İlham Əliyev Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası işləri ilə tanış olub

24 iyul 2014, 13:20
İlham Əliyev Böyükşor gölünün və ətraf  ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası  işləri ilə tanış olub

Prezident İlham Əliyev Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası ilə bağlı görülən işlərlə tanış olub.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev görülən işlər barədə dövlət başçısına ətraflı məlumat verdi.

Bu layihə Prezidentin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na və “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq həyata keçirilir. İlk Avropa Oyunlarına aid tədbirlərin böyük əksəriyyəti Böyükşor gölünün şərq sahilində, hazırda tikilməkdə olan Bakı Olimpiya Stadionu kompleksində keçiriləcək. Burada çoxsaylı qonaqların, idmançıların və turistlərin qəbul edilməsi gözlənilir. Bu baxımdan gölün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası və Böyükşor bulvarının yaradılması xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edildi ki, gölün ekoloji bərpası layihəsi iki mərhələdə həyata keçiriləcək. 2014-2015-ci illəri əhatə edən birinci mərhələdə işlər uğurla davam etdirilir. Gölün Olimpiya Stadionunun yaxınlığında yerləşən 300 hektara yaxın ərazisi bərpa olunur. Bu mərhələdə gölün şimal hissəsinin tarixən neftlə çirklənmiş sahəsinin bənd vasitəsilə sahil xəttindən ayrılması nəzərdə tutulurdu. Artıq bəndləmə işləri yekunlaşıb. Bununla da neftin, çirklənmiş suyun və üzən tullantıların axınının qarşısı alınıb.

Göl üzərində ərazinin qərb sərhədini müəyyən edən səkkiz xətli magistral şose şəklində layihələndirilmiş bənd bir tərəfdən Ziya Bünyadov prospekti, digər tərəfdən Balaxanı-Binəqədi yolu ilə birləşdiriləcək. Bu da öz növbəsində, şəhərin yol infrastrukturuna düşən yükü azaldacaq. Torpaq bəndin inşası cədvəl üzrə davam etdirilir və işlərin növbəti ilin ilk rübündə başa çatdırılması planlaşdırılır. Eyni zamanda yüz ildən artıq müddətdə göl dibinə yığılmış çirkli çöküntülərin çıxarılması və zərərsizləşdirilməsi işləri görülür. Layihə üzrə ilkin mərhələdə 2,8 milyon kubmetr həcmində çöküntünün 100 min kubmetrdən çoxu təmizlənib. Gölün mühafizə zonası da daxil olmaqla, ciddi mühafizə işi təşkil edilib, göl və sahil xətlərinin məişət və tikinti tullantıları ilə çirklənməsinin qarşısı tamamilə alınıb. Böyükşor gölünün cənub sahilində geniş abadlıq-quruculuq işləri aparılır, 16 hektara yaxın ərazidə park və yaşıllıq salınır. Gələn ilin birinci yarısında şərq sahil xətti boyunca Böyükşor bulvarının bir kilometrədək hissəsi salınacaq və buradan stadion ərazisinə keçid təmin olunacaq.

Bildirildi ki, Böyükşor gölünün tam bərpası üzrə ikinci mərhələ 2015-2020-ci illəri əhatə edəcək. Bununla da göl öz təbii tarixi məcrasına qaytarılacaq, su səviyyəsi tənzimlənəcək və ekosistem bərpa olunacaq. Beynəlxalq ekspertlərin qiymətləndirmələrinə əsasən Böyükşor gölü dünyada ən mürəkkəb çirklənmiş göllərdən hesab edilir. Qısa müddətdə görülmüş işlər nəticəsində suyun keyfiyyət göstəricilərinin dinamikası müsbətə doğru dəyişib.

Prezident İlham Əliyev layihənin ekoloji əhəmiyyətini yüksək qiymətləndirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10