurla keçirilib.
Biz bu prosesləri bundan sonra da mütəmadi qaydada davam etdirəcəyik ki, hər bir insan gedib onda olan xəstəlikləri aşkar etsin və gözəl tibbi xidmət görsün.
Rayonun inkişafı sürətlə gedir. Mən keçən il İsmayıllı rayonuna gəlmişdim və indi gördüklərim məni çox sevindirir. Şəhərin abadlaşması, küçələrin salınması, binaların bərpası, yeni ictimai yerlərin yaradılması Azərbaycanda gedən ümumi siyasətimizin təzahürüdür. Çünki mən istəyirəm ki, hər bir şəhərdə, hər bir rayonda işlər yaxşı getsin.
Son dövrdə İsmayıllıda görülən işlər, yerli rəhbərlik tərəfindən irəli sürülmüş təşəbbüslər xalq tərəfindən də dəstəklənir. Mən də Prezident kimi daim İsmayıllının inkişafını diqqət mərkəzində saxlayacağam. Rayonun gələcək inkişafı ilə bağlı konkret proqramlar var. Xüsusilə indi infrastruktur layihələri icra edilir. İçməli su, kanalizasiya layihəsi icra olunur, yəqin ki, gələn il istifadəyə veriləcəkdir. Kənd yollarının tikintisinə vəsait ayrılır. Sosial obyektlər tikilir. Bax, bu gözəl xəstəxana artıq 40 ildən sonra əsaslı şəkildə təmir edilib, insanların sərəncamına verilir. Bu gün uşaq bağçası açılacaq. Məktəblər tikilir. Hələ ki, bu sosial infrastrukturla bağlı görüləsi işlər çoxdur. Çünki biz, ilk növbədə, vaxtilə tikilmiş və yararsız vəziyyətə düşmüş binaları - sosial obyektləri bərpa etməliyik, yenilərini tikməliyik və bunu edirik. Ölkəmizi irəliyə aparırıq, inkişaf etdiririk. Çünki ölkəmizin uğurlu inkişafı regionların inkişafından böyük dərəcədə asılıdır.
Yeni sənaye müəssisələri yaradılır, iş yerləri açılır. Bilirəm ki, İsmayıllıda da yeni sənaye müəssisələri yaradılır. Keçən il burada olarkən artıq bunun ilkin nəticələrini görmüşük. Bildiyimə görə, indi burada yeni investisiya layihələri icra edilir ki, işsizlik tamamilə aradan götürülsün.
İsmayıllının çox gözəl turizm potensialı var. Ümumiyyətlə, hesab edirəm ki, bu zona turizm üçün ən cəlbedici zonadır.
Şamaxıdan Balakənə qədər bu böyük bir turizm zonasıdır ki, indi müasir otellər, əyləncə və istirahət yerləri tikilir. Bu bölgənin inkişafı üçün Qəbələdə bir neçə il bundan əvvəl beynəlxalq aeroport tikilmişdir. Digər qonşu rayonlarda işlər gedir.
Gözəl otellər tikilir. İsmayıllının da çox gözəl turizm imkanları var. Əminəm ki, biz bu imkanlardan səmərəli şəkildə istifadə edəcəyik.
Yaxın gələcəkdə buraya qoyulacaq investisiyaların həcmi daha da artmalıdır. Bu, Dövlət Proqramında nəzərdə tutulub.
Artıq üçüncü regional inkişaf proqramı icra edilir. İki proqram artıq icra edilib. Üçüncü proqram başlamışdır və 2018-ci ilə qədər o da başa çatmalıdır. Ümid edirəm ki, o vaxta qədər rayonda bir dənə də olsun sosial infrastruktur problemi qalmayacaq. Hər halda bu, bizim istəyimizdir.
Əlbəttə ki, gələcək illərdə rayonun inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək. Bu günlərdə biz “Əsrin müqaviləsi”nin 20-ci ildönümünü təntənəli şəkildə qeyd etdik və XXI əsrin kontraktına start verdik. Bax, deyə bilərəm ki, bugünkü inkişaf və hətta bu gözəl xəstəxana məhz o illərdə qəbul edilmiş müdrik qərarlardan sonra mümkün olmuşdur. Çünki əgər o vaxt ulu öndər Heydər Əliyev o tarixi addımı atmasaydı, bizim maddi imkanımız o qədər də böyük olmazdı, iqtisadi təhlükəsizliyimizi təmin edə bilməzdik, istər-istəməz asılı vəziyyətdə ola bilərdik.
Bu gün Azərbaycan dünya miqyasında öz sözünü deyən ölkədir. Bizim siyasi iradəmiz ən yüksək kürsülərdə özünü göstərir.
Heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilməz. Bunun səbəblərindən biri bizim iqtisadi gücümüz və iqtisadi müstəqilliyimizdir. Əlbəttə, iqtidarın siyasi iradəsi kifayət qədər möhkəmdir. Xalq ilə iqtidar arasındakı birlik əsas şərtdir.
Yəni, bu, bizim müstəqil həyatımızı şərtləndirən əsas amildir. Eyni zamanda, iqtisadi müstəqilliyimiz. “Əsrin kontraktı”nın bəhrəsini hər bir vətəndaş görür - abadlaşan şəhərlərdə, tikilən binalarda, salınan yollarda, artan maaşlarda və vaxtilə tikilmiş, indi təmir olunan belə gözəl xəstəxanalarda.
Növbəti tarixi layihənin - “Cənub” qaz dəhlizinin təməli iki gün bundan əvvəl təntənəli şəkildə qoyulub. Bilirsiniz ki, çoxlu qonaqlar var idi və bu layihə Azərbaycana əlavə imkanlar gətirəcək. Biz öz siyasətimizi ardıcıl şəkildə aparırıq. Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edirik. Hər bir rayonda, hər bir kənddə əgər bütün problemlər həll olunarsa, onda ölkədə problem qalmayacaq. Hər halda biz buna çalışmalıyıq və əminəm ki, İsmayıllı rayonu qısa müddət ərzində ölkədə ən qabaqcıl rayonlardan birinə çevriləcəkdir. Mən də çalışacağam ki, sizinlə bərabər bu məqsədə nail olaq. Bir daha sizi təbrik edirəm.