Avropa Şurası Parlament Assambleyasının sessiyasında İlham Əliyevin nitqi
24 iyun 2014, 21:30
- Hörmətli xanım sədr.
Xanımlar və cənablar.
Əvvəlcə, xanım sədr, dəvətinizə görə minnətdarlığımı bildirmək istəyirəm. Strasburqda yenidən olmaqdan böyük şərəf və iftixar hissi duyuram. Həmçinin burada on il öncə söylədiyim nitqimə istinad etdiyinizə görə minnətdaram. Mən sadəcə on il öncə söylədiyim sözləri bir daha təsdiqləyə bilərəm ki, bu, islahatlara aid mövqeyimizdir. Müstəqillik illərində Azərbaycanın uğurlu inkişafı göstərdi ki, iqtisadi və siyasi islahatlar paralel şəkildə həyata keçirildiyi təqdirdə uğurla nəticələnir. Əlbəttə ki, biz islahatlarımızı davam etdirəcəyik.
Beləliklə, Azərbaycanda həyata keçirilmiş islahatlar göstərir ki, onlar paralel şəkildə aparıldıqda gözəçarpan tərəqqi ilə nəticələnə bilər. Əlbəttə ki, Azərbaycanın Avropa Şurasında üzvlük illəri çox sürətli iqtisadi və siyasi dəyişikliklər illəri oldu.
Əslində, Azərbaycandakı islahatlar müstəqilliyimizin bərpasından bir neçə il sonra, yəni 1990-cı illərin ortalarında başladı.
Müstəqilliyin ilk illəri xalqımız üçün həddindən artıq böyük çətinliklərlə və fəlakətlərlə yadda qaldı. Əvvəlcə, sosial narazılıq, iqtisadi çətinliklər, siyasi, iqtisadi və hərbi böhran, Azərbaycanın əvvəlki rəhbərliyinin yarıtmaz idarəçiliyi, bütün bunlar elə bir çətin vəziyyətə gətirib çıxardı ki, hətta dövlətçiliyimiz belə sual altına çəkilmişdi. Bu vəziyyət nəticəsində 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başladı. Bu, müasir tariximizin ən ağrılı hissəsinə çevrildi.
Beləliklə, islahatlar 1990-cı illərin ortalarında başladı. Azərbaycanın yeni demokratik Konstitusiyası qəbul edildi. İqtisadi və siyasi islahatlar isə qeyd etdiyim kimi, paralel şəkildə aparıldı və ölkəmizin müstəqillik illərində nail olduğu böyük tərəqqi ilə nəticələndi.
Avropa Şurasına qoşulmaq bizim düşünülmüş seçimimiz oldu. Çünki biz islahatların genişləndirilməsi üçün bu təsisatın üzvü olmaq istəyirdik. Əlbəttə, bilirdik ki, Avropa Şurasına qoşulmağımız, həmçinin öhdəlikləri nəzərdə tutacaqdır. Biz isə bunlara hazır idik. Bu günə qədər biz öhdəlikləri yerinə yetiririk. Xanım sədrin qeyd etdiyi kimi, biz demək olar ki, 60-a yaxın konvensiyaya qoşulmuşuq. Qanunvericiliyimizi təkmilləşdirmişik. Bu gün həyata keçirdiyimiz islahatlar cəmiyyətimizdə çox müsbət mühit yaradır.
Fundamental azadlıqlara gəldikdə, Azərbaycanda bütün azadlıqlar təmin edilir. Siyasi fəaliyyət azadlığı vardır. Yüzlərlə siyasi təşkilat, partiya mövcuddur. İfadə azadlığı, mətbuat azadlığı vardır. Qırxdan artıq gündəlik və təxminən iki yüz həftəlik və aylıq qəzet çıxır. Respublika səviyyəsində doqquz televiziya kanalı vardır. On dörd bölgə və on dörd kabel televiziya kanalı fəaliyyət göstərir. Bizdə azad internet vardır. Azərbaycanda internet istifadəçilərinin sayı 70 faizdən artıqdır. Hazırda hökumətimiz böyük sərmayələri tələb edən layihəni həyata keçirməkdədir: genişzolaqlı internet hər bir şəhər və kənd üçün təmin edilməlidir. Digər sözlə, azad internetin mövcudluğu, senzuranın olmaması şəraitində biz mətbuat azadlığını məhdudlaşdıra bilmərik. Əksinə, biz mətbuat azadlığının tərəfdarıyıq, çünki media azadlığı demokratiya deməkdir. O, hökumətə çatışmazlıqlara diqqət yönəltməyə yardım edir. O, hökumət ilə cəmiyyət arasında zəruri əlaqələrin qurulmasına zəmin yaradır.
Bu, Azərbaycanın, müasir Azərbaycanın ən böyük zənginliklərindən biridir. Biz bundan qürur hissi duyuruq. Bu səbəbdən, biz bir daha söyləyə bilərik ki, mətbuat azadlığı tam şəkildə təmin edilir.
Təşkilatlanma və toplaşma azadlığı, həmçinin tam şəkildə təmin edilir. Siyasi təşkilatlar bundan yararlanır, vaxtaşırı nümayişlər keçirirlər. Bu, dinc şəkildə baş tutur. Bu, həmçinin islahatlara sadiqliyimizi nümayiş etdirir. Bildirmək istəyirəm, islahatların həyata keçirilməsi bizim üçün onunla bağlı deyil ki, biz öhdəliklərimizi icra edək və ya beynəlxalq təsisatlardan müəyyən müsbət qiymətlər alaq. Bu, onunla bağlıdır ki, biz ölkəmizi müasirləşdiririk. On il öncə qeyd etdiyim kimi, güclü demokratik təsisatlar olmadan iqtisadi uğurumuz davamlı ola bilməz. Bu səbəbdən iqtisadi və siyasi islahatlar paralel şəkildə aparılmalıdır. Cəmiyyətin demokratikləşdirilməsi cəmiyyətimizdə müsbət əhval-ruhiyyə yaradır.
Bizdə dini azadlıq vardır. Bu da ölkəmizin ən böyük varlığıdır. Biz çoxmillətli və çox dinlərin olduğu cəmiyyətik. Əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələri Azərbaycanda sülh şəraitində layiqli həyat sürüblər. Multikulturalizm dəyərləri sədrliyimiz zamanı diqqət yetirəcəyimiz prioritetlərdən biri olacaqdır.
Azərbaycan 2008-ci ildə Avropa Şurasının mədəniyyət nazirlərinin toplantısında başlamış Bakı prosesinin təşəbbüskarı olub.
Biz həmin tədbirə İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət nazirlərini dəvət etdik. Bu, tarixdə ilk dəfə idi ki, iki mühüm beynəlxalq təşkilatın nümayəndələri Bakıya toplaşmışdılar. Növbəti il, 2009-cu ildə əksinə etdik: biz Avropa Şurasının mədəniyyət nazirlərini İslam Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən tədbirinə dəvət etdik. Bir sözlə, multikulturalizm üstünlüklərdən, böyük varlıqlardan biridir. Sədrliyimiz zamanı biz bu məsələyə birmənalı olaraq diqqət yetirəcəyik. Çünki bunun üçün böyük ehtiyac vardır. Əfsuslar ki, dünyanın müxtəlif yerlərində, qonşu bölgələrdə, Orta Şərqdə və Avropada müəyyən narahatlıq yaradan meyllərin şahidi oluruq. Təcridolunma, ayırma və bəzən ədavət meyllərini görürük. Biz bu məsələləri həll etməliyik. Çünki dünyaya töhfə vermək, daha yaxşı dünyanı, hamı üçün müvafiq olan dünyanı qurmaq üçün yaşayırıq. İstəyirik ki, bütün xalqların, dinlərin nümayəndələri yaşayış tərzindən asılı olmayaraq, layiqli şəraitdə dinc həyat sürsünlər. Dini hisslərə əsaslanan gərginlik halları bütün ölkələr, o cümlədən çoxmillətli cəmiyyəti olan ölkələr üçün çox təhlükəlidir.
Digər prioritetlərə gəldikdə, biz diqqətimizi beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasına yönəldəcəyik. Çünki bizə gəldikdə, Ermənistan ilə Azərbaycan arasında münaqişəyə dair BMT-nin Təhlükəsizlik Şurasının, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, ATƏT-in qəbul etdiyi bir sıra mühüm qərar və qətnamələrdən heç biri icra olunmayıb. Beləliklə, nüfuzlu beynəlxalq təsisatlar tərəfindən qəbul edilmiş qətnamələrin həyata keçirilməsi mexanizmi olmalıdır. Bu mexanizm hamımız tərəfindən yaradılmalıdır. Digər halda, bu qətnamələr öz mahiyyətini itirir.
Biz beynəlxalq hüququn norma və prinsiplərini qəti şəkildə təşviq edəcəyik. Xanım sədrə çox minnətdaram ki, giriş nitqində Azərbaycanın ərazi bütövlüyünə dair şərhlərini verdi. Bu, beynəlxalq hüququn fundamental prinsipidir. Bu, dondurulmuş münaqişələrin həllində riayət edilməli əsas prinsip olmalıdır.
Dünən nazirimiz Parlament Assambleyasında çıxış etdiyi zaman digər prioritetləri də qeyd edib və mən təfərrüatlara varmayacağam. Mən sadəcə onları xatırlatmaq istəyirəm: korrupsiyaya qarşı mübarizə. Bu, prioritetimizdir. Hesab edirəm ki, Azərbaycanın bu sahədə nadir təcrübəsi vardır. Əfsuslar ki, bütün keçmiş sovet respublikalarında eyni problem yaşanır.
Korrupsiya mirası ölkəmizin uğurlu inkişafına ciddi zərbə vurur. Biz Azərbaycanda bir çox tədbirlər görürük, o cümlədən inzibati və təsisat islahatlarını həyata keçiririk ki, korrupsiyaya qarşı uğurla mübarizə aparaq. Onlardan biri bu yaxınlarda dövlət xidmətləri proqramının qəbul edilməsi oldu. O, il yarımdır ki, icra edilir və artıq iki milyona yaxın insan bu dövlət xidmətləri mərkəzlərinə müraciət edib və lazımi sənədləri alıb. Bu, Azərbaycanda korrupsiyanın azaldılmasına böyük təsir göstərdi. Hesab edirəm ki, bu təcrübə üzv dövlətlər üçün də maraqlı ola bilər. Cənab baş katibin Azərbaycana səfəri zamanı o, həmin mərkəzlərdən birində oldu.
Gənclər və təhsillə bağlı daxili siyasətimizə gəldikdə, bu, prioritetlərimizdən biridir. Cəmiyyətimiz gəncdir, çox dinamikdir və yaxşı təhsilə malikdir. Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Aydın şəkildə anlayırıq ki, yalnız yaxşı təhsil səviyyəsinə malik olan cəmiyyət uğurlu inkişafın qarantıdır. Bu, radikalizm və fundamentalizmə qarşı qarantiya ola bilər. Bu səbəbdən, təhsil hökumətimiz üçün ən yüksək prioritetlərdən biridir. Son on ildə Azərbaycanda üç yüzdən artıq yeni məktəb binası tikilmişdir. Təhsilin keyfiyyəti də yaxşılaşır. Eyni zamanda, biz dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq proqramlarını həyata keçiririk. Gənc tələbələrimizi iqtisadi potensialımıza uyğun intellektual potensiala da malik olmaları üçün təhsil məqsədilə xaricə göndəririk. Bu, sədrliyimiz zamanı diqqət yetirəcəyimiz əsas prioritetlər olacaqdır.
Sədrliyimiz Avropa Şurasında üzvlük tariximizdə mühüm mərhələdir. Əlbəttə ki, bu sədrlik rotasiya prinsipinə əsaslanan sədrlikdir. Bu səbəbdən, növbəmiz artıq çatıb. Lakin, eyni zamanda, bu, bizim üçün ölkəmizi təqdim etməkdə gözəl fürsət olacaq və həmçinin müxtəlif Avropa ölkələrində narahatlıq doğuran mühüm məsələləri həll etmək imkanını yaradacaqdır.
Bunlar demokratiya, qanunun aliliyi və müxtəlif ölkələrdəki vəziyyətə bəzən selektiv yanaşma kimi məsələlər olacaqdır.
Hesab edirəm ki, sədrliyimiz dövründə birmənalı şəkildə qaldıracağımız məsələlərdən biri eyni regionda olan ölkələrə tətbiq edilən yanaşmada fərqlərin aradan qaldırılmasına aid olacaqdır. Buna görə, ikili standartlar yanaşmasından imtina, fikrimcə, sədrliyimiz dövründə Assambleyada bacardığımız təqdirdə, böyük töhfə ola bilərdi.
Azərbaycanın ümumi inkişafına gəldikdə, öncə qeyd etdiyim kimi, ölkəmiz gəncdir, lakin zəngin tarixə, ənənələrə və inkişafa malik olan ölkədir. Bizim olduqca fəal xarici siyasətimiz vardır. Ölkə regionda sabitləşdirici rol oynayır, çünki Azərbaycanın potensialı artır. Regional əməkdaşlığa aid təşəbbüslərimiz qonşularımız tərəfindən dəstəklənir. Bu gün qonşuluq əlaqələri genişlənir. İrəli sürdüyümüz təşəbbüslər bir çox ölkələri əhatə edir.
Beynəlxalq ictimaiyyət bizi güclü şəkildə dəstəkləyir. Nüfuzumuz beynəlxalq təsisatlar qarşısında çox müsbətdir. Ən böyük diplomatik uğurumuz Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi oldu. Özünü dünyaya təqdim etməyi arzulayan gənc dövlət üçün bu, böyük nailiyyət idi və biz bundan fərəhlənirik. Eyni zamanda, 155 üzv ölkənin namizədliyimizin lehinə səs verməsi faktından da qürur hissi duyuruq. Beləliklə, beynəlxalq ictimaiyyətin əksər hissəsi Azərbaycana etimad göstərir, onu dəstəkləyir və etibarlı tərəfdaş hesab edir. Təhlükəsizlik Şurasında iki illik üzvlüyümüz zamanı biz bu qurumda iki dəfə sədrlik etdik. Ümumi qiymətləndirməyə görə, üzvlüyümüz və sədrliyimiz çox uğurlu olmuşdur.
Biz dünyada sülhə, təhlükəsizliyə, sabitliyə və proqnozlaşdırmaya böyük töhfə verdik. Eyni zamanda, Təhlükəsizlik Şurasına üzvlük ölkəmiz üçün nadir təcrübə oldu və biz bu təcrübədən gələcək təşəbbüslərdə istifadə edəcəyik.
Biz beynəlxalq ictimaiyyətin tam əksəriyyəti ilə çox konstruktiv münasibətlər qurmuşuq. Avropa ölkələri ilə ikitərəfli əlaqələrimiz çox uğurla inkişaf edir. Avropa əsas ticari tərəfdaşımızdır. Azərbaycan ilə Avropa arasında tarixi əlaqələr müstəqillik illərində daha da möhkəmlənib. Eyni zamanda, Azərbaycan müsəlman ölkəsi kimi İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Fikrimcə, nəinki coğrafi baxımdan, o cümlədən mədəni və siyasi baxımdan regionumuzda mühüm körpü rolunu oynayırıq. Nə qədər uğurlu olarıqsa, sivilizasiyalar arasında bir o qədər mühüm rol oynaya bilərik. Sivilizasiyalararası Dialoq Forumunun Bakıda keçirilməsi göstərir ki, Azərbaycan multikulturalizm baxımından dünya mərkəzlərindən biridir. Bu yaxınlarda isə ölkəmizdə Dünya Multikulturalizm Mərkəzi yaradılacaqdır.
Üzləşdiyimiz problemlərdən biri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün pozulmasıdır. Ermənistan-Azərbaycan münaqişəsi bütün regionu təhlükə altına salır. Bu, dondurulmuş münaqişədir. Lakin bu münaqişə əslində donmuş hesab edilə bilməz. O, dondurula bilməz, çünki münaqişə öz həllini tapmalıdır. Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir.
Azərbaycanlılar Dağlıq Qarabağda əsrlər boyu yaşayıblar. Ermənilər bu yerlərdə iki yüz ildən az müddət öncə yaşamağa başlayıblar. Tarixi abidələr, Dağlıq Qarabağdakı irsimiz, əfsuslar ki, hazırda erməni işğalçı ordusu tərəfindən dağıdılıb.
Münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalı ilə nəticələnib. Biz erməni silahlıları, erməni ordusu tərəfindən etnik təmizləməyə məruz qalmışıq. Bir milyon azərbaycanlı öz ölkəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayon iyirmi ildən artıqdır ki, işğal altındadır. Bu, çox böyük ədalətsizlikdir.
Artıq qeyd etdiyim kimi, Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Qarabağ sözünün özü Azərbaycan mənşəli addır. Bu sahədə bütün coğrafi toponimlər xalqımıza məxsusdur. Eyni zamanda, beynəlxalq hüquq normaları baxımından Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın hissəsi kimi tanıyır. Heç bir ölkə, o cümlədən Ermənistan qeyri-qanuni Dağlıq Qarabağ rejimini müstəqil qurum kimi tanımayıb. Dünyanın ən ali beynəlxalq orqanı – BMT-nin Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Təəssüf ki, öncə qeyd etdiyim kimi, bu qətnamələr icra edilməyib. Bu, bir daha ikili standart siyasətini göstərir. Çünki bəzən görürük ki, BMT-nin qətnamələri bir neçə saat ərzində icra edilir. Bizə gəldikdə isə bu, iyirmi ildən çox çəkir. Mexanizm isə yoxdur. Ermənistan əraziləri tərk etmək istəmir. Onlar işğal etdiyi ərazilərdən çıxmaq istəmir.
Onlar hər bir şeyi olduğu kimi saxlamaq istəyirlər. Onlar status-kvonu dəyişməz olaraq saxlamaq istəyirlər. Bu, beynəlxalq vasitəçilərin göstərdiyi səylərə tam ziddir. ATƏT-in Minsk qrupu və həmsədrləri, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri – Birləşmiş Ştatlar, Rusiya və Fransa – onların prezidentləri dəfələrlə aydın bəyan ediblər ki, status-kvo qəbuledilməzdir. Bu, o deməkdir ki, Ermənistan işğal edilmiş ərazilərdən öz işğalçı qüvvələrini çıxarmağa başlamalıdır. Lakin onlar beynəlxalq hüquqa sadəcə məhəl qoymur. Onlar dünyanın aparıcı dövlətlərinin bəyanatına məhəl qoymurlar. Onlar Avropa Şurası Parlament Assambleyasının 2005-ci ildə qəbul etdiyi qətnaməsinə məhəl qoymurlar. Müvafiq qətnamələr Avropa Parlamenti tərəfindən də qəbul edilib. ATƏT-in qərarları vardır. Bütün bu qərarlarda işğala son qoyulması, erməni işğalçı qüvvələrin zəbt edilmiş ərazilərdən çıxması tələb olunur. Əfsuslar olsun, münaqişə həll olunmayıb. Azərbaycan çox konstruktiv şəkildə çıxış edir.
İyirmi ildən artıqdır ki, biz danışıqlar prosesinə sadiq qalmışıq. Lakin hər kəs, o cümlədən ermənilər anlamalıdır ki, bu proses daim davam edə bilməz. Gec ya tez nə isə baş verə bilər. Buna görə, Ermənistan rəhbərliyi digər ölkənin ərazisinin XXI əsrdə zəbt edilməsinin qəbuledilməz olduğunu nə qədər tez anlasa, bir o qədər onlar üçün yaxşı olar. Əfsuslar olsun ki, Ermənistan rəhbərliyindən adekvat yanaşmanı görmürük.
Ermənistanın əvvəlki Prezidenti burada, demokratiya sarayında çıxış edərkən bildirmişdir ki, ermənilər ilə azərbaycanlılar arasında milli uyğunsuzluq vardır. Onun davamçısı, Ermənistanın indiki rəhbəri münaqişəyə dini don geyindirir. Bu, tamamilə qəbuledilməz yanaşmadır. Ondan başlayaq ki, azərbaycanlıların heç bir digər millətlə uyğunsuzluğu yoxdur. Bəlkə ermənilərdə bu meyar vardır. Özü də tək bizimlə deyildir. Bu gün həmin ölkə monoetnikdir. Ermənistan əhalisinin 99,9 faizi ermənilərdən ibarətdir. Bütün azlıqlar, o cümlədən azərbaycanlılar qovulublar. Bu səbəbdən, belə irqçi yanaşma danışıqlarda üstünlük təşkil edə bilməz. Biz bu məsələni həll etməliyik, ədaləti və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməliyik.
Əfsuslar olsun ki, bu işğal nəticəsində tarixi abidələrimiz məhv edilib, məscidlərimiz yerlə yeksan edilib, qəbiristanlıqlarımız dağıdılıb. İşğal edilmiş ərazilər bu gün tam məhvə məruz qalmış torpaqlardır. ATƏT iki dəfə faktaraşdırıcı və vəziyyəti qiymətləndirən missiyasını işğal edilmiş ərazilərə göndərib. Onların hesabatında aydın şəkildə göstərilir ki, hər şey dağıdılıb.
Bu, işğal edilmiş ərazilərdə erməni vandallığının nəticəsidir. Ərazi bütövlüyü beynəlxalq hüququn əsas prinsipidir. Erməni tərəfinin daim istinad etdiyi öz müqəddəratını təyinetmə prinsipi ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Qoy Ermənistan rəhbərliyi Helsinki Yekun Aktını diqqətlə oxusun və aydın tərifləri görsün. Bundan başqa, ermənilər artıq öz müqəddəratını təyin ediblər. Onlar əslində Azərbaycanın tarixi torpaqları hesabına yaradılmış Ermənistan dövlətinə malikdirlər. Bəlkə də Assambleyanın bir çox üzvü bilmir. Amma erməni nümayəndə heyəti bunu, əlbəttə, bilir ki, Rusiya imperiyasının dağılması nəticəsində 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Respublikasının ən birinci fərmanlarından biri İrəvanın paytaxt kimi Ermənistan dövlətinə verilməsi idi. Bir sözlə, onların artıq öz dövləti vardır. Onlar bununla neçə erməni dövlətinə nail olmaq istəyirlər? Onlar yaşadıqları hər bir yerdə öz dövlətini yaratmaq istəyirlər? Nəyə görə Azərbaycanda bu gün belə dövlət olmalıdır? Buna görə, öz müqəddəratını təyinetmə ərazi bütövlüyünü pozmalı deyildir. Münaqişə hamımızın, o cümlədən Ermənistanın tam məhvinə və fəlakətə aparan bugünkü hökumətindən əziyyət çəkən erməni xalqının xeyri üçün mümkün qədər tez həll olunmalıdır.
Münaqişəyə baxmayaraq, Azərbaycan iqtisadiyyatı artmaqdadır. Son on il ərzində Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə artan iqtisadiyyat olub. Heç bir digər ölkə Azərbaycanın artırdığı kimi öz iqtisadi potensialını artırmayıb. Ümumi daxili məhsul 3,5 dəfə artıb, biz iqtisadiyyatı şaxələndirmişik. Bunun nəticəsində hazırda iqtisadiyyatımızın qeyri-enerji sektoru ümumi daxili məhsulumuzun 55 faizini təşkil edir. Bütün beynəlxalq maliyyə təsisatları islahatlarımızı yüksək dəyərləndirir.
Maliyyə böhranı illərində əsas reytinq agentlikləri – S&P, Moody`s və Fitch Azərbaycanın kredit reytinqini artırmışlar. Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatına Qlobal Rəqabət Cədvəlində 39-cu yeri vermişdir. Bu, o deməkdir ki, biz planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına maksimal dərəcədə keçə və eyni zamanda, rəqabətədavamlı iqtisadiyyat yarada bildik. Azərbaycanda 1 milyon 200 min iş yeri yaradılıb. Həmçinin milli sərvətin ədalətli şəkildə paylanılması ölkəmizin əsas nailiyyətlərindən biridir. Bunun nəticəsində yoxsulluq səviyyəsi son on il ərzində 49 faizdən 5,3 faizə düşmüşdür. İşsizlik beş faizdir. Büdcə kəsiri Avropa İttifaqı ölkələri üçün qəbul edilən limitlər çərçivəsindədir. Xarici borc ümumi daxili məhsulun səkkiz faizini təşkil edir. Maliyyə vəziyyəti sabitdir. Sosial proqramlar həyata keçirilir. Siyasi vəziyyət sabitdir. Öncə qeyd etdiyim kimi, Azərbaycan beynəlxalq birliyin fəal üzvüdür. Ölkə müasirləşir və biz gələcəyə böyük nikbinliklə baxırıq.
Mən müzakirələr üçün vaxtın çox hissəsini almaq istəmirəm. İstəyirəm suallar üçün də vaxt qalsın. Lakin gördüyünüz kimi, ölkəmiz haqqında saatlarla danışa bilərəm. Bütün vaxtı çıxışıma sərf etmək istəmirəm. Sadəcə qeyd edim ki, Nazirlər Komitəsində sədrlik böyük məsələdir, məsuliyyətdir. Biz buna hazırıq və əlimizdən gələni edəcəyik ki, demokratiyanın ümumi dəyərlərinə, qanunun aliliyinə və azadlıqlara töhfə verək.