Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbərliyi ilə görüşdə İlham Əliyevin yekun nitqi
24 noyabr 2010, 18:02
Maraqlı təqdimata görə çox sağ olun. Mən də tam razıyam ki, bundan sonra “Babək” yatağını da özümüz işləməliyik.
Yadımdadır ki, əslində onlar bir yerdə idi - “Ümid”-“Babək”. Xarici şirkətlərin də bu yataqlara marağı çox böyük idi. Çox yaxşı ki, biz bu yataqları saxlamışıq və indi bütün işləri özümüz görürük. Əlbəttə ki, “Babək” yatağında da bütün işləri özümüz görməliyik.
Siz dediyiniz kimi, həm təcrübə toplamışıq, həm də artıq böyük ehtimalla demək olar ki, orada da kəşfiyyat olacaqdır. Yəni, bunu indidən deyə bilərik ki, o dəqiqdir. Ona görə “Ümid” yatağının açılması əslində çox böyük qaz yataqlarının açılmasına gətirib çıxarır.
Bu gün tarixdə Dövlət Neft Şirkətinin böyük kəşfiyyat günü kimi qalacaqdır. Ümid edirəm ki, yaxın zamanlarda bütün başqa işlər də başa çatacaq və oradan biz ilkin qazı alacağıq. Hər halda bu, bir neçə ildən sonra olacaqdır. Ancaq artıq dəqiq bilirik ki, “Ümid” yatağı Azərbaycanın qaz potensialına öz töhfəsini verəcəkdir. Bir də demək istəyirəm ki, Avropa və dünya qaz bazarlarında rolumuz artacaqdır.
Azərbaycan həm neft, həm qaz, həm də bütün başqa sahələrdə daha da inkişaf edəcəkdir. Ölkəmizin qarşısında perspektivlər çox ürəkaçandır və biz gələcəyə çox böyük nikbinliklə baxırıq. Bunun da əsas səbəbi odur ki, Azərbaycanda neft-qaz sənayesində belə gözəl işlər görülür. Azərbaycan neftçiləri həmişə olduğu kimi, ölkənin inkişafına ən dəyərli töhfələrini verirlər.
Mən çox şadam ki, “Ümid” yatağı müstəqillik dövründə açıldı. Əgər 1950-ci, yaxud da 1970-ci illərdə açılsaydı, bəlkə də orada artıq qaz çoxdan çıxarılmışdı. Bu da tarixi ədalətdir. Azərbaycan dünya neft sənayesinə o qədər töhfə verib ki. Çox böyük töhfələr vermişik. İkinci Dünya müharibəsində Azərbaycan nefti olmasaydı, müharibənin nəticələri tam başqa ola bilərdi. Bu yataqların toxunulmaz qalması bizə Allahdan verilən böyük hədiyyədir. Bu gün bu yataqlar müstəqil Azərbaycana xidmət göstərir və onilliklər bundan sonra da ölkəmizi gücləndirəcəkdir. Bir daha sizi təbrik edirəm.