Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər

06 may 2014, 17:00
Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər

Tbilisidə üçtərəfli görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili və Türkiyə Respublikasının Prezidenti Abdullah Gül mətbuata bəyanatlarla çıxış etmişlər.

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin bəyanatı

- Mən sizi salamlamaq istərdim. Bir daha öz dostlarıma - Azərbaycan və Türkiyə prezidentlərinə, nümayəndə heyətlərinin üzvlərinə xüsusi minnətdarlığımı bildirmək istərdim. Mən təkcə bizim ölkələrimiz üçün deyil, digər ölkələr üçün də əhəmiyyətli olacaq bugünkü Sammitin işində iştirak etmiş hər kəsi salamlamaq istərdim. Həm regionda, həm də region hüdudlarından kənarda on milyonlarla insan bu Sammitin bəhrəsini görəcəkdir.

Mən belə bir Sammitin əsasını qoyduğu üçün Türkiyə Prezidenti cənab Gülə minnətdarlığımı bildirmək istərdim. O, belə bir Sammitin təşəbbüskarı olub və mən bu ideyanı dəstəkləyən Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkürümü bildirirəm.

Sammitin gedişində biz ölkələrimiz arasında artıq qurulmuş əməkdaşlıq barədə danışdıq. Bu əsl tarixi əməkdaşlıq ölkələrimizin iqtisadiyyatı və rifahına, bütün regionun sabitliyi və çiçəklənməsinə çox müsbət təsir göstərir. Mən deyərdim ki, ölkələrimiz arasında bu nümunəvi əməkdaşlığın nəticəsi Asiya və Avropada 10 milyonlarla insana müsbət təsir göstərir. Biz Xəzər, Qara və Aralıq dənizlərini birləşdirən olduqca mühüm layihələr, o cümlədən bu əməkdaşlığın genişləndirilməsi barədə danışdıq. Bütün bunlar regionun sabitliyinin qarantıdır. Biz vurğuladıq ki, region daha sabitdir və ölkələrimiz daha çox sabitliyə nail olmaqda maraqlıdır. Ölkələrimizin rəhbərləri bu prosesə öz töhfələrini verməyə hazır olduqlarını bildirdilər. Bizim siyasətimiz, bizim ambisiyamız məhz budur.

Mən həqiqi əməkdaşlıq və dəstəyə görə bir daha azərbaycanlı və türkiyəli həmkarlarıma öz minnətdarlığımı bildirmək istərdim. Mən ölkəmizdə həyata keçiriləcək layihələrə görə onlara təşəkkürümü bildirirəm.

Türkiyə Prezidenti Abdullah Gülün bəyanatı

- Hörmətli prezidentlər, nazirlər, media nümayəndələri.

Bu gün burada Cənubi Qafqaz bölgəsi ilə bağlı ortaq bir görüşü paylaşan üç ölkənin prezidentləri olaraq bir yerə toplaşmışıq. Əməkdaşlığımızın bütün tərəflərini ətraflı şəkildə nəzərdən keçirdik.

Türkiyə olaraq, bizim istər Gürcüstan, istərsə də Azərbaycan ilə ikitərəfli əlaqələrimiz çox yüksək səviyyədədir. Gürcüstan ilə 1,5 milyard dollarlıq ticarət dövriyyəmiz vardır. Gürcüstandakı türk sərmayələri bir milyard dollara yaxındır. Bir çox türk iş adamı Gürcüstana sərmayə yatırmaq arzusundadır. Əlaqələrimiz elədir ki, vətəndaşlarımız şəxsiyyət vəsiqəsi ilə, pasportsuz və vizasız səyahət edə bilirlər.

Türkiyə olaraq, eyni şəkildə Azərbaycan ilə də əlaqələrimizin şübhəsiz ki, çox özəl səviyyəsi vardır. İqtisadi əlaqələrimizə gəldikdə, ticarət dövriyyəmiz 4,7 milyard dollar, sərmayələrimiz isə 5,5 milyard dollar səviyyəsindədir. Türkiyə, Azərbaycan, Gürcüstan arasındakı bu coğrafi bərabərlik Cənubi Qafqaz bölgəsində çox böyük bir cazibə mərkəzi yaratmaqdadır.

Şübhəsiz ki, əhalini nəzərə alsaq, dediyim bu rəqəmlər çox mühüm rəqəmlərdir. Amma bunu daha da yüksəltməyimiz mümkündür. Bu baxımdan bu üç ölkənin səmimi, yaxın əlaqələri və əməkdaşlığı bölgəni bir cazibə mərkəzinə çevirməkdədir və bu cazibənin də gücü getdikcə artmaqdadır. Belə ki, çox böyük infrastruktur layihələrini reallaşdırdığımızı hamı bilir. Xüsusilə, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrini hər kəs, bütün dünya çox təqdirlə izləməkdədir. Bu layihələr vaxtilə reallaşması çətin, hətta bəzilərinin əfsanə adlandırdığı layihələrdir. Bunların ilk ikisi həyata keçirilmiş, üçüncüsü - dəmir yolu layihəsi də tamamlanmaq üzrədir. Bu gün nəqliyyat nazirləri də görüşdə iştirak etdilər və təqdimatlarında bizə ətraflı məlumat verdilər. Hətta tikinti ilə bağlı videoçarxlar da nümayiş etdirdilər. Biz böyük məmnunluqla gördük ki, minlərlə metr uzunluğunda – 4-5 kilometrlik tunellər, böyük körpülər, bütün bunlar həyata keçirilmiş və işlərin böyük hissəsi başa çatmışdır. İnşallah, qalan işlər də qısa zamanda bitəcəkdir.

Təbii ki, TANAP da ayrı bir enerji layihəsi kimi regionun əhəmiyyətini ortaya çıxarmaqdadır. Bu əlaqələndirmə bir çox praktiki faydalar da ortaya qoymaqdadır. Buna sadə bir misal çəkmək istəyirəm: qatarlarımız, relslər bir-birinə çox da uyğun gəlmirdi. Görülən bu işlər və əlaqələndirmə nəticəsində artıq bütün qatarlar Türkiyədən Gürcüstana, oradan Azərbaycana, Azərbaycandan Gürcüstana və Türkiyəyə heç bir problem olmadan hərəkət edə biləcəkdir. Bizim istəyimiz bütün bu layihələrlə regionda rifahı və iqtisadi inkişafı artırmaqdır.

Təbii ki, Sammitdə regional və beynəlxalq məsələlər də müzakirə edilmişdir. Sülh və sabitliyin qorunmasını əsas tutan və ortaq ümumbəşəri dəyərlərə söykənən fikirlərimiz də üst-üstə düşməkdədir. Gürcüstanın və Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə olan güclü dəstəyimizi bir daha vurğuladıq. Bölgəmizdəki münaqişələrin ərazi bütövlüyü prinsipləri əsasında sülh yolu ilə həll olunmasının əhəmiyyətini bir daha qeyd etdik. Görüşümüzdə Ukraynadakı böhranı da müzakirə etdik. Bu böhranın bölgəmizdəki təhlükəsizliyə və sabitliyə təsir etdiyi məsələsində həmfikirik. Böhranın Ukraynanın ərazi bütövlüyü və beynəlxalq hüquq çərçivəsində siyasi həlli yolunun tapılması zəruridir. Ukraynada konstitusiya islahatı ölkənin şərqi ilə qərbini - bütün cəmiyyəti əhatə etməlidir. ATƏT-in nəzarət missiyasının gərginliyin azaldılmasındakı və dialoqun gücləndirilməsindəki rolunu da dəstəkləyirik. Türkiyə olaraq Krım-tatar türklərinin də vəziyyətini diqqətlə izlədiyimizi burada ifadə etmək istəyirəm.

Sammitin istər ölkələrimiz, istərsə də regionumuz üçün xeyirli olmasını arzu edirəm. Bu səmimi əməkdaşlığın bir çox ölkələr üçün nümunə olacağına inanıram.

Sammitə gözəl ev sahibliyi edən Gürcüstan tərəfinə, xüsusilə də dəyərli dostumuz, hörmətli dövlət başçısına bu ilk toplantını təşkil etdiyi üçün bir daha dərin təşəkkürümü bildirirəm.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

- Hörmətli cənab Prezident Marqvelaşvili.

Hörmətli cənab Prezident Gül.

Hörmətli mətbuat nümayəndələri, xanımlar və cənablar.

İlk növbədə cənab Prezident, mənə və nümayəndə heyətimizə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram.

Qardaş Gürcüstan torpağında yenidən olmağımdan çox məmnunam. Əminəm ki, bugünkü Zirvə görüşü üçtərəfli əməkdaşlığımızın gələcək inkişafı üçün çox mühüm olacaqdır. Azərbaycanı Gürcüstan və Türkiyə ilə tarix bağlayır, tarixi əlaqələr, mədəniyyət, xalqlarımız arasındakı dostluq, qardaşlıq bağlayır. Bizim ikitərəfli münasibətlərimiz də bu möhkəm zəmin üzərində qurulmuşdur. Artıq sınaqdan da keçmişdir. Həm Gürcüstan, həm Türkiyə ilə Azərbaycanın çox yaxın dostluq, qardaşlıq üzərində qurulmuş münasibətləri vardır.

Mən çox şadam ki, artıq üçtərəfli format da öz əhəmiyyətini göstərir. Əvvəlki, dövrlərdə də üçtərəfli görüşlər keçirilmişdir.

Çünki təbii ki, beynəlxalq layihələrin icrası ilə əlaqədar Zirvə görüşləri olmuşdur. Bugünkü Zirvə görüşü həm əvvəlki illərdə görülən işlərə bir təhlil aparmaq üçün də əhəmiyyətli idi, eyni zamanda və ən önəmlisi hesab edirəm ki, gələcək əməkdaşlıq haqqında bu gün çox geniş və səmimi fikir mübadiləsi aparılmışdır.

Bu gün nazirlər müxtəlif layihələri bizə təqdim etdilər. Biz görüləcək işlər haqqında bir daha fikir mübadiləsi apardıq.

Ancaq mən hesab edirəm, bu Zirvə görüşünün əsas nəticəsi ondan ibarətdir ki, bu gün Gürcüstan, Türkiyə və Azərbaycan üçtərəfli formatı və bizim dostluq, tərəfdaşlıq münasibətlərimizi bir daha təsdiqlədilər. Bu, çox önəmlidir.

Çünki bizi birləşdirən layihələr həm ölkələrimiz, xalqlarımız, qonşularımız və həm də qitə üçün əhəmiyyətlidir.

Vaxtilə uğurla icra edilmiş neft-qaz, nəqliyyat layihələri, investisiyalarla bağlı olan layihələr ölkələrimizi daha da sıx birləşdirir. Deyə bilərəm ki, hazırda bu üçtərəfli format, nəinki regionda, dünya miqyasında böyük maraq doğurur. Bu, əslində nadir bir formatdır. Çünki burada üç müstəqil dövlət artıq bərabərhüquqlu münasibətləri - qarşılıqlı maraq və bir-birinə hörmət əsasında müasir, mədəni, xalqlarımızın maraqlarına cavab verən münasibətləri qurmuşdur. Hesab edirəm ki, bu təcrübə başqa ölkələr üçün də cəlbedici ola bilər.

Bizim münasibətlərimiz əməkdaşlıq üzərində qurulub. Ən önəmli məsələ bundan ibarətdir. Bu əməkdaşlıq nəticəsində hər bir ölkə böyük fayda, xeyir götürür. Bizim birgə layihələrimiz üç ölkənin maraqlarına xidmət göstərir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələri artıq regional çərçivədən çıxıb, beynəlxalq əhəmiyyət daşıyan layihələrdir. Xüsusilə, enerji təhlükəsizliyi ilə bağlı məsələlər bu gün dünya miqyasında ən önəmli məsələlər kimi tanınır.

Dünya gündəliyinin demək olar ki, birinci yerindədir. Üç ölkə öz enerji təhlükəsizliyini tam şəkildə təmin edibdir. Bu, bizim əməkdaşlığımızın gözəl nəticəsidir. Gələcəkdə bizim üç ölkəmiz Avropanın enerji təhlükəsizliyini təmin edəcəkdir.

Bu gün burada aparılan danışıqlar və müzakirələr dünya və Avropa üçün böyük əhəmiyyət daşıyır. Keçən ilin sonunda Bakıda “Şahdəniz-2” layihəsinə start verdik. “Şahdəniz-2”, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin inşası Avropanın bir nömrəli, ən böyük infrastruktur layihələridir. Bu layihələrə qoyulacaq vəsaitin həcmi ən azı 45 milyard dollar səviyyəsində olacaqdır. Bu vəsaiti biz qoyacağıq ki, öz maraqlarımızı təmin edək və Avropanın enerji təhlükəsizliyinə də öz töhfəmizi verək. Bu layihələrin icrası nəticəsində on minlərlə yeni iş yeri açılacaqdır, biznes imkanları yaranacaqdır.

Bu gün bu barədə fikir mübadiləsi apardıq ki, bizim biznes strukturlarımız da bu layihələrdə fəal iştirak etsin və buna hazır olsunlar. İnvestisiya imkanlarımız daha da genişlənəcəkdir. Yəni, bizim ölkələr xarici sərmayə qoyuluşu üçün daha da böyük məna daşıyacaqdır. Bu da hər bir ölkənin marağındadır. Hətta inkişaf etmiş ölkələr xaricdən investisiyaları cəlb etmək istəyirlər. Azərbaycan öz növbəsində ən böyük investisiyaları Türkiyə və Gürcüstana yatırır. Bu da bizim birliyimizin təzahürüdür.

Bizim bütün təşəbbüslərimizin təməlində xalqlarımızın iradəsi və güclü siyasi iradə dayanır. Budur əsas şərt. Münasibətləri bu təməl üzərində qururuq. Bu münasibətləri konkret layihələrlə zənginləşdiririk. Bu gün burada – Tbilisidə sərgilənən birlik dünya miqyasında nadir xarakter daşıyır.

Mən bu dostluğa, əməkdaşlığa görə öz həmkarlarıma minnətdarlığımı bildirmək istəyirəm. Biz bu gün fikir mübadiləsi əsnasında qərara gəldik ki, belə Zirvə görüşləri müntəzəm keçirilsin. Əgər etiraz olmasa, növbəti Zirvə görüşü Azərbaycanda keçirilsin. Biz bu xoşniyyətli əməkdaşlığı bundan sonra da uğurla davam etdirək.

Sağ olun.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10