İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının yeni binasının açılışında iştirak etmişdir

05 may 2014, 12:00
İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının yeni binasının açılışında iştirak etmişdir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Kitabxanasının yeni binasının açılışı olmuşdur.

Prezident İlham Əliyev açılışda iştirak etmişdir.

Dövlətimizin başçısı kitabxananın rəmzi açılışını bildirən lenti kəsdi. 

Mərkəzi Kitabxananın yeni binası Prezident İlham Əliyevin 2011-ci il 29 aprel tarixli Sərəncamına əsasən tikilmişdir.

Həmin ilin noyabrında dövlətimizin başçısı kitabxananın yeni binasının təməlini qoymuşdur. Yeni binanın tikintisi üçün ilkin olaraq Prezidentin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılmışdır. İnşaat işlərinin başa çatdırılması üçün 2011-2013-cü illərdə Nazirlər Kabinetinin sərəncamları əsasında ümumilikdə 34 milyon manatdan çox vəsait xərclənmişdir. 

AMEA-nın prezidenti, akademik Akif Əlizadə dövlətimizin başçısına məlumat verdi ki, “Akademiya şəhərciyi”ndə tikilmiş yeni binanın ümumi sahəsi 28 min kvadratmetrdən çoxdur. Bu kitabxana respublikamızda milli və dünya əhəmiyyətli elmi nəşrlərin zəngin fondlarına malik olan ən iri, universal təmayüllü, aparıcı elmi kitabxanadır. Akademiyanın struktur bölməsi kimi fəaliyyət göstərən Mərkəzi Kitabxana kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitab tarixi və informasiyalaşdırma sahəsində fəaliyyət göstərir. Bu zəngin tarixə malik elm və mədəniyyət ocağı AMEA sistemində aparılan bütün kompleks və sahəvi problemlər üzrə ixtisaslaşdırılmış məlumat-informasiya mərkəzi və ölkə miqyasında baş elmi-texniki informasiya müəssisəsidir. Mərkəzi Kitabxananın yaradılması istiqamətində ilkin tədbirlər 1923-1924-cü illərdə həyata keçirilmişdir. 1945-ci ildən özünün yeni inkişaf mərhələsinə qədəm qoyan bu kitabxana xüsusilə ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə əsaslı inkişaf yolu keçmişdir. 2003-cü ilin yanvarında isə Azərbaycan Prezidentinin müvafiq Fərmanı əsasında Mərkəzi Kitabxana elmi status almışdır. Ötən illərdə əsaslı struktur dəyişiklikləri baş verən və bilavasitə elmi tədqiqatla məşğul olan yeni şöbələrin yaradıldığı Mərkəzi Kitabxananın binasında beynəlxalq standartlara uyğun səmərəli fəaliyyət üçün hər cür şərait yaradılmışdır.

Qeyd edildi ki, altımərtəbəli yeni bina orijinal layihəsi və müasirliyi ilə diqqəti cəlb edir. İnşaat işlərində yerli və beynəlxalq memarlığın ən qabaqcıl təcrübəsindən istifadə olunmuşdur. Ətrafda əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.

Binanın girişində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur.

Dövlətimizin başçısının tapşırığına uyğun olaraq Mərkəzi Kitabxanada ən son elmi-texniki yeniliklərə əsaslanan informasiya-kommunikasiya texnologiyalarının tətbiqi xüsusi diqqətdə saxlanılmışdır. 

Prezident İlham Əliyevə AMEA-nın Mərkəzi Kitabxanasının ilk oxucu kartı təqdim edildi.

Məlumat verildi ki, kitabxanaya üzv olmaq istəyənlərə oxucu bileti avtomatik qaydada təqdim edilir. Ölkəmizin kitabxanaçılıq tarixində ən müasir avadanlıq və sistemlər ilk dəfə məhz bu kitabxanada tətbiq olunmuşdur. Girişdəki elektron köşklərdə kitabxananın strukturu, hər bir mərtəbənin sxemi, müxtəlif bölmələrin yerləşdiyi mərtəbələr, kitablar, o cümlədən fonda yeni daxil olan nəşrlər barədə müfəssəl məlumat almaq mümkündür. Hərəkət qabiliyyəti məhdud insanların informasiya almaları üçün burada xüsusi köşk quraşdırılmışdır. Kitabxananın bütün mərtəbələrində quraşdırılan monitorlarda fonda daxil olan ən son yeniliklər barədə dolğun məlumatlar əksini tapmışdır. Burada kitabların sifarişi də elektron qaydada aparılır. 

Diqqətə çatdırıldı ki, kitabxanada 300 kompyuter quraşdırılmışdır. Server vasitəsilə sistemə qoşulan kompyuterlər vahid şəbəkə təşkil edir və müvafiq tələblərə uyğun müasir proqramlarla təchiz edilmişdir. Bu da abunə haqqını ödəmək şərti ilə dünyanın aparıcı kitabxana resurslarına qoşulmaq imkanı yaradır.

Kitabxanada 1945-ci il martın 27-də təsis olunmuş Azərbaycan Elmlər Akademiyasının 15 nəfərdən ibarət ilk tərkibinə həsr edilən xüsusi guşə də yaradılmışdır. Bu elm ocağının akademikləri üçün zal da hərtərəfli təminatı ilə diqqəti cəlb edir. Həmin zalda eyni vaxtda 50 akademik elmi araşdırmaları ilə bağlı səmərəli iş apara bilər. Mərkəzi Kitabxananın yeni binasındakı 14 oxu zalında 1000-dən çox oxucunun eyni vaxtda elektron və çap məhsullarından istifadə etmək imkanı olacaqdır. Bilavasitə Akademiya işçiləri üçün nəzərdə tutulan abunə xidmətlərindən 80 oxucu eyni zamanda yararlana biləcəkdir. Ölkəmizin müxtəlif guşələrində yaşayan virtual abunəçilərin sorğularının cavablandırılması üçün də burada hər cür şərait yaradılmışdır. 

Qeyd edildi ki, kitabxanada dissertasiya zalı da fəaliyyət göstərir. Burada səmərəli fəaliyyət üçün bütün imkanlar vardır. Müzakirə otağı və müasir texnika ilə təchiz edilən digər otaqlar da oxucuların istifadəsindədir.

Məlumat verildi ki, yeni binada kitab fondunun ənənəvi qaydada zənginləşdirilməsi ilə yanaşı, Azərbaycanda fəaliyyət göstərən kitabxana, fond, muzey, orta məktəblər, ali təhsil ocaqları, elmi tədqiqat institutları, media qurumları, arxivlər, şəxsi kolleksiyalar, yaradıcılıq ittifaqlarının fondları, dövlət foto arxivi, həmçinin dünya muzeyləri, sərgi salonları və elmi tədqiqat mərkəzlərində Azərbaycana aid müxtəlif məlumatlar, incəsənət nümunələri, əlyazmalar, eksponat və sənədlərin elektron kataloqu yaradılacaq və sistemləşdirilərək “Milli rəqəmsal yaddaş” bazasına daxil ediləcəkdir. Bu isə istər həmyerlilərimiz, istərsə də xaricilər üçün Azərbaycan haqında dolğun və obyektiv məlumatlardan istifadə imkanı yaradacaqdır. 

Kitabxanada Akademiyanın bölmələrinə uyğun ixtisaslaşmış zallar fəaliyyət göstərir. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün böyük konfrans salonu da yaradılmışdır.

Bildirildi ki, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı əsasında yeni binada Mərkəzi Kitabxana ilə yanaşı, İnformasiya Resursları Mərkəzi də fəaliyyət göstərəcəkdir. Hər iki qurumun başlıca məqsədi yüksək səviyyəli elmi araşdırmaların aparılması üçün müasir informasiya bazasını təmin etməkdən ibarətdir. Yeni binada 3,5 milyon kitabı əhatə edən əsas fond, eləcə də böyük miqdarda çertyoj, xəritə, film və digər informasiya daşıyıcıları saxlanacaqdır. Ümumilikdə akademiyanın istifadəsinə verilən Mərkəzi Kitabxananın yeni binası həm alimlərə dünya kitabxanalarının zəngin fondlarından faydalanmaq imkanı yaradacaq, həm də burada bütün struktur vahidlərinin məqsədyönlü fəaliyyəti nəticəsində informasiya idarə olunan və əlaqələndirilə bilən strateji resursa çevriləcəkdir. 

Qeyd olundu ki, buradakı sistemləşdirmə şöbəsində də ən son elmi-texniki yeniliklər tətbiq edilmişdir. Həmin şöbədə sürətli skaner vasitəsilə bütün növ kitabların qısa müddətdə nüsxələrinin hazırlanması və digər əməliyyatlar üçün müasir avadanlıq quraşdırılmışdır.

Dövlətimizin başçısına müasir rəqəmsal mətbəənin yaradılması, elektron arxiv idarəetmə kompleksinin sxemi və digər texnologiyalar barədə də ətraflı məlumat verildi. Kitabxanada, həmçinin yeni nəşrlərin mütəmadi sərgisi keçiriləcəkdir. 

Diqqətə çatdırıldı ki, kitabxananın 4 milyona yaxın kitabın saxlanılmasına imkan verən qapalı və xüsusi şəraitli fondu vardır. Kitabxananın imkanlarından görmə qabiliyyəti zəif olan insanların da hərtərəfli yararlanmaları üçün müvafiq şərait yaradılmışdır.

Prezident İlham Əliyevə AMEA-nın Rəyasət Heyətinin, yeni layihələndirilən Riyaziyyat və Mexanika İnstitutunun, Respublika Seysmoloji Xidmət Mərkəzinin, həmçinin Akademiyanın əməkdaşlarının Mərdəkan qəsəbəsindəki istirahət zonasının memarlıq eskizləri təqdim olundu.

AMEA-nın Mərkəzi Kitabxanasının yeni binası ilə tanış olan Prezident İlham Əliyev kollektivi bu əlamətdar hadisə münasibətilə təbrik etdi, tapşırıq və tövsiyələrini verdi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo