İlham Əliyev Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasimdə iştirak edib

20 sentyabr 2014, 13:30
İlham Əliyev Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasimdə iştirak edib

Bakıda, Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasim keçirilib.

Mərasimdən əvvəl Prezident İlham Əliyev, dövlət və hökumət başçıları, digər qonaqlar birgə foto çəkdirdilər.

Dövlət başçısı mərasimdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli dövlət və hökumət başçıları.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür - “Cənub” qaz dəhlizinin təməli qoyulur. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

İyirmi sentyabr ölkəmiz üçün tarixi bir gündür. İyirmi il bundan əvvəl - 1994-cü il sentyabrın 20-də “Əsrin kontraktı” imzalanmışdır. O, tarixi bir hadisə idi. Çünki gənc, müstəqil Azərbaycan dünyada o qədər də tanınan ölkə deyildi.

Azərbaycan çox böyük problemlərlə üzləşmişdi. Erməni işğalı, vətəndaş müharibəsi, iqtisadi və siyasi böhran - bütün bu amillər ölkəmizin inkişafına böyük problemlər yaradırdı, böyük maneə idi.

Bu gün ulu öndər Heydər Əliyevin adını daşıyan bu Mərkəzdə Prezident Heydər Əliyevin fəaliyyətini bir daha yüksək qiymətləndiririk. Məhz onun uzaqgörənliyi, cəsarəti, müdrikliyi sayəsində “Əsrin kontraktı” imzalanmışdır. Beləliklə, Azərbaycanın inkişafı üçün yeni imkanlar yaranmışdır. Azərbaycana böyük həcmdə investisiyalar qoyulmağa başlanmışdır.

Xəzər dənizində tarixdə ilk dəfə olaraq beynəlxalq əməkdaşlıq prosesi başlamışdır. Azərbaycan öz zəngin neft resurslarını dünya bazarlarına çıxarmaq üçün imkan əldə etmişdir. Ölkəmizin ümumi iqtisadi və siyasi inkişafı məhz “Əsrin kontraktı”ndan başlamışdır. Yeni neft strategiyamız 20 ildir ki, icra edilir. Ölkəmiz üçün böyük fayda gətiribdir. Bu illər ərzində Azərbaycan öz imkanlarını ardıcıl şəkildə genişləndirmişdir. İlk dəfə olaraq o illərdə Xəzər dənizini Qara dənizlə və Aralıq dənizi ilə neft kəmərləri birləşdirdi. Bu da tarixi nailiyyətdir. Deyə bilərəm ki, 1994-cü ildən başlayaraq bu günə qədər bütövlükdə neft-qaz sahəsində bir neçə önəmli mərhələ olmuşdur. Onların bir neçəsini mən indi sadalamaq istəyirəm. 1994-cü il sentyabrın 20-də “Əsrin kontraktı”nın imzalanması, 1996-cı ildə “Şahdəniz” qaz kontraktı üzrə Sazişin bağlanması. O da çox önəmli hadisə idi. Çünki bu gün “Cənub” qaz dəhlizinin resurs mənbəyi “Şahdəniz” qaz yatağıdır. “Şahdəniz” dünyanın ən böyük qaz yataqlarından biridir ki, orada qaz ehtiyatları 1 trilyon kubmetrdən çoxdur.

1999–cu ildən Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikilmişdir. Bu da yeni bir ixrac marşrutu idi.

2003-cü ildə isə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməl daşı qoyuldu. O kəmər ki, Xəzər dənizini Aralıq dənizi ilə birləşdirdi. O, bu gün nəinki Azərbaycan üçün, eyni zamanda, Xəzər sahilinin şərq hissəsində yerləşən ölkələr üçün də bir ixrac boru kəməri kimi fəaliyyət göstərir. Ondan sonra 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi də tarixi hadisə idi. Çünki o hadisədən sonra Azərbaycan dünyada artıq özünü qaz ölkəsi kimi göstərməyə başlamışdır.

Bu kəmərin yeni xəttinin tikintisi əslində bu gün başlayır. Azərbaycan artıq “Cənub” qaz dəhlizinin birinci hissəsini 2007-ci ildə istifadəyə vermişdir. Ondan sonrakı dövr ərzində biz böyük layihə üzərində işləyirdik. Bildiyiniz kimi, bir neçə variant var idi. 2012-ci ildə Türkiyə və Azərbaycan siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində Trans-Anadolu kəmərinin tikintisi ilə bağlı razılıq əldə edilmişdir. TANAP layihəsi və onun həyata keçirilməsi tarixi hadisədir. Məhz TANAP layihəsinin razılaşdırılmasından sonra artıq “Cənub” qaz dəhlizinin konturları görünməyə başlamışdır. 2013-cü ildə TAP layihəsi - Trans-Adriatik kəmərinin əsas ixrac marşrutu kimi seçilməsi də tarixi hadisə idi. Eyni zamanda, keçən il artıq qazın satışı ilə bağlı kontraktlar imzalanmışdır. Yəni, bu gün bizim önümüzdə bütün üfüqlər açıqdır, yollar aydındır. Sadəcə olaraq, biz birgə səylərlə “Cənub” qaz dəhlizinin tamamlanmasını təmin etməliyik və bunu edəcəyik.

Bir sözlə, son illər ərzində Azərbaycan öz enerji siyasətini ardıcıl şəkildə irəliyə aparır. Yəni, bugünkü mərasim sadəcə olaraq görülən işlərin zirvəsidir. Əgər əvvəlki dövrlərdə dediyim məsələlər öz həllini tapmasaydı, bu gün “Cənub ”qaz dəhlizindən söhbət belə gedə bilməzdi. Hazırda layihə tam hazırdır. Bu gün dəhlizin tikintisi başlayır. Əlbəttə, biz gələcəkdə çalışmalıyıq ki, bütün bu işləri tərəfdaş ölkələrlə birgə edək, əlaqələndirmə yüksək səviyyədə lmalıdır.

Bu layihə Azərbaycana əlavə dividendlər gətirəcək. Ölkə iqtisadiyyatı daha da sürətlə inkişaf edəcək. Baxmayaraq ki, son on il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən sürətlə inkişaf edən iqtisadiyyat olmuşdur. Bu layihə bizim üçün yeni imkanlar açır. Son 10 il ərzində bizim ümumi daxili məhsulumuz 3 dəfədən çox, büdcə xərcləri 20 dəfə artmışdır. Xarici dövlət borcu ümumi daxili məhsulumuzun cəmi səkkiz faizini təşkil edir. İşsizlik 5 faizə düşmüşdür, yoxsulluq 5 faizdən bir qədər çoxdur. Bu yaxınlarda Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünyada 38-ci yerdədir. Bu, bizim üçün çox böyük nailiyyətdir və onu göstərir ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf edir.

Neft-qaz resurslarımız sadəcə olaraq bizim üçün əlavə bir imkandır, dəstəkdir. Bu, bizə imkan verir ki, öz investisiyalarımızı bu layihələrə qoyaq. TANAP layihəsində Azərbaycan əsas səhmdardır və əsas maliyyə yükünü Azərbaycan öz üzərinə götürəcəkdir. “Şahdəniz”də, TAP-da və digər layihələrdə Azərbaycan öz payını özü maliyyələşdirir və beləliklə, vaxtilə əldə olunmuş iqtisadi mənfəət bu gün bizim ümumi maraqlarımıza xidmət edir.

Bu layihə, eyni zamanda, tərəfdaş ölkələrimiz üçün də çox faydalıdır. Bu layihənin icrası nəticəsində uduzan tərəf olmayacaq. Hər bir tərəf fayda götürəcək. Tranzit ölkələri, onlar, eyni zamanda, istehlakçı ölkələrdir. İstehlakçı ölkələr də qaz mənbələrinin şaxələndirilməsinə nail olacaqlar. Bu layihə Avropanın enerji təhlükəsizliyini təmin edən layihədir. Təsadüfi deyil ki, üç il bundan əvvəl Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış sənəd məhz bu amili diqqət mərkəzinə qoyur ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox önəmli rol oynayan bir ölkədir. Bu gündən sonra bu rol daha da artacaq.

Enerji təhlükəsizliyi əslində hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Bu gün enerjini siyasətdən, iqtisadiyyatdan ayırmaq qətiyyən mümkün deyil. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində biz hamımız tərəfdaşlarımızla iştirak edəcəyik.

“Şahdəniz” qaz yatağı əsas resurs mənbəyidir. Ancaq Azərbaycanın qaz ehtiyatları daha da böyükdür. Təsdiq edilmiş qaz ehtiyatlarımız 2,5 trilyon kubmetrə bərabərdir. Ehtimal olunan, proqnozlaşdırılan ehtiyatlarımız 4-5 trilyon kubmetr səviyyəsindədir.

Xəzər qazı Avropa üçün yeganə yeni mənbədir. Digər mənbələr var. Avropa o mənbələrdən qidalanır. O mənbələrin həcmi arta bilər, ancaq yeni mənbə hazırda Azərbaycandır. Enerji təhlükəsizliyi marşrutlarının şaxələndirilməsi, hasilatçı, tranzit və istehlakçı ölkələrin birgə fəaliyyəti əminəm ki, uğur gətirəcək. Çünki bu işlərdə çox ciddi əlaqələndirmə aparılmalıdır. Bu günə qədər bizim qaz və neft layihələrimizdə ancaq 3 ölkə iştirak edirdi - Azərbaycan, Gürcüstan və Türkiyə. Bu gündən sonra biz geniş beynəlxalq əməkdaşlıq prosesinə qədəm qoyuruq. Azərbaycan qaz istehsalçısı kimi öz resurslarını dünya bazarına çıxaracaq. Ondan sonra Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, gələcək mərhələdə Monteneqro, Xorvatiya və digər ölkələr bu layihəyə qoşula bilərlər. Ona görə, burada əlaqələndirmə işləri çox yüksək səviyyədə aparılmalıdır.

Mən hesab edirəm ki, bu gün bu sahədə - neft-qaz sahəsində yeni beynəlxalq komanda formalaşır. Komandanın bütün üzvləri bu gün salondadırlar. Əminəm ki, bizim birgə fəaliyyətimiz uğurlu olacaq və komandamız qələbə qazanacaqdır. Qoy yolumuz açıq olsun!

                                                                                    X X X

Bolqarıstan Respublikasının Prezidenti Rosen PLEVNELİEV çıxış edərək dedi:

- Zati-aliləri.

Xanımlar və cənablar.

Əziz dostlar.

Cənab Prezidentə və Azərbaycan xalqına minnətdarlığımı bildirmək istəyirəm ki, bizi də bu tarixi layihənin iştirakçısına çeviriblər. Beş il bundan əvvəl Avropaya bir daha xatırladılmışdır ki, bizim ən həssas, zəif yerimiz haradadır. Bu da enerjidən asılılıqdır. Bolqarıstan bu baxımdan ən zərər çəkmiş ölkə olmuşdur. 2009-cu ilin qaz böhranından söhbət gedir. Bizim ölkə bir kəmərdən asılı idi və heç bir alternativimiz yox idi. Bolqarıstan iqtisadiyyatı ayda yüzlərlə milyon avro zərər çəkirdi. Alternativ mənbələrin təmin edilməsi bizim üçün milli maraq əhəmiyyətli məsələ və enerjinin şaxələndirilməsi başlıca prioritet idi.

Ukraynada baş vermiş böhran bir daha onu nümayiş etdirdi ki, Avropa nə dərəcə qazdan asılıdır və bu, bizim Avropa İttifaqının gündəliyinin ən başlıca məsələsinə çevrilib və burada müdrik siyasətin nə dərəcədə əhəmiyyətli olduğu vurğulanıb.

“Cənub” qaz dəhlizi bu illər ərzində yaşanmış asılılığın sonu olacaq. Bizim regionu və daha geniş məkanı - Avropanı asılılıqdan azad edəcək. Burada rəqabətlilik, bazarların azad olması və ədalətli qiymətlərin təklif edilməsi baxımından da irəliləyiş olacaq. Türkiyə-Bolqarıstan, Yunanıstan-Bolqarıstan əlaqələndirici kəmərlər də “Cənub” qaz dəhlizinin əhəmiyyətli tərkib hissəsi olacaq. Bu, Bolqarıstanı da, Rumıniya, Serbiya və digər ölkələri də qazla təmin edəcək. Bu birləşdirici kəmərlər gələcəkdə Bolqarıstanın qaz anbarlarının genişləndirilməsinə xidmət edəcək, bizi regionumuzda bir növ qaz qovşağına çevirəcək.

Bu səbəbdən Bolqarıstan bu layihələrin - Türkiyə, Yunanıstan, Serbiya və Rumıniya ilə birləşdirici kəmərlərin inşasına sadiqdir. Tezliklə bu layihələr həyata keçəcək və 2016-cı ilə qədər biz Yunanıstan ilə birləşdirici kəmərin inşasını başa çatdıracağıq. Burada bütün zəruri maliyyə resursları cəlb edilib. Biz türkiyəli həmkarlarımızla çalışırıq ki, Türkiyə ilə Bolqarıstanı birləşdirən kəmər ən qısa vaxtda inşa edilsin.

Cənab Prezident, Azərbaycan bütün dövrlərdə çox etibarlı və dəyərli tərəfdaş olub. Sizə buna görə təşəkkür edirəm ki, “Bolqarqazneft” şirkəti ilə ARDNŞ arasında müvafiq saziş imzalanıb. Bu sazişə əsasən 2019-cu ildən Bolqarıstana ildə 1 milyard kubmetr qaz nəql ediləcək. Biz, eyni zamanda, Azərbaycandan əlavə qaz həcmlərinin alınması üçün əlimizdən gələni edəcəyik. Biz fərəhlənirik ki, bu layihənin tərkib hissəsiyik və buradan qaz alacağıq. Azərbaycan qazını toplayaraq onu paylamaq nəticəsində tranzit ölkəyə çevriləcəyik. Eyni zamanda, Azərbaycanın xarici bazarlara çıxışını təmin edəcəyik.

Biz təbii ki, burada NABUCCO-nu unutmamalıyıq. Çünki bu, NABUCCO layihəsinin digər komponentlərindən biridir. Bu, “Cənub” qaz dəhlizinin ikinci fazası ola bilər.

Xanımlar və cənablar, əziz dostlar. Avropaya yenidən heç bir xəbərdarlıq lazım deyil, biz artıq dərslərimizi öyrənmişik. Biz artıq real işə başlamalıyıq.

Bu gün tarixi bir addım atılır ki, Avropanın enerji təhlükəsizliyi təmin edilsin. Bu, yalnız əlavə qaz kəmərinin, dəmir yolu xətlərinin inşası deyil. Bu gün biz regional əməkdaşlığı genişləndiririk. Bu gün biz bir araya gələrək sərmayə yatırırıq, birlikdə inşaat işləri aparırıq, şəbəkələrimizi, iqtisadiyyatlarımızı birləşdiririk. Bir növ nümunə göstəririk ki, sülh şəraitində bir çox ölkələrin iştirakı ilə əməkdaşlıq necə təmin edilə bilər. Burada hər bir tərəf mənfəət əldə edir. Bu gün biz xalqlarımızın istəyini, onların iradəsini, arzularını həyata keçirdiyimizi nümayiş etdiririk ki, regionumuzda dostluq və etibarlı tərəfdaşlıq bərqərar olsun. Çox təşəkkür edirəm.

                                                                                    X X X

Gürcüstanın Baş naziri İrakli QARİBAŞVİLİ çıxış edərək dedi:

- Cənab Prezident Əliyev.

Hörmətli dövlət və hökumət başçıları.

Xanımlar və cənablar, əziz dostlar.

Əvvəlcə cənab Prezidenti bu tədbir - “Əsrin kontraktı”nın 20 illiyi münasibətilə təbrik etmək istərdim. Mənim üçün burada olmaq böyük məmnunluq doğurur. “Şahdəniz” qaz yatağının ikinci fazasının inşasının başlaması ilə bağlı tədbirdə iştirak etməkdən böyük şərəf duyuram və cənab Prezident, Sizə təşəkkür edirəm ki, məni buraya dəvət etmisiniz.

Sizin vaxtınızı çox almayaraq əməkdaşlığımızın müəyyən aspektləri ilə bağlı fikirlərimi bölüşmək istərdim. Azərbaycan Gürcüstanın ən yaxın dostlarından və tərəfdaşlarından biridir. Enerji əməkdaşlığı burada müstəsna əhəmiyyət kəsb edir.

Birgə səylərimiz nəticəsində biz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi çox mühüm layihələri icra etmişik. Bu gün tarixi qərarla bağlı yeni planlar qurulur və həmin kəmərlərin genişlənməsi qərarları verilir. Trans-Anadolu qaz kəmərinin inşasına başlanılacaq. Beləliklə, Gürcüstan ərazisindən Yunanıstan, Albaniya və İtaliyaya qədər uzanacaq kəmər inşa ediləcək. Bu, Avropanın enerji xəritəsini dəyişdirəcək, – cənab Prezident bunu çox düzgün qeyd etdi, - Avropada istehlakçılar üçün Xəzər dənizinin neft və qaz ehtiyatlarına yeni imkanlar açacaq. Qara dəniz və Xəzər dənizi hövzələrinin dövlətləri üçün yeni imkanlar açılacaq. Biz mövcud infrastrukturu - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Supsa layihələrini genişləndirərək regional əməkdaşlığı və inkişafı təmin edəcəyik. İqtisadi inkişafa mühüm töhfə veriləcəkdir. Əlavə iş yerləri yaranacaqdır və bununla da yoxsulluğun səviyyəsi azalmış olacaqdır. Bunlar bizim üçün çox mühüm layihələrdir. Ancaq onlar enerji sahəsində Avrasiya regionunun nəhəng potensialının yalnız kiçik bir hissəsidir. Bu səbəbdən də biz Trans-Xəzər kəmər layihəsini dəstəkləyirik ki, Qazaxıstan və Türkmənistandan olan təbii qaz ehtiyatları Avropaya nəql edilə bilsin.

Onu da əlavə etmək istərdim ki, Azərbaycan və Türkiyə ilə birlikdə biz daha bir mühüm layihə üzərində çalışırıq - Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi. Bu, çox ümidverici bir layihədir. Geniş əhatə sahəsinə malik olan bir layihədir. Əminik ki, bizim üçtərəfli əməkdaşlığımız Əfqanıstanla bağlı bütün təşəbbüslərdə öz rolunu oynayacaqdır. Buraya Türkmənistanı da əlavə etmək olar. Nəqliyyat sahəsindəki bu inkişaf həm qlobal ticarətin liberallaşmasına, eyni zamanda, davamlı tərəqqinin təmin olunmasına xidmət edəcək. Ticarətin liberallaşması məsələsində dəmir yolu nəqliyyatı infrastrukturunun, körpülərinin və nəzarət-keçid məntəqələrinin inşası mühüm əhəmiyyət kəsb edir.

Vahid milli gömrük sistemlərinin inteqrasiyası çox vacib bir məsələdir. Bununla biz regional qonşularımızı bürokratik maneələrdən azad edərək beynəlxalq təsisatlara inteqrasiya etmiş olacağıq. Türkiyə, Gürcüstan və Azərbaycan arasında gömrük sahəsində olan əməkdaşlıq bunun bariz nümunəsidir. Gürcüstan bu prosesi qəti şəkildə dəstəkləyir. Bununla biz qlobal bazarlara inteqrasiya edirik. Bu, bizim ölkələrimiz üçün prioritet məsələdir. Qonşu dövlətlər üçün azad ticarət çox nəhəng bir töhfə olacaq. Bu baxımdan Avropa İttifaqı ilə azad ticarət sazişinin əhəmiyyətini digər ölkələrə də şamil etmək istərdik.

Xanımlar və cənablar, sonda onu da vurğulamaq istəyirəm ki, mənim hökumətim, mənim dövlətim və mənim xalqım əlindən gələni edəcək ki, Gürcüstan gələcəkdə də etibarlı tranzit ölkə və iqtisadi tərəfdaş olsun. Əminəm ki, bu tarixi layihə istər regional, istərsə də qlobal səviyyədə uğurlu olacaqdır. Diqqətinizə görə çox sağ olun.

                                                                                       X X X

Yunanıstanın Baş naziri Antonis SAMARAS çıxış edərək dedi:

- Hörmətli cənab Prezident.

Hörmətli dövlət və hökumət başçıları, dəyərli qonaqlar.

Bu gün bu mərasimdə iştirak etmək mənim üçün böyük şərəfdir. Həqiqətən də tarixi bir hadisədir. “Cənub” qaz dəhlizi yalnız infrastruktur layihəsi deyil, bu, gələcəyə olan bir baxışdır və bu baxış artıq reallığa çevrilir. Bu baxış nəticəsində Avropa və Asiya birləşir. Enerji təminatı və enerji təhlükəsizliyi baxımından bu, gələcək illər ərzində müxtəlif dövlətlər və xalqlar arasında davamlı əməkdaşlığı təmin edəcək layihədir. Bu, nümunəvi bir əməkdaşlıq modelidir. Burada rəqabət qabiliyyətli qiymətlər təklif olunacaq. Əlavə inkişaf və ətraf mühitin qorunması məsələləri də diqqətdə saxlanılıb.

Yunanıstan ilk gündən bu layihəni dəstəkləyən ölkə olmuşdur. Yunanıstan elə bir ölkədir ki, həmin kəmər bizim ərazimizdən keçəcəkdir. TAP və TANAP layihələri “Cənub” qaz dəhlizinin tərkib hissələridir. Bu, Türkiyədən Yunanıstana keçərək 543 kilometr boyu ölkəmizin ərazisindən keçəcəkdir və daha sonra Makedoniya və Albaniyaya çatacaqdır.

Bizim ölkədə bildiyiniz kimi, çətin vaxtlar yaşanılır. Buna baxmayaraq, Yunanıstan əlindən gələni edir ki, bu layihənin həyata keçirilməsi vaxtında və keyfiyyətlə icra olunsun. Biz ətraf mühitə dəyə biləcək zərərlə bağlı dəyərləndirmə sənədini imzaladıq. Bununla da artıq tikinti prosesinə başlayacağıq. Bu, mənim hökumətimin prioritet mövzusudur.

Nazir Maniatis ilə bərabər biz bunu diqqət mərkəzində saxlayacağıq. Bu, o deməkdir ki, “Cənub” qaz dəhlizi məhdud layihə deyil. Çünki bu dəhlizi TAP layihəsi gələcəkdə digər şəbəkələrlə birləşdirə bilər. Təbii ki, bu fikirlərin həyata keçirilməsi üçün yekun rəylər verilməlidir. Amma əminəm ki, TAP layihəsi gələcəkdə daha geniş imkanlar açacaq. Beləliklə, biz irəliyə baxsaq görərik ki, Yunanıstan, Bolqarıstan birləşdirici kəmərləri də inşa edilə bilər. Bir qədər əvvəl Bolqarıstan Prezidenti bu barədə danışdı. Bu birləşdirici kəmərlər, bu layihə vasitəsilə biz daha şimala çata, Mərkəzi Avropanı əhatə edə bilərik. Maye qaz təchizatı baxımından da Yunanıstan Avropanın tələbatını ödəyə bilər. Yunanıstanın layihədə iştirakı ölkəmizin beynəlxalq arenada rolunu gücləndirəcək. Yunanıstan Cənubi Avropa və kontinental Avropa üçün bir qovşaq rolu oynaya biləcək. Təbii ki, bu layihə TAP ilə məhdudlaşmır. Bunu diqqətinizə çatdırmaq istəyirəm.

Ölkəmizdə hazırda maye qaz terminallarının imkanları artırılır. Biz bu imkanı 73 faiz artıracağıq və 225 min kubmetrə çatdıracağıq. Bundan əlavə, limanların infrastrukturu və ölkənin qazla təmin edilməsində müvafiq işlər aparılır və gələcəkdə kəmərlər də inşa edilə bilər. Artıq bizim sahillərdə 20-dən çox saziş imzalanacaq. Burada söhbət 20 müxtəlif blokdan gedir.

Çıxışımın sonunda qeyd etmək istərdim ki, bundan böyük rəmzi əhəmiyyət daşıyan layihə ola bilməz. Burada həm sahibkarlar, həm digər iştirakçılar da bəhrə görəcək. Bu əməkdaşlıq sərhədlər tanımır və əminəm ki, bu layihə belə bir əməkdaşlığın gözəl nümunəsi olacaq.

İllər öncə enerji təminatı ölkələr arasında münasibətləri pozan bir amil olub. Amma bu gün bu layihə vasitəsilə biz enerji təminatı və təhlükəsizliyinin uzunmüddətli və davamlı inkişafın təməlində duran bir məsələ olduğunu görürük. Biz yalnız kəmər inşa etmirik. Biz körpülər inşa edirik. Bu körpülər xalqları və ölkələri bir araya gətirir. Bu, həqiqətən də qlobal bir baxışdır və bu, artıq bir reallığa çevrilir.

Cənab Prezident, məni dəvət etdiyinizə görə bir daha təşəkkür edirəm.

                                                                                          X X X

Monteneqronun Baş naziri Milo CUKANOVİÇ çıxış edərək dedi:

- Cənab Prezident Əliyev, Zati-aliləri.

Xanımlar və cənablar.

Əvvəlcə cənab Prezidentə və azərbaycanlı dostlarımıza belə gözəl bir tədbirin təşkil olunmasına və Monteneqronun bu tədbirə dəvət edilməsinə görə təşəkkürümü bildirirəm. “Cənub” qaz dəhlizinin tikintisinin başlanılması istər “Əsrin müqaviləsi”, istərsə də digər məsələlər baxımından çox vacibdir. Bu dönəm ərzində Azərbaycan həqiqətən də çox möhtəşəm inkişaf yolu keçib. Enerji sahəsindəki dinamik dəyişikliklər həm ölkədaxili, həm də qlobal səviyyədə aydın hiss olunur.

Monteneqro bu layihənin tərkib hissəsi olub. Tiranada imzalanan Anlaşma Memorandumu və ondan sonra Bakıda təşkil edilmiş konfrans nəticəsində biz bu layihədə iştirakımızla bağlı qərar vermişik. Beləliklə, TANAP və TAP layihələrinin reallığa çevrilməsinin tərkib hissəsi olmuşuq. Adriatik hövzəsi ölkələri - Albaniya, Monteneqro, Bosniya və Herseqovina və Xorvatiyanı birləşdirəcək kəmər çox əhəmiyyətli bir məsələdir. Bizim və qonşularımız üçün bu, yeni enerji imkanları açmaqdadır. Qərbi Balkanlarda bu layihələrin əhəmiyyəti çox böyükdür. İstənilən halda enerji məsələsi milli maraqlarla məhdudlaşmır. Bu sahədə əməkdaşlıq çox vacibdir və biz buna böyük əhəmiyyət veririk.

Mənim ölkəm Avropa İttifaqının enerji siyasətinə sadiqdir. Bu baxımdan enerji təminatı, rəqabətli enerji bazarının və davamlı enerji inkişafının təmin edilməsi mühüm əhəmiyyətə malikdir. Enerji təminatının şaxələndirilməsi bu məqsədlərə nail olunması üçün başlıca şərtlərdəndir. Regional yanaşma bu layihələrin reallaşdırılmasının perspektivlərini artırır. Qərbi Balkanlarla bağlı Berlin konfransında da “Cənub” qaz layihəsi Avropa üçün ən əhəmiyyətli bir layihə kimi vurğulanmışdır.

Monteneqro üçün qazlaşdırma inkişafın yeni mərhələsi olacaq. Bu, ölkəmizdə sərmayə üçün münbit şərait və yeni iş yerləri, təbii ki, Monteneqronun dəniz akvatoriyasında da neft və qaz hasilatı üçün yeni imkanlar yaradacaq. Birgə səylərimiz nəticəsində TANAP və TAP layihələri beynəlxalq əməkdaşlıq baxımından Avropa enerji strategiyasına uyğundur. Əminəm ki, biz ölkələrimiz üçün yeni gələcək yaradırıq. Ölkələrimizə və şirkətlərimizə uğurlar arzulayıram. Diqqətinizə görə çox sağ olun.

                                                                                     X X X

Avropa Komissiyasının sədri Joze Manuel BARROZUNUN videomüraciəti göstərildi:

- Hörmətli cənab Prezident Əliyev.

Baş nazirlər, nazirlər, icraçı direktorlar.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Bugünkü tədbir həm Azərbaycan üçün, həm də Avropa İttifaqı ilə münasibətlər baxımından tarixi hadisədir. Biz Azərbaycanın inteqrasiyasını, xüsusilə Avropa ilə əlaqələrin təməlində duran layihənin icrasını qeyd edirik. İyirmi il bundan öncə bu gündə mərhum Prezident Heydər Əliyev 11 şirkətdən ibarət konsorsiumla hasilat pay bölgüsü üzrə tarixi müqavilə imzalamışdır. Bunun həqiqətən də “Əsrin müqaviləsi” adlandırılması tamamilə düzgün olmuşdur. Prezidentin və iştirakçı şirkətlərin gələcəyə baxışı “Azəri-Çıraq-Günəşli” neft yataqlarının istismarı və Bakı-Tbilisi-Ceyhan boru kəmərinin inşası ilə nəticələndi. Bu gün Azərbaycan Avropanın neft ixracatında mühüm rol oynayır. Eyni zamanda, “Cənub” qaz dəhlizinin reallaşdırılması ilə bağlı irəliləyişi də qeyd edirik.

Üç il bundan əvvəl - 2011-ci ilin yanvarında mən və Prezident İlham Əliyev Bakıda “Cənub” qaz dəhlizi ilə bağlı Birgə Bəyannamə imzaladıq. O gündən Avropa Komissiyası, tərəfdaş ölkələr və şirkətlər bu planları reallaşdırmaq üçün birgə çalışmışlar. Bütün kəmərlərin inşasının başa çatdırılması üçün əlavə 5 il tələb olunacaq. Bu dəhliz başa çatdıqdan sonra Qafqazdan Türkiyəyə, Yunanıstan və Albaniya ərazilərindən keçərək 2000 kilometrlik məsafəni qət edəcək və Xəzər dənizini Avropa İttifaqının mərkəzi ilə birləşdirəcək. Lakin bu layihə yalnız kəmər deyil, XXI əsrin mühüm strateji, enerji dəhlizidir. Bu, sözün əsl mənasında, geostrateji bir layihə olacaq. Bu münasibətlə Prezident Əliyevə, “Şahdəniz” konsorsiumunun üzvlərinə, “Azəri-Çıraq-Günəşli” yatağının və Bakı-Tbilisi-Ceyhan kəmərinin səhmdarlarına, Azərbaycan ilə Avropa İttifaqı arasında güclü əməkdaşlığın qurulmasında gələcəyə baxışlara malik olan hər bir kəsə səmimi təbriklərimi çatdırıram.

Siz bizim birgə enerji təhlükəsizliyimizə töhfə verirsiniz. Əminəm ki “Cənub” qaz dəhlizi XXI əsrin layihəsi olacaq. Bu xüsusda layihənin hər mərhələsində Prezident İlham Əliyevin rəhbərlik qabiliyyətini vurğulamaq istərdim.

Azərbaycan Avropa İttifaqına heç bir vaxt bu qədər yaxın olmayıb. Onun iqtisadiyyatı Avropa bazarları ilə sıx inteqrasiya olunub və bizim əlaqələrimiz daha geniş, təmaslarımız isə daha fəaldır.

Bir daha qeyd edim ki, Avropa İttifaqı müasirləşmə islahatları ilə bağlı Azərbaycanın bütün təşəbbüslərini dəstəkləyir və müxtəlif sahələrdə daha da dərin münasibətlər yaratmaq istəyir. Şübhə etmirəm ki, bundan sonra da Avropa İttifaqı və xüsusilə Avropa Komissiyası bu layihəni mənim və enerji məsələləri üzrə komissar Günter Ottinger qədər dəstəkləyəcəkdir.

Şəxsən mən artıq Avropa Komissiyasının sədri kimi deyil, Azərbaycanın dostu qismində “Cənub” qaz dəhlizi ilə bağlı irəliləyişi və ümumən münasibətlərin inkişafını məmnuniyyətlə izləyəcəyəm.

Diqqətinə görə sağ olun.

                                                                                         X X X

Türkiyənin energetika və təbii sərvətlər naziri Taner YILDIZ çıxış edərək dedi:

- Azərbaycanın dövlət başçısı hörmətli Əliyev.
Dövlət başçıları, hökumət başçıları, nazirlər, dövlət və özəl sektorun hörmətli təmsilçiləri, əziz qonaqlar.

“Əsrin müqaviləsi”nin 20-ci ildönümü və “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi ilə bağlı burada, Azərbaycanda olmaqdan məmnunluq duyduğumuzu ifadə edərək sözlərimə başlamaq istəyirəm.

Köklü bağlarımızın olduğu Cənubi Qafqaz Türkiyə baxımından vazkeçilməz əhəmiyyətdədir. Şərq ilə Qərb, Şimal ilə Cənub arasındakı ticarət, enerji və nəqliyyat dəhlizlərinə əlavə olaraq mədəniyyətlərin qarşılıqlı təsirini təmin edən və bölgənin sülh, sabitlik və rifah qovşağına çevrilməsi geniş Avrasiya coğrafiyası ilə bağlı baxışımızın əsasını təşkil edir.

Bu gün təməlini qoyacağımız “Cənub” qaz dəhlizi layihəsi yalnız bir enerji və ya nəqliyyat layihəsi deyildir. “Əsrin müqaviləsi”ndən bəri qardaş Azərbaycan ilə inkişaf etdirdiyimiz layihələr bütün ətraf ölkə və bölgələrə sülh gətirmək məqsədi daşıyan layihələrdir. Bakı-Tbilisi-Ceyhan layihəsi ilə Qafqazı Aralıq dənizinə bağladıq. Bakı-Tbilisi-Ərzurum layihəsi ilə Qafqazı Anadoluya bağladıq. “Cənub” qaz dəhlizi layihəsi və onun onurğa sütunu olan TANAP ilə Avropanı və Qafqazı bir-birinə bağlayır və sanki bir sülh dəhlizi açırıq. Bu, iki ölkənin ən azı 10 ildən bu yana gecə-gündüz çalışaraq birlikdə ortaya qoyduğu böyük bir hədəfin göstəricisidir. Türkiyə Respublikasının Hökuməti olaraq, həm Türkiyə Böyük Millət Məclisində hökumətlərarası müqavilələrin və eyni zamanda, ev sahibliyi müqavilələrinin təsdiqi də tamamlanmışdır.

İcazə verin, açıq şəkildə söyləyim ki, Türkiyə və Azərbaycanın tərəfdaşlarımızla əməkdaşlıq şəraitində reallaşdırdığı bu layihələr, bir az əvvəl dediyim kimi, yalnız bölgəyə deyil, eyni zamanda, geniş bir coğrafiyaya sülh və sabitlik gətirəcək layihələrdir. Kaş ki, hər ölkə bu gün burada olanlar kimi, bu layihələrin dəyərini anlaya və bu xoşniyyətli səylərimizə ortaq ola biləydi.

Hörmətli qonaqlar, son illərdə qlobal enerji sahəsində genişmiqyaslı dəyişikliklər dünyanın enerji xəritəsini dəyişdirir, enerji sahəsində yeni aktorların ortaya çıxmasına səhnə olur, yeni texnologiyalar ortaya çıxır və sözün qısası, enerji arenasında böyük dəyişikliklər yaradan bir çox proseslər meydana gəlir. Digər tərəfdən, təhlükəsizliyin, rifahın və sülhün mübahisə mövzusu olmadığı bir şəraitdə qarşılıqlı maraqların qorunduğu beynəlxalq əməkdaşlıq və həmrəylik indiyədək olmadığı qədər əhəmiyyət kəsb edir.

Bu dəyişikliklərə paralel olaraq, enerji təhlükəsizliyi xarici siyasət, milli təhlükəsizlik, iqtisadi və davamlı inkişaf kimi anlayışlarla əlaqələndirilməyə başlanmışdır. Bu mənada enerji təhlükəsizliyi mövzusu qlobal gündəmin üst sıralarına çıxır və hazırkı müzakirələrin əsas mövzularından birini təşkil edir. Türkiyə olaraq, müsbət mövqeyimizi davam etdirəcəyik. Türkiyə olaraq, enerji təhlükəsizliyinin təmin edilməsində istehsalçı, tranzit və istehlakçı ölkələr arasındakı sıx əməkdaşlığı və dialoqu inkişaf etdirməyə davam edəcəyik. Bu baxışımıza əsaslanaraq dost və qardaş ölkələr - Azərbaycan və Gürcüstan ilə birlikdə bütün bu ölkələrin Şərq-Qərb enerji dəhlizini reallaşdırırıq.

Böyük dövlət xadimi mərhum Heydər Əliyev “Azəri-Çıraq-Günəşli” yataqlarının TPAO-nun da daxil olduğu beynəlxalq bir konsorsium vasitəsilə işlənməsinə imkan yaradan “Əsrin müqaviləsi”nin 1994-ci ildə imzalanmasına nail olmuşdu. Beləliklə, Bakı-Tbilisi-Ceyhan əsas neft boru kəmərinin həyata keçməsinə rəhbərlik etmiş oldu. Bu münasibətlə hörmətli Heydər Əliyevi rəhmətlə yad edirik.

Bakı-Tbilisi-Ceyhan əsas neft boru kəməri ilə birlikdə bu günə qədər 2 milyard bareldən çox neftin nəqli reallaşıb. Şərq-Qərb enerji dəhlizinin ikinci qovşağını təşkil edən Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə də 2007-ci ildən bu yana təbii qaz axını davam etməkdədir.

Bu gün isə ortaq hədəfimiz başda Xəzər və sonra Yaxın Şərq təbii qaz qaynaqlarının Qərbə daşınması və bir az əvvəl hörmətli Barrozunun da dediyi kimi, Avropa İttifaqının üzvü olan ölkələrin təbii qaz probleminin həllinə töhfə vermək baxımından bu işlərin daha da inkişaf etdirilməsidir. Bu qaz 2018-ci ilin sonunda Türkiyə, 2019-cu ildə də Avropaya, inşallah, axacaq.

Bu dəhlizin onurğa sütununu meydana gətirən layihələrdən biri də təbii ki, TANAP-dır. TANAP layihəsi baxımından böyük əhəmiyyət daşıyan bir məsələ də “Şahdəniz-2” yekun investisiya qərarına dair müqavilənin ötən il dekabrın 17-də məhz bu salonda imzalanmasıdır. Bu məsələdə BOTAŞ TANAP layihəsində 30 faizlik paya, TPAO isə istər “Şahdəniz” yatağında, istərsə də “Cənubi Qafqaz” boru xəttindəki hissəsini 19 faizə çatdırmışdır və ikinci böyük ortaq olmuşdur. Məlum olduğu kimi, TANAP ilk mərhələdə “Şahdəniz” yatağının işlənilməsi ilə birlikdə hərəkətə keçəcək, amma, eyni zamanda, şərqindəki qaynaqların da bərabər işlənilməsi ilə birlikdə bu, daha da böyük uğur qazanacaqdır.

Daha sonrakı mərhələlərdə müxtəlif əlavə qaynaqların da bu boru xəttinə daxil olacağına ümid edirik. Yalnız ticarət investisiyası kimi dəyərləndirmədiyimiz TANAP layihəsinin Türkiyə ilə Azərbaycan arasında olduğu qədər Avropa ölkələri ilə də uzun illər davam edəcək güclü, sağlam və təbii əlaqələr yaradacaq bir vasitə olduğuna inanırıq.

Bu münasibətlə hörmətli Prezident İlham Əliyevə, bu layihənin reallaşmasında zəhməti olan bütün təşkilatlara, dövlət və özəl sektora təqdir və təşəkkürlərimi bildirirəm.

Hamınızı hörmətlə salamlayıram.

                                                                                      X X X

Norveçin Azərbaycandakı səfiri Bard İvar Svendsen çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident, Zati-aliləri.

Xanımlar və cənablar.

Norveç Krallığının Baş naziri Erna Solberqin məktubunu diqqətinizə təqdim edirəm:

“Bu gün, Azərbaycan üçün mühüm, əhəmiyyətli bir gündə Sizi salamlayıram. 1994-cü ildə imzalanmış kontrakt Azərbaycanın tarixində dönüş nöqtəsi oldu. Beynəlxalq şirkətləri və sərmayəçiləri Azərbaycana dəvət etməklə “Azəri-Çıraq-Günəşli” neft yatağı beynəlxalq bazarlar üçün açıldı və ölkənin firavanlığı, beynəlxalq bazarlara inteqrasiyası təmin edildi.

1994-cü ildə, eyni zamanda, ticari əlaqələr başlandı. Norveçin “Statoil” şirkəti ölkəyə dəvət edildi. 20 ildən sonra Norveç ilə Azərbaycan enerji sahəsində daha yaxın tərəfdaş olublar. Bu, istər Norveç, istərsə də Azərbaycan üçün böyük mənfəətlər verib və bizim müvafiq şirkətlər də bundan bəhrələniblər. Ümid edirəm ki, əlaqələrimiz gələcəkdə də davam edəcəkdir.

Bugünkü gün yalnız tarix deyil, eyni zamanda, bu, gələcəyə bir baxışdır. “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi ilə münasibətlərimizin yeni mərhələsi, eyni zamanda, Azərbaycan və tərəfdaşlar üçün yeni mərhələ başlanır.

Bu gün enerji və təhlükəsizlik bir-biri ilə sıx bağlı məsələdir. Norveç “Cənub” qaz dəhlizi layihəsini dəstəkləyir və bu baxımdan enerji təhlükəsizliyi məsələsinə onun verəcəyi töhfəni alqışlayır. Azərbaycan və Norveç Avropa bazarı üçün etibarlı tərəfdaşlardır.

Cənab Prezident, xahiş edirəm “Əsrin müqaviləsi”nin 20 illiyi ilə bağlı təbriklərimi qəbul edəsiniz. Sizə gələcək uğurlar arzulayıram.

Xanım Erna Solberq
Norveç Krallığının Baş naziri”

                                                                                            X X X

Albaniya Respublikasının energetika naziri Damian GİKNURİ çıxış edərək dedi:

- Hörmətli cənab Prezident, zati-aliləri.
Xanımlar və cənablar.

Burada olmağımdan böyük məmnunluq duyuram. Bu, çox mühüm və Avropanın enerji xəritəsini dəyişdirəcək bir tədbirdir.

Bu layihə mənim ölkəm üçün çox vacib bir layihədir. Nəyə görə? Çünki Avropa etibarlı və alternativ enerji mənbəyi ilə təmin edilir. Bu, Avropa İttifaqının gələcəyi üçün vacibdir, onun təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Çünki alternativsiz qitənin gələcəyi təmin edilə bilməz.

Bu, eyni zamanda, müxtəlif ölkələr arasında əməkdaşlığı təmin edir. Vaxtilə münaqişədə olan ölkələr – Albaniya, Monteneqro bu gün bir yerdə çalışırlar və Azərbaycandan gələn kəməri digər kəmərlərlə birləşdirmək üçün əllərindən gələni edirlər. Eyni zamanda, bunun həm mənim ölkəm, həm Cənub-Şərqi Avropanın digər dövlətləri üçün böyük iqtisadi təsiri olacaqdır.

Bu, bizim üçün çox əhəmiyyətli bir layihədir. Bu, Albaniyaya böyük həcmdə qaz verəcəkdir. Əvvəllər bizim çox məhdud imkanlarımız var idi və zənnimcə, bu, istər iqtisadi inkişaf, istərsə də təhlükəsizlik baxımından çox böyük töhfə olacaqdır. Biz hazırda master-plan üzərində çalışırıq. Dost Azərbaycana və ARDNŞ-ə təşəkkürümüzü bildiririk ki, bu imkanları Albaniya üçün yaratmaqdadır.

Eyni zamanda, əminəm ki, bu layihə Albaniyanı və Cənub-Şərqi Avropanı enerji xəritəsi üzərinə qoyacaqdır. Çünki biz artıq enerji qovşağına çevriləcəyik. Bizim hökumətimiz bunu prioritet məsələ kimi müəyyən edib. Əlimizdən gələni edirik. Hökumət daxilində müvafiq komanda yaradılmışdır ki, TAP-ın mümkün qədər sürətlə həyata keçirilməsini təmin edəcək.

Təəssüflər olsun ki, Roma papasının səfəri ilə bağlı Baş nazirimiz burada ola bilmədi. Amma bu, layihəyə verdiyimiz əhəmiyyəti heç də azaltmır. Bu, bizim üçün, Avropa üçün, Azərbaycan üçün çox mühüm layihədir. Sizə qarşıdakı illərdə uğurlar və uğurlu əməkdaşlıq arzulayıram.

                                                                                       X X X

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ticarət və investisiyalar üzrə dövlət naziri Lord LİVİNQSTON çıxış edərək dedi:

- Cənab Prezident, Zati-aliləri.

Hörmətli dövlət və hökumət başçıları, qonaqlar.

Artıq məşhur olan “Əsrin müqaviləsi”nin imzalanmasının ildönümü ilə əlaqədar Britaniya hökuməti adından Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edirəm. Dəvətə görə təşəkkür edirəm və icazənizlə bir neçə kəlmə söyləmək istərdim.

Çox şadam ki, bu gün qarşınızda məhz britaniyalı memar Zaha Hadidin müəllifi olduğu möhtəşəm Heydər Əliyev Mərkəzinin səhnəsindən çıxış edirəm. Con Pol Getti dediyi kimi, uğuru şərtləndirən üç amil bunlardır: erkən oyanmaq, gecəyə qədər çalışmaq və neft tapmaq. Bunu Azərbaycanın uğuru haqqında da demək olar. Lakin buraya müdrik rəhbərlik amilini əlavə etmək çox vacibdir. Ölkəniz gərgin əməyi və enerji ehtiyatları sayəsində Avropa və dünya iqtisadiyyatında mühüm rol oynayır. Böyük Britaniya bu uğurun tərkib hissəsi olmaqdan qürur duyur.

“Azəri-Çıraq-Günəşli” yataqlarının operatoru olan bp ARDNŞ ilə birlikdə dünyanın dənizdəki ən nəhəng neft komplekslərindən birini və Azərbaycanın iqtisadiyyatına töhfə verən ən iri müəssisəni yaradıb.

Xanımlar və cənablar, “Azəri-Çıraq-Günəşli” Azərbaycanda enerji inkişafının təntənəsidir. bp və Böyük Britaniya hökumətinin Azərbaycan ilə əməkdaşlığı bu layihələrlə məhdudlaşmır və biz gələcək layihələr də gözləyirik. Bu mənada mən fəxr edirəm ki, biz yalnız “Azəri-Çıraq-Günəşli”nin 20 ilini deyil, 20 illik möhkəm Britaniya-Azərbaycan münasibətlərini qeyd edirik və bu layihə əməkdaşlığımızın təməlində durub. İyirmi il əvvəl Bakıda və Londonda səfirliklərimiz açıldı və o vaxtdan bu günə qədər münasibətlərimiz sürətlə inkişaf edib. Bizim davamlı ticarət əlaqələrimiz güclü ikitərəfli münasibətlərin özəyini təşkil edib və bu istiqamətdə münasibətlər davam etməkdədir.

Britaniya şirkətləri ölkənizdə birbaşa xarici sərmayənin ən böyük mənbəyidir. Neft və qaz sahəsi daxil olmaqla 500-dən artıq Britaniya şirkəti burada çalışır və gələcəkdə bu rəqəmi artırmaq niyyətindəyik. Təbii ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və infrastrukturun yaxşılaşdırılması üçün enerjidən başqa, digər sahələrə də sərmayə qoyur. Britaniya bu işlərdə Azərbaycana yardım etməyə hazırdır. Məsələn, Azərbaycan yüksək texnologiyalar sahəsində böyük potensiala malikdir və mən böyük məmnuniyyətlə iyun ayında Londonda nazir Əli Abbasovun rəhbərlik etdiyi texnologiya şirkətlərindən ibarət olan heyəti qəbul etdim.

Azərbaycan hökumətinin sənaye üçün münbit biznes mühitinin yaradılması ilə bağlı qətiyyəti uğurumuzu şərtləndirən amil olub. Uğurun digər elementi isə insan kapitalının inkişafıdır. Gələcəyə baxdıqda biz “Şahdəniz” yatağının istismarını və “Cənub” qaz dəhlizinin inşasını alqışlayır və bu işi tamamilə dəstəkləyirik. Həqiqətən də “Cənub” qaz dəhlizi Avropa İttifaqının qaz bazarının şaxələndirilməsində mühüm rol oynayacaq və bununla da qitənin enerji təhlükəsizliyini artıracaq.

Onun tikintisi dünyada ən iri və ən mürəkkəb infrastruktur layihəsi olacaq. Lakin onun əhəmiyyətini qiymətləndirməyə bilmərik. Tikinti zamanı və təhvil verildikdən sonra belə bu dəhliz marşrut üzrə bütün ölkələr üçün çox faydalı olacaq.

Bu gün qeyd edə biləcəyimiz nailiyyətlər çoxdur. Ancaq bundan sonra da birlikdə daha böyük işlər görə bilərik. Sonda bir daha bütün iştirakçılara uğurlar arzu edirəm. Onlara və Azərbaycana uğurlar və firavanlıq diləyirəm.

                                                                                          X X X

İtaliya Respublikasının iqtisadi inkişaf nazirinin müavini Klaudio de VİNSENTİ çıxış edərək dedi:

- Zati-aliləri, cənab Prezident İlham Əliyev.

Xanımlar və cənablar.

Mən çox məmnunam ki, bu gün “Əsrin müqaviləsi”nin 20 illiyinə həsr edilmiş bu mötəbər mərasimdə iştirak edirəm. Mənim üçün böyük şərəfdir ki, bu gün bu mühüm məqamda Sizinlə bir yerdəyəm. Bu, enerji sərvətlərinin hasilatı baxımından çox əhəmiyyətli bir tədbirdir. Bu, 20 il ərzində həyata keçirilmiş əməkdaşlığın təntənəsidir. Burada Azərbaycanın bir sıra neft şirkətləri ilə 1994-cü ildə imzaladığı “Əsrin müqaviləsi”ndən söhbət gedir. Bu müqavilə həm Azərbaycanın beynəlxalq əməkdaşlıq baxımından inkişafını təmin edib, eyni zamanda, ölkəyə külli miqdara xarici sərmayə cəlb edib. Bu baxımdan “Cənub” qaz dəhlizi heç şübhəsiz ki, “Əsrin müqaviləsi”nin qaz baxımından təkamülü olub.

Bu fürsətdən istifadə edərək ölkəmizin oynadığı rolu vurğulamaq istəyirəm. İlk gündən İtaliya TAP layihəsini dəstəkləyib və onun həyata keçirilməsi üçün beynəlxalq əməkdaşlığı təşviq edib. Çox şadam ki, bu gün rəsmi olaraq elan edə bilərəm: İtaliya hökuməti TAP layihəsinə razılığını verib və 2015-ci ildə bu layihə reallaşacaq. İtaliya hökuməti qərar qəbul edib ki, TAP layihəsi bizim ölkənin inkişafı üçün beş prioritet layihə sırasındadır. Bununla da əminəm ki, icra ilə bağlı bütün tədbirlər uğurla həyata keçiriləcək.

Zənnimcə, TAP layihəsinin Avropa və İtaliya üçün qaz nəqlinin şaxələndirilməsi baxımından çox mühüm əhəmiyyəti var. Bu, bizim enerji strategiyamızın tərkib hissəsidir. Bu, bizə imkan verəcək ki, xüsusilə neft sahəsində təhlükəsizliyi və etibarlılığı təmin edək. Bu səbəbdən də Avropa ölkəsi olan İtaliya hökuməti TAP layihəsinin həyata keçirilməsinə öz sadiqliyini vurğulayır. Çünki şaxələndirmə və yeni tranzit marşrutları bizim enerji təhlükəsizliyimiz baxımından çox vacib bir məsələdir.

Bu, ötən ilin iyun ayında da Avropa İttifaqının Şurası tərəfindən vurğulanıb.

Bundan əlavə bu, təkcə Cənubi Avropanın enerji şaxələndirilməsinə xidmət etməyəcək. Burada Balkan regionlarının enerji təhlükəsizliyi təmin ediləcək. Xüsusilə də digər qonşu ölkələr də bu layihəyə qoşularaq TAP layihəsinin əhəmiyyətini daha da artıracaq və Balkan regionunda olan dövlətlərə müvafiq mənfəət verəcək. Bununla bağlı Monteneqronun Baş naziri artıq öz fikirlərini söylədi.

Vurğulamaq istərdim ki, Avropa İttifaqı Komissiyası tərəfindən TAP layihəsi də vahid maraq kəsb edən layihələr sırasına daxil edilib. Bununla da müvafiq lisenziyaların verilməsi ilə bağlı proses sürətləndiriləcək və müvafiq maliyyə dəstəyi göstəriləcək. Dediyim kimi, İtaliya TAP layihəsinin həyata keçirilməsində öz texniki təcrübəsini təqdim etməyə hazırdır ki, bu təcrübə nəticəsində işlər sürətlə və keyfiyyətlə görülə bilsin.

Sonda cənab Prezident, xanımlar və cənablar, bir daha vurğulamaq istərdim ki, bu gün mənim burada iştirakım İtaliya hökumətinin bu strateji layihəni nə dərəcədə dəstəklədiyinin göstəricisidir. Bu, həm də bizim üçün bir stimul olacaqdır ki, enerji tələbatımızı ödəyək və gələcəkdə enerji qovşağı rolunu oynaya bilək.

Cənab Prezident, bu şərəfi mənə verdiyinizə və buraya dəvət edildiyimə görə bir daha təşəkkür edirəm. Diqqətinizə görə çox sağ olun.

                                                                                        X X X

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos HOKSTAYN çıxış edərək dedi:

- Cənab Prezident İlham Əliyev.

Hörmətli nazirlər, xanımlar və cənablar.

Bugünkü tədbirdə iştirakımdan qürur duyuram. Bu gün biz “Əsrin müqaviləsi”nin - “Azəri-Çıraq-Günəşli” neft yataqları bloku üzrə hasilatın pay bölgüsü kontraktının imzalanmasının 20 illiyini qeyd edirik. “Əsrin müqaviləsi” həqiqətən də tarixi hadisə olub. Bu layihə ötən 20 il ərzində zamanın sınağından keçib. Biz fəxr edirik ki, Bakı-Tbilisi-Ceyhan layihəsinin inkişafı və həyata keçirilməsi istiqamətində Azərbaycana mühüm dəstək vermişik. Sabiq Prezident Klintondan Prezident Obamaya qədər hər bir ABŞ Prezidenti bu layihənin qəti tərəfdarı olub.

Bu gün biz 20 il bundan öncə başladığımız mərhələni başa çatdırırıq. O zaman biz XX əsrin müqaviləsini imzaladıq. Bu gün Xəzər dənizindən Avropaya qaz nəql edəcək yeni layihənin təməlqoyma mərasimində iştirak edirik. Bununla da biz XXI əsrin monumental əhəmiyyətə malik yeni layihəsinin başlanğıcını qeyd edirik.

Bu tədbir çox münasib vaxtda təşkil edilib. Bizə bir daha xatırladılır ki, dövlətlər enerji təhlükəsizliyi ilə bağlı fundamental hüquqa malikdirlər və dünyada heç bir ölkə yeganə enerji mənbəyindən asılı olmaq məcburiyyətində qalmamalıdır. Burada çıxış yollarından biri şaxələndirmədir - mənbələrin, yanacaq növlərinin və ixrac marşrutlarının şaxələndirilməsi.

Bakı-Tbilisi-Ceyhan layihəsinin başa çatdırılması, Cənubi Qafqaz kəmərinin genişləndirilməsi, TANAP və TAP boru kəmərlərinin inşası nəticəsində Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsi məsələsində getdikcə artan vacib rol oynayacaq. Azərbaycan Prezidentinin dediyi kimi, bu dəhlizin açılışı Avropanın enerji xəritəsini dəyişib. Digər natiqlərin dediyi kimi, burada söhbət yalnız TAP-ın üç ölkəsindən getmir. Bu layihə Bolqarıstanı, daha sonra isə Balkanları, yəni Monteneqro və Xorvatiyanı, oradan isə Macarıstanı və Ukraynanı əhatə edə biləcək.

İyirmi il öncə Bakı-Tbilisi-Ceyhan kəmərinin inşa ediləcəyinə inanmayanlar var idi. Son ildə “Cənub” qaz dəhlizinə skeptik yanaşanlar da var idi. Lakin biz bir şeyə əmin ola bilərik ki, skeptiklər heç vaxt qalib olmur və heç nəyə nail olmurlar.

Azərbaycan xalqının iradəsi, ABŞ, Türkiyə və Avropadan olan tərəfdaşların əzmkarlığı skeptiklər üzərində qalib gəldi. Artıq yeni mərhələnin başlanğıcındayıq və bunun təsiri regionda, Avropada və Şərqi Aralıq dənizi hövzəsində hiss ediləcək.

Azərbaycan ilə bizim enerji tərəfdaşlığımız güclüdür və yeni layihələr meydana çıxdıqca daha da güclənəcək. İyun ayında Prezident Obama məktubunda dediyi kimi, bu layihənin icrası Avropanın qaz təchizatının genişləndirilməsi baxımından mühüm addımdır və ABŞ onu dəstəkləməyə hazırdır.

Təəssüflər olsun ki, dövlət katibi Con Kerri tədbirdə şəxsən iştirak edə bilmədi. Ancaq məndən xahiş edilib ki, bu tarixi hadisə ilə bağlı Prezident İlham Əliyevə ünvanlanmış məktubu diqqətinizə çatdırım:

“Hörmətli Prezident Əliyev. “Əsrin müqaviləsi”nin 20 illiyi və “Cənub” qaz dəhlizinin təməlinin qoyulması ilə bağlı Azərbaycan xalqına səmimi təbriklərimi bildirirəm. Bu tarixi hadisə keçmiş Sovet İttifaqında ilk böyük Qərb sərmayəsi olub. Son 20 il ərzində ABŞ enerji ehtiyatlarının istismarı, Avropa və dünya enerji təchizatına töhfə, güclü və müstəqil dövlətə çevrilməsi istiqamətində Azərbaycanın əsl mənada tərəfdaşı olub. Bakı-Tbilisi-Ceyhan kəmərinin inşası ilə yanaşı, Azərbaycan Xəzər və Aralıq dənizləri arasında birbaşa əlaqə yaradaraq dünya bazarında mühüm neft təchizatçısına çevrilib. Azərbaycan “Cənub” qaz dəhlizi vasitəsilə Avropa bazarlarının əlavə enerji təchizatı marşrutlarında və regionun enerji təhlükəsizliyinin möhkəmlənməsində mühüm rol oynayıb.

Son 20 il ərzində Azərbaycan və ABŞ bir yerdə böyük işlər görüblər. “Əsrin müqaviləsi” gələcək naminə səylərimizi birləşdirərək mühüm layihələrə nail ola biləcəyimizi nümayiş etdirdi. Bu, digər sahələr üzrə də belədir: enerji təchizatının davam etdirilməsindən Şərq-Qərb ticarət dəhlizinin yaradılmasına, terrorçuluqla mübarizədən Azərbaycanda demokratik inkişafın davam etdirilməsinədək.

Azərbaycan 96 il öncə universal dəyərlərə sadiqliyini ifadə edən ilk müsəlman ölkəsi kimi insan hüquqları və fundamental azadlıqların təmin edilməsində xalqın və hökumətin nümayiş etdirdiyi lider rolunu yenidən üzərinə götürüb. Əlaqələrimizin üç sütunu - təhlükəsizlik, enerji və iqtisadi inkişaf, demokratiya və vətəndaş cəmiyyəti daha sadiq və daha firavan Azərbaycan ilə bağlı baxış üçün eyni dərəcədə əhəmiyyətlidir.

ABŞ bu məqsədlərə nail olmaq üçün Sizinlə və Sizin hökumətinizlə yaxından əməkdaşlıq etməyə hazırdır. Bu mühüm hadisənin ildönümü ilə əlaqədar Sizə bir daha ən səmimi təbriklərimi çatdırıram.

Səmimiyyətlə, Con Kerri”.

Cənab Prezident, cənab Kerrinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi qismində burada olmağımdan qürur duyuram. Məndən əvvəlki həmkarlarım kimi, mən də gözəl ənənəni davam edərək “Cənub” qaz dəhlizinin inkişafı ilə bağlı əlimdən gələni etməyə hazıram. Enerji təhlükəsizliyi Azərbaycan, Türkiyə və Avropa üçün mühüm maraq kəsb edir və bu mövzu ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğundur.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra enerji sahəsində lider olub. Əminəm ki, Siz bundan sonra da bu işləri cəsarət və əzmkarlıqla, açıq, ədalətli və şəffaf şəkildə davam etdirəcəksiniz. Firavanlığın təmin edilməsində ABŞ Sizin yanınızda olacaq.

Bir daha təbrik edirəm.

                                                                                       X X X

bp şirkətinin baş icraçı direktoru Robert DADLİ çıxış edərək dedi:

- Cənab Prezident, Zati-aliləri.

Baş nazirlər.

Möhtərəm qonaqlar və həmkarlar.

Sabahınız xeyir olsun, təbrik edirəm. Bu gün Azərbaycan və enerji sektoru üçün əlamətdar bir gündür. Burada 1994-cü ildən indiyədək son dərəcədə böyük nailiyyətlər əldə olunub. Buna görə də mən Prezident Əliyevə və onun hökumətinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Mən, həmçinin Rövnəq Abdulayevə və onun ARDNŞ-dəki heyətinə və bu gün burada iştirak edən bütün tərəfdaşlara da minnətdarlığımı bildirirəm.

Biz birlikdə tərəfdaşlığın nəyə qadir olduğunu nümayiş etdiririk. Bugünkü tarix sadəcə bir müqavilənin imzalanmasının ildönümü deyil. Bu, həm də Azərbaycanın neft sənayesinin dirçəlişində əlamətdar bir gündür. Bu il mənim dünyanın enerji sənayesini təmsil edən çoxsaylı insanların qarşısında çıxış etmək imkanım oldu. Mən həmin çıxışımda bildirdim ki, əksər insanlar müasir neft sənayesinin başlanğıcını 1859-cu ildə Pensilvaniyada qazılmış neft quyusu ilə əlaqələndirirlər. Lakin qeyd etdim ki, neft quyusu ilk dəfə 1848-ci ildə Azərbaycanda qazılıb. Odlar yurdu Azərbaycan həqiqətən də neft və qaz sənayesinin beşiyidir və 1994-cü ildə ölkə həmin sənayenin yenidən dirçəlişinin şahidi oldu. Həmin vaxt imzalanan kontrakt haqlı olaraq “Əsrin müqaviləsi” adlandırıldı. Altı müxtəlif ölkədən olan 11 şirkət ARDNŞ ilə bir araya gələrək ölkənin enerji sektorunda çıxdığı uzaq yolda yeni mərhələnin başlanğıcını qoydu. Bu yolda Azərbaycanın təbii ehtiyatlarının Bakı-Tbilisi-Ceyhan vasitəsilə beynəlxalq bazarlara nəqli mümkün oldu. Bakıdan başlanan bu kəmər Gürcüstan ərazisindən keçərək Ceyhana qədər uzanır və Bosfor vasitəsilə 1 milyon barel neftin nəql edilməsi zərurətini aradan qaldırır. Dünyanın başqa yerində bu məsafə Hyustondan Çikaqoyadək və ya Londondan Madridədək olan məsafə qədərdir. Bu proqram çərçivəsində 2,5 milyard barel neft hasil olunub və təxminən 30 milyard dollar dəyərində sərmayə yatırılıb.

Burada üç əsas məqamı qeyd etmək istəyirəm. Ən əhəmiyyətli amil buraya cəlb olunmuş insanlardır. Bu, həqiqətən də dünyanın müxtəlif yerlərindəki minlərlə əzmkar insanın əməyi olan beynəlxalq bir səydir. Lakin işin əsas hissəsi burada azərbaycanlı işçilər tərəfindən həyata keçirilib.

Sizi burada salamlayıram. Əminəm ki, bu gün əməyinizin nəticəsini görürsünüz. Bir çox insanlar dərk etmir, amma Səngəçal terminalı həqiqətən də dünyada ən nəhəng neft terminalıdır. Bu tərəfdaşlığın uğurlu olmasına gətirən ikinci səbəb Azərbaycanın təchiz etdiyi enerjinin strateji əhəmiyyət daşımasıdır. Enerji təchizatına son dərəcə böyük tələbat var və biz təbii sərvətlərlə zəngin olan qapalı hövzədən dünya bazarlarına tam yeni bir marşrut açdıq. Bu gün biz yalnız geriyə nəzər salaraq ötən 20 ili qeyd etmirik. Həm də irəliyə baxaraq Azərbaycanın enerji tarixinə yeni səhifə açırıq. Biz Xəzər dənizindəki nəhəng “Şahdəniz” yatağından hasil olunan qazı Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan Albaniya, İtaliya və digər ölkələrə nəql edəcəyik.

Bu mərasimdən sonra möhtərəm Prezident bizimlə birgə Səngəçal terminalında “Cənub” qaz dəhlizinin rəsmi təməlqoyma mərasimində iştirak edəcək. Biz birlikdə 3600 kilometr məsafədə uzanacaq, yəni Bakı-Tbilisi-Ceyhan boru kəmərinin uzunluğundan iki dəfə uzun olacaq boru kəməri sisteminin ilk mərhələsinin təməlini qoymağa gedirik. On illərlə davam edəcək 45 milyard dollar dəyərində olan bu layihə milyonlarla istehlakçıya xidmət edəcək və minlərlə iş yerinin açılmasına səbəb olacaq. İnnovasiya uğurun üçüncü şərtidir. Bu, ənənələrə söykənən investisiya ola bilər. Lakin eyni zamanda, texnologiya baxımından zamanı qabaqlayıb. Biz “Çıraq” platformasından 6 kilometr məsafəyə bir quyu qazmaqla uzaq məsafəyə maili qazma texnologiyasının nəyə qadir ola biləcəyini nümayiş etdirdik. “Şahdəniz” hazırda bir çox texnologiyalar sayəsində aparıcı kimi “Azəri-Çıraq-Günəşli” layihəsinin addımladığı yolu izləməyə hazırdır.

Cənab Prezident, enerji sahəsi böyük qayğı, əzmkarlıq və səbir tələb edən uzunmüddətli bir sahədir. İndi biz daha uzun illər davam edəcək hasilat üçün gələcəyə baxa bilərik. Bununla yanaşı, biz “Şahdəniz” yatağında hasilatın pay bölgüsü haqqında müqavilənin müddətini 2048-ci ilə qədər uzatmışıq. Bu, həqiqətən də uzun müddətdir. Bu gün biz 20 illiyi qeyd edirik. Lakin 2048-ci ildə dünyada ilk neft quyusunun Azərbaycanda qazılmasının 200 ili tamam olacaq. Tədbirlər günbəgün, ilbəil bir-birini əvəz edir. Lakin iri layihələr, möhtəşəm texnologiyalar və yüksək ixtisaslı və əzmkar insanların əməyi qalır.

Fürsətdən istifadə edərək bu işə özünü həsr etmiş və “Azəri-Çıraq-Günəşli”nin 20 illik uğurlu tarixçəsinə töhfə vermiş bütün insanlara təşəkkürümü bildirirəm. bp şirkəti bu uzunmüddətli layihənin bir hissəsi olmaqdan çox qürur duyur. Ümid edirəm ki, biz hamımız qarşıdan gələn uzun illər boyunca birgə əməkdaşlığımızı davam etdirəcəyik. Hamınıza təşəkkür edirəm.

Cənab Prezident, bir daha sağ olun. Gəlin, bu mühüm gündən həzz alaq.

                                                                                           X X X

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq ABDULLAYEV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident, Zati-aliləri.

Hörmətli xanımlar və cənablar.

Hamınızı salamlayıram. Azərbaycan Prezidenti dünən neftçilərin böyük bir qrupunu yüksək dövlət təltiflərinə layiq görüb. Bu, möhtərəm Prezidentimizin neftçilərə göstərdiyi daimi diqqət və qayğısının növbəti təzahürüdür. Mən neftçilər adından, tərəfdaş şirkətlər adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildirirəm.

Azərbaycanın qədim neft tarixi var. Neftin sənaye üsulu ilə çıxarılmasının, tankerlər, dəmir yolu, boru kəməri ilə nəql edilməsinin, ofşor qazmasının erasının əsası Azərbaycanda qoyulub.

XX əsrin əvvəllərində dünyada hasil edilən neftin yarısını Azərbaycan neftçiləri çıxarırdı. 1990-cı illərdə isə şirkətimiz “Əsrin müqaviləsi” üzrə öz işlək payını belə ödəyə bilmirdi. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə uğurla davam etdirilən enerji strategiyası nəticəsində Azərbaycan böyük yüksəliş yoluna qədəm qoydu və ötən 20 ildə ölkənin siması dəyişdirildi, iqtisadiyyatı şaxələndirildi, neftdən gələn gəlirlər insan kapitalına çevrildi, SOCAR-ın imkanları genişləndi.

Bu gün “Cənub” qaz dəhlizinin təməli qoyulur. Bu layihə Avropanın enerji təhlükəsizliyinə yönəlib. Biz dünyanın ən böyük, eyni zamanda, ən mürəkkəb qaz-kondensat yataqlarından biri olan “Şahdəniz” yatağının işlənilməsini uğurla həyata keçiririk.

İşlənilmənin ikinci mərhələsində tərəfdaşlarımızla birlikdə “Cənubi Qafqaz” boru kəmərini genişləndirəcək, TANAP və TAP kimi nəhəng qaz kəmərlərini inşa edəcəyik. Bu layihələrə 45 milyard ABŞ dolları məbləğində sərmayə qoyulacaq.

SOCAR artıq dünyanın neft-qaz bazarına inamla daxil olmuşdur. Biz bu gün “Cənub” qaz dəhlizi marşrutu boyunca böyük investisiya layihələri həyata keçiririk. Bu ölkələrin bəzilərində isə ən iri sərmayəçiyik. Qazanılmış nailiyyətlər də təsdiq edir ki, bu inkişaf davamlı olacaq, neftçilərimiz XXI əsrin layihələrini də vaxtında və yüksək keyfiyyətlə yerinə yetirəcəklər. 2018-ci ildə Azərbaycan qazı Türkiyəyə, 2019-cu ildə isə Avropaya çatdırılacaq. 2020-ci ildə isə biz bir böyük Avropa ailəsi kimi Bakıda möhtəşəm futbol bayramını birlikdə qeyd edəcəyik. Diqqətinizə görə sağ olun.

                                                                                         X X X

Sonra Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələrindən bəhs edən videoçarx nümayiş etdirildi.

                                                                                          X X X

Daha sonra dövlət və hökumət başçıları, digər rəsmi şəxslər “Cənub” qaz dəhlizinin təməlinin qoyulması mərasimində iştirak etmək üçün Səngəçal terminalına yollandılar.

Azərbaycan Prezidenti İlham Əliyev və təməlqoyma mərasiminin digər iştirakçıları rəmzi olaraq xüsusi qəliblərin üzərində əl izlərini qoydular.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız, Yunanıstanın Baş naziri Antonis Samaras, Bolqarıstan Prezidenti Rosen Plevneliev, Albaniyanın energetika naziri Damian Giknuri, İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Klaudio de Vinsenti, Monteneqronun Baş naziri Milo Cukanoviç, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ticarət və investisiyalar naziri Lord Livinqston, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn, bp şirkətinin baş icraçı direktoru Robert Dadli, Azərbaycanın energetika naziri Natiq Əliyev və ARDNŞ-in prezidenti Rövnəq Abdullayev “Cənub” qaz dəhlizinin təməlinə qoyulacaq ilk borunu imzaladılar.

Daha sonra “Cənub” qaz dəhlizinin təməli qoyuldu.

Sonda dövlət və hökumət başçıları, digər qonaqlar xatirə şəkli çəkdirdilər.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 20 dekabr 2024
20:07
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən...

20 dekabr 2024, 20:07