Avropa Komissiyasının yeni seçilmiş Sədri Zati-aliləri cənab Jan-Klod Yunkerə

17 iyul 2014, 18:05

Hörmətli cənab Yunker,

Avropa Komissiyasının Sədri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası Avropa İttifaqı ilə əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Bu mənada Avropa İttifaqı ilə müxtəlif sahələrdə əməkdaşlığımızın gündən-günə genişlənməsi, əldə edilmiş nailiyyətlər məmnunluq doğurur. 

Bu gün siyasi, iqtisadi, mədəni və digər sahələrdə böyük potensiala malik əlaqələrimiz uğurla inkişaf etməkdədir. Avropa İttifaqı ilə münasibətlərimizin əsas istiqamətlərindən biri sayılan enerji sahəsində uğurlu və davamlı əməkdaşlığımız Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin etibarlı tərəfdaş olduğunu sübut etmişdir. 

İnanıram ki, sağlam təməl, etimad və dəstək üzərində qurduğumuz tərəfdaşlıq əlaqələrinin, qarşılıqlı faydalı əməkdaşlığımızın bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.

Hörmətli cənab Yunker, Sizi bir daha təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı fəaliyyətinizdə Sizə və Komissiyanın gələcək heyətinə uğurlar diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 17 iyul 2014-cü il.